Azərbaycanı uğurlar yoluna çıxaran qüdrətli lider

 

Müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti çoxəsrlik dövlətçilik tariximizdə müstəsna yer tutur. Bugünlərdə anadan olmasının 91 illiyini böyük təntənə və qürur hissi ilə qeyd etdiyimiz Heydər Əliyev bütün həyatını Azərbaycan xalqının və dövlətçiliyimizin taleyi ilə bağlamış ümummilli lider kimi əbədiyaşarlıq qazanmışdır. Ulu öndərin iki dəfə hakimiyyətdə olduğu otuz ildən artıq bir dövrdə Azərbaycanda qazanılmış və bugün də əldə edilən nailiyyətlərin fövqündə Heydər Əliyev fenomeni, qüdrəti və onun müdrik siyasi kursu dayanmışdır.

Zaman keçdikcə Heydər Əliyev şəxsiyyətinin böyüklüyü və əzəməti, onun xalqımızın naminə gördüyü xilaskarlıq və quruculuq işlərinin möhtəşəmliyi daha aydın görünür. Xalqımız müstəqil dövlətdə yaşadığına, demokratik dəyərləri əks etdirən vətəndaş cəmiyyətində fəaliyyət göstərdiyinə, xoşbəxt gələcəyinin sahibi olduğuna görə ümummilli liderimiz Heydər Əliyevə borcludur. Azərbaycan tarixinə adı misilsiz qurucu, böyük xilaskar kimi daxil olmuş Heydər Əliyevin ömür yolu hər bir soydaşımız üçün mübarizliyinxalqa təmənnasız xidmətin rəmzinə çevrilmişdir.

Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdıyi illər ərzində böyük elmi, intellektual, kadr, iqtısadi və energetika potensialı yaradılmasına nail olmuş, ölkəmızin müstəqil yaşaması üçün möhkəm təməllər yaratmışdır. Məhz buna görə də Azərbaycan xalqı qazandığı müstəqillyə və onun qorunub saxlanılması sahəsində əldə etdiyi bütün nailiyyətlərə görə böyük rəhbərə minnətdardır.

Xarizma, yüksək nüfuz, təşkilatçılıq bacarığı, müdriklik, yüksək intellektuallıq, milli-mənəvi dəyərlərə dərin bağlılıq, novatorluq, qətiyyətlilik, prinsipiallıq və bu qəbildən olan digər keyfiyyətlər ümummilli liderin ölkəmizin inkişafında oynadığı rolu müəyyən edən əsas cəhətlər kimi dəyərləndirilir. Fəaliyyəti ilə öz məmləkətində tarix yaradan bu dahi şəxsiyyət beynəlxalq siyasətdə də heyranlıqla qarşılanmışdır, bu gün isə onun adı dünyada böyük hörmət və ehtiramla anılır. Bu mənada Azərbaycan xalqı özünü xoşbəxt saya bilər ki, kifayət qədər mürəkkəb və ziddiyyətlərlə dolu dövrdə – 34 illik bir müddətdə Heydər Əliyev kimi xarizmatik lider ölkəmizə rəhbərlik etmişdir.

Məhz bu dahi insanın yorulmaz fəaliyyəti, gərgin zəhməti sayəsində Azərbaycan sürətli, dönməz inkişaf yoluna qədəm qoymuşdur. Müstəqil Azərbaycanın qurucusubanisi, dövlətçiliyimizin qarantı olmuş bu dahi şəxsiyyətin ölkəmiz və xalqımız üçün etdiyi əsrlər keçsə də tarixi dəyərini itirməyəcəkdir. Heydər Əliyev siyasi-mənəvi irsi təkcə xalqımızın deyil, eyni zamanda bəşəriyyətin də zəngin xəzinəsinə çevrilmişdir.

