Cəlilabadda gənclərlə diqqət mərkəzindədir

 

Gənclər sabahın sahibləridir. Bugünkü Azərbaycan gəncliyi cəmiyyətin ən fəal qanadını təşkil edir. Onlar dövlət quruculuğuna geniş cəlb edilir, vəzifələrə irəli çəkilir, etimadı doğrultmağa çalışırlar. Cəlilabad rayonunda da bu sahədə yetərli uğurlar qazanılıb.

Rayona çatar-çatmaz şahidi olduğumuz abadlıq-quruculuq tədbirlərindən, yeniləşmə meyillərindən də gördük ki, gənclik, hər şeydən öncə, bu şəhərin ab-havasında, ruhunda qərarlaşıb. Hər guşəsi bir naxış olan küçə və meydanlarda daha çox gənclər dolaşırdı. Qocalar həsrətlə onlara sarı boylanır, iri gövdəli ağacların yanında boy göstərən fidanlarsa inadla göyə dartınırdı. Möhtəşəm Olimpiya İdman Kompleksi, gözəl Gənclər Parkı, Şahmat Məktəbi, Gənclər Mərkəzi, internet-klublarsair rayon mərkəzinin gənclik ünvanları kimi göz önündə sərgilənirdi.

Cəlilabadın 202 minlik əhalisinin 33 faizindən çoxunu gənclər təşkil edir. Onların arasında hünəri, qabiliyyəti ilə örnək olan gənclər az deyil. YAP rayon təşkilatı üzvlərinin isə 26 faizi gənclərdən ibarətdir.

Bu ilin əvvəlində “Azərbaycanın Gənclər Paytaxtı” seçimlərində Cəlilabad rayonu cəmi 1 faiz səs fərqi ilə Qubadan geri qalıb.

İnişil Azərbaycanın Milli Qəhrəmanı Arif Qubadovun doğulduğu Əliqasımlı kəndində abidə kompleksi, ötən il isə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış zabitlər Fərid Əhmədovun və Əhməd Abdullayevin təhsil aldıqları şəhər 1 saylı orta məktəbin həyətində barelyef tikilib.

...Fərid Əhmədovla Əhməd Abdullayev Mübariz İbrahimovun döyüş dostları idi. Deyilənə görə, onun meyitini atəş xəttindən gətirmək üçün əməliyyat təşkil edilmişdi. Fərid döyüş meydanında atışma zamanı düşmən gülləsindən igidliklə həlak oldu. Əhməd isə Fəridi xilas etmək üçün özünü təhlükəyə atdı. O, güllə yarası alsa da, sürünə-sürünə mövqeyimizə qayıda bildi, lakin sərhədin bu tayında həyatını itirdi. Ölümündən sonra “İgidliyə görə” medalına layiq görüldü.

Sonradan Azərbaycan rəhbərliyinin ciddi səyləri ilə Mübarizlə Fəridin meyitləri geri alınmışdır. Prezidentin sərəncamı ilə Mübariz İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Fərid Əhmədov ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib. Hər iki şəhidin mübarək cəsədi Vətənə qaytarılandan sonra II Fəxri Xiyabanda dəfn olunub. Cəlilabadlı gənclər şəhidlərin ruhuna daim böyük ehtiram göstərir, Vətəni məhz onlar kimi sevməyi öyrənirlər...

Gündüzlər qoynunda qələbəlik olan, axşamlar nur selində üzən, çevrəsinin gözəlliyinə yeni rəng qatan Cəlilabad Olimpiya İdman Kompleksi çeşidli yarışların davamlı təşkil olunduğu gənclik məkanıdır. Bəzi yığma komandalar mötəbər yarışlar ərəfəsində burada təlim-məşq toplanışları keçirirlər. Perspektivli gənc idmançılar da hər zaman məşq etmək, ustalaşmaq imkanına malikdirlər. Yaradılan şəraitdən lazımınca bəhrələnən gənclər həm zərərli vərdişlərdən uzaq durub sağlam həyat tərzi keçirir, həm də müxtəlif birinciliklərdə rayonu layiqincə təmsil edirlər.

“2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı”nın yerinə yetirilməsi ilə əlaqədar Cəlilabadda orijinal layihədə Şahmat Məktəbi yaradılıb, ətrafı abadlaşdırılıb.

Bu yaxınlarda rayonda keçirilən tədbirdə idman-sağlamlıq, hərbi-vətənpərvərlik tədbirlərinin daha da gücləndirilməsi müzakirə olunub. Onu da qeyd edək ki, rayon təhsil şöbəsi ilə gənclər və idman idarəsi bölgədə dislokasiya olunan hərbi hissələrlə vətənpərvərlik işi üzrə əməkdaşlıq müqaviləsi imzalayıblar.

