Kadrların düzgün seçilməsi və yerləşdirilməsi uğur qazanmağın mühüm şərtidir

 

Bu gün respublikamızda həyatımızın müxətlif  sahələrini əhatə edən dövlət proqramları  çərçivəsində həyata keçirilən tədbirlərin əsas  məqsədi ümummilli lider Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş  insan hüquq  və azadlıqlarının, eləcə də Azərbaycan  vətəndaşlarının layiqli həyat səviyyəsinin  təmin  edilməsidir.

Müasir dövrdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Prezident İlham Əliyevin  rəhbərliyi ilə həyata keçirilən və Azərbaycanı dünyanın ən sürətli inkişaf etmiş ölkəsinə çevirən çoxsaylı tədbirlərin əsas iştirakçılarından biridir. Ölkəmizin əldə etdiyi uğurlar, heç şühəsiz ki, həyatımızın ən müxtəlif sahələrində öz müsbət nəticələrini göstərməkdədir. ARDNŞ üzərinə düşən vəzifələrin məsuliyyətini dərk edərək, istər ölkə daxilində, istərsə də beynəlxalq əlaqələrdə bu inkişaf tendensiyasının təmin edilməsi üçün mühüm tədbirlər həyata keçirir. Bütün sahələrdə beynəlxalq təcrübənin öyrənilməsi və onun milli qanunvericiliyin tələblərinə uyğun olaraq şirkətdə tətbiqi istiqamətində zəruri işlər davam etdirilməkdədir.

Hər bir şirkətin daha səmərəli fəaliyyəti  insan resurslarından birbaşa asılıdır. İnsan resurslarının idarə edilməsi sahəsində yeniliklərin tətbiqi şirkətin prioritet vəzifələrindən biri kimi qəbul edilmişdir.

ARDNŞ-də insan resurslarının idarə edilməsi istiqamətində bir çox normativ sənədlər, standartlar qəbul edilmişdir. Bu məqsədlə həyata keçirilən kompleks tədbirlər çərçivəsində ilkin olaraq ARDNŞ prezidetinin 28 aprel 2011-ci il tarixli müvafiq əmri ilə şirkətin baş ofisinin strukturunda İnsan Resursları Departamenti yaradılmış, həmçinin ARDNŞ-də işə qəbul prosesini tənzimləyən yeni standartlar təsdiq edilmişdir ki, bu da öz növbəsində insan resurslarının idarə edilməsi fəaliyyətinə yönələn ümumi norma, qayda və tələbləri müəyyən etmişdir.

ARDNŞ-in İnsan Resursları Departamenti əsasən 4 istiqamət üzrə fəaliyyət göstərir. Bunlar “İşə qəbul və yerləşdirmə”, “Təlim və inkişaf”, “Testləşdirmənin təşkili” və “Uçot və işçilərlə əlaqələr”dir. Qeyd olunan fəaliyyət istiqamətləri üzrə aşağıdakı funksiyalar tərəfimizdən icra edilməkdədir: bərabər imkanların yaradılması prinsipinə uyğun olaraq işçilərin müsabiqə yolu ilə seçilməsi; işçilərin davamlı inkişafı üçün peşəkar təlimlərin təşkil edilməsi; işçilərin vəzifə funksiyalarının icra vəziyyətinin və səriştələrinin ölçülməsi vasitəsilə xidməti fəaliyyətinin qiymətləndirilməsi, onların karyera yüksəlişi planlaşdırılması və vəzifədə irəli çəkilməsi; işçilərin maddiqeyri-maddi (psixo-sosial) ehtiyaclarını müəyyən edərək onların səmərəli fəaliyyətini təmin edən həvəsləndirmə sisteminin qurulması və tətbiqi.

ARDNŞ üzrə işə qəbul bir qayda olaraq müsabiqə əsasında həyata keçirilir və şirkətdə kadr seçiminə hər hansı bir müdaxilə mümkünsüzdür.  Müsabiqə mərhələsində bütün namizədlərə eyni cür şərait yaradılır, cinsinə, irqinə, dininə, əqidəsinə, siyasi baxışlarına və digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilmir.

