“Heydər zirvəsi”nə yürüş uğurla başa çatmışdır

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar mayın 3-dən 11-dək Böyük Qafqazın Şahdağ silsiləsinin Qızıl Qaya massivində dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə təşkil olunmuş və Azərbaycanın bütün bölgələrindən rekord sayda insanın qatıldığı kütləvi yürüş uğurla başa çatmışdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən aldığımız məlumatda bildirilir ki, mayın 3-dən başlayaraq ayrı-ayrı qruplara bölünmüş yürüş iştirakçıları mütəşəkkil surətdə  nazirlik tərəfindən Şahdağ Milli Parkında yaradılmış təşkilat komitəsinin müəyyənləşdirdiyi marşruta uyğun olaraq bələdçilərin müşayiəti ilə “Heydər zirvəsi”nə doğru yürüş etmişlər. Çətin keçidləri olan zirvəyə qalxmağa hazırlıq üçün yürüş iştirakçıları Qızıl Qaya massivinin ətəyində qurulmuş düşərgədə gecələdikdən sonra zirvəyə qalxmış, Azərbaycanın qurucusu, dünya şöhrətli şəxsiyyət, ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad etmişlər.

Aksiyaya qatılmaq üçün təşkilat komitəsindən ümumilikdə 650 nəfər qeydiyyatdan keçərək dövlətimizin və ölkəmizin qurucusuna olan səmimi sevgisini, ehtiramını bu möhtəşəm aksiyaya qoşulmaqla ifadə etmişlər. Bəzi yürüş iştirakçıları Qızıl Qaya massivinin ətəyində qurulmuş baza düşərgəsinə çatsa da, lakin ağır dağ şəraitinə uyğunlaşmadıqlarına, səhhətlərində yaranan problemlərə və fiziki imkanları yol vermədiyinə görə son nöqtəyədək irəliləməkdə çətinlik çəkmiş və bələdçilər tərəfindən onların geri dönməsi tövsiyə edilmişdir. Ümumilikdə “Heydər zirvəsi”nə 400-dən artıq ziyarətçi qalxmışdır.

Qeyd edək ki, “Heydər zirvəsi”nə edilən yürüşlərin daha da kütləviləşməsi, yürüşə qatılmaq istəyənlərin sayının ötən illərlə müqayisədə daha da çoxluğu nəzərə alınaraq bu ildən sözügedən aksiya dövlət qurumu olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təşkil olunmuş, ənənəvi olaraq kütləvi yürüşün iştirakçıları birdəfəlik giriş haqqından azad edilmişlər. Təşkilat Komitəsi tərəfindən aksiyanın mütəşəkkilliyi təmin olunmuş, o cümlədən yürüş marşrutu müəyyənləşdirilmiş, marşrut üzərində tam təchizatlandırılmış çadırlardan düşərgə qurulmuş, çətin relyefiqlim şəraitinə malik olan dağlarda insanların təhlükəsizliyi təmin edilərək yürüşlərin yüksək səviyyədə təşkilinə nail olunmuşdur. Aksiyada təşkilati tədbirlərin lazımi səviyyədə yerinə yetirilməsi nəticəsində ətraf mühitin mühafizəsinə xüsusi diqqət yetirilmiş, formalaşmış bütün növ tullantıların utilizasiyası həyata keçirilmiş və təbiətə heç bir mənfi təsir göstərilməmişdir.

 

Samirə ƏLİYEVA

 

Xalq qəzeti.- 2014.- 15 may.- S. 8.