Tariximizin Heydər Əliyev mərhələsi

 

Böyük şəxsiyyətlər zəmanənin diktə elədiyi tələblərə uyğun olaraq, üzərlərinə düşən missiyaları bəşəri dəyərlər kontekstində həyata keçirməklə, qəlblərindəki millətsevərlik, yurdsevərlik, vətənsevərlik hissləri, öz xalqının xoşbəxt gələcəyi naminə gerçəkləşdirdikləri ideyaları, apardıqları mübarizələri, gördükləri əməlləri ilə əbədiyaşarlıq qazanırlar. Belə şəxsiyyətlər, bir qayda olaraq, öz xalqının, millətinin tarixinin bütöv epoxasını yaradırlar.

Bizim xalqımızın da qürur duyduğu, fəxr etdiyi şərəfli tarixi səhifələrdən biri də böyük düha, zəka sahibi, parlaq şəxsiyyət, ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır - Heydər Əliyev epoxası!

Ulu öndər Heydər Əliyev memarı olduğu müasir, müstəqil Azərbaycan dövlətinin təməlini hələ respublikada siyasi hakimiyyətə gəlməsinin ilk dövrlərindən qoymağa başlamışdı. 1969-cu ilə qədər adı adi xəritədə belə çətin tapılan qədim Azərbaycan tezliklə dünya səviyyəsində yenidən diqqət mərkəzinə gəldi. Öz siyasi liderinin işıqlı zəkası, ölməz ideyaları, yorulmaz fəaliyyəti sayəsində.

Hələ 1971-ci ildə orta məktəbi bitirdiyim vaxtda ulu öndərin millətsevərliyi, yüksək vətənpərvərliyi, xalqımızın say-seçmə övladlarını irəli çəkməsi, xüsusilə Azərbaycan gəncliyinə diqqət, qayğı göstərməsi, onları keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə oxumağa göndərməsi, beləliklə də savadlı, səriştəli kadrlar yetişdirməsi, Azərbaycan dilinin dövlət dili kimi respublika Konstitusiyasında öz təsbitini tapmasına nail olması, indi qürur duyduğumuz Milli Ordumuzun əsasını qoyması, Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin açılması, milli hərbi kadrların yetişdirilməsinə diqqətin artırılması, unudulmuş tarixi şəxsiyyətlərin, xalqın qəhrəman oğullarının, elm, mədəniyyət, ədəbiyyat xadimlərinin maarifpərvər ziyalıların üzə çıxarılması... istiqamətində gördüyü misilsiz işlər, Bakıda, Sumqayıtda, Gəncədə  iri sənaye müəssisələrinin tikilməsi məni və yaşıdlarımı son dərəcə qürurlandırırdı. Deyirdik: nə yaxşı ki, xalqımızın Heydər Əliyev kimi dərin zəkalı, uzaqgörən oğlu siyasət meydanındadır, Azərbaycana rəhbərlik edir.

Heydər Əliyevin zəngin biliyi, təşkilatçılıq qabiliyyəti, mənalı ömrü,  qəlbinin nuru, əməlləri bizim hər birimizin yoluna, arzu və istəklərinə işıq salmış, örnək olmuşdur.

Mənim və yaşıdlarımın lap erkən vaxtlarımızdan, müstəqil həyata atılan anlarımızdan formalaşmağımızda, cəmiyyətdə öz yerimizi tapmaqda Heydər Əliyev ideyaları xalqımızın, millətimizin tərəqqisinə yönəlik fikirləri müstəsna rol oynadı. Hər yerdə, hər işdə, hansı vəzifədə çalışmağımızdan asılı olmayaraq, həmin ideyalar, fikirlər qəlbimizi bir an belə tərk etmirdi, bizi birləşdirirdi. Bu birlik tək bizi yox, bütöv xalqı əhatə edirdi. Bu, ulu öndərin yeritdiyi məqsədyönlü siyasətin, dərin zəkasının sayəsində idi. Bu, eləcə də, tariximizin Heydər Əliyev epoxasının ən qabarıq xüsusiyyətlərindən idi. Həmin səciyyəvi xüsusiyyət özünü ötən əsrin 90-cı illərində Azərbaycanda gedən proseslərdə çox aydın göstərirdi. 

