Baş nazirin müavini Əli HƏSƏNOV: “Prezident İlham Əliyev milli maraqlarımıza uyğun müstəqil siyasət yürüdür

 

Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 22-ci ildönümü ilə əlaqədar Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında anım tədbiri keçirildi. Tədbirdən əvvəl teatrın foyesində Laçının tarixini, maddi-mədəniyyət abidələrini, təbiət lövhələrini, adət-ənənələrini əks etdirən sərgiyə baxış oldu. Dövlət rəsmiləri, Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş rayonlarının ictimaiyyəti nümayəndələri, eləcə də bir sıra ölkələrin Azərbaycandakı səfirliklərinin və beynəlxalq təşkilatların təmsilçilərinin iştirak etdiyi tədbirdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov açılış nitqi ilə çıxış etdi. Əvvəlcə Azərbaycanın ərazi bütövlüyüsuverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Natiq bildirdi ki, 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən Laçının işğal edilməsi təkcə laçınlılar üçün deyil, bütövlükdə xalqımız üçün ağrılı dərddir. İşğalın rayona vurduğu maddi-mənəvi ziyanlara toxunan icra başçısı yüzlərlə mədəniyyət abidəsinin, onlarla qəsəbə, kənd və məişət obyektinin talan edildiyini, dağıdıldığını diqqətə çatdırdı. Bildirdi ki, işğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz yurdundan qovulub, yüzlərlə insan itkin düşüb.

Qeyd edildi ki, Horadiz qəsəbəsinin erməni işğalından azad edilməsində 300 nəfərdən ibarət Laçın polis dəstəsi iştirak edib və 27 nəfər laçınlı polis gərgin döyüşlərdə şəhid olub. Onlardan ikisinə ulu öndər Heydər Əliyevin sərəncamı ilə ölümündən sonraMilli Qəhrəman” adına, üç nəfər isə “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb. Rayon icra başçısı bu gün dövlətimizin məcburi köçkünlərə göstərdiyi qayğıdan, onların sosial-mənzil şəraitinin yaxşılaşdırılmasından, yeni qəsəbələrin salınmasında görülən işlərdən də danışdı:

– 2001-2013-cü illər ərzində dövlət proqramına uyğun olaraq, laçınlı məcburi köçkünlərin sosial və mənzil şəraiti yaxşılaşdırılmış, onların bir qismi yeni mənzillərlə təmin edilmişdir. Yaxın vaxtlarda laçınlı məcburi köçkünlər üçün 1500 ailəlik qəsəbənin tikintisinə başlanılacaq. Cənab Prezident İlham Əliyev Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ilə birgə 2011-ci il dekabrın 24-də– öz ad günündə Ağcabədi rayonu, Taxtakörpü ərazisində yeni salınmış qəsəbənin açılışını, laçınlı məcburi köçkünlərlə səmimi görüşünü camaatımız minnətdarlıq duyğusu ilə xatırlayır. Laçınlılar hamı kimi, vətəninə qayıtmaq həsrətindədirlər. Ölkə başçısının bu məsələ ilə bağlı müəyyən etdiyi hər cür yol bizim yolumuzdur. Ölkədə geniş vüsət alan hərbi vətənpərvərlik tədbirləri hər birimizi sevindirir, qələbəyə inamı möhkəmləndirir. Nə olur-olsun, biz torpaqlarımızı azad etməliyik. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə zəfərə qovuşacağımız gün uzaqda deyil.

Daha sonra Laçın Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Azərbaycan TeleviziyaRadio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin hazırladığı “Əsirlikdə qala qalmazfilmi nümayiş olundu. Laçın rayon Quşçu kənd orta məktəbinin on birinci sinif şagirdi Əlibəy İbrahimovun sənədlərini hərbi ali məktəbə verməsi və gələcəkdə hərbçi kimi torpaqlarımızın işğaldan azad edilməsində iştirak etmək arzusu, gəncləri hərbi vətənpərvər olmağa səsləməsi zalda alqışlarla qarşılandı.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov çıxış etməzdən əvvəl Türkiyənin Manisa şəhərində kömür mədənində baş vermiş faciədə həlak olanları, şəhidlərimizi bir dəqiqəlik sükutla yad etməyi təklif etdi. O, ermənilərin tarix boyu azərbaycanlılara qarşı məkrli siyasətindən, bu istiqamətdə xalqımızın başına gətirilən qanlı hadisələrdən söhbət açdı. Bildirdi ki, Rusiya-İran müharibəsindən sonra imzalanan Türkmənçay müqaviləsi nəticəsində İrandan ermənilərin Cənubi Qafqaza köçürülməsindən sonra onlar ən dilbər guşələrdə yaşamaqla kifayətlənməmiş, Azərbaycan xalqına məxsus tarixi, maddi-mədəniyyət abidələrini erməniləşdirməklə məşğul olmuşlar.

