Naxçıvan
təbiətinin ecazkarlığını sənətdə
yaşadan rəssam
Yuran uşaqlıq çağlarından ecazkar təbiəti, əzəmətli dağları, yamyaşıl zəmiləri, laləli çölləri, bağçalı-bağlı həyətləri, bumbuz çeşmələri, möhtəşəm abidələri olan Naxçıvanda böyümüşdü.
Hər səhər əzəmətli Elanlı dağının başı üzərindən nur saçan, axşamlar zirvəsi qarlı Ağrı dağının ətəyində qürub edən Günəşi seyr etdikcə qəlbində sönməz bir sevgi oyanıb: Vətən, təbiət, torpaq, yurd sevgisi. Bu həvəs, bu maraqla balaca Yuran əlinə qələm alıb Naxçıvanın əsrarəngiz təbiətini, zəhmətsevər insanlarını ağ vərəqlər üzərinə köçürməyə başlayıb. Beləcə Yuranın qeyri-adi istedadı ailədə və məktəbdə hamının diqqətini cəlb edib. Orta təhsilini başa vurub Bakıya – Rəssamlıq Məktəbinə oxumağa gəlib və sənət dünyasına qədəm qoyub.
1955-ci ildə Əzim Əzimzadə adına
Bakı Rəssamlıq Məktəbini bitirib, orada müəllimlik
fəaliyyəti və yaradıcılığı ilə məşğul
olub. Sonra Sankt-Peterburqda İ.Y. Repin adına Rəssamlıq
Akademiyasında təhsilini davam etdirib. 1960-cı ildə
akademiyanı bitirib, bir neçə il bu şəhərdə
rəssam kimi fəaliyyət göstərib. “Lenfilm” studiyasında, A.S.Puşkin adına Akdemik Dram Teatrında baş rəssamın
assistenti olub. Bu böyük şəhərdə,
qədim mədəniyyət beşiyində özünün
ilk rəssamlıq avtobioqrafiyasının səhifələrini
yazıb, dəyərli əsərlərini yaradıb. Bakıda və Sankt-Peterburqda təhsil alması onun
rəssam kimi formalaşmasına səbəb olub. Vətən, xalq, doğma yurd sevgisi ilə
Bakıya, oradan da Naxçıvana qayıdıb. Ömrünün axırınadək bu qədim, ulu
torpaqda yaşayıb-yaradıb.
Yuran Məmmədov həyatı boyu Naxçvan
torpağının ecazkarlığından ilham alaraq bu
gözəl məkanı öz əsərlərində məhəbbətlə
təsvir etmişdir. O, tez-tez təbiətin qoynunda olur, əsrarəngiz
gözəlliklərdən zövq alıb mənəvi
duyğulara qovuşur, geniş vadilərin, əzəmətli
monumetlərə bənzəyən dağların,
axar-baxarlı dərələrin qoynunda, kükrəyib
daşan çayların sahilində fırçasını əlinə
alıb saatlarla malbertin önündə dayanıb, bu mənzərələri
kağız, kətan üzərinə
köçürürdü. Bir-birindən baxımlı,
görümlü, uğurlu tablolarını,
natürmortlarını, etüdlərini, mənzərə
janrında əsərlərini bu ecazkar aləmin qoynunda
yaratmışdı: “Haçadağ”, “Batabat”, “Araz”,
“Mömünə-xatun”, “Yusif Küseyir”, “Şahab məhəlləsi”,
“Əlixan məhəlləsi”, “Naxçıvanda bahar”,
“Əlincə qalası”, “Vayxır kəndi”, “Arpaçay”,
“Ordubadın bağları”, “Şahbuz mənzərələri”,
“Bizim ailə”, “Vətən uğrunda”...