1992-ci ildə Azərbaycanda xaos baş alıb gedirdi. Respublikanın hər yerində kriminogen durum yaşanırdı. Ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə dayanmışdı. Siyasi hakimiyyət səriştəsiz, dövlətçilik təcrübəsi olmayan, daxili və xarici düşmənlərimizin əlində aciz qalan, onlara müqavimət göstərə bilməyən rəhbərlərin əlində idi.

Heydər Əliyev Bakıda at oynadan “cəbhəçi”lər, mütəllibovçular və vəzirovçular tərəfindən paytaxta buraxılmırdı. Ona qarşı hədələyici, təhdid dolu bəyanatlar verilirdi. Ulu öndər bütün bu təzyiqlərə baxmayaraq, Naxçıvandan Azərbaycanın düşdüyü ağır durumu ürək ağrısıyla izləyir, millətini xilas etmək üçün yollar axtarırdı.

Vəziyyət çox ağır idi. O dövrdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun kafedra müdiri vəzifəsində çalışan, mərhum akademik Məmmədtağı Cəfərovun təklifi  ilə Heydər Əliyev ideyaları ətrafında birləşən, onu dəstəkləyən biz fəallar YAP Gəncə təşkilatını yaratmaq, onun təsis konfransını keçirmək üçün bir araya gəldik. Çox güclü təzyiqlər altındaydıq. Konfransın baş tutmasına gümanımız az idi.

Bir gün akademik Məmmədtağı Cəfərov bizi Gəncədəki Siyasi maarif evinə dəvət etdi. Bildirdi ki, Naxçıvandan, Heydər Əliyevin yanından qayıdıb. Məmmədtağı müəllim Heydər Əliyevlə görüşündən, onunla söhbətindən, ulu öndəri bizim fəaliyyətimiz, onun ideyalarına sədaqətimiz, doğma Azərbaycan naminə gördüyü hər bir işdə onun yanında olmağımız, ona dəstək verməyimiz barədə məlumatlandırdığından ətraflı danışdı və qeyd etdi ki, ümummilli lider bunlardan çox məmnun qaldı.

Məmmədtağı müəllim dedi: - Heydər Əliyevi ziyarət edən məşhur 91-lər, respublikamızın tanınmış ziyalıları ona çatdırdılar ki, Azərbaycan xalqı siyasi hakimiyyətdə yalnız Sizi görür.

O da öz növbəsində Yeni Azərbaycan Partiyasının yaradılmasının vaxtı çatdığını bildirdi və bu istiqamətdə görüləcək işlərə dair tapşırıq və tövsiyələrini verdi. Sonra da YAP-ın Nizamnaməsini təqdim edərək mənə dedi ki, partiyanın Gəncə təşkilatını təsis etmək lazımdır.  Hətta, kollektivlərdə ilk təşkilatların yaradılması təklifini də verdi.

Məmmədtağı müəllimin bu söhbətindən sonra rəhbəri olduğum Gəncə Baza İnşaat Texnikumunda, nəyin bahasına olursa-olsun, YAP ilk təşkilatının yaradılması haqqında qərar verdik. 1992-ci il dekabrın 21-də 18 nəfər tərkibdən ibarət ilk təşkilatın keçirdiyi təsis yığıncağının protokolunu texnikumun möhürü ilə təsdiqləyib Məmmədtağı müəllimə təqdim etdim.

Təbii ki, bu işlər gizli aparılırdı. Hər kəs qorxu içində idi. Hakimiyyətdəkilər xalqı, xüsusən də vəzifə sahiblərini qorxu altında saxlayır, təzyiqlər edirdilər. Bunlara rəğmən təşkilatımızı gücləndirirdik. Ulu öndərin ideyaları, onun böyük adı bizim inam mənbəyimiz idi.

Nəhayət, 1993-cü ilin iyun ayında ulu öndər xalqın iradəsi və tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gəldi. Və özünün xilaskar missiyasına başladı.

Ulu öndər Səfiyar Musayevi, Şahlar Əsgərovu və Sirus Təbrizlini YAP Gəncə təşkilatınin təsis konfransını keçirməyə göndərdi. YAP  Gəncə təşkilatının  təsis konfransı akademik Məmmədtağı Cəfərovun sədrliyi ilə keçirildi.

Həmin konfransda YAP Gəncə şəhər təşkilatı şurasının və İdarə Heyətinin üzvü və YAP-ın I qurultayına nümayəndə seçildim. 1993-cü ildə ulu öndər tərəfindən imzalanmış partiya biletimi aldım. Bileti alanlar arasında birincilərdən olduğum üçün qürur duyurdum.

Ümidlərimiz doğrulur, görülən işlərimiz öz bəhrəsini verirdi. Ulu öndərin rəhbərliyi ilə Azərbaycan yenidən inkişaf, tərəqqi yoluna qədəm qoyurdu. Dövlətimizin həyatının bütün sahələri ümummilli liderimizin diqqət mərkəzində idi.

Müstəqilliyimizin əleyhinə yönəlmiş düşmən qüvvələr tərəfindən törədilən çevriliş cəhdləri müdrik, uzaqgörən rəhbərimizin həyata keçirdiyi siyasət sayəsində dəf edildi. Dünyadan təcrid edilmiş ölkəmiz beynəlxalq arenada öz layiqli yerini tutmağa, böyük nüfuz qazanmağa, tanınmağa başladı.

Ümummilli liderimizin rəhbərliyi ilə hazırlanan neft strategiyası nəticəsində dünyanın ən məşhur neft şirkətləri Azərbaycanla sıx əməkdaşlıq etməyə başladılar.

İnkişaf edən təkcə neftçıxarma sənayesi deyildi. Kənd təsərrüfatı, rabitə və iqtisadiyyatın digər sahələrində köklü islahatlar aparıldı. Köhnə, sovet dönəmindən qalma təsərrüfat formaları əvəzinə, torpaqlar özəlləşdirilərək, yerlərdə kəndli-fermer təsərrüfatları yaradıldı. Bazar iqtisadiyyatına keçməklə ölkə iqtisadiyyatı yeni inkişaf mərhələsinə qədəm qoymuş oldu.

Azərbaycanda ən müasir rabitə müəssisələri istifadəyə verildi. Mobil rabitə şəbəkəsi, mobil operatorlar əhaliyə xidmət etməyə başladı. Təməli Heydər Əliyev tərəfindən hələ 70-ci illərin sonlarında qoyulan, məlum tarixi proseslər nəticəsində tikintisi dayandırılan və ümummilli liderin hakimiyyətə qayıdışından sonra inşası sürətlə davam etdirilən bir sıra mühüm obyektlər istifadəyə verildi.

Ulu öndər xalqımızın milli-mənəvi dəyərlərinə həmişə yüksək qiymət vermiş, onların təbliğinə, qorunmasına xüsusı diqqət yetirmişdir. Ötən əsrin 70-80-ci illərində görülən tədbirlər, məsələn, Azərbaycan SSR Konstitusiyasında dəyişiklik edilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında Respublika Ali Sovetinin qərar qəbul etməsi, Nəriman Nərimanovun 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması və ona Bakıda heykəl qoyulması barədə Azərbaycan KP MK-nın qərarı, dahi Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, Nəsiminin yubileylərinin yüksək səviyyədə keçirilməsi, onların yaradıcılıqlarının geniş təbliği, əsərlərinin nəşri ilə bağlı qərarların verilməsi, “Nizami”, “Dədə Qorqud”, “Babək”, “Qacaq Nəbi”  bədii filmlərinin çəkilməsi, Nəsiminin, C.Cabbarlının heykəllərinin ucaldılması, Sibir çöllərindən dahi Hüseyn Cavidin nəşinin Vətənə gətirilməsi, xalqımızın ən ağır günlərində - 20 Yanvar faciəsi günlərində Qorbaçov başda olmaqla, Kreml rəhbərliyini Moskvanın özündə cəsarətlə ittiham etməsi, Naxçıvan Ali Sovetinin sədri olarkən 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etməsi... Heydər Əliyevin vətənpərvərliyinin, polad iradəsinin nəticəsi idi.

Heydər Əliyev hakimiyyətinin bütün dövrlərində Azərbaycan mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının nümayəndələrinə, onların yaradıcılıqlarına xüsusi diqqətlə yanaşmış, yüksək qayğı göstərmiş, xalqımızın milli-mədəni irsinin qorunub saxlanmasına, zənginləşdirilməsinə, təbliğinə çalışmışdır.

O parlaq şəxsiyyətin mənalı ömrü bütövlükdə xalqımızın, millətimizin tərəqqisinə, milli dövlətçiliyimizin qorunmasına, möhkəmləndirilməsinə, müstəqil Azərbaycan Respublikasının yenidən qurulmasına, çiçəklənməsinə sərf olundu. Bu gün fəxr edirik ki, ulu öndərin ölməz, işıqlı ideyaları, gördüyü işlər onun layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Son on ildə görülən işləri, gerçəkləşdirilən irimiqyaslı layihələrin adlarını sadalasaq, kitaba sığmaz. Gözəl və qədim Bakımızın, respublikamızın bütün bölgələrinin simasına baxanda görülən işlərin miqyası aydın təsəvvür olunur. Yol, nəqliyyat, tikinti-quruculuq işləri ilə bağlı layihələrin gerçəkləşməsi, yeni müəssisələrin tikilib istifadəyə verilməsi və s. Heydər Əliyev ideyalarının təntənəsinin bariz nümunəsidir.

Təkcə bir misal gətirməklə fikrimi əsaslandırmaq istərdim. 1996-cı il, dekabrın 15-də ulu öndərimiz “Azərcell” birgə müəssisəsinin açılışı zamanı çıxışında dedi: “Müstəqil dövlətin müstəqil rabitə sistemi olmalıdır!”. Hələ təməli Heydər Əliyev tərəfindən bu proqram - tezislə qoyulan müstəqil rabitə sistemimiz ölkə Prezidenti cənab İlham Əliyevin yeritdiyi məqsədyönlü siyasət nəticəsində bu gün Azərbaycan təkcə MDB məkanında deyil, dünyada ən  qabaqcıl ölkələr sırasındadır.

Azərbaycanın “Azərspace” telekommunikasiya peykinin orbitə çıxarılması, 2013-cü ilin Prezident İlham Əliyevin sərancamı ilə “İnformasiya-kommunikasiya ili” elan edilməsi, bununla bağlı dövlət səviyyəsində çoxsaylı tədbirlərin hazırlanıb həyata keçirilməsi Azərbaycanda İKT-ni yeni inkişaf mərhələsinə çatdırdı. Belə misalları ölkə həyatının bütün sahələrindən çox gətirmək olar.

Bu gün müstəqil Azərbaycan dövləti etibarlı tərəfdaş kimi dünya birliyində böyük nüfuz, söz sahibidir. BMT, Avropa İttifaqı, AŞPA, İƏT, UNESCO, İSESCO... kimi beynəlxalq qurumlarla siyasi, dünyanın ən böyük təşkilatları, şirkətləri ilə iqtisadi problemlərlə əlaqədar sıx əməkdaşlıq edir. Ən ali beynəlxalq məclislərdə ölkəmiz layiqincə təmsil olunur.

Hər bir qədirbilən Azərbaycan vətəndaşı kimi, mənim də qəlbimdə Heydər Əliyev məhəbbəti tükənməzdir. Mən bu hisslərimi ümummilli liderimizə həsr etdiyim “Dünyanın ən ideal tarixi şəxsiyyəti” adlı kitabımda verməyə çalışmışam. Həmin kitab Heydər Əliyev şəxsiyyətinə, onun parlaq dühasına, ideyalarına böyük ehtiram və məhəbbətin təzahürü, ölməz ideyalarının adi bir ziyalı qəlbində yandırdığı çırağın nurudur. Həmin ideyalar tariximizin bütöv, həm də olduqca şərəfli bir səhifəsinin - Heydər Əliyev epoxasının təməlidir. Əsrlər, qərinələr ötəcək, o parlaq səhifə, o işıqlı ideyalar hər bir vətəndaşımızın yolunu işıqlandıracaq, Müstəqil Azərbaycanımızın qüdrətləndirilməsində bir örnək olacaq.

 

 

Nəbi YUSİFOV,

 

Gəncə Aqrar Universitetinin baş müəllimi

 

Xalq qəzeti.- 2014.- 18 may.- S. 4.