Bakıda Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin qlobal konfransı işə başladı

 

Dünən Bakıdakı “Gülüstan” sarayında Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (İNCU təşkilatı) birinci qlobal konfransı öz işinə başladı. Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi və Azərbaycan Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etdilər, abidələr önünə əklillər qoydular. SonraBali sazişindən irəli gələrək ticarətin asanlaşdırılması - siyasətin gerçəkləşməsi” mövzusu ətrafında çıxışlar başlandı. 65 ölkədən 200-dən artıq nümayəndənin qatıldığı tədbir mayın 23-dək davam edəcək. 

Qlobal konfransı giriş sözü ilə açan Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev əvvəlcə qonaqları salamladı və konfransın işinə uğurlar arzuladı. DGK sədri bildirdi ki, Azərbaycan paytaxtında belə mötəbər bir tədbirin keçirilməsi ölkəmiz, eləcə də bütün dünya  üçün mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu gün dünyada çox tanınmış və gömrük siyasətini müəyyən edən gömrükçü və alimlərin iştirak etdiyi konfransın nəticələri gömrük orqanlarının gələcək fəaliyyəti üçün əhəmiyyətli olacaq. Komitə sədri tədbirə qatıldıqlarına görə Nobel mükafatı laureatları professor Kristofer Pissarides (2010-cu il), professor Tomas Sargent (2011-ci il) və professor Alvin Rofa (2012-ci il), eləcə də ABŞ-ın daxili təhlükəsizlik nazirinin beynəlxalq əlaqələr üzrə müavini Alan Bersinə və digərlərinə təşəkkürünü bildirdi.  

Aydın Əliyev qeyd etdi ki, Azərbaycan qədim tarixə, böyük mədəniyyətə, zəngin təbiətə, musiqiyə və mətbəx mədəniyyətinə malik bir ölkədir və qonaqlar Bakıda qalacaqları üç gün ərzində bu milli dəyərlərlə də tanış olmaq imkanı qazanacaqlar. “Azərbaycan sürətlə inkişaf edir. Bizim yeganə problemimiz torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal olunmasıdır. Azərbaycan xalqının bir milyondan artıq qaçqın və məcburi köçkünü var. Buna baxmayaraq, gənc və ölkənin gələcəyinə müasir baxışı olan Prezident İlham Əliyev artıq 10 ildən çoxdur ki, Azərbaycanın sürətli inkişafını təmin edir. Çalışacağıq ki, burda olduğunuz qısa müddət ərzində siz yalnız Azərbaycanın tarixi və mədəniyyəti ilə deyil, həm də burada ölkə başçımızın rəhbərliyi altında əldə olunmuş iqtisadi inkişafla da tanış olasınız”, – deyə Aydın Əliyev bildirdi.

Sonra tədbirin həmsədri, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin prezidenti, professor Devid Uiddouson tədbir iştirakçılarını salamladı və konfransın işinə uğurlar arzuladı. Onun sözlərinə görə, tədbirdə mötəbər iqtisadçı alimlər, gömrük mütəxəssisləri iştirak edirlər və hazırda Avropada davam edən böhran şəraitində onların fikirlərini öyrənmək faydalı olacaq. Bu həm də böhrandan çıxış yollarını aramaqda kömək edəcək.

Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin prezidenti, professor Devid Uiddouson dedi ki, şəbəkənin Bakıda keçirilən I Qlobal Konfransı bizim üçün çox önəmlidir. Tədbirin əsas məqsədi gömrüyün təkmilləşdirilməsi və ticarətin asanlaşdırılmasıdırsa, o zaman gömrük siyasətinin düzgün qurulmasından, məlumatın nə dərəcədə düzgün toplanmasından və qərar verənlərə ötürülməsindən də danışmaq lazımdır.

O qeyd etdi ki, iqtisadçı olduğu üçün məsələnin iqtisadi tərəflərinə diqqət yetirilməsini vacib sayır: “Bizi yoxsulluğun azaldılması maraqlandırır. Avropa İttifaqında bu məsələ daim gündəmdə olduğu üçün yeni üfüqlər açılmış, bu qurumda yoxsulluğun azaldılması üçün monetar birlik fəaliyyətə başlamışdır. Dünyada baş verən proseslər bizi yeni çağırışlarla üz-üzə qoyur”.