Gənclər və idman idarəsinin rəisi Ramin Rəhimov:

-Rayonumuzda gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-mənəvi dəyərlərimizə yiyələnməsi, istedadlı gənclərin üzə çıxarılması, cəmiyyətdə sağlam həyat tərzi prinsiplərinin tətbiqi, gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların məşğulluğunun təmin edilməsi sahəsində xeyli görülmüşdür. Gənclər və idman naziri Azad Rəhimovun, rayonumuzun icra hakimiyyəti başçısı Əziz Əzizovun gündəlik diqqət və dəstəyini daim hiss edirbundan ruhlanırıq. Təkcə ilin ilk rübündə 30-a qədər tədbir keçirmişik: 19-u gənclərlə , qalanı isə idman sahəsi üzrə olub. Tədbirlərdə altı minədək gənc iştirak edib. Rayonda Gənclər Günü, Bədən tərbiyəsi və İdman Günü münasibətilə təşkil olunan tədbirlər xüsusilə yadda qalıb. Uğur qazanan gənclər mükafatlandırılıb.

Orta məktəblərdə əlaqədar təşkilatlarla birlikdə intellektual bilik yarışmaları maraqla qarşılanıb. Habelə yeniyetmə və gənclərin müasir informasiya əsrində kommunikasiya texnologiyaları sahəsində biliklərinin artırılmasına xidmət edən təlim kursları, müsabiqələr keçirilir. Bir qayda olaraq, bütün əlamətdar günlər və bayramlarla əlaqədar çeşidli idman növləri üzrə rayon birinciliklərinin təşkili artıq gözəl ənənə halı almışdır.

Rayon üzrə güləş, boks, taekvondo, şahmat, basketbol birincilikləri, kubok yarışları çoxsaylı iştirakçılar toplayıb. Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan futbolunun inkişafına dair Dövlət Proqramının (2005-2015-ci illər)” həyata keçirilməsi ilə əlaqədar populyar idman növünün yeniyetmə və gənclər arasında təbliği və inkişafı üçün tədbirlər görülür. Məktəblərdə mövcud idman meydançaları və qurğuları təmir edilmişdir.

“Cəsurlar” hərbi idmanturizm oyunlarında 1660 komanda, 1120 şagird iştirak edib. Mart ayında Neftçalada keçirilən zona birinciliyində Cəlilabad komandası 9 rayon arasında qalib adını qazanıb. “Şahin” hərbi idman oyunu üzrə yarışda da minlərlə yeniyetmə qüvvəsini sınayıb. “Vətənin müdafiəsinə hazıram” çoxnövçülük yarışlarına isə 60 məktəbi təmsil edən 300 nəfər cəlb olunub. Respublika zona yarışlarında 120 nəfər gücünü sınayıb. Onlardan 63 nəfəri mükafatalayiq yerlər tutub. Beş respublika birinciliyində isə Cəlilabadı 38 idmançı təmsil edib. Onlardan 8 nəfəri mükafatçılar sırasına çıxıb.

Cəlilabadın kişilərdən ibarət basketbol komandası Mingəçevirdə keçirilən Azərbaycan çempionatının yüksək liqasında 8 oyunda 6 qələbə qazanaraq 2-ci yeri tutub. Yeri gəlmişkən, bu növdə ölkə milli komandasının üzvü, cəlilabadlı Zaur Paşayev Gürcüstanın ustalardan ibarət “Kutaisi” komandasında uğurlu çıxışlarını davam etdirir.

Aprel ayında Balakəndə sərbəst güləş üzrə yeniyetmələrin IX Respublika Oyunlarının finalında Cəlilabad 17 idmançı ilə təmsil olunub. Üç qızıl, iki gümüş və altı bürünc mükafat əldə edilib. Ümumi hesabda Cəlilabad 1-ci yeri tutub. Həmin ay Yunan-Roma güləşi üzrə Bakıda keçirilən beynəlxalq turnirdə isə cəlilabadlı İbrahim Nurullayev 50 kiloqramadək çəki dərəcəsində bütün rəqiblərini üstələyərək gələn il paytaxtımızda təşkil olunacaq I Avropa Oyunlarına vəsiqə qazanıb. Məhəmməd Həsənzadə Azərbaycan Güləş Federasiyasının kuboku uğrunda 14 ölkə təmsilçilərinin iştirak etdiyi beynəlxalq sərbəst güləş turnirində 63 kiloqram çəkidə 2-ci yerə layiq görülüb.

Bəli, əvvəlki illərə nisbətən Cəlilabadda gənclərlə idman sahələrində böyük irəliləyiş var.

 

 Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2014.- 18 may.- S. 6.