ARDNŞ-də elan olunan vakansiyalar üzrə müsabiqənin I mərhələsi test imtahanı, II mərhələsi qulluqçu kateqoriyası üçün yüksək peşəkarlığa malik olan mütəxəssislərin iştirakı ilə müsahibə, fəhlə kateqoriyası üzrə isə peşə-sınaq imtahanları yolu ilə aparılır. Test imtahanları video çəkiliş aparılan otaqda xüsusi proqram təminatı vasitəsi ilə elektron qaydada həyata keçirilir. Obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə bütün namizədlər üzrə nəticələr imtahan bitdikdən dərhal sonra elan olunur və nəticəsi barədə iştirakçıların elektron poçt ünvanına məktub göndərilir.

Mütəxəssislər tərəfindən bütün imtahan blokları üzrə yeni tipli test tapşırıqları tərtib edilərək ekspertizadan keçirilmiştest bazasına daxil edilmişdir. Tərtib edilən yeni test tapşırıqlarında əsas məqsəd vətəndaşların daha çox düşünmə və analitik təhlil qabiliyyətlərinin qiymətləndirilməsi ilə yanaşı, onların peşə, sahə və ya ixtisas üzrə biliklərinin etibarlı şəkildə yoxlanılmasıdır.

Müsabiqənin ikinci mərhələsi olan müsahibələrdə və ya peşə-sınaq imtahanlarında subyektivliyin qarşısının alınması və şəffaflığın təmini, müsahibələrin daha səmərəli və peşəkar şəkildə aparılması üçün mütəmadi tədbirlər görülür.

Müsahibə qrupunun tərkibinə İnsan Resursları Departamentininvakant vəzifənin mövcud olduğu qurumun nümayəndələri ilə yanaşı müxtəlif sahələr üzrə şirkətin baş ofisinin digər bölmələrinin də mütəxəssisləri cəlb edilir.

Qrup üzvü kimi iştirakı nəzərdə tutulan şəxslər üçün müsahibələrin keçirilməsi qaydaları və texnologiyası barədə mütəmadi olaraq təlimlər keçirilir. Məqsəd namizədlərin potensialının vakant vəzifələrinin tələblərinə uyğunluğunun qiymətləndirilməsi üçün istifadə edilməli olan müsahibə texnologiyaları barədə müsahibə qrup üzvlərinin məlumatlandırılmasıdır.

Müsahibənin nəticəsindən narazı qalan vətəndaşların müraciətlərinin operativ şəkildə hərtərəfli araşdırılaraq cavablandırılması üçün zəruri tədbirlər həyata keçirilir. Verilmiş apellyasiya şikayətlərinə hərtərəfli baxılır və müvafiq qərar qəbul edilir.  Şirkətin strukturlarında daha çox ehtiyac olan spesifik peşələr üzrə kadr ehtiyaclarının ödənilməsi məqsədi ilə kadr hazırlığının təşkili mərkəzlərinə şagird qəbulu davam etdirilir. Şagirdlərin qəbulu, təhsili və onların müvafiq peşələrə yerləşdirilməsi işinə də xüsusi diqqət yetirilir.

ARDNŞ-in ali təhsil ocaqlarında təhsil alan istedadlı tələbələrə ayırdığı diqqət uğurla davam etməkdədir. 2006-cı ildən başlayaraq şirkət istedadlı gənclərin xarici ölkələrin aparıcı universitetlərində təhsil almaq imkanını yaradır. Təqaüd Proqramı çərçivəsində tələbələrin xaricdə təhsil almaları üçün şirkət müxtəlif universitetlərlə sıx əməkdaşlığı davam etdirir.

Gənclərin yüksək təhsil alması və peşəkar mütəxəssis kimi yetişməsi üçün ARDNŞ istər təhsil müddətində, istərsə də təhsilini başa vurduqdan sonra hər bir tələbəyə fərdi yanaşma nümayiş etdirir, ona maddi və mənəvi dəstək olur. Proqramın daha bir vacib məqamı ondan ibarətdir ki, xaricdə təhsil alan tələbələr oxuduqları universitetlərdə “Azərbaycan günü” təşkil edərək, xarici vətəndaşlara Azərbaycanın milli dəyərlərini, adət-ənənələrini, tarixini, ədəbiyyatını və zəngin musiqi dünyasını aşılayır.

Müsabiqənin əhatə dairəsini genişləndirmək, tələbələrin fəallığını artırmaq, namizədlərin seçilməsinə universitetlərin təsir imkanlarını azaltmaq məqsədilə ARDNŞ 2008-ci ildə yeni - “Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələrinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təqaüdünün verilməsi haqqında”  Əsasnamə təsdiq etmişdir. Artıq müsabiqədə ARDNŞ-də tələb olunan ixtisaslar üzrə Azərbaycanın bütün ali təhsil müəssisələrinin bakalavrmagistr pillələri üzrə tələbələri iştirak edə bilərlər.

Respublikamızın gənclərində neft sənayesi haqqında ümumi fikirlərin formalaşdırılması məqsədi ilə ARDNŞ-də “Yay Məktəbi” layihəsi həyata keçirilir.

Yay Məktəbi proqramının tədrisində xaricdə nüfuzlu universitetlərin məzunları olan gənc mütəxəssislər də iştirak edirlər. Tələbələr üçün dərslərdən sonra maraqlı sosial proqram  təşkil olunuronlara proqramda iştirak etdiklərinə dair sertifikatlar və şirkət tərəfindən müxtəlif hədiyyələr təqdim olunur.

2010-cu ildən etibarən ARDNŞ Azərbaycan Respublikasının və xarici ölkələrin müxtəlif ali məktəblərində təhsil alan Azərbaycan vətəndaşı olan tələbələrə yay tətili müddətində istehsalat təcrübəsi üçün ödənişli “Yay təcrübəsi proqramı”nı həyata keçirir. Seçim zamanı ARDNŞ-in təqaüd müsabiqələrinin qaliblərinə, həmçinin müsabiqələrdə yaxşı nəticələr göstərən tələbələrə üstünlük verilir.

Sənayenin inkişafı üçün prioritet sayılan mühəndislik ixtisasları üzrə gənc nəsildə maraq yaratmaq, müxtəlif proqramlar çərçivəsində maarifləndirici işlər aparmaq və gələcək üçün peşəkar kadrlar yetişdirmək məqsədilə orta məktəblərin yuxarı sinif şagirdlərini əhatə edən “Gələcəyin mühəndisləri” layihəsinə start verilmişdir. Bu günə qədər Bakının müxtəlif məktəblərində 1500-dən çox yuxarı sinif şagirdi  “Gələcəyin mühəndisləri” layihəsinə cəlb edilmişdir.

Peşə-ixtisas təhsili müəssisələrində ayrı-ayrı peşələr üzrə yeni fəhlə kadrların, ARDNŞ-in mühəndis-texniki işçilərinin tələb olunan səviyyədə yenidən hazırlanması, şirkətin müəssisə və təşkilatlarına işə qəbul olunanların əməyin mühafizəsi və təhlükəsizlik qaydaları üzrə təlimatlandırılması, müəssisə və təşkilatlarda çalışan qaynaqçıların attestasiyası və beynəlxalq standartlara uyğun sertifikatlaşdırılması istiqamətində də işlər günün tələblərinə uyğun olaraq həyata keçirilir.

Bundan əlavə, regional təlim- tədris mərkəzlərinin yaradılması istiqamətində də bir sıra işlər görülmüşdür. Bu istiqamətdə aparılan işlər çərçivəsində ARDNŞ-in tərkibində mövcud olanKadr hazırlığının təşkili mərkəzi”, “Sumqayıt təlim- tədris mərkəzi”, “Qala təlim mərkəzi” və “Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzi” ilə yanaşı, 2013-cü ilin oktyabr ayında “Qobustan regional təlim- tədris mərkəzi”nin açılışı olmuşdur.