XX əsrin ortalarında - 1969-cu ilin 14 iyulunda ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin ən qabarıq siyasi təzahürü sovet imperiyasının sərt ideoloji şəraitində azərbaycançılıq məfkurəsinin, milli ruhun hədsiz yüksəlişinin, xalqın tarixi kökünə qayıdışı kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi amilə çevrilməsi ilə bağlı olmuşdur. Ulu öndər respublikamızın üzləşdiyi problemləri ilk gündən düzgün müəyyənləşdirməklə onların həlli üçün lazımi iradə, qətiyyət və prinsipiallıq göstərmiş, o dövrün çatışmazlıqlarını açıq deməkdən çəkinməmişdir. Yetkinmilli ruhlu dövlət və siyasət xadimi kimi Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişi ilə çağdaş tariximizin yeni mərhələsinin, Azərbaycanı müstəqil dövlət qurmağa doğru aparan böyük yolun başlanğıcı qoyulmuşdur. Ulu öndər milli ruhun dirçəlməsinə, Azərbaycan təhsilinin və mədəniyyətinin inkişafına nail olmaqla yanaşı, həm də ziyalıların, xalqın müxtəlif təbəqələrinin diqqətini tarixi və mədəni qaynaqlara yönəltmişdir. Ötən əsrin 70-80-ci illəri bu baxımdan Azərbaycan elmi, təhsili, ədəbiyyatı, musiqisi, memarlığı, incəsənəti və mədəniyyətinin, sözün əsl mənasında, intibah dövrü olmuşdur. Milli tariximizdə ilk dəfə ümummilli lider səviyyəsinə yüksəlmiş Heydər Əliyev Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə öz xalqının iradəsinə, təkidli xahişlərinə tabe olaraq 1993-cü ildə ölkə rəhbərliyinə qayıtmaqla, respublikamızın dərin ictimai-siyasiiqtisadi böhrandan çıxarılmasına, vətəndaş müharibəsinin qarşısının alınmasına, dövlət müstəqilliyinin qorunmasına və möhkəmləndirilməsinə, beynəlxalq aləmdə uğurlar qazanmasına nail olmuşdur. Bu, sözün əsl mənasında, Heydər Əliyev ömrünün yeni bir qəhrəmanlıq tarixi idi.

Bu tarixi yalnız Vətənini və xalqını sonsuz məhəbbətlə sevən, andına, sədaqətinə sadiq olan, qətiyyəti, inamı, müdrikliyi ilə milyonları öz ətrafında birləşdirməyi bacaran, hadisələri düzgün qiymətləndirib reallıqlardan lazımi nəticə çıxaran Heydər Əliyev kimi vətənpərvər insan, siyasətçi yaradayaza bilərdi. Heydər Əliyev fəaliyyətinin 1993-2003-cü illəri xalqına həsr olunmuş bir ömrün qızıl salnaməsidir.

 Azərbaycanda müstəqil dövlət təsisatlarının yaradılması, demokratik, hüquqi dövlət quruculuğunun əzmlə həyata keçirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, milli təhlükəsizliyin təminatı və yeni iqtisadi kursun müəyyənləşdirilməsi Heydər Əliyevin xalq qarşısındakı mütləq və əvəzsiz xidmətləridir. Heydər Əliyev nəinki müstəqilliyimizi qoruyub saxlamış, onu əbədi və dönməz etmişdir. Bu dahi şəxsiyyət zamanın onun dərin zəkasına, polad iradəsinə, zəngin təcrübəsinə və hədsiz Vətən sevgisinə etibar etdiyi tarixi missiyanı layiqincə yerinə yetirmişdir. Ulu öndər həm də tarixi keçmişimizi yaşatmaqla, milli-mənəvi irsimizin cəmiyyətdə tam bərqərar olmasına, milli təhsilimizin inkişafına nail olmaqla müasir Azərbaycanın təməlini qoymuşdur. Ən mühümü isə o, məhz bu möhkəm, sarsılmaz bünövrə üzərində bugünkü qüdrətli Azərbaycanı yüksəltmiş, xalqımızın firavan gələcəyinin əsasını yaratmışdır. Demokratik, dünyada yetərincə söz sahibi olan müstəqil Azərbaycan adlı şah əsərin müəllifi bu qüdrətli soydaşımızdır. Bugün qazandığımız nailiyyətlərin, inkişaf göstəricilərimizin hansı birinə nəzər salsaq, onlarda məhz Heydər Əliyevin imzasını və silinməz izlərini görərik.

Böyük rəhbər Azərbaycanın siyasi, sosial-iqtisadi məsələləri ilə yanaşı, elmin və təhsilin inkişaına da xüsusi diqqət və qayğı ilə yanaşmış, xüsusən, müstəqillik illərində milli təhsilimizi Qərb standartları səviyyəsinə yüksəltmək vəzifəsini qarşıya qoymuşdur. Heydər Əliyev 1998-ci ildə ölkəmizdə təhsil sistemində islahatlar aparılmasına dair mühüm sərəncam imzalamış, qısa müddət ərzində Azərbaycan Respublikasının Təhsil sahəsində İslahat Proqramı hazırlanmış və 1999-cu il iyunun 15-dən uğurla fəaliyyət göstərməkdədir.

Sonrakı illərdə islahat proqramına uyğun olaraq, müstəqil Azərbaycanın təhsil sisteminin normativ-hüquqi bazasının yaradılması, məzmununun yeniləşdirilməsi və təkmilləşdirilməsi, sahənin idarə olunmasının demokratikləşdirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində çox böyük işlər görülmüşdür. Məhz bunun nəticəsidir ki, bu gün biz təhsilin keyfiyyətinin ən inkişaf etmiş ölkələrin səviyyəsinə yüksəlməsi ilə bağlı uğurlarımızla, təhsil sahəsində beynəlxalq proqram və layihələrdə iştirakımızla haqlı olaraq fəxr edirik.

