Afaq Məsud: Biz artıq genişlənmiş fəaliyyətimizə bir vaxtlar başladığımız yolun davamı kimi baxırıq...

 

Yeni Mərkəz tərcümə sahəsindəki qeyri-peşəkarlığın aradan qaldırılması istiqamətində zəruri addımlar atacaqdır

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi haqqında Əsasnamənin və Mərkəzin Strukturunun təsdiq edilməsi haqqında fərman imzalamışdır. Dövlətimizin başçısının digər Sərəncamı ilə Mərkəzin direktoru təyin edilən Afaq Məsud qızı Vəliyeva - Afaq Məsud AzərTAc-a müsahibə vermişdir.

Afaq xanım, dövlətimizin başçısının Tərcümə Mərkəzi il bağlı son fərmanını necə qarşıladınız?

– Ölkə üzrə dil və tərcümə işlərini tənzimləyəcək bu qurumun yaradılması dövlətimizin başçısı İlham Əliyevin 2012-ci  il  21 may tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulan əhəmiyyətli bəndlərdən biridir. Belə irimiqyaslı, ölkə və dövlət əhəmiyyətli işin bizim Tərcümə Mərkəzinə həvalə edilməsini dövlətimizin bizə göstərdiyi böyük etimad kimi qiymətləndiririk. Bu etimadı doğrultmaqdan ötrü bütün qüvvəmizi səfərbər edəcəyik.  

– Fərman, demək olar ki, tərcümənin bütün sahələrini əhatə edir. Bu miqyasda işin öhdəsindən gəlmək üçünkimi tədbirlər görməyi planlaşdırırsınız?

– Düşünürəm, ilkin mərhələdə tərcümə sahəsindəki qeyri-peşəkarlığın aradan qaldırılması istiqamətində zəruri addımlar atılacaqdır. Bu, ilk növbədə, “Tərcümə Mərkəzi” adı altında fəaliyyət göstərən özfəaliyyət səviyyəli, kiçik qurumların işinin nəzarətə alınması, elm, təhsil, mədəniyyət, hüquq, neft siyasəti, hətta, dövlətlərarası rəsmi yazışmalar müstəvisinə ayaq açmış qüsurlu tərcümələrin qarşısının alınması olacaqdır. Hazırda nəzərdə tutduğumuz bu işin həyata keçirilməsi üçün işlək mexanizmlərin yaradılması, buna uyğun müvafiq qaydaların hazırlanması ilə məşğuluq. Bununla paralel şəkildə ölkədaxili tərcümə işlərinin nizamlanmasına dair tədbirlər planı üzərində işləyirik. Bu, ilk növbədə, dövlət qurumlarının, idarə və təşkilatların fəaliyyətinə dair elektron məlumat bazasının yaradılması, onların fəaliyyət dövriyyələrinə uyğun tərcümə işlərinin, mətn və materialların keyfiyyət baxımından tənzimlənməsinə dair saziş və müqavilələrin bağlanmasıdır. Bütün bu işlər mərhələli şəkildə həyata keçiriləcəkdir.

Növbəti mərhələlərdə tərcümənin spesefik sahələri üzrə - bədii, elmi, texniki, neft siyasəti, rəsmi, hüquqisair sahələr üzrə mütəxəssislərin yetişdirilməsi, tərcümənin spesifik sahələri üzrə xüsusi kursların yaradılması nəzərdə tutulur. Həmçinin ədəbiyyatımızı, mədəniyyətimizi, elmimizi, eləcə də digər sahələrdə qazandığımız uğurları dünya müstəvisində təbliğ edəcək yerli qurumların yaradılması nəzərdə tutulur. Digər daha geniş və əhatəli layihələrimiz də vardır ki, onlar mərhələli şəkildə həyata keçiriləcəkdir.

Heç kimə sirr deyil ki, tərcümə bizim ən axsıyan sahələrimizdən olub. Bunun səbəbləri barədə nə düşünürsüz?

