Musiqi Kolleci tələbələrinin Respublika Gününə həsr olunmuş konserti

 

Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kolleci tələbələrinin 28 May Respublika Gününə həsr olunmuş konserti olmuşdur.

 Rəşid Behbudov adına Azərbaycan Dövlət  Mahnı Teatrında keçirilən tədbiri Musiqi Kollecinin direktoru, əməkdar incəsənət xadimi, professor Nazim Kazımov açaraq Azərbaycan Respublikasının dövlət müstəqilliyi bayramı, Respublika Günü münasibətilə tədbir iştirakçılarını, qonaqları,  tələbə və müəllimləri təbrik etmişdir. 2013-2014-cü tədris ilində Heydər Əliyev Fondunun  hər il keçirdiyi muğam müsabiqəsi, dahi bəstəkar Asəf Zeynalının 105 illik yubileyi, İslam dünyası gənclərinin III beynəlxalq müsabiqəsi, “Məktəbli gənclər arasında milli musiqiyə marağı artırmaq” layihəsi, Gənc pianoçuların festivalı və digər mədəni-kütləvi tədbirlərdə fərqlənən tələbələrin böyük bir qrupuna mükafatdiplomlar təqdim edilmişdir.

Musiqi Kollecinin nəfəs və zərb alətləri orkestri, skripkaçılar və xalq çalğı alətləri ansamblları, simli alətlər kvartetinin ifasında səslənən Avropa, Rusiya,  Azərbaycan bəstəkarlarının əsərləri, “Bayatı-Şiraz” kompozisiyası, “Qarabağ şikəstəsi” və digər mahnı və rəqslər maraqla,   hərarətli alqışlarla qarşılanmışdır. III kurs tələbələri İnarə Qəniyeva (skripka), Səid Haşımlı (truba), Fərid Atazadə (tar), II kurs tələbəsi Rübabə Mahmudova(fortepiano), I kurs tələbələri Şəms Qurbanzadə (fortepiano), Kamal Qədirov (trombon), IV kurs tələbələri Sübhan Köçərlinski (qarmon), Həmidə Ağasoy (skripka), Sübhan Vəliyev (tar), Nuranə Şıxəliyeva (vokal) və digər istedadlı ifaçıların  çıxışları  musiqi kadrlarının yetişdirilməsində kollecin uğurlarını göstərir.

Azərbaycan Milli Konservatoryasının rektoru, xalq artisti, professor Siyavuş Kərimi Respublka Günü münasibətilə kollektivi təbrik etmiş, ifaçılıq və  təhsil sahəsində qazandığı nailiyyətlərə, konsertin yüksək səviyyədə təşkilinə görə Musiqi Kollecinin rəhbərliyinə, tələbə-müəllim heyətinə  minnətdarlıq və təşəkkürünü  bildirmişdir.

 

 

A.SADIQOĞLU

 

Xalq qəzeti.- 2014.- 22 may.- S. 7.