Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaradılması milli demokratik dövlət quruculuğunun şərəfli səhifəsidir

 

Azərbaycan Xalq Cümhuriyyəti kimi, onun parlamenti də özünəməxsus tarixi bir yol keçmişdir. Şərqdə ilk parlamentli respublika – Azərbaycan Xalq Cümhuriyyəti 28 may 1918-ci il tarixdə Tiflisdə Azərbaycan Milli Şurasının qərarı ilə yaradılmasına baxmayaraq, həmin dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti təşkil olunmamış və təbii ki, fəaliyyət də göstərməmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti höküməti 16 iyun 1918-ci ildə Tiflisdən Gəncə şəhərinə köçdükdən sonra həmin vaxt Gəncədə real hakimiyyətə malik Qafqaz İslam Ordusunun komandanlığının təklifi ilə Azərbaycan Milli Şurası buraxılmış və yalnız 20 noyabr 1918-ci ildə Bakı şəhərində yenidən fəaliyyətini davam etdirmişdir.

Azərbaycan Milli Şurası M.Ə.Rəsulzadənin sədrliyi ilə Bakıda fəaliyyətini bərpa edərək 20 noyabr 1918-ci ildə “Azərbaycan Parlamentinin təsisi haqqında” Qanun qəbul etmişdir. Həmin qanuna görə, Azərbaycan Parlamenti 120 üzvdən ibarət müəyyən edilir. Qanunun 2-ci maddəsində göstərilirdi ki, Azərbaycan Məclisi-Müəssisanı dəvət oluncaya qədər 44 nəfər Rusiya məclisi-müəssisanının üzvləri AXC parlamenti deputatları hesab edilirlər.

1918-ci ilin mart-aprel aylarında daşnak S. Şaumyan başda olmaqla, ermənilərin azərbaycanlılara qarşı Bakıda əsl soyqırımı keçirməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyi beynəlmiləlçilik və tolerantlıq prinsiplərinə sadiq qalaraq parlamentə 21 nəfər erməni millətindən olan deputatın (8-i Gəncə, 8-i Şuşa, 5-i də Bakı erməni komitəsindən) seçilməsi nