Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində...

 

İncəsənət xadimləri ilə görüş

 

 Ramana qəsəbəsindəki Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində əlilliyi olan şəxslərin asudə vaxtlarını mənalı keçirmək məqsədilə ictimaiyyət nümayəndələri, tanınmış xanəndələr və müğənnilərlə görüş keçirilmişdir. Mərkəzdə xalçaçılıq, toxuculuq, tikişçilik, bərbərlik, kompyuter istifadəçisi, ağac üzərində oyma, rəssamlıq, kulinariyas. üzrə peşə hazırlığı kursları təşkil edilir. Tədbir iştirakçıları hazırda ölkənin müxtəlif bölgələrindən gəlmiş 95 nəfər əlilliyi olan şəxsin peşə təlimində olduğu mərkəzdə peşə hazırlığı işinin təşkili, habelə əlilliyi olan şəxslərə burada göstərilən xidmətlərlə yaxından tanış olmuşlar. Həmçinin incəsənət nümayəndələri burada fəaliyyət göstərən ifaçılıq dərnəyinin üzvləri ilə həmsöhbət olub, onlara öz tövsiyələrini vermişlər.

Daha sonra əlilliyi olan şəxslər üçün xalq mahnıları və muğamlardan, görkəmli bəstəkarların əsərlərindən ibarət konsert proqramı təqdim olunmuşdur. Mərkəzin ifaçılıq dərnəyinin üzvləri də öz istedadlarını nümayiş etdirmişlər. Konsert proqramı çərçivəsində “Çağrı” adlı yeni klip təqdim olunmuşdur.

 

Bir ayda 562 nəfər işçi ilə əmək müqaviləsi bağlanmışdır

 

ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin aprel ayında ayrı-ayrı müəssisələrdə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti zamanı 562 nəfər işçi ilə işəgötürən arasında əmək müqavilələrinin bağlanılmasını təmin etmişdir. Eyni zamanda, işəgötürənlər və əmək kollektivləri arasında tərəflərin razılığı əsasında əmək münasibətlərinə dair əlavə şərtləri müəyyən edən 28 kollektiv müqavilə bağlanılmışdır. Qeyd olunan müddətdə, ümumilikdə 10 946 manat gecikdirilmiş sosial xarakterli ödəmələrin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi də təmin olunmuşdur. Bu məbləğin 9129 manatını əmək haqları, 612 manatını zərərə görə ödənclər, 1205 manatını isə sosial müavinət və kompensasiyalar təşkil etmişdir.

 

324 mindən artıq şəxsə aylıq sosial müavinət ödənilir

 

Bu il aprelin 1-i tarixinə Azərbaycanda 13334 nəfər yaşa görə, 121856 nəfər əlilliyə görə, 39342 nəfər ailə başçısını itirməyə görə, 63094 nəfər sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar aylıq sosial müavinət alır. Həmçinin müharibə veteranı və qanunvericilikdə nəzərdə tutulan digər güzəştli kateqoriyalardan olan 49 476 nəfər hər ay sosial müavinətlə təmin olunurlar.

Ümumilikdə ölkədə aylıq sosial müavinət alanların sayı qeyd olunan tarixə 324 122 nəfərdir. Eyni zamanda, bu ilin ilk rübündə 34171 nəfərə, o cümlədən 28470 ailəyə uşağın doğulmasına görə, 4114 nəfər radiasiya qəzası nəticəsində əlil olmuş şəxsə müalicə üçün, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 971 nəfərə və dəfn üçün 616 nəfərə birdəfəlik müavinət ödənilmişdir.

Ölkədə sosial müavinətlərin orta aylıq məbləği ötən illə müqayisədə 10 faiz artmışdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 17 mart 2014-cü il tarixli fərmanı ilə əmək pensiyası almaq hüququ olmayan müharibə veteranlarına güzəştlərin əvəzində aylıq olaraq ödənilən 37 manat məbləğində müavinət bu il aprelin əvvəlindən 22 faiz artırılmışdır. Həmçinin həmin fərmana əsasən, ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla və Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən əlillik baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara hər ay aldıqları 67 manat sosial müavinətlə yanaşı, bu il aprel ayının 1-dən etibarən ayda 60 manat olmaqla Azərbaycan Respublikası Prezidentinin təqaüdü də ödənilir.

 

 40 nəfər əlil istirahət mərkəzinə göndərilmişdir

 

Nazirliyin müvafiq əmri ilə təsdiqlənmiş “2014-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq təşkil olunan tədbir əlilliyi olan şəxslərin yaz-yay mövsümündə mənalı istirahətinin təşkilinə xidmət edir. Bu günlərdə nazirlik tərəfindən 40 nəfər əlilliyi olan şəxs Lənkəran rayonunda yerləşən istirahət mərkəzinə yola salınmışdır.

Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yaşayan əlilliyi olan şəxslərin istirahət mərkəzlərinə aparılması və qaytarılması xüsusi nəqliyyat vasitəsi ilə təşkil olunacaq. İstirahət mərkəzlərində əlilliyi olan şəxslər üçün xüsusi proqram çərçivəsində musiqili-əyləncəli tədbirlər, idman yarışları və viktorinalar, göldə üzgüçülük, balıq ovu, ətraf rayonlara gəzinti turları, tibbifizioterapevtik prosedurlar təşkil olunacaq. Qeyd olunan proqrama əsasən, 2014-cü il ərzində 1062 nəfər əlilliyi olan şəxsin nazirlik tərəfindən Lənkəran, Şəki və Xaçmaz rayonlarında istirahətinin təşkili nəzərdə tutulmuşdur.

 

 Zərifə BƏŞİRQIZI

 

Xalq qəzeti.- 2014.- 18 may.- S. 6.