Gəncənin yer altında gizlənmiş qədim və zəngin
tarixi açılır
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun ilk orta əsrlər arxeologiyası şöbəsinin müdiri Arif Məmmədovun elmi fəaliyyət dairəsinə Bərdənin 3000, Salyanın (Muğan-Babazanlı) 2800, Gəncənin 2500 illiyi və hazırki tədqiqatlarına görə, daha qədim tarixinin araşdırılması daxildir. Hazırda Gəncə arxeoloji ekspedisiyasının rəhbəri olan alimlə söhbətimiz “Avropanın gənclər paytaxtı” elan edilməklə dünyanın diqqətini özünə cəlb edən, günü-gündən gözəlləşən bu qədim türk şəhərinin arxeoloji tədqiqi sahəsindəki son durumla bağlıdır.
– Arif müəllim, uzun illərdir, Gəncə şəhərində arxeoloji tədqiqatlar aparırsınız. İndiki işlərin əvvəlki elmi tədqiqatlardan fərqi nədədir? Hansı elmi yeniliklər var?
– Öncə onu deyim ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin regional inkişafla bağlı imzaladığı dövlət proqramları, göstəriş və sərəncamların ardıcıl yerinə yetirilməsi nəticəsində Gəncədə geniş abadlıq və quruculuq işləri aparılmaqdadır. Mövcud prosesdə ən vacib məqam klassik üslubla müasirliyin sintezidir. Bərpa işləri zamanı tarixdə Gəncə hörgüsü adı ilə tanınan Arran memarlıq üslubunun qorunması xüsusilə təqdirəlayiqdir. Mövcud yanaşma qədim Gəncənin ötən günlərini əks etdirən şərəfli tarixin bundan sonra da qorunacağına zəmanət verir.
Gəncədə ilk sistemli tədqiqat işlərini XX əsrin əvvəllərində D. Şərifov və İ. Cəfərzadə aparıblar. Bu qazıntılar kəşfiyyat baxımından mühüm əhəmiyyət kəsb etsə də, şəhərin yaranmasına dair konkret fikir söyləməyə əsas vermir. 1981-ci ildən tarix elmləri namizədi Rəfail Əhmədovun rəhbərliyi ilə yenidən fəaliyyətə başlayan Gəncə arxeoloji ekspedisiyası şəhərin orta əsrlər dövrünün öyrənilməsi sahəsində xeyli iş görüb. Ancaq onun tarixi ərazilərinin dəqiqləşdirilməsi və qədim dövr abidələrinin tədqiqinə diqqət yetirilməyib.
Real nəticələrə gəldikdə, Gəncə arxeoloji ekspedisiyasının 2003-2013-cü illərdə apardığı arxeoloji qazıntıların əhəmiyyəti böyükdür. Əsas cəhət odur ki, arxeoloji işlər zamanı Gəncənin qədim tarixinin tədqiqinə xüsusi diqqət yetirilib. Bu məqsədlə təkcə orta əsr şəhər yeri deyil, qədim Gəncənin əraziləri hesab edilən ətrafdakı arxeoloji abidələr də tədqiqata cəlb edilib. Ekspedisiyanın fəaliyyəti zamanı daş dövrünün yeni mərhələsinə (neolit dövrü) aid baltanın və isgənənin tapılması, Gillikdağ emalatxanasından və düşərgəsindən dəvəgözü və çaxmaqdaşı alətlərinin əldə edilməsi bu ərazidə yaşamış insanların eramızdan əvvəl VII-VI minilliklərə aid neolit mədəniyyətinin yaradıcılarından olduğunu söyləməyə əsas verir. Gəncə Dövlət Qoruğunun ərazisindəki Təndirli deyilən yerdə eneolit dövrünə aid arxeoloji tapıntıların varlığı isə sübut edir ki, burada neolit dövründə başlamış həyat tərzi e.ə. V minillikdə, eneolit dövründə də davam edib, yeni iqtisadi inkişaf üçün zəmin yaranıb.