Azərbaycanda fəaliyyət göstərən xarici neftqaz şirkətlərinin ixtisaslı fəhlə kadrlarına ehtiyacının ödənilməsi üçün imkanlar yaradan mərkəzdə müxtəlif sahələr üzrə yeni fəhlə kadrların hazırlanması nəzərdə tutulur ki, bu da Qaradağ rayonundan, eləcə də ətraf rayonlardan olan gənclərin işsizlik problemlərinin həllinə mühüm töhfə olacaqdır.

Artıq ictimaiyyətə də bəlli olduğu kimi,  Dövlət Neft Şirkətinin prezidentinin tapşırığına əsasən, şirkətin müəssisə və təşkilatlarında karyeranın idarə edilməsi sisteminin tətbiqinə start verilmişdir. Sistemin tətbiqi nəzərdə tutulmuş müəssisə və təşkilatlarda vəzifə funksiyaları elektronlaşdırılmış, vəzifələrin tələbləri elektron qaydada hazırlanmış və mövcud olan təhsil istiqamətləri sahələr üzrə seqmentləşdirilmişdir. Sistem üzrə maarifləndirici təlim materialları hazırlanmış, kadrlar şöbələrinin əməkdaşlarına və müəssisələr üzrə rəhbər işçilərə sistemin tətbiqi ilə bağlı maarifləndirici təlimlər keçirilmişdir.

Sistemdə işçilərin iştirakı üçün minimum tələblər var ki, bunlar da təhsil, staj (əmək fəaliyyəti), nizam-intizamyaş göstəricisindən ibarətdir. İlkin seçim meyarlarının tələblərini ödəmiş hər bir işçinin xidməti fəaliyyətinin qiymətləndirilməsindən sonra ona karyera seçimləri təqdim edilir ki, bu mərhələdə işçilərin xidməti fəaliyyətləri nəinki onların rəhbərliyi tərəfindən, həmçinin özləri tərəfindən də qiymətləndirilir.

Obyektivliyin daha da gücləndirilməsi məqsədilə işçilərin karyeralarını davam etdirmək istədikləri vəzifələr üzrə biliklərinin yoxlanılması testləşdirmə yolu  ilə həyata keçirilir. Testləşdirmə tamamilə elektron qaydada xüsusi nəzarət rejimində həyata keçirilirelektron testləşdirmədə iştirak edən işçilər özlərinin imtahan nəticələrini dərhal öyrənə bilirlər.

Biliklərin yoxlanılması nəticəsində keçid balının tələblərini ödəmiş işçilərin karyera seçimləri zamanı seçdikləri vəzifələr üzrə ehtiyata alınması sistem tərəfindən avtomatik olaraq həyata keçirilir. Hər bir vəzifə üzrə ehtiyat işçilərin sayı proqnozla əvvəlcədən müəyyənləşdirilir. Proqnozlar isə insan resurslarının kəmiyyət və keyfiyyət göstəricilərinin planlaşdırılması funksiyası nəticəsində verilir.  Zərurətdən asılı olaraq ARDNŞ-də təşkilati idarəetmə strukturunun təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması, idarəetmə mexanizminin optimallaşdırılması məqsədilə struktur dəyişiklikləri həyata keçirilməkdədir. Bu islahatların həyata keçirilməsi prosesinin gedişində isə müəyyən sayda işçi heyətinin sərbəstləşməsi qaçılmazdır. Lakin dövlət siyasətinin əsas prinsiplərinə uyğun olaraq şirkət rəhbərliyinin bu struktur dəyişklikləri nəticəsində sərbəstləşəcək işçilərə münasibətdə mövqeyi peşəkarlıq, sosial qayğı, diqqət, ədalətlilik və şəffaflıq prinsipləri çərçivəsindədir. Qeyd olunan prinsiplərin həyata keçirilməsi çərçivəsində “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bəzi qurumlarının ləğvi nəticəsində sərbəstləşən işçilərin sosial dayanıqlığının və məşğulluğunun təmin olunmasına dair Proqram” təsdiq edilərək icrasına başlanılmışdır.