- Bilirsiniz ki, yaxın iyirmi il ərzində, yəni müstəqillik dönəminə qədər Azərbaycan dünyaya yalnız Rusiya vasitəsi ilə çıxa bilirdi. Ədəbiyyatımız, mədəniyyətimiz, elmimiz dünya ilə əsasən bu dil vasitəsilə əlaqələr yaradırdı. Bu gün isə ölkəmiz beynəlxalq aləmlə müxtəlif səviyyəli və səpkili münasibətlər quran, birlikləri yaradan aparıcı dövlətlər sırasındadır. Bu mənada, hər sahədə liderlik qazanmış Azərbaycanı bütün bu proseslərdə layiqincə təmsil edən, beynəlxalq müstəvidə qurduğu münasibətləri, anlaşma və yazışmaları, elmi, ədəbi-mədəni mübadilələri müvafiq səviyyədə tənzimləyən mükəmməl tərcüməyə ehtiyac var idi. Dövlətimizin başçısı İlham Əliyevin ölkənin tərcümə sahəsinin təkmilləşdirilməsinə dair imzaladığı son sərəncam bu sahənin Avropa standartlarına uyğun şəkildə, ən müasir və işlək mexanizmlər üzərində qurulmasına geniş imkanlar yaradır. Odur ki, dünyanın aparıcı dilləri üzrə peşəkar tərcüməçi kadrların hazırlanması da mərkəzin ümdə vəzifələri sırasındadır.

– Tərcümə sahəsində yaşanan digər acınacaqlı hal ayrı-ayrı sahələr üzrə tərcüməçi kadrların azlığı, çox hallarda yoxluğudur. Bu qədər sahəni əhatə edə biləcək tərcümə mütəxəssislərini işə cəlb edə biləcəksinizmi?

Bu, tərcümə sahəsinin ən ağrılı tərəfidir. Bizdə tərcümə, cümlənin, fikrin, informasiyanın, sadəcə bir dildən o biri dilə çevrilməsi kimi anlaşılır və bu səbəbdən hansısa əcnəbi dilə yiyələnmiş tərcüməçi, özünü istənilən sahədə, istənilən mətnin tərcüməsində peşəkar və yararlı hesab edir. Lakin bu, heç də belə deyildir. Tərcümə - spesifik sahələr üzrə müəyyən bilik, məlumat, dil, terminoloji baza olmaqla yanaşı, həm də ədəbi istedad tələb edən, mürəkkəb, mürəkkəb olduğu qədər də məsul bir sahədir. Texniki, yaxud, hüquqi, kənd təsərrüfatı, tibb sahəsi üzrə, hətta püxtələşmiş mütəxəssisin, bədii ədəbiyyatı, şeiri, yaxud, pyesi tərcümə etməsi mümkündürmü? Yaxud, əksinə. Lakin əfsuslar olsun ki, bu sayaq hallar bu gün bütün sahələrdə baş verməkdə, bəzi hallarda, özünü beynəlxalq səviyyəli, rəsmi yazışmalarda göstərməkdə, ölkəmizin imicinə xələl gətirən anlaşmazlıqlar törətməkdədir. Bu sahədə ciddi islahatların aparılması, sahələr üzrə terminoloji lüğətlərin, tərcümə nəzəriyyəsinə dair ədəbiyyatların hazırlanması, xüsusi kursların yaradılması, tərcümə olunmuş materialların mütəxəssis rəyləri üzrə təsdiqlənməsi nəzərdə tutulan işlər sırasındadır.

– Rəhbərlik etdiyiniz Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi bu vaxta qədər yalnız bədii tərcümə ilə məşğul olurdu. Dövlətimizin başçısının bu fərmanından sonra bədii tərcümə qarşıda gözlənilən bu irimiqyaslı işlərin axarında arxa plana keçməyəcək ki?

– Əslində, bütün növ tərcümələrin istedad göstəricisi və uğuru onun ədəbi dilə nə qədər sadiq olmağındadır. “Sadiq” deyəndə, təbii ki, mən dilin norma və qaydalarını nəzərdə tuturam. Bu mənada biz artıq genişlənmiş fəaliyyətimizə bir vaxtlar başladığımız yolun davamı kimi baxırıq. Bu baxımdan, ədəbiyyat mərkəzin ən müqəddəs amalı olaraq qalacaqdır. Bu, şəksizdir.

 

Xalq qəzeti.- 2014.- 20 may.- S. 7.