1970-80-ci illərdə
Naxçıvanda “Şərq qapısi” qəzeti
redaksiyasında iş yoldaşlarım Cəlil Vəzirov,
Tahir Qazıbəyov, Fəsahət Hüseynov və
başqaları ilə hərdən Yuran Məmmədovun
emalatxanasına gedərdik. Həmişə də
Yuran yeni əsərlərini bizə göstərər,
tabloların məna çalarları, süjeti, rənglərin
seçimi barədə danışar, bu rənglərin
ovqatımıza xoş təsirini həssaslıqla duyar və
sonra da deyərdi ki, indi də durun gedək təbiətin
qoynuna. Yuranın bir “Zaporojets”i vardı,
şəhərdə bu maşını tanımayan yox idi,
özü onu əlvan boyalarla rəngləmişdi. Yuranın alabəzək Zaporojetsində
Şıxmahmud” meşəsinə, Uzun oba gölünə,
Siraba, Xal-xal meşəsinə, Payız kəndinə,
Vayxıra, Şahbuza, Rüstəm meşəsinə, Batabata,
Şərura, Ordubada və digər yerlərə gəzməyə
gedərdik. Onun əsərlərinin
çoxu bu gözəlliklərə və doğma yurdun
insanlarına həsr olunmuşdu.
Naxçıvanda olduğu kimi, Bakıda, Moskvada,
Sankt-Peterburqda, Riqada və digər şəhərlərdə
də onun sənət dostları vardı. Yuran dəfələrlə
onun qonağı olan sənətkarlarla bu yerləri,
dağları, çölləri, gölləri gəzmişdi.
Görkəmli fırça ustası, təbiət aşiqi Səttar
Bəhlulzadənin məşhur “Naxçıvan
dağları”, “Mənim anam” əsərləri bu dağlara
Yuran ilə səfəri zamanı yaranmışdı. Səttar deyirdi ki, Yuran bu yerlərin gözəlliklərini
dərindən duyur. Onun təbiət
mövzusunda çəkdiyi tablolar ən yaxşı sənət
nümunələridir.
Görkəmli rəssam
Toğrul Nərimanbəyovu öz ustadı, müəllimi və
böyük qardaşı sayan Yuran uzun illər onunla dostluq
etmişdi. Bakıya gələn kimi ona zəng
vurur, görüşür və məsləhətləşirdi.
Özünə ideal hesab etdiyi Toğrulun əsərlərindən
mənəvi zövq və ilham alırdı. Onu və digər dostlarını Naxçıvana dəvət
edər və bu diyarın görməli yerlərini, gözəlliklərini
iftixar hissi ilə onlara göstərib qürur duyardı.
Toğrul Nərimanbəyov söyləyirdi ki,Yuranın
rənglər dünyası insanı heyrətə gətirir.
Rusiyanın və Azərbaycanın xalq artisti Nodar
Şaşıqoğlu və Yuranın dostluğu ilə
bağlı bir xatirəni heç vaxt unuda bilmirəm. 1975-cı ildə
Nodar Naxçıvana gəlmişdi, Yuranın qonağı
idi. Naxçıvan Şəhər Mədəniyyət
Evində Mehdi Hüseynzadə rolunun məşhur
ifaçısı Nodar Şaşıqoğlu ilə
tamaşaçıların görüşü oldu.
Sonra Yuran Nodar ilə “Böyük bağ”da parkın içərisində
adamların arası ilə keçib gedərkən birdən
cavanlardan biri səsləndi: “Uşaqlar, Mixaylo şəhərdədir...”
Bunu eşidən Nodar ətrafa baxdı, Yuran:
“ – Bizim
şəhər uşaqlarıdır, sizin sevimli
tamaşaçılarınızdır”, – deyə
gülümsədi.
2000-ci ildə Bakıda Nodar
Şaşıqoğlu ilə görüşüb “Respublika”
qəzeti üçün müsahibə götürəndə
o, Yuran haqqında xatirələrini danışdı: “Yuranla
Sankt-Peterburqda tanış olmuşam. Biz dost idik. Çox vaxt bir yerdə olurduq, istirahət edib gəzirdik.
O vaxt Yuran Rəssamlıq Akademiyasında oxuyurdu, çox
istedadlı idi. Akademiyanı bitirəndən
sonra bizim teatrda çalışdı, gözəl əsərlər
yaratdı... 1975-80- ci illərdə mən bir neçə dəfə
Naxçıvana gəlmişəm. Onunla
Muxtar Respublikanın hər yerini gəzmişik. Yuran Məmmədov
ilə məni unudulmaz xatirələlər bağlayır...”