Laçının strateji əhəmiyyətli mövqeyinə toxunan baş nazirin müavini onun zəngin təbii resurslarına, heyranedici təbiətinə diqqət çəkdi, qədim tarixə malik olmasından danışdı. Bildirdi ki, rayonda mövcud olan qədim alban məbədləri, məscidlər, tarixi körpü və türbələr bunu deməyə əsas verir: “Laçınlılar türk tayfasıdır. Laçın dedikdə, burada yaşayan insanların cəsurluğu və mərdliyi göz önünə gəlir. Təsadüfi deyil ki, Andranik öz silahlılarıyla Gorus, Laçın, Zabux, Şuşa, Xankəndi yolunu açmaq istəyərkən Laçının məşhur bəylərindən olan Sultan bəy Sultanov – Azərbaycanın ilk müdafiə naziri Xosrov Paşa bəy Sultanvun qardaşı tərəfindən məğlub edilmişdi. Zabux dərəsində baş verən həmin döyüş bu gün də Qanlı dərə olaraq xatırlanır. Laçın əhalisi hələ o dövrdə öz qoçaqlıqları, vətənə sevgiləri ilə seçilirdilər. Hətta 1828-ci ildə Çar Rusiyası ilə İran müharibəsi yekunlaşarkən ermənilərin bir qismi Cənubi Qafqaza, o cümlədən Dağlıq Qarabağa köçürüləndə laçınlılar erməniləri oraya qoymadılar. Ermənilər o vaxtdan laçınlıların hansı cəsarətə, mərdliyə sahib olduğunu bilirdilər...

Beynəlxalq ictimaiyyətdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəzən ədalətsiz, qeyri-obyektiv fikirlərin səsləndirilməsinə, ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyətinə toxunan Əli Həsənov dövlətimizin münaqişənin həlli üçün, eləcə də Azərbaycanın müstəqil və suveren dövlət kimi öz yolunu müəyyən etdiyini vurğuladı. “Ermənilər bizə qonşu olan ölkələrin hər birində yaşayırlar. Onlar Laçın rayonunu işğal edərək Dağlıq Qarabağa dəhliz yolu açdıqlarını deyirlər. Bizim azərbaycanlılar dünyanın hər bir yerində yaşayırlar. Onda gərək bizonlardan humanitar dəhliz tələb edək? Dövlətimiz kifayət qədər hərbi sursatla ordunu təmin edir və edəcəkdir. Bu gün hərbi təhsilə meyl də güclənir.

Qeyd edildi ki, bu gün dövlətimizin prioritet məsələsi, münaqişənin həlli, məcburi köçkünlərin həyat şəratinin yaxşılaşdırılması və onların tezliklə yurdlarına qayıtmalarına nail olmaqdır. Azərbaycan Prezidenti İlham Əliyevin 50 illik yubileyində öz ad gününü Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsindəki laçınlı məcburi köçkünlərlə görüşü də dövlətimizin bu istəyini sübut edir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Prezidentin laçınlılarla görüşündəki nitqini iştirakçılara xatırlatdı: “Mən belə qərara gəldim ki, bu günü öz ailəmlə qeyd edim. Bu gün mən öz ailəmlə birlikdəyəm. Mənim ailəm sizsiniz. Mən çox şadam ki, bu günü hamımız üçün müqəddəs olan Qarabağ torpağında qeyd edirəm”.

Mərasimə şagirdlərin ifasında “Laçın harayı” adlı ədəbi-bədii kompozisiya ilə yekun vuruldu.

 

 Əfsanə BAYRAMQIZI

 

Xalq qəzeti.- 2014.- 17 may.- S. 4.