Azərbaycan Kann Beynəlxalq Kinofestivalında
May ayının 14-dən 25-dək 67-ci Kann Beynəlxalq Kinofestivalı keçirilir. Dünyanın ən mötəbər kino tədbirində artıq dördüncü ildir ki, Azərbaycan pavilyonu fəaliyyət göstərir. Milli filmlərimizin nümayiş olunduğu pavilyonda xarici ölkələrin kino xadimləri - prodüserlər, rejissorlar, aktyorlar və digərləri ilə görüşlər keçirilir, birgə layihələr müzakirə olunur.
Ölkəmizin turizm imkanlarını təbliğ edən çap və video materiallar ziyarətçilərə nümayiş etdirilmişdir. Azərbaycan kinosu tarixində ilk dəfə olaraq Kann festivalının əsas müsabiqələrindən olan “Qısa metr” proqramında “Azərbaycanfilm” kinostudiyası ilə “Buta films” şirkətinin birgə çəkdiyi “Sonuncu” bədii filmi nümayiş etdirilmisdir. Filmin rejissoru Sergey Pikalov, ssenari müəllifləri Sergey Pikalov və Aleksandr Krasavin, baş rolun ifaçısı isə İdris Rüstəmovdur.
Festivalın “Rejissor ikihəftəliyi” poqramına “Torn” qisametrajlı filmimiz daxil edilib. Filmin rejissorları Elmar İmanov və Engin Kundağ, baş rolun ifaçıları Rasim Cəfər və Zülfiyyə Qurbanovadır. Bundan əlavə, “Qisa filmlər guşəsi” adlı sərbəst proqramda da Azərbaycan bir neçə qısametrajlı filmlə təmsil olunur. Builki festivalda ölkəmizdən dövlət və bir sıra müstəqil kino şirkətlərini təmsil edən 20-dən artıq kinematoqrafçı iştirak edir.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2014.- 22 may.- S. 8.