Bakıda “Futbol Könüllülərinin Beynəlxalq Forumu” keçirilmişdir
Forum Təhsil Nazirliyi, AFFA, Gənclər və İdman Nazirliyinin birgə dəstəyi ilə təşkil edilmişdir. Forumun keçirilməsində məqsəd dünyada könüllülər hərəkatının, xüsusilə, idmanda könüllülərin fəaliyyəti ilə bağlı mövcud vəziyyəti müzakirə etmək, inkişaf tendensiyasını araşdırmaqdan ibarət olmuşdur.
Təhsil Nazirliyindən aldığımız məlumatda bildirilir ki, azərbaycanlı könüllülərlə yanaşı forumda Polşa, Çin və Türkiyədən də könüllülər iştirak etmişlər.
Forumun açılış mərasimində təhsil nazirinin müavini Ceyhun Bayramov, AFFA-nın baş katibi Elxan Məmmədov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov çıxış etmişlər. İtaliyalı futbolçu, “Yuventus”, “Milan”, “Barselona” klublarında çıxış etmiş, 2006-cı ildə Almaniyada təşkil olunmuş dünya çempionatının qalibi Canluka Zambrotta da forumda öz fikirlərini bölüşmüşdür.
Təhsil nazirinin müavini Ceyhun Bayramov ölkəmizin könüllülər hərəkatında 15 ildən çoxdur ki, fəal şəkildə iştirak etdiyini vurğulamışdır. Azərbaycan nadir ölkələrdən biridir ki, burada “Könüllülük Fəaliyyəti haqqında” Qanun qəbul edilmiş və əsas hüquqi tənzimlənmə bu qanunla həyata keçirilir.
Nazir müavini qeyd etmişdir ki, könüllülər hərəkatının əsas mənbəyi yeniyetmələr və gənclərdir. Onlar əsasən məktəblərin şagirdləri, kollec və ali təhsil müəssisələrinin tələbələridir. Könüllülük proqramının təbliği çərçivəsində 30 universitet, 10 kollec və 8 qeyri-hökumət təşkilatında 5000-dən çox gəncin iştirakı ilə təqdimatlar keçirilmişdir. Bu təbliğat fəaliyyəti Təhsil Nazirliyinin dəstəyi ilə baş tutmuşdur.
Sessiyalarla davam etdirilən forumda 8 ölkədən 9 beynəlxalq səviyyəli spiker çıxış etmişdir. Çıxışların mövzusu müxtəlif dövrlərdə keçirilmiş tədbir və layihələrdən qazanılmış təcrübələr olmuşdur.
Tədbirdə AFFA-nın prezidenti, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və digər qonaqlar da iştirak etmişlər.
Samirə
ƏLİYEVA
Xalq qəzeti.- 2014.- 21 may.- S. 4.