Arxeoloji tədqiqatlar, həmçinin e.ə IV-III minilliklərdə Gəncənin dağətəyi ərazilərində məskunlaşmanın artdığını, yeni yaşayış yerlərinin meydana gəldiyini sübuta yetirir. Bu dövrdə tuncun kəşfi metallurgiya, metalişləmə və dulusçuluqda təkamülün olduğunu da isbatlayır. Məhz e.ə. IV-III minilliklərdə Gəncə eneolit mədəniyyəti əsasında yaranmış ilk tunc dövrü mədəniyyəti– Kür–Araz mədəniyyətinin əsas mərkəzlərindən biri olub. Gəncə ətrafı kurqan abidələrində aparılan arxeoloji tədqiqatlar dairəvi quyularda adi dəfnetmə və kremasiya adətlərinin olduğunu izləməyə imkan yaradır. Buradakı dəfn adətləri e.ə. III minillikdə bölgədə qədim tayfaların yaşadıqlarını sübüt edən əyani dəlillərdir.
Gəncədə Kür–Araz mədəniyyəti tayfalarının mənəvi aləmi burada tədqiq edilən qəbir abidələrində izlənilib. Qədim Gəncə tayfalarının dairəvi planlı quyu tipli qəbir abidələrində adi dəfn adətləri ilə yanaşı, kremasiya– ölülərin yandırılıb basdırılması adətləri də müşahidə olunub. Ətrafı və üstü daşlarla örtülmüş bu tip qəbirlər həm Gəncə, həm də Qarabağın qədim tayfaları üçün səciyyəvidir. Xalqımızın qədim mədəniyyətini özündə əks etdirən dəfn adətlərindəki eynilik bu ərazilərdə yaşamış tayfaların etnik mənsubiyyətcə də yekcins olduqlarını göstərir.
Arxeoloji tədqiqatların nəticələri e.ə. IV-I minilliklərdə Yaxın Şərq və Ön Asiyanın ticarət mərkəzini əlaqələndirən əsas karvan yollarının da Gəncədən keçdiyini göstərir ki, bu da Gəncənin bu ticarət yolu üzərində inkişaf tapdığını və bütün Cənubi Qafqazda mühüm mədəniyyət mərkəzlərindən biri olduğunu təsdiqləyir. Gəncə ətrafında Makedoniyalı İsgəndərin adına kəsilmiş gümüş pul dəfinəsinin tapılması artıq antik dövrdə ərazidə yüksək dərəcədə inkişaf etmiş sənətkarlıq və ticarət mərkəzi kimi tanınan iri şəhərin olduğunu isbat edir. Gəncə şəhərinin əsasının e.ə IV əsrdə Makedoniyalı İsgəndər tərəfindən qoyulması ilə bağlı əfsanəvi məlumatlar da vardır. Hətta N.Gəncəvinin “İsgəndərnamə” poemasında İsgəndərlə Nüşabənin görüşü zamanı yeni bir şəhərin əsasının qoyulduğu da bildirilir.
Həmin dövrdə Bərdə şəhəri mövcud olduğundan və Nüşabə də onun hökmdarı kimi tanındığından yeni əsası qoyulan şəhərin Gəncə olduğunu ehtimal etmək olar. Lakin Makedoniyalı İsgəndərin Şimali Azərbaycanda olmadığı haqda məlumatları əsas götürsək, onda bu fikir yalnız ehtimal xarakteri daşıya bilər. Həmin dövrdə Gəncə artıq şəhər kimi mövcud olduğundan, burada şəhərin əsasının qoyulmasından yox, tam dağıntılara məruz qalmış şəhərin yerdəyişməsindən, yaxud bərpasından söhbət gedə bilər.
Gəncə arxeoloji ekspedisiyasının Gəncə Dövlət Tarixi-Mədəniyyət Qoruğunun ərazisinə daxil olan “Şəhər burnu”nda apardığı arxeoloji qazıntıların nəticələri yazılı məlumatları təsdiqləyir. Hələ eramızın əvvəllərində yaşamış Strabonun məlumatlarını əsas götürsək, antik dövrdə Kür çayı gəmiçilik üçün yararlı olduğundan, bütün iri yaşayış məntəqələri həmin çay boyunca yerləşmişdi. Arxeoloji qazıntılar zamanı çayda hərəkət edən gəmilərin yan alması üçün “buxta” qalıqlarının, müsafirlərin və yüklərin yerləşdirilməsi üçün nəzərdə tutulan hücrələrin, sənətkarlıq məmulatları və alətlərinin tapılması deyilənlərin sübutudur. Digər tərəfdən, ilk insanların məşğuliyyətində ovçuluqla yanaşı, balıqçılığın da mühüm yer tutduğunu və bunun üçün Kür çayı sahillərindəki Gəncə Qoruğu ərazisində bütün imkanlarının olduğunu, eləcə də şəhərin yaranması və gələcəkdə böyüməsi üçün geniş düzənlik ərazinin vacibliyini nəzərə alsaq, qədim Gəncə dağlıq yerlərdə deyil, məhz bu ərazilərdə təşəkkül tapıb.
