Prezident İlham
Əliyevin Vyetnama səfəri ikitərəfli əməkdaşlığa
güclü təkan verəcək
Kütləvi
informasiya vasitələrinin nümayəndələrinə
bildirmək istəyirəm ki, cənab İlham Əliyev
1993-2003-cü illərdə Azərbaycan Prezidenti və
keçmiş Sovet İttifaqının rəhbərlərindən
biri, bizim Vyetnamın yaxın dostu Heydər Əliyevin
oğludur. Bu sözləri
deməklə bir daha təsdiqləmək istəyirəm ki, cənab
İlham Əliyev də Vyetnamın yaxın dostudur.
Truonq Tan Sanq
Vyetnam Sosialist Respublikasının
Prezidenti
Biz münasibətlərimizi yüksək
qiymətləndiririk və əminəm ki, səfər ikitərəfli
əməkdaşlığa daha güclü rəvac verəcəkdir . Əminəm ki, səfərin
çox yaxşı nəticələri olacaqdır. Səfər nəticəsində siyasi əlaqələr
daha da möhkəmlənəcəkdir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının
Prezidenti
Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Sosialist
Respublikasına dövlət səfərində böyük təntənə
ilə qarşılanmışdır. Qeyd edək
ki, bu, ölkə başçısının Vyetnama ilk
dövlət səfəridir.
Məhz bu baxımdan səfərin böyük maraqla izləniləcəyi
gözlənilirdi. Səfərin ən yüksək statusda –
dövlət səfəri səviyyəsində baş
tutması göstərir ki, Azərbaycan bu Asiya ölkəsi
ilə münasibətlərin gələcək
inkişafına xüsusi əhəmiyyət verir. Belə ki, Qərbdə iqtisadi durğunluğun davam
etdiyi bir vaxtda Asiya regionunda sürətli iqtisadi inkişaf
gedir və bu qitə ölkələri ilə Azərbaycanın
iqtisadi-biznes əlaqələrinin geniş perspektivləri var.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev və xanımı Mehriban Əliyeva Vyetnam Sosialist
Respublikasında dövlət səfərində olarkən
yerli əhalinin mənəvi dəyərlərinə ehtiram əlaməti
olaraq Hanoydakı Milli Qəhrəman və Şəhid
Monumentini ziyarət etmişlər. Dövlətimizin
başçısı abidənin önünə əklil
qoymuşdur. Sonra səfər çərçivəsində
görüşlər başlanmışdır.
Qeyd edək
ki, Azərbaycanla Vyetnam arasında ənənəvi dostluq əlaqələrinin
əsası 1959-cu
il iyulun 23 - də qoyulmuşdur.
Həmin vaxt Vyetnam Prezidenti Ho Şi Min Azərbaycana
rəsmi səfərə gəlmişdir. Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfərindən
sonra iki ölkə arasında dostluq əlaqələri daha da
genişlənmişdi. Həmçinin, bu dövr ərzində
çoxlu sayda vyetnamlı gənc Azərbaycanın ali məktəblərində
təhsil almış və
hazırda onlar Vyetnamın dövlət strukturlarında,
eləcə də, iri şirkətlərində
çalışır, iki ölkə və xalq arasında
dostluq körpüsü rolunu oynayırlar.
Vyetnam
Sosialist Respublikası Azərbaycan Respublikasının müstəqilliyini
1992-ci il sentyabrın 23 - də tanımış, elə həmin
vaxtdan da iki
ölkə arasında diplomatik münasibətlər
qurulmuşdur. İki ölkə
arasındakı əməkdaşlıq getdikcə intensiv
xarakter almış və dövlət səviyyəsində həyata
keçirilən qarşılıqlı səfərlər
bir sıra sahələrdə əlaqələri daha da
möhkəmləndirmişdir. Vyetnam Sosialist
Respublikasının Xarici İşlər Nazirliyinin I Avropa
İdarəsinin rəisi Vuonq Tua Fonqun, Vyetnam Sosialist
Respublikası baş nazirinin müavini Hoanq Cunq Hayın və
digər dövlət rəsmilərinin Azərbaycan Respublikasına
işgüzar səfərləri zamanı Vyetnamın Neft və Qaz
Korporasiyası “Petrovietnam” və Azərbaycan
Respublikasının Dövlət Neft
Şirkəti arasında
“Strateji əməkdaşlıq haqqında” Saziş
imzalanmışdır.
