Muzeylər milli mədəniyyət nümunələrimizin qorunduğu məkandır

 

18 may Beynəlxalq Muzeylər Günüdür

 

Hər il mayın 18-i bütün dünyada Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş bu əlamətdar günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir.

Dünyanın 100-dən çox ölkəsində qeyd edilən Beynəlxalq Muzeylər Günü bu ilMuzey kolleksiyası ünsiyyət yaradır” (“Museum collections make connections”) şüarı altında keçiriləcəkdir.

Bu bayram qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanda da geniş miqyasda qeyd edilir.

Eramızdan əvvəl XVI əsrdə Krit, XIII-XII əsrlərdə Çin, III əsrdə Qədim Roma və Yunanıstanda estetik dəyərə malik əşyaların, əsərlərin, kolleksiyaların, sənədlərin saxlandığı məkanların müasir muzeylərin sələfləri hesab edildiyini nəzərə alaraq, ölkəmiz ərazisində qurulmuş AtropatenaAlbaniya dövlətlərinin hökmdarlarının saraylarını da belə yerlər kimi qeyd etmək yerinə düşər. Erkən və orta əsrlərdə isə Azərbaycanda hakim sülalələr tərəfindən kolleksiyaçılıq ənənələrinə maraq güclənmiş, qiymətli əşyalar xəzinələrdə, saray kitabxanalarında mühafizə edilmişdir.

Azərbaycanın ictimai-siyasi, mədəni həyatında XIX əsrin ikinci yarısından etibarən sürətlə cərəyan edən proseslər muzey işinin təşkilinə təkan vermişdir. İlk belə muzeylərdən biri görkəmli ədib Cəlil Məmmədquluzadənin təşəbbüsü və yaxından iştirakı ilə XIX əsrin sonlarında Naxçıvanın Nehrəm kənd məktəbində təşkil olunmuşdur.

Ötən əsrin əvvəllərində isə Bakıda, xalq məktəbləri müdiriyyəti nəzdində Pedaqoji, həmçinin Ümumrusiya Texniki Cəmiyyətinin Bakı şöbəsi nəzdində qapalı muzeylər yaradılmışdır. Lakin Nehrəm kəndindəki muzey istisna olmaqla, adları çəkilən məkanlar çarizmin maraqlarına xidmət etmişdir. Təsadüfi deyil ki, Azərbaycanda aşkar edilən qiymətli arxeoloji əşyalar Tiflis, Moskva, Peterburq muzeylərinə göndərilmişdir.

Azərbaycanda dövlət səviyyəsində 1919-cu ildə – Xalq Cümhuriyyətinin dövründə təməli qoyulmuş ilk milli muzey 1920-ci ildən Azərbaycan Dövlət Muzeyi kimi fəaliyyət göstərmişdir.

Sovet hakimiyyətinin ilk illərində Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov, Musa Nağıyev kimi Bakı milyonçularından müsadirə edilmiş qiymətli sənət əsərləri bu muzeyin eksponatları olmuşdur. H.Z.Tağıyevin mülkündə yerləşən Milli Azərbaycan Tarixi Muzeyinin binasının özü də tariximizdən xəbər verən daş abidə kimi qiymətlidir. Ona görə də bu yerə bəzən “Muzey içində muzey” də deyirlər.

Ötən əsrin 30-cu illərindən etibarən bir-birinin ardınca mahiyyətinə görə müxtəlif təmayüllü – dövlət, memorial, səyyar, ədəbiyyat, incəsənət, tarix, musiqi, qoruq, teatr muzeyləri yaradılmışdır. Sonrakı illərdə Azərbaycanda yeni muzeylər fəaliyyətə başlamışdır.

Təəssüf ki, neçə-neçə tarixi abidə və muzeylərimiz ötən əsrin 90-cı illərində erməni işğalçıları tərəfindən qarət olunmuş və dağıdılmışdır. İşğal olunmuş torpaqlarımızda 762 mədəniyyət abidəsi və 1431 mədəniyyət müəssisəsi qalmışdır. Erməni faşistləri 22 muzeyi, 4 rəsm qalereyasını tamamilə məhv etmişlər.

Canlı muzey olanbu gün düşmən tapdağı altında inləyən  Şuşanın özündə 8 muzey fəaliyyət göstərmişdir. Dövlət Qarabağ Tarixi Muzeyi, dahi bəstəkar Üzeyir Hacıbəylinin ev, vokal sənətimizin banisi Bülbülün memorial, görkəmli musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeyləri, Azərbaycan Xalça Muzeyinin Şuşa filialı, görkəmli musiqiçi Qurban Pirimovun Ağdam rayonundakı xatirə, Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam, Füzuli, Xocalı rayonlarının tarix-diyarşünaslıq muzeyləri tamamilə qarət edilmişdir. Keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək Muzeyi ermənilər tərəfindən tamamilə yerlə-yeksan olunmuşdur.

