Balakəndə Beynəlxalq Ailə Günü qeyd edilmişdir

 

15 May Beynəlxalq Ailə Gününün qeyd olunması ilə əlaqədar Balakən Rayon İcra Hakimiyyətinin “Sağlam həyat sağlam gələcəyin  təminatçısıdır” mövzusunda tərtib etdiyi planına əsasən müxtəlif kənd və qəsəbələrdə silsilə tədbirlər keçirilmişdir. Ailə Günü ilə əlaqədar təhsil, mədəniyyət və turizm şöbəsi, gənclər və idman idarəsi tərəfindən “Mənim ailəm, mənim fəxrimdir”, “Həyat ailədən başlayır”, “Mənim ailəm” və.s mövzularda inşa yazı müsabiqələri və rəsm müsabiqəsi keçirilmişdir.

Mədəniyyət mərkəzində “Sağlam həyat sağlam gələcəyin  təminatçısıdır” mövzusunda təşkil olunmuş dəyirmi masada  ictimaiyyətin nümayəndələri, gənc ailələr, ağsaqqallar və ağbirçəklər iştirak etmişdir. Ailə Günü ilə bağlı məruzə və çıxışlar dinlənilmiş, müsabiqənin qalibləri rayon icra hakimiyyəti tərəfindən mükafatlandırılmışdır. Tədbir gənc istedadların hazırladığı konsert proqramı ilə yekunlaşmışdır.

Ailə Günü münasibətilə Abşeron rayonunda keçiriləcək bayramda Balakən rayonuna məxsus milli mətbəxlə Novruzovlar ailəsi iştirak edəcəklər.

Rayonda keçirilən ikinci tədbir isə bilavasitə gənc ailələrlə bağlı olmuşdur.

Heydər Əliyev Mərkəzində yeni ailə quran beş xoşbəxt cütlüyün nikah mərasimi keçirilmişdir. Yeni ailə quran gənclər əvvəlcə ümummilli lider Heydər Əliyevin mədəniyyət və istirahət parkında ucaldılmış abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmiş, abidənin önündə xatirə şəkilləri çəkdirmişlər. Sonra Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin nikah mərasimi olmuşdur.

Rayon rəhbərliyi və cütlüklərin doğmalarının da iştirak etdikləri mərasimdə çıxış edənlər ailə dəyərlərinin qorunmasının vacibliyini qeyd etmiş, evlənən gənclərə xoşbəxtlik arzulamışlar. Vurğulanmışdır ki, nikah mərasiminin xalqımız üçün çox əziz bir ərəfəyə – ümummilli lider Heydər Əliyevin doğum gününün qeyd olunduğu vaxta təsadüf etməsi yeni ailə quran gənclər üçün olduqca şərəfli və əlamətdardır. Gənclər bu tarixi günü ailə həyatlarının ən xoşbəxt anı kimi həmişə xatırlayacaqlar.

Mərasimin sonunda yeni ailə quran gənclərə rayon icra hakimiyyətinin hədiyyələri təqdim olunmuşdur.

 

İ.MUSAOĞLU

 

Xalq qəzeti.- 2014.- 16 may.- S. 11.