Sərbəstləşən işçilərin işlə təmin edilməsi məqsədilə ARDNŞ-ə kənardan işə qəbul məhdudlaşdırılmış və yaranan vakansiyalar ilk növbədə bu proqrama qoşulmuş işçilərin, bu mümkün olmadıqda isə ştatların ləğvi səbəbi ilə işdən azad edilmiş digər işçilərin hesabına komplektləşdirilir. Məhz bu ardıcıllıqla aparılan yerləşdirmələrdən sonra boş qalan yerləri vakansiya qismində elan edilir. Bununla yanaşı, ixtisası üzrə müvafiq bilik və səriştəyə malik olan hər bir Azərbaycan Respublikası vətəndaşı müəyyən vaxt çərçivəsində özünü qane edəcək səviyyədə işlə təmin olunma və karyerasını inkişaf etdirmək şansına malikdir.

Hazırda ARDNŞ-in çoxsaylı əmək kollektivinə malik olan “Azəriqaz” İstehsalat Birliyində struktur dəyişiklikləri davam etdirilməkdədir. “Azəriqaz” İstehsalat Birliyinin tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi fəaliyyət göstərən rayon qaz istismarı sahələrinin yenidən təşkil edilərək onların bazasında regional qaz istismarı idarələrinin yaradılması tədbirləri davam etdirilir.

İnsan resurslarının idarə edilməsi sahəsinə olan ictimai etimadın artırılması, vətəndaşların bu proseslərdə aktiv iştiraka cəlb edilməsi, görülən işlərlə vətəndaş cəmiyyətinin yaxından tanış edilməsi və bu sahədə ictimai nəzarətin artırılması üzrə işlər davam etdirilir. Şəffaflığın təmin edilməsi məqsədilə vəzifələrin tutulması üzrə keçirilən müsabiqə və müsahibələr barədə məlumatlar (elanlar, test imtahanları və müsahibələrin keçirilmə qrafikləri və nəticələri və s.), davamlı olaraq internet saytlarında yerləşdirilir.

Sosial şəbəkələrin Azərbaycan cəmiyyətinin və beynəlxalq ictimaiyyətin həyatında tutduğu yeri nəzərə alaraqFacebooksosial şəbəkəsi vasitəsilə də vətəndaşlarla birbaşa ünsiyyət qurulur. Burada şirkətin fəaliyyəti, o cümlədən keçirilən müsabiqə və müsahibələr, təlim, konfrans, seminar və digər tədbirlər barədə məlumat verilir.  Qeyd olunan bu işlərin aparılması zamanı müsbət amillərlə yanaşı, neqativ hallarla da üzləşirik. Bir sıra “işbazlar” vətəndaşları aldadaraq onların etimadından sui-istifadə edir. Bununla bağlı tərəfimizdən mütəmadi olaraq vətəndaşlarla keçirilən görüş zamanı, eləcə də kütləvi informasiya vasitələri ilə, onlara inanmamaq və belə hallar baş verərsə, hüquq-mühafizə orqanlarına müraciət edilməsi haqqında dəfələrlə bəyanatlar verilmişdir.

Şirkətin vətəndaş cəmiyyəti ilə münasibətləri qarşılıqlı maraq doğuran faydalı əməkdaşlıq  əsasında qurulmuşdur. Vətəndaş cəmiyyəti üzvlərini şirkətin müvafiq sahə üzrə fəaliyyəti və bu istiqamətdə aparılan islahatlarla bilavasitə tanış etmək, QHT və  KİV-lərlə əlaqələri inkişaf etdirmək məqsədi ilə onlarla birlikdə mütəmadi olaraq tədbirlər keçirilmiş, müsabiqə proseslərində də müşahidəçi kimi iştirak etmələrinə şərait yaradılmışdır. Şirkətin  əməkdaşlarının da mütəmadi olaraq beynəlxalq və milli QHT-lərin keçirdiyi bir sıra aidiyyəti tədbirlərdə iştirakı təmin edilir.