SSRİ Rəssamlar
İttifaqının üzvü, istedadlı boya ustası
Yuran Məmmədov uzun illər Cəlil Məmmədquluzadə
adına Naxçıvan Dövlət
Musiqili Dram Teatrında çalışaraq tamaşaya qoyulan
bir sıra səhnə əsərlərinin quruluşçu
rəssamı olmuşdu. Mirzə Cəlilin “Ölülər”,
“Dəli yığıncağı”, Cəfər Cabbarlının
“Oqtay Eloğlu”, Nəcəf bəy Vəzirovun
“Yağışdan çıxdıq, yağmura
düşdük”, Şıxəli Qurbanovun “Sənsiz”, Ramiq
Muxtarın “Üfüqlər qızaranda”, “Əgər sevirsənsə”,
Hüseyn Razinin “Günəş”, Həsən Elsevərin
“Alınmaz qala”, Əziz Nesinin “Toros canavarı” və digər
tamaşalara bədii tərtibat vermişdi.
Akademik İsa Həbibbəyli
deyir ki, Azərbaycanın müxtəlif teatrlarında
tamaşaya qoyulan eyni əsərlər Yuran Məmmədovun tərtibatında
tamam başqa görüntü və təsir gücünə
malik idi. O, fırça ilə işləsə də,
ruhən ədəbiyyat adamı idi. Bu qabiliyyət
də onun həssaslığından, duyumlu olmasından irəli
gəlirdi.
Türkəyinin Afyon Qocatəpə
Universitetinin professoru Məmməd Şirzadov sənət dostu
barədə deyir ki, Yuran görkəmli, yetkin sənətçi,
çox istedadlı, intellektual, duyumlu, təfəkkürlü
bir rəssam idi.Təkcə Azərbaycanda deyil, digər
respublikalarda da tanınırdı, onun müasir
çalışmaları peyzaj, natürmort, portret, tematik
şəkilləri bir-birindən uğurlu idi.Yuranın əsərlərində
dünyada tanınan Azərbaycan ruhu vardı. Fəlsəfi
düşüncəli, modern sənətkar Naxçıvan rəssamlarının
sırasında üstün mövqeyi ilə seçilirdi,
öz yeri vardı.
Yuran Əli oğlu Məmmədov həyatdan
vaxtsız getdi, cəmi 50 il yaşadı.1934-cü ilin aprel
ayının 15-də bahar fəslində Naxçıvan
şəhərində dünyaya gəlmişdi və 1984-
cü ilin iyun ayının 18-də uzaq Riqa şəhərində
qəfil dünyasını dəyişdi. Azərbaycanda
və İttifaqda tanınan rəssamın cənazəsi
Naxçıvana gətirilərək valideynlərinin dəfn
olunduğu qəbiristanlıqda torpağa
tapşırıldı. O, 50 illik yubileyinə
hazırlıq görüldüyü bir vaxtda haqq
dünyasına qovuşdu. Özü
aramızdan vaxtsız getsə də, şirin, duzlu, məzəli
söhbətləri, yaratdığı sənət
yadigarları, həyata keçirə bilmədiyi arzuları,
yarımçıq işləri qaldı.
Xalq yazıçısı Anar onun
xatirəsinə həsr etdiyi “Bir dostum vardı...” məqaləsində
yazmışdı: “Yaxın dost, yaşdaş, nəsildaş,
həmsöhbət itirməyin acısını mən bilirəm
axı, Yuran, bir daha niyə bizi bu nisgilə saldın? Sənin ölən yaşın deyildi axı. Beynin, qəlbin rənglərlə, cizgilərlə,
mənzərələrlə, insan surətləriylə,
yeni-yeni tabloların əlvan boyaları ilə dolu idi.
Arzuların, niyyətlərin aşıb-daşırdı...”
2004- cü ildə Azərbaycan
Respublikası Mədəniyyət Nazirliyi və Rəssamlar
İttifaqının təşkilatçılığı
ilə Bakıda Vəcihə Səmədova adına sərgi
salonunda Yuran Məmmədovun 70 illik yubileyi münasibətilə
anım günü və əsərlərinin sərgisi
keçirildi. Dostları onun xatirəsini
hüznlə yad etdilər, yaradıcılığını
yüksək qiymətləndirərək bir-birindən
maraqlı əsərlərinə baxıb Yuranın sənət
dünyasına səyahət etdilər.