Azərbaycanda milli-mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə daim dövlət qayğısı olmuşdur. Ölkəmizdə muzey işinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın milli tarixi və mədəni irsinin qorunmasında muzeylərin dəyərini dərindən və həssaslıqla duyan ulu öndər respublikada müvafiq şəbəkənin genişləndirilməsini, onun maddi-texniki bazasının gücləndirilməsini daim diqqətdə saxlamışdır. Onun təşəbbüsü ilə respublika Mədəniyyət Nazirliyinin Muzeylər İdarəsi, muzey işi üzrə elmi-metodiki mərkəz, muzey ekspozisiyalarının bədii tərtibatı emalatxanası, muzey sərvətləri və xatirə əşyalarının bədii bərpa mərkəzi təşkil olunmuşdur. Azərbaycan mədəniyyətinin Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Bülbül, Səməd Vurğun, Niyazi və digər nəhəng simalarının memorial-xatirə, mənzil, bölgələrdə  tarix-diyarşünaslıq muzeyləri məhz ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü sayəsində yaradılmışdır.

Dahi rəhbərimizin hakimiyyətə qayıdışından sonra digər sahələrlə yanaşı, muzey işiöz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Ulu öndərin təşəbbüsü ilə 1993-cü ildə Nazirlər Kabinetində muzey işçilərinin respublika müşavirəsi keçirilmiş, 1994-cü ildə isə bu müşavirənin materialları əsasında “Respublikada muzey işinin vəziyyəti və onun yaxşılaşdırılması haqqında” qərar qəbul edilmişdir. 2000-ci il martın 24-də qüvvəyə minmiş “Muzeylər haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə muzeylərin fəaliyyətinin təşkilati-hüquqi əsaslarını və müvafiq münasibətləri tənzimləyir. Bu sənədə əsasən muzey maddi- mədəniyyət abidələrinin komplektləşdirilməsi, mühafizəsi, öyrənilməsi, kütləvi nümayişinin və təbliğinin həyata keçirildiyi mədəniyyət, elmi tədqiqat müəssisəsidir.

Ümummilli lider tərəfindən muzey işinin inkişafı üzrə müəyyən edilmiş prioritetlər bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və ölkəmizin birinci xanımı, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilir.

Dövlətimizin başçısının “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində İstiqlal muzeyinin yaradılması və İstiqlal abidəsinin ucaldılması haqqında” 2006-cı il 18 dekabr, “Müasir İncəsənət Muzeyinin yaradılması haqqında” 2006-cı il 19 dekabr, “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” 2007-ci il 6 mart tarixli sərəncamları, 2009-cu il 22 may tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı”, həmçininAzərbaycan Xalça Muzeyinin yeni binasının maddi-texniki təminatı haqqında” 2013-cü il 29 dekabr tarixli, eləcə də qoruq muzeylərin təşkilinə, muzey işçilərinə fəxri adların verilməsinə dair sərəncamları bu sahəyə göstərilən böyük diqqət və qayğıya bariz nümunələrdir.

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını həyata keçirmək məqsədilə Prezident İlham Əliyevin 2013-cü il 27 dekabr tarixli sərəncamı ilə təsdiq olunan “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”na  uyğun olaraq milli mədəni irsimizin qorunması dövlət əhəmiyyətli prioritet məqsəd kimi qarşıya qoyulmuşdur.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində “Şirvanşahlar Sarayı Kompleksi”, Qız qalası və Qobustan Milli Tarix-Bədii Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmişdir. Fondun həyata keçirdiyi müxtəlif layihələr çərçivəsində Qarabağ muzeyləri haqqında məlumatlar mötəbər beynəlxalq təşkilatlara çatdırılır.

Azərbaycan dövlətinin uğurlu mədəniyyət siyasəti nəticəsində son illər muzeylərimizin dünyanın nüfuzlu muzeyləri ilə əlaqələri genişlənmiş, bu sahədə beynəlxalq əməkdaşlıq sahəsində yeni nailiyyətlər əldə edilmişdir.

Ümummilli liderimizin siyasi irsinin öyrənilməsi, azərbaycançılıq məfkurəsinin formalaşdırılaraq inkişaf etdirilməsi məqsədilə yaradılan Heydər Əliyev muzeyləri isə respublikada muzey şəbəkəsinin genişləndirilməsi sahəsində mühüm hadisə kimi qiymətləndirilməlidir.

Hazırda ölkəmizdə 200-dən çox muzey fəaliyyət göstərir və onların ekspozisiyaları azərbaycançılıq məfkurəsini uğurla təbliğ edirlər. Şübhəsiz ki, Milli Azərbaycan Tarixi Muzeyində bu il iyunun 19-da keçirilməsi nəzərdə tutulan “Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu” IV respublika elmi konfransı da muzeylərin elmi müəssisə kimi fəaliyyətinə öz layiqli töhfəsini verəcəkdir.

 

 

Gözəl AĞAYEVA,

 

AzərTAc-ın müxbiri

 

 

Xalq qəzeti.- 2014.- 18 may.- S. 7.