Gəncə ekspedisiyasının apardığı arxeoloji kəşfiyyat işləri zamanı “Şəhər burnun”dan əvvəlki Gəncənin yeri hesab etdiyimiz ərazi də müəyyənləşdirilib ki, bu da onun antik dövrdən əvvəlki tarixinin dəqiqləşdirilməsi baxımından önəmlidir. Yeni müəyyənləşdirilmiş ərazidə arxeoloji tədqiqat işlərinə başlanılması həm də antik və daha qədim dövrlərdə Gəncənin ətrafına hasar çəkilməsi ilə bağlı fikirlərə aydınlıq gətirməyə imkan verəcək.
– Sonrakı dövrün arxeoloji tədqiqi ilə bağlı hansı qənaətlərə gəlmisiniz?
– Ərəb işğalları dövründə Gəncə Albaniyanın əsas şəhərlərindən biri kimi öz mövqeyini saxlaya bilib. 943–944-cü illərdə slavyanların hücumları nəticəsində Bərdə şəhəri güclü dağıntılara məruz qaldığından ticarət yolları şimaldan cənuba keçmiş və Bərdə əlaqə nöqtəsi kimi öz əhəmiyyətini itirib. Həmin dövrdə iqtisadi, siyasi və mədəni mərkəz kimi Gəncənin mövqeyi artıb, onun ətraf qala divarları möhkəmləndirilib. Keşikçi qala, Gülüstan qalası, Qızıl qala, Balçılı qalası, Köşkü qalası və s. kimi müdafiə istehkamları tikilib. XI əsrdə Şəddadilər dövründə güclənən Gəncə Arranın nəhəng şəhərinə çevrilib. XI–XII əsrlərdə Gəncə ölkənin siyasi, iqtisadi və mədəni həyatında mühüm rol oynayan şəhər kimi məşhurlaşıb.
Atabəylərin hakimiyyəti dövründə Gəncə həm müsəlman, həm də xristian Albaniya intibah mədəniyyətinin mərkəzi olub. Müsəlman intibahının Əbül-üla Gəncəvi, Nizami Gəncəvi, Qivami Gəncəvi, Məhsəti (Rəziyyə) Gəncəvi, xristian alban mədəniyyətinin David Alavik, Smbat Sparapet, Xetun Patmiç, Mxitar Qoş, Kirakos Gəncəli, Böyük Vardan və s. kimi nümayəndələri Gəncədə yaşayıb- yaradıblar. Bu dövrdə Alban katalikosluğunun mərkəzinin Qarabağdakı Gəncəsər və Berdakur məbədlərindən, Gəncə ətrafındakı dağlarda yerləşən Mahrasa məbədinə köçürülməsi də deyilənləri təsdiq edir.
Arxeoloji tədqiqatlar onu da sübut edir ki, monqol işğalları dövründə Gəncə və ətraf ərazilərdə əkinçiliyin tənəzzülü və heyvandarlığın inkişafı ilə əlaqədar tərəkəmələr xeyli varlanıblar. Öz mal-qara sürülərini monqollardan qorumağa çalışan tərəkəmə elbəyiləri (feodalları) dağlıq ərazilərə çəkilib, əlverişli yerlərdə özlərinə qəsrlər tikdirib, əlavə müdafiə hasarları çəkdiririblər. XIII–XIV əsrlərdə tikilmiş Zurnabad qalası da bu məqsədlə inşa olunmuş qurğulardan hesab edilir.