Bütün bunlar, şübhəsiz ki, ulu öndərimizin siyasi kursunun uğurla davam etdirilməsi, Prezident İlham Əliyevin təhsilə, sahənin işçilərinə diqqət və qayğısı, səmərəli fəaliyyət üçün yaratdığı əlverişli şərait və imkanlar sayəsində mümkün olmuşdur. “Təhsil haqqında” Qanunun qəbul edilməsi, təhsil sistemində islahatların daha sürətlə davam etdirilməsi, ən mütərəqqi texnologiyaların tətbiqi, müəllimlərin əmək haqlarının müntəzəm olaraq artırılması, onların pedaqoji biliyinin yüksəlməsi bu sahənin dünya səviyyəsinə yüksəlməsinə imkan vermişdir. Milli təhsilimizin inkişafı məsələsi öz məzmununu daha da genişləndirərək Azərbaycanın gələcək uğur modelinin əsasını formalaşdıran başlıca amil kimi gündəmə gətirilmiş, insan kapitalının möhkəmlənməsi və inkişafına xidmət edən ümummilli hərəkata çevrilmişdir.

Prezident İlham Əliyevin qayğısı nəticəsində son 10 ildə ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində böyük işlər görülmüş, 2700-dən çox yeni məktəb tikilmiş, 1 milyondan artıq şagirdin təlim şəraiti yaxşılaşmışdır. Azərbaycanda ali təhsil sistemində həyata keçirilən islahatların mühüm istiqamətlərindən biridünya təhsil sisteminə inteqrasiyanın təmin edilməsidir. Müstəqil dövlətimiz yeni iqtisadi münasibətlər kursuna sadiq qalaraq öz təhsil sisteminin inkişaf prioritetlərini, dünyada, o cümlədən Avropa məkanında gedən proseslərə inteqrasiya olunmaqla müəyyənləşdirir.

Milli təhsil sisteminin Avropa standartlarına uyğunlaşdırılması məqsədilə Bolonya prosesi çərçivəsində qəbul olunmuş təhsil standartlarının mənimsənilməsi olduqca vacibdir. Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında” 31 yanvar 2008-ci il tarixli sərəncamı bu baxımdan vacib əhəmiyyət kəsb etmişdir. Sərəncama əsasən, “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı” layihəsi hazırlanmış və uğurla həyata keçirilmişdir.

Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev hər bir ölkənin, dövlətin bu gününün və gələcəyinin onun intellektual potensialından asılı olduğunu önə çəkərək demişdir: “ İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salaraq görürük ki, o ölkələr inkişaf edir ki, orada elmi-texniki tərəqqi sürətlə inkişaf edir, orada təhsilə, elmə, intellektual məhsulların yaradılmasına böyük investisiyalar qoyulur. Azərbaycan bu yolu seçibdir. Biz gələcəyə çox böyük ümidlərlə baxırıq. Çünki bilirik ki, Azərbaycanın gələcəyi bugünkündən də gözəl olacaqdır... Əminəm ki, bu gün Azərbaycan gəncləri, uşaqlar, birinci sinfə gedən balalar gələcəkdə doğma Vətənimiz üçün dəyərli vətəndaşlar olacaqlar, peşəkarlığını göstərəcəklər və ölkəmizin inkişafında öz sözünü deyəcəklər”.

Bütün bunlar bir daha onu göstərir ki, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf xətti, onun ideya və əməlləri Azərbaycanı işıqlı sabahlara aparır. Ulu öndər bütün mənalı həyatını xalqına həsr etmişdi, Azərbaycan üçün yaşamışdı, öz ideyaları, amalları, idarəçilik və diplomatik təcrübəsi ilə mükəmməl bir elmi-siyasi məktəb yaratmışdı. Bugün Azərbaycanın milli ideologiyasını, iqtisadi-siyasi gerçəkliyini, mədəni həyatını özündə əks etdirən və Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasi kurs da bu məktəbdən qidalanır, gücünü, qüvvətini Heydər Əliyevin amallarından alır. Bu siyasi kurs müstəqil Azərbaycanın xoşbəxt gələcəyinin mötəbər təminatçısıdır.

 

 

Müşfiq ATAKİŞİYEV,

 

Azərbaycan Elm və Təhsil Mərkəzi, “Təfəkkür” Universitetinin rektoru,

 

iqtisad elmləri doktoru, professor

 

 

Xalq qəzeti.- 2014.- 16 may.- S. 9.