Şəffaflığın təmin edilməsi, eləcə də, ictimai etimadın artırılması məqsədilə vakant vəzifələrin tutulması üzrə keçirilən müsabiqələr barədə məlumatlar (elanlar, müsabiqələrin keçirilmə qrafikləri və nəticələr), eləcə də, vətəndaşlarla əlaqələr  digər zəruri informasiyalar mütəmadi olaraq şirkətin korporativ veb-səhifəsində (www.socar.az)  yerləşdirilir.

Bundan əlavə, yeni qurulmuş insan resursları sisteminin mahiyyəti, işə qəbul və bu sahədə tətbiq olunan yeniliklər, struktur islahatları, müxtəlif proqramlarla bağlı təşkil edilən tədbirlər barədə məlumatlar şirkət rəhbərliyi və əməkdaşları tərəfindən mütəmadi olaraq ölkənin müxtəlif televiziya kanalları ilə yanaşı, informasiya agentlikləri,  gündəlik qəzetlər və digər dövrü mətbuat vasitəsilə ictimaiyyətə çatdırılır.

Qüvvədə olan qanunvericiliyin tələbinə uyğun olaraq Hasilatın Pay Bölgüsü Sazişləri (HPBS) çərçivəsində neft-qaz əməliyyatlarına əcnəbi heyətin cəlb edilməsi, eyni zamanda Azərbaycan vətəndaşları olan mühəndis-texniki heyətin hazırlanması və onların uzunmüddətli məşğulluğunun təşviq edilməsi, HPBS-in şərtlərinə uyğun olaraq vətəndaşlarımızdan ibarət heyətin nəzərdə tutulan sayının təmin edilməsi, Azərbaycan Respublikasının qanunvericiliyinin norma və tələbləri ilə bağlı müvafiq neft-qaz əməliyyatları iştirakçılarına və hökumət orqanlarına dəstəyin göstərilməsi istiqamətində də işlər davam etdirilir. HPBS-in şərtlərinə uyğun olaraq neft-qaz əməliyyatlarına cəlb edilən əcnəbi heyət üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən üçün icazənin verilməsi ilə əlaqədar təqdim edilən müraciətlərə baxılması zamanı həmin mütəxəssislərə ehtiyacın olub-olmamasına dair müvafiq rəyi hazırlanaraq təqdim edilir.

ARDNŞ-in tərkibində miqrasiya siyasəti ilə bağlı məsələlər koordinasiya edilirneft-qaz əməliyyatlarında yerli kadrların iştirakı stimullaşdırılır, eyni zamanda, neft-qaz əməliyyatlarında, o cümlədən, HPBS-lər üzrə podratçı, subpodratçı və əməliyyat şirkətlərində, Azərbaycan vətəndaşlarından ibarət hazır ixtisaslı kadrların cəlb olunmasının qanunvericiliyin tələblərinə əsasən müvafiq həddə çatdırılmasına yönəldilən bütün fəaliyyətlərə nəzarət edilir. 

Qeyd olunanlarla yanaşı bildirmək istərdim ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsi olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidməti”nin) yaradılması, dövlət qulluğuna qəbulun  müsabiqə və müsahibə əsasında həyata keçirilməsi və bu kimi çoxsaylı tədbirlər şəffaflığın təmin edilməsi istiqamətində aparılan işlərin bariz nümunəsidir.

 

 

Asif BƏKİRLİ,

 

 ARDNŞ-in Baş ofisinin İnsan Resursları Departamentinin rəisi

 

Xalq qəzeti.- 2014.- 16 may.- S. 13.