2010-cu il aprelin 8 - də
isə Vyetnam Sosialist
Respublikasının yüksək səviyyəli nümayəndələri Bakı Biznes Mərkəzində
keçirilən Azərbaycan - Vyetnam biznes forumunda iştirak
etmişlər. Həmin gün Vyetnam Sosialist
Respublikasının Baş nazirinin müavini Hoanq Cunq Hayı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbul
etmişdir. Ertəsi gün isə “Azərbaycan Respublikasının
Xarici İşlər Nazirliyi və Vyetnam Sosialist
Respublikasının Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq
haqqında Protokol”un və “Azərbaycan Respublikasının
hokuməti və Vyetnam Sosialist Respublikasının hökuməti
arasında diplomatik və xidməti pasportlara malik vətəndaşların
vizasız gediş - gəlişi haqqında Saziş”in
imzalanması mərasimi keçirilmişdir.
İki ölkə
arasındakı dostluq əlaqələri parlamentlər səviyyəsində
də davam etdirilmişdir. 2013-cü il noyabrın 27 - də Vyetnam - Azərbaycan
parlamentlərarası dostluq qrupunun yaradılması rəsmən
elan olunmuş və bununla da ikitərəfli münasibətlərin
daha da möhkəmləndirilməsi istiqamətində daha bir
addım atılmışdır. Həmin tədbirdə
iştirak edən Vyetnam
parlamentinin vitse-spikeri Uong Chu Luu, xarici işlər komitəsinin
sədri Tran Van Hang və dostluq qrupuna daxil olan deputatlar
çıxışlarında
Vyetnam və Azərbaycanın sürətlə
inkişaf etdiyini və iki ölkə arasında əlaqələri
genişləndirmək üçün böyük
potensialın mövcud olduğunu bildirmişlər. Həmçinin
qeyd olunmuşdur ki, Vyetnam - Azərbaycan parlamentlərarası
dostluq qrupunun təsis olunması ikitərəfli münasibətlərin
inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət
kəsb edir.
Tədbirdə vitse-spiker Uong Chu Luu,
Vyetnam - Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri,
eyni zamanda, parlamentin təhlükəsizlik komitəsinin sədr
müavini Tran Dinh Nha, Azərbaycanın Vyetnamdakı səfiri
Anar İmanov çıxış etmişlər.
Çıxışlar zamanı Vyetnamla Azərbaycan
arasında tarixən dostluq münasibətlərinin mövcud
olduğu qeyd olunmuş və cari ildə Azərbaycanın
Vyetnamda səfirliyinin təsis olunması ilə iki ölkə
arasında münasibətlərdə yeni mərhələnin
başlandığı vurğulanmışdır.
2013 - cü ilin sonunda
Azərbaycan Respublikasının Vyetnam Sosialist
Respublikasındakı səfirliyinin rəsmi
açılış mərasimi ilə əlaqədar Hanoy
şəhərində keçirilən tədbir bir daha təsdiqlədi
ki, ikitərəfli münasibətlər artıq yeni müstəviyə
qədəm qoymuşdur. Həmin
tədbirdə Vyetnam Xarici İşlər Nazirliyinin və
Vyetnam Kommunist Partiyasının rəsmiləri, Milli
Assambleyanın, digər dövlət və hökumət
qurumlarının üzvləri, Hanoy şəhərində
akkreditə olunmuş diplomatik korpusun nümayəndələri,
Sovet İttifaqı dönəmində Azərbaycanın ali təhsil
ocaqlarının məzunları, Vyetnamda fəaliyyət
göstərən bir sıra qeyri-hökumət təşkilatlarının
nümayəndələri və KİV təmsilçiləri
iştirak etmişlər. Azərbaycan - Vyetnam əlaqələrinin
tarixindən bəhs edilərkən, bir daha qeyd olunmuşdur
ki, çətin anlarda
Azərbaycan tərəfi vyetnamlı dostlarına
dayaq olmuş və dəstək vermişdir. Vyetnam
iqtisadiyyatının müxtəlif sahələrinin,
xüsusilə, neft sektorunun inkişaf etdirilməsində azərbaycanlı
mütəxəssislərin öz bilik və təcrübələrini
vyetnamlı həmkarları ilə bölüşdükləri
də xüsusi olaraq vurğulanmışdır. Həmçinin
bildirilmişdir ki, vaxtilə çoxsaylı vyetnamlı tələbələrin
ölkəmizin ali təhsil
ocaqlarını bitirməsi, bu tarixi dostluq əlaqələrinin
bərpası, həmçinin siyasi, iqtisadi, turizm, mədəniyyət,
elm sahələri də daxil olmaqla bütün istiqamətlərdə
uzunmüddətli əməkdaşlığın
inkişafı üçün geniş imkanlar yaradıb.