Baş nazirin müavini Abid Şərifov Azərbaycanın ilk dəfə 1918-ci ildə müstəqilliyini elan etdiyini, lakin cəmi 23 ay davam etdiyini bildirdi. Bununla belə, bu müstəqillik milli dövlətçiliyin əsaslarının yaradılmasında, ölkənin inkişaf yollarının müəyyən edilməsində mühüm rol oynayıb. Onun sözlərinə görə, 71 il keçmiş sovet imperiyasının tərkibində olduqdan sonra Azərbaycan SSRİ-nin dağılması ilə 1991- ci ilin oktyabrında yenidən müstəqilliyinə qovuşub. 1993-cü ildə ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə gəlib və bundan sonra dövlət müstəqilliyinin qorunub saxlanması, eyni zamanda, əbədiliyi və dönməzliyi təmin edilib.

Bir məsələni təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bu gün Azərbaycanın qarşısında duran ən böyük problem Dağlıq Qarabağonun ətrafındakı 7 rayonun Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmasıdır. BMT və digər beynəlxalq qurumların qərar və qətnamələrinə əhəmiyyət verməyən, bir milyon günahsız insanın qaçqın düşməsinə səbəb olmuş, torpaqlarımızın 20 faizini işğal etmiş, azərbaycanlı əhaliyə qarşı dəfələrlə soyqırımı törətmiş və bu siyasətini bu gündavam etdirən Ermənistana heç bir təsir göstərilmir. Problem hazırda həll olunmamış vəziyyətdə qalır. 1994-cü ilin mayında Ermənistanla atəşkəs müqaviləsi imzalandıqdan sonra həmin ilin sentyabrında Azərbaycan ölkəmizin zəngin karbohidrogen ehtiyatlarından qlobal enerji təhlükəsizliyinin təminatında istifadə etmək üçün dünyanın neft şirkətləri ilə “Əsrin müqaviləsi”ni imzalaya bildi. Bununla da özünün sülhməramlı və demokratik siyasətini beynəlxalq aləmə bəyan edən Azərbaycan Respublikası dinamik tərəqqi yoluna qədəm qoydu. Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın sosial-iqtisadi tərəqqisi üçün qəbul edilmiş dövlət proqramları çərçivəsində həyata keçirilən kompleks tədbirlər nəticəsində son 10 ildə ölkə üzrə ümumi daxili məhsul 3,4 dəfə, qeyri-neft sektoru 2,6 dəfə, büdcə gəlirlərimiz 16 dəfə artmış, valyuta ehtiyatlarının həcmi 50 milyard dolları ötüb keçmişdir”, - deyə Abid Şərifov qeyd etdi.

Baş nazir müavininin sözlərinə görə, indiyədək ölkə iqtisadiyyatına 170 milyard dollardan artıq investisiya qoyulmuşdur. Son 10 ildə respublika əhalisinin gəlirləri 6,5 dəfə, orta aylıq əmək haqqı 5,5 dəfə artmış, yoxsulluq səviyyəsi 49 faizdən 5,3 faizə düşmüşdür. İşsizlik səviyyəsi 5 faiz təşkil etmişdir. Son illər ərzində ölkədə genişmiqyaslı quruculuq və abadlıq işləri görülmüş, şəhər, qəsəbə və kəndlərimiz müasirləşmişdir, bütün sahələrdə beynəlxalq standartlar və ən yeni texnologiyalar tətbiq edilməkdədir. “Qürurla qeyd etmək olar ki, Azərbaycanın uğurları bu gün aparıcı beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Dünya ölkələrinin 2010-2014-cü illər rəqabətqabiliyyətlik reytinqində respublikamız daha bir neçə pillə irəliləyərək 39-cu yeri tutmuşdur”, - deyə Abid Şərifov ölkənin iqtisadi uğurlarını sadaladı.

