Beynəlxalq
Muzeylər Günü münasibətilə
silsilə tədbirlər keçirilir
Hər il mayın 18-ni dünya mədəni ictimaiyyəti Beynəlxalq Muzey Günü kimi qeyd edir. Bu gün 1977-ci ildə Beynəlxalq Muzeylər Şurasının 11-ci konfransında Sovet nümayəndə heyətinin təklifi ilə təsis olunmuşdur. 1978-ci ildən etibarən bu bayram hər il 150-dən çox ölkədə qeyd olunur. “Muzey” yunan sözü olub, “muzalar məbədi” deməkdir. Muzalar qədim yunan mifologiyasında incəsənət və elm ilahələri hesab olunurdular. Sonralar maddi və mənəvi mədəniyyət abidələrini komplektləşdirən, saxlayan, nümayiş etdirən, tədqiq və təbliğ edən elmi müəssisələr bu adla adlandırılmışdır.
Azərbaycanda muzey şəbəkəsi son illər xeyli genişlənmişdir: Nizami adına Ədəbiyyat muzeyi, L. Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənət Dövlət Muzeyi, Azərbaycan Tarixi muzeyi, Xalq Maarifi muzeyi, əksər rayon və şəhərlərdə tarix, diyarşünaslıq muzeyləri, elm və mədəniyyət xadimlərinin ev muzeyləri və s. bu qəbildəndir. İftixar hissi ilə qeyd olunmalıdır ki, Azərbaycan Xalçası və Tətbiqi Sənət Dövlət Muzeyi dünyada yeganə belə muzeydir. Bu muzey həm də Azərbaycanda yeganə muzeydir ki, öz virtual muzeyi vardır.
Azərbaycan həm də açıq səma altında yerləşən muzeylər ölkəsidir. Bunu Qobustanda, İstisuda (Kəlbəcər) və Gəmiqayada (Naxçıvan) qayalar üzərindəki təsvirlər sübut edir. Məşhur Norveç alimi və səyyahı Tur Heyerdal Qobustanda olarkən buranı obrazlı şəkildə “səma altında muzey” adlandırmışdır.
İnkişaf tarixi ərzində Azərbaycan muzeyləri unikal muzey fondu formalaşdırmış və milli mədəni və təbii irsin mühafizəsi, populyarlaşdırılması sahəsində əvəzsiz təcrübə toplamışlar. Mövcud ənənələri qoruyaraq muzey işində müasir innovasiyalardan istifadə edən Azərbaycan muzeyləri yüksək beynəlxalq nüfuz qazanmışlar. Hər il olduğu kimi, bu il də 18 may Beynəlxalq Muzeylər Günü ərəfəsində Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə respublika muzeylərində müxtəlif tədbirlərin təşkili və Fransanın Mədəniyyət və Komunikasiya Nazirliyinin çağırışına qoşularaq “Muzeylər gecəsi” aksiyasında iştirak nəzərdə tutulmuşdur.
Dünən Azərbaycan Milli İncəsənət Muzeyində Bakı şəhərinin və yaxın rayon muzeylərinin, qoruq muzeylərinin və əlaqəli təşkilatların iştirakı ilə təntənəli bayram tədbiri keçirildi. Burada ilk dəfə olaraq Azərbaycan Muzeyləri İnformasiya bülleteninin birinci nömrəsi təqdim olundu. Muzey fondlarında qorunub saxlanan eksponatların köynək və hava şarları üzərində hazırlanmış reproduksiyaları iştirakçılara paylandı. Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən Qədim Musiqi Alətləri Ansamblı çıxış etdi. “British petrolium” neft şirkətinin dəstəyi ilə Azərbaycan Milli İncəsənət Muzeyi tərəfindən elan edilmiş “Azərbaycan incəsənəti fotoqrafların gözü ilə” adlı müsabiqənin nəticələrinə görə mükafatların təqdimatı və müsabiqə iştirakçılarının fotolardan ibarət sərgisi nümayiş etdirildi. Bu gün isə Qala Qoruğu Arxeoloji Etnoqrafik Muzey Kompleksində “Muzeylər gecəsi” aksiyasında Bakı və digər region muzeylərinin iştirakı ilə geniş bədii, musiqili, əyləncəli tədbir keçirilir, qoruğun sahəsi üzrə müxtəlif muzeylərin səyyar sərgilərinin təqdimatı nəzərdə tutulur. Aksiya çərçivəsində bütün respublika muzeylərində “açıq qapı” günü elan ediləcək. Həmin gün muzeylərin iş vaxtı gecə saat 1-dək uzadılacaq.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2014.- 17 may.- S. 8.