Təbii ki, bütün bunlardan sonra Azərbaycan
Prezidentinin Vyetnama dövlət səfəri böyük təntənə
ilə keçməli idi. Vyetnam Sosialist Respublikasının Prezidenti
Truonq Tan Sanq bu səfərə yüksək qiymət verərək
demişdir: “Biz bir daha bildiririk ki, ölkələrimiz
arasındakı ənənəvi dostluq əlaqələri
daim möhkəmlənəcək və inkişaf edəcəkdir.
Vyetnam, Azərbaycanın
bizim xalqımıza göstərdiyi dəstəyi və
çox qiymətli köməyi xatırlayır və yüksək qiymətləndirir”.
Azərbaycan
Prezidenti bütün
xarici səfərlərində olduğu kimi, bu dəfə
də Ertmənistanın işğalçılıq siyasətindən
əl çəkmədiyini
xüsusilə qeyd edərək, beynəlxalq hüququn
kobud şəkildə pozulduğunu bildirmişdir. Dövlətimizin
başçısı BMT Təhlükəsizlik
Şurasının bu işğalçılıqla
bağlı qəbul etdiyi 4 qətnamənin 20 ildən
çoxdur ki, icra olunmadığını təəssüf
hissi ilə diqqətə çatdırmışdır:
“İyirmi ildən çoxdur ki, Ermənistan Azərbaycanın
tarixi torpağı olan Dağlıq Qarabağı və ətraf
7 bölgəni işğal altında saxlayır. Bu işğal nəticəsində bir milyon azərbaycanlı
öz doğma torpağında
qaçqın-köçkün vəziyyətinə
düşmüşdür. Münaqişənin
həlli ilə bağlı BMT Təhlükəsizlik
Şurası 4 qətnamə qəbul etmişdir. Bu qətnamələrdə erməni silahlı
qüvvələrinin işğal edilmiş torpaqlardan
qeyd-şərtsiz çıxarılmasına dair bəyanat
vardır. Ancaq buna baxmayaraq, Ermənistan
buna məhəl qoymur və torpaqlarımızı
işğal altında saxlamaqda davam edir. Bu
münaqişə bölgə üçün ən
böyük təhlükədir və ancaq Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində öz
həllini tapmalıdır”.
Azərbaycan Prezidenti iki ölkə arasında dostluq
münasibətlərinin getdikcə inkişaf etdiyini də
diqqətə çatdırmışdır. Dövlətimizin
başçısı demişdir: “Bu gün ikitərəfli
iqtisadi əlaqələrimizə böyük diqqət
göstərildi, vaxt ayrıldı. Ticarət
dövriyyəsi iki ölkə arasında 400 milyon dollara
çatmışdır. Bu gün biznes
forum keçiriləcəkdir. Azərbaycandan
50-dən çox şirkət rəhbəri bu biznes forumda
iştirak edəcəkdir. Əminəm ki,
forum zamanı kontraktlar da müzakirə ediləcək və
beləliklə, forumun nəticəsi ikitərəfli ticarət
dövriyyəsinin artırılmasında özünü
göstərəcəkdir.