Gömrük Komitəsinin fəaliyyətinə toxunan baş nazirin müavini bildirdi ki, bütün bu nailiyyətlərin əldə olunmasında Azərbaycanın gömrük xidmətinin də özünəməxsus yeri vardır. Onun sözlərinə görə, daxili bazarın qorunması, yerli istehsalın və ixracın stimullaşdırılması və digər məsələlərdə gömrük orqanı əməkdaşlarının rolu böyük olmuşdur. “Hazırda yüksək Avropa standartlarına uyğun, mükəmməl maddi-texnikinormal hüquqi bazaya, müasir infrastrukturainformasiya-kommunikasiya texnologiyalarına malik Azərbaycan gömrüyü beynəlxalq əlaqələrini daim genişləndirməklə ölkəmizin dövlət büdcəsinin gəlirlər hissəsinin formalaşdırılmasında öz fəallığını getdikcə artırmaqdadır. Bununla bağlı onu da qeyd etmək kifayətdir ki, 2003-cü ildə respublikamızın gömrük orqanları tərəfindən idxal əməliyyatları üzrə cəmi 270 milyon ABŞ dolları gömrük vergivergi rüsumları toplanıb dövlət büdcəsinə köçürülmüşdüsə, 2013-cü ildə bu rəqəm 6,5 dəfə artaraq 1 milyard 763 milyon ABŞ dolları təşkil etmişdir. Bu addım bir tərəfdən əsas vergitutma obyekti olan idxalın həcminin müəyyən qədər yüksəlməsi ilə bağlıdırsa, digər tərəfdən, başlıca olaraq gömrük sahəsində genişmiqyaslı islahatların həyata keçirilməsi, qaçaqmalçılığa və digər hüqüqpozmalara qarşı mübarizənin gücləndirilməsi, gömrük tariflərinin təkmilləşdirilməsi işi üzrə məqsədyönlü tədbirlərin məntiqi nəticəsidir. Kioto konvensiyasının müddəalarına uyğun hazırlanaraq müvafiq qanunla təsdiq edilmiş yeni Gömrük Məcəlləsinin və ”Gömrük tarifi haqqında" yeni qanunun ötən ildən qüvvəyə minməsi, Gömrük Akademiyasının yaradılması və ildən-ilə dünyanın daha çox ölkəsi ilə gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardıma dair sazişlər imzalanması Azərbaycan gömrük xidmətinin modernləşməsini və beynəlxalq gömrük sisteminə inteqrasiyasını sürətləndirmişdir. Ümumdünya Gömrük Təşkilatının Avropa üzrə yeganə regional ofisinin bir neçə il öncə məhz respublikamızın paytaxtı Bakı şəhərində fəaliyyətə başlaması, artıq çox mötəbər beynəlxalq tədbirlərin, o cümlədən, 65 ölkədən çoxsaylı nümayəndələrin, xüsusən, iqtisad elmi üzrə Nobel mükafatı laureatlarının və digər tanınmış elm xadimlərinin iştirak etdikləri bugünkü konfransın ölkəmizdə keçirilməsi beynəlxalq qurumların Azərbaycan gömrüyünə yüksək etimadının bariz nümunəsidir”, - deyə Abid Şərifov əlavə etdi və konfransın işinə uğurlar arzuladı.

Ümumdünya Ticarət Təşkilatının baş müdiri, səfir Roberto Azevedo da iştirakçıları salamladı və onlara qarşıdakı üç gün ərzində görəcəkləri böyük işdə uğurlar arzuladı. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət uzun illər ərzində ticarətin asanlaşdırılması sahəsində xeyli işlər görüb. Bununla bağlı cənab Uiddousonun kitabı məlumatlandırma sahəsində böyük rol oynayıb. Nəticədə, bugünkü konfrans baş tutub. Ticarətin asanlaşdırılması üzrə razılaşmanın əldə olunması irəliyə doğru atılmış böyük bir addımdır. Ancaq bu razılaşmanın müddəalarının praktikada həyata keçirilməsi vacib məsələdir və bunun üçün illər tələb edilir. Bunun üçün gömrük universitetləri böyük görə bilər.

