Sosial tərəfdaşların məşğulluq xidmətində rolu

 

Heydər Əliyev Mərkəzində Balakən Rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbir belə adlanırdı.

Rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən toplantıda məşğulluq və işsizlik məsələləri, əhalinin səmərəli məşğulluğunun təmin edilməsi, dövlət məşğulluq siyasətinin həyata keçirilməsində sosial tərəfdaşların hüquq və vəzifələri kimi məsələlər diqqətə çatdırıldı. Qeyd edildi ki, məşğulluq mərkəzi rayon əhalisinin işlə təmin olunmasını, məşğulluq və işsizlik səviyyəsini, məşğul əhalinin iqtisadiyyatın bütün sahələri üzrə bölgüsünü hər zaman diqqət mərkəzində saxlayır.

Tədbirdə işə qəbul, işdən çıxanlar, ştatların ixtisarı, kvota üzrə işədüzəltmə kimi məsələlərə aydınlıq gətirildi, bu sahədə işəgötürənlərin vəzifələri barədə geniş məlumat verildi. Həmçinin, işəgötürənlərin məşğulluq mərkəzi ilə sıx tərəfdaşlığın vacibliyindən danışıldı. İşaxtaranların işlə təmin edilməsi, işəgötürənlərin yüksək ixtisaslı işçi qüvvəsinə tələbatının ödənilməsində mərkəzin rolundan söz açıldı. Bu məqsədlə hər il rayonda təşkil edilən əmək yarmarkalarının əhəmiyyəti xüsusi qeyd edildibu məşğulluq tədbirində hamının fəal iştirak etməsi tövsiyə olundu.

İclasda çıxış edən işəgötürənlərin nümayəndələri günün tələblərinə uyğun kadr hazırlığı məsələlərindən danışaraq qeyd etdilər ki, bu diqqət mərkəzində saxlanılmalı və ixtisaslı işçi qüvvəsinin təkrar hazırlığı məqsədilə məşğulluq mərkəzinin nəzdində peşə kurslarının sayı artırılmalıdır.

 

 İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2014.- 21 may.- S. 7.