Əlbəttə ki, bu gün neft-qaz sektorunda
mümkün olan əməkdaşlıq haqqında fikir
mübadiləsi aparılmışdır. Azərbaycan
nefti Vyetnama ixrac edilir. Biz bu ixracın
artırılması ilə bağlı əlavə tədbirlər
görəcəyik. Neft-qaz və digər
sektorlara qarşılıqlı investisiyaların qoyuluşu
ilə bağlı fikir mübadiləsi
aparılmışdır. Əminəm ki,
yaxşı nəticələr olacaqdır.
Humanitar sahədə əməkdaşlığımızı
dərinləşdirmək üçün çox gözəl
perspektivlər vardır. Xüsusilə təhsil, mədəniyyət,
turizm sahələrində əməkdaşlığın
inkişafı üçün çox gözəl imkanlar
vardır. Bir sözlə, ikitərəfli
gündəliyimiz kifayət qədər genişdir, müxtəlif
sahələri əhatə edir. Şübhə
etmirəm ki, səfərin nəticələri çox
müsbət olacaq və bizim dostluğumuz və əməkdaşlığımız
uğurla inkişaf edəcəkdir”.
Vyetnam Sosialist Respublikasının Prezidenti Truonq Tan Sanq
da çıxışında iki ölkə arasındakı
münasibətləri yüksək dəyərləndirdi. O, əlaqələrin bundan sonra
da davam etdiriləcəyinə əminliyini bildirdi. Ölkələrimiz
arasında siyasi, ticari-iqtisadi və digər sahələrdə
əməkdaşlığın möhkəmləndirməsi
üçün geniş imkanların olduğunu bildirən
Vyetnam Prezidenti Truonq Tan Sanq demişdir: “Biz cənab Prezidentlə
Vyetnam - Azərbaycan əlaqələrini, xüsusən də,
ticari-iqtisadi və investisiya sahələrində inkişaf
üzrə tədbirləri müzakirə etdik və
razılaşdırdıq. Belə qənaətə
gəldik ki, tərəflər güclü istiqamətləri
inkişaf etdirməli, eyni zamanda, əmtəə mübadiləsinin
artırılması, o cümlədən neft-qaz sahəsini
prioritet, strateji və uzunmüddətli istiqamət hesab edərək
fəal addımlar atmalıdırlar. Azərbaycan
və Vyetnam informasiya mübadiləsi, birbaşa əlaqələrin
qurulması və səmərəli əməkdaşlıq
formalarının axtarışı sahələrində hər
iki ölkənin biznes dairələrinə kömək edəcəkdir.
Vyetnam bank işi, daşınmaz əmlak, turizm,
yüngül sənaye kimi perspektivli sahələrə
investisiya qoymaq üçün azərbaycanlı sahibkarlara əlverişli
şərait yaratmağa hazırdır”.
Beynəlxalq tədbirlərdə, xüsusən də BMT-də
ölkələrimiz arasında sıx və səmərəli
əməkdaşlığın olduğunu vurğulayan
Prezident Truonq Tan Sanq Azərbaycan - Vyetnam münasibətlərinin
bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini
ifadə etmişdir.
Səfər çərçivəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Hanoy şəhərində Ədəbiyyat Məbədi ilə tanış olmuşdur. Azərbaycanın birinci xanımına məlumat verilmişdir ki, Ədəbiyyat Məbədinin əsası 1070-ci ildə imperator Li Than Tonq tərəfindən qoyulub. Məbəd Çin alimi Konfutsiyə həsr edilib. 1076-cı ildə Ədəbiyyat Məbədinin ərazisində kral, dövlət qulluqçuları, zadəgan və digər elit təbəqəyə məxsus ailələrin övladlarının təhsil alması məqsədilə universitet—İmperial Akademiya yaradılıb. Bu, Vyetnamın ilk milli universiteti hesab olunur. Həmin görüşdə Mehriban Əliyevaya xatirə hədiyyəsi təqdim edilmişdir.
Azərbaycan Prezidentinin Vyetnam Sosialist Respublikasına dövlət səfəri çərçivəsində ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında Saziş, həmçinin gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında konvensiya imzalanmışdır. Beləliklə, Azərbaycanın beynəlxalq aləmə inteqrasiyada Cənub-Şərqi Asiyada yeni istiqamət açılmışdır.
Əliqismət
BƏDƏLOV
Xalq qəzeti.- 2014.- 22 may.- S. 3.