London İqtisadiyyat Məktəbində iqtisadi elmlər və politologiya üzrə professor, kral kafedrasının professoru, iqtisadi elmlər üzrə Nobel mükafatı laureatı (2010-cu il) Kristofor Pissarides bildirdi ki, çıxışı son 60 ildə inkişaf etmiş Avropa ilə bağlı xülasəni, azad ticarət haqqında sazişi əhatə edəcək. Bununla bağlı Avropada həm yaxşı, həm də mənfi təcrübələr əldə olunub. Son zamanlar heç də yaxşı olmayan nəticələr mövcuddur.

Onun sözlərinə görə, 60 il əvvəl Avropada kömürpolad sazişi imzalanıb. Sonra Roma sazişi ərsəyə gəlib. Bunu 6 ölkə imzalayıb. Bundan sonra Avropada inteqrasiya prosesləri başlayıb. Nəticədə, Avropa İttifaqı yaranıb. Avropa yeni müharibə dalğasının yaranmasını istəmədiyindən əvvəlcə iqtisadi inteqrasiyaya imza atıb. Müəyyən dərəcədə siyasi inteqrasiyaya nail olunub. Monetar məsələlər, insan hüquqları və ticarət məsələlərinə aydınlıq gətirilib. Avropa Komissiyası hazırda bu məsələlərə nəzarət edir.

Alim bildirdi ki, keçən əsrin 60-cı illərində Gömrük Birliyi yaradıldı, bunun ardınca vahid bazar ideyası ortaya çıxdı. Bunun üçün sərhədlər aradan qaldırılmalı idi. 80-ci illərdə artıq vahid bazarın formalaşması tamamlandı. Ancaq indiyədək xidmətlər bazarı vahid şəkil almayıb, bu da onun geriləməsinə dəlalət edir. İspaniya, Yunanıstan, Portuqaliyanın Avropa Birliyinə qoşulması bu ölkələrə önəmi artırıb. 2007-ci ildə böhran başlayana qədər onlar inkişaf edib. Yəni vahid bazar bu ölkələrin zənginləşməsinə şərait yaradıb. Artıq Avropada monetar birlik məsələsi meydana çıxıb. Əvvəlcə vahid valyuta kimi ekyü dövriyyəyə buraxılıb. Sonra avro Avropa valyutası olub. Yalnız Böyük Britaniyadaha bir neçə ölkə avroya keçməyi lazım bilməyib. Alim ümid etdiyini bildirdi ki, yaxın gələcəkdə bu ölkə də vahid Avropa valyutasını qəbul edəcək.

Q. Pissarides qeyd etdi ki, hazırda Avropa uzun sürən iqtisadi və maliyyə böhranı ilə mübarizə aparır. Amma iqtisadçı alimin fikrincə, Avropada vahid iqtisadi birlik yaradıldığı kimi, vahid siyasi birlik yaranmadıqca böhrandan çıxmaq çətin olacaq.

Nyu-York Universitetinin iqtisadi elmlər üzrə professoru Tomas Sargent “Sərhədlərin açılmasının nəticələri”, Avropa Port İcma Sistemləri Assosiasiyasının nümayəndəsi Riçard MortonPort icma sistemləri ticarətin asanlaşdırılması üçün vasitə”, Beynəlxalq Avtomobil Nəqliyyatı Birliyinin hüquqgömrük məsələləri bölməsinin rəhbəri Kseniya Kasko “Ticarətin təhlükəsizliyində və asanlaşdırılmasında “İRU” və onun töhfəsi”, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı nəzdində işin asanlaşdırılması bölməsinin rəhbəri Yan Hoffman “Ticarətin asanlaşdırılmasının gerçəkləşməsi və təkamülü”, Beynəlxalq PortLiman Assosiasiyası nəzdində ticarətin asanlaşdırılması və port icma sistemləri komitəsinin nümayəndəsi Alan LonqPort icma sistemi - gələcəkdə yüklərin işlənilməsinin bugünkü görünüşü”, Dünya Bankının gömrük və sərhədlərin idarə edilməsi üzrə baş mütəxəssisi Alan Hol “Ticarətin asanlaşdırılması sazişinə Dünya Bankının verdiyi dəstək” mövzusunda çıxış etdilər.

Qlobal konfrans bu gün işini davam etdirir.

 

 

Paşa ƏMİRCANOV

 

Xalq qəzeti.- 2014.- 22 may.- S. 5.