2005- ci ildə
tanınmış Azərbaycan rəssamının Moskvada
Dekorativ-Tətbiqi İncəsənət Muzeyində “Narın
rəngi”, 2010- cu ildə Krokus-Ekspoda “Üslub və
müasirlik”, 2012- ci ildə Mərkəzi Rəssamlar Evində
“Tütək səsi”, 2013- cü ildə “ Səmanın ənginliyində”
adlı sərgiləri keçirildi. Bu ilin iyun
ayında Yuran Məmmədovun 80 illik yubileyi münasibətilə
Moskvada və Bakıda əsərlərinin fərdi sərgiləri
açılacaqdır.
Yuranın
qızı Günel rəssamdır, Moskvada yaşayır,
atasının adını özünə təxəllüs
götürüb: Günel Yuran. Onun
yaradıcılıq yolunu davam etdirir. Atasını
ilk müəllimi adlandıran Günel onun
yaradıcılıq dəsti-xəttini özünə ideal
seçib. Atası barədə xatirlərində
yazır ki, Naxçvanda balaca olanda atamın emalatxanasına
getməyi xoşlayırdım. Onun çəkməyinə,
işləməsinə tamaşa edərdim. Atam bu
vaxtlarda öz söhbətləri ilə məni dünya incəsənəti
ilə tanış edər, rəssamların həyat və yaradıcılığı,
daha çox xoşladığı, sevdiyi rəssamlar – Anri
Matiss,Van Qoq, Modilyani... və başqaları haqqında
danışardı…
Günel deyir ki, atası təbiətə çox
intizarlı, həsədli, həyəcanlı münasibət
bəsləyirdi. O, təbiətlə nəfəs alırdı, naturadan,
orijinaldan çəkməyi xoşlayırdı. Ona görə də əsərlərinin
böyük hissəsi peyzajlardır. Biz
ailəliklə tez-tez dağlara gedərdik, öz
maşını ilə bizi gəzdirirdi. Həyatın
gözəlliyini və harmoniyasını, uca dağların,
otların və səmanın qrafik xətlər
dünyasını və rənglər keçidini bizə
göstərirdi. Atamın hər işi,
lövhəsi, tablosu, rəssamlıq əsəri bir dünya,
bütöv tarixdir. Yuran Məmmədovun əsərlərinin
ekspoziyası hər hansı sərginin əsl mirvarisidir, mədəni
irsimizin möcüzəsidir.
Bu gün Yuranın əsərləri
Türkiyə, İran, Macarıstan, Rusiya, Almaniya, Fransa və
digər ölkələrin muzeylərində, R. Mustafayev
adına Azərbaycan Dövlət İncəsənət
Muzeyində, Naxçıvan Dövlət Tarix Muzeyində və
şəxsi kolleksiyalarda saxlanılır.
2014-cü
ilin may ayının 3-də Bakıda Vəcihə Səmədova
adına Sərgi salonunda Naxçvan Muxtar
Respublikası yaradılmasının 90 illiyinə həsr
olunmuş Naxçıvan rəssamlarının əsərlərindən
ibarət sərgi oldu. Səginin açılışında
çıxış edən Azərbaycan Rəssamlar
İttifaqının sədri Fərhad Xəlilov dedi ki, Azərbaycan
incəsənətində realist dəzgah
boyakarlığının təşəkkülü, portret
və mənzərələrin müstəqil janr kimi
formalaşması Bəhruz Kəngərlinin adı ilə
bağlıdır. Onun kimi görkəmli sənət
xadimləri milli mədəniyyətimizin xəzinəsinə
qiymətli töhfələr vermişlər. Fərhad Xəlilov Naxçıvanda Bəhruz Kəngərli
sənətinin davamçıları sırasında Yuran Məmmədovun
da adını hörmətlə yad etdi.
Bu günlər Azərbaycanın tanınmış
boyakar və teatr rəssamı Yuran Məmmədovun anadan
olmasının 80 illiyi və dünyasını dəyişməsinin
30 illiyi qeyd edilir. Yaxınları, doğmaları,
övladları, sənət dostları onun doğum və
anım günlərini qeyd edir, həmişə xatirəsini əziz
tuturlar. O, qısa ömür yaşasa da,
yaratdığı və yadigar qoyub getdiyi əsərləri
ilə insanların qəlbində sənətə məhəbbət
yaradıb. Onun əsərlərində bir rəssam
ömrünün fikir və düşüncələri
yaşayır. Onun ölməz sənəti
daim yaşayacaqdır.
Afət
SADIQOĞLU
Xalq qəzeti.- 2014.- 16 may.- S. 14.