Ulu öndərin xatirəsinə həsr edilmiş şəhər turniri

 

Ümimmilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə Sumqayıt Bələdiyyəsinin gənclər və idman baş idarəsi ilə birlikdə təşkil etdiyi həvəskarlar arasında şahmatdama üzrə turnir keçirilmişdir.

Sumqayıt Bələdiyyəsinin sədri, professor Əbülfəz Babayev turnirin açılışında çıxış edərək ulu öndərin örnək həyat və fəaliyyətindən, habelə idmanın inkişafında misilsiz rolundan danışdı. Sədr müavini, beynəlxalq dərəcəli qrossmeyster, dünya çempionu Zeynəb Məmmədyarova qeyd etdi ki, hər il ulu öndərin doğum günü ərəfəsində keçirilən şəhər turniri artıq ənənə halını alıb.

Sonra şəhərin müxtəlif məhəllə və mikrorayonlarından olan 50-yə qədər həvəskar idmançının iştirakı ilə yarışlara start verildi. Beynəlxalq ŞahmatDama federasiyalarının mövcud qaydalarına uyğun olaraq turnir dairəvi sistem üzrə keçirildi.

Şahmat üzrə yarışda Rasim Eyvazov kişilər arasında, Leyla Cabbarova isə qadınlar arasında qalib oldular. Digər mükafatalayiq yerləri kişilər arasında Allahverdi MahmudovRafiq Kərimduxt, qadınlar arasında isə Könül Şamıyeva və Xatirə Həmidova tutdular.

Dama üzrə yarışda isə Ramiz Səfərov turnirin qalibi adına layiq görülmüşdür. Əlif Nəsiyev 2-ci, Elnur Rəsulov isə 3-cü yerləri tutdular.

Qaliblərə Sumqayıt Bələdiyyəsinin fəxri-fərmanları və pul mükafatları təqdim edildi. Onlar Respublika Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı və Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən də mükafatlandırıldılar.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2014.- 14 may.- S. 10.