Ümumən, Gəncə arxeoloji ekspedisiyası 2003–2013-cü illərdə orta əsr Gəncə şəhəri ərazisində qala divarlarının daha qədim qalıqlarını, VII–VIII əsrlərə aid yeddi aşırımlı körpünün tağlarını, 4,5 metr dərinlikdəki su kəməri xətti qalıqlarını, Atabəylərin Nizami Gəncəviyə bağışladığı Həmidünya kəndinin yerini və s. aşkarlayıb. Ekspedisiya həmçinin dulus və kərpic kürəxanalarında, Həmidünya kəndinin yerləşdiyi Beşran təpəsində, Qızıl qalada, Çillikdağda, Təndirlidə, Zurnabad qalasında, Balçılı Qız qalasında, Keşikçidağ məbədlərində, mağaralarında, qulləsində və nekropolunda, Mahrasa məbədində, Göybulaq məbədində, Topal Həsənli kəndində, İsgəndər təpəsində və s. ərazilərdə arxeoloji tədqiqat və kəşfiyyat işləri aparıb, şəhərin qədim tarixini özündə əks etdirən maddi-mədəniyyət qalıqlarını üzə çıxara bilib.
Arxeoloji qazıntıların nəticələri Gəncə ərazisində neolit dövründən başlayaraq son orta əsrlərə qədərki dövrdə maddi mədəni varisliliyi və ənənəviliyi izləməyə imkan verib, burada yaşayan əhalinin tərkibinin yekcins olduğunu təsdiqləyib. Habelə ortaya şəhərin daha qədim tarixinə dair yeni faktlar qoyub. Bütün bunlara görə qətiyyətlə demək mümkündür ki, Gəncə şəhərinin arxeoloji tədqiqində yeni mərhələ başlayıb.
– Sizin Gəncə şəhərinin tarixi ilə bu qədər həvəslə və dərindən məşğul olmanız nə ilə bağlıdır? Gəncə şəhərində gələcəkdə aparılacaq arxeoloji tədqiqatlar barədə nə deyə bilərsiniz?
– Bu, ilk növbədə, yurd sevgisi və Gəncə şəhərinə olan istəklə bağlıdır. Bu bölgədə doğulmuşam. Artıq 30 ildir ki, bu yerlərdə tədqiqat aparıram. Gəncə tarixilik nöqyeti-nəzərdən önəmlidir. Şəhər Cənubi Qafqazın iki qonşu respublikasının müəyyən ərazi iddialarının nəzərə çarpması baxımından da həssas mövqedə yerləşir. Ona görə burada ətraflı və dəqiq tədqiqatların davam etdirilməsi olduqca mühümdür.
Hər bir alimin gördüyü konkret iş onun yetişdirdiyi kadrlar və əsərləridir. 2008-2010-cu illərdə mən həm də AMEA Gəncə Regional Elmi Mərkəzində arxeologiya və etnoqrafiya şöbəsinin müdiri vəzifəsində işləmişəm. Bu müddət ərzində Gəncə şəhərinin tarixi-arxeoloji tədqiqi ilə bağlı dörd dissertasiya müdafiə olunub. Elmi iş müəlliflərindən ikisi Gəncədə, ikisi ətrafdakı araşdırma müəssisələrdə fəaliyyətlərini davam etdirirlər. Yeddi dissertant və doktorant da müvafiq mövzular üzrə işləyirlər. Mən özüm isə təkcə Gəncə şəhərinin tarixi ilə bağlı 50-dən artıq elmi əsərin müəllifiyəm.
Gəncədə arxeoloji tədqiqatlar mərkəzləşmiş qaydada AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzarəti ilə aparılır. Tarixçi hansısa arxiv sənədini işləyərkən səhvə yol versə, onu gələcəkdə başqası düzəldə bilər, ancaq arxeoloji abidə dağıldısa, onu yenidən bərpa etmək, öyrənmək mümkünsüzdür. Hələlik Gəncə arxeoloji ekspedisiyası mənim rəhbərliyimlə hər il mövsümi olaraq fəaliyyətini davam etdirir. Gəncədə olan kadrlarımız da arxeoloji tədqiqatlara cəlb olunurlar.
Əvəz
RÜSTƏMOV,
“RUH” Jurnalistləri
Müdafiə Komitəsinin icraçı katibi
Xalq qəzeti.- 2014.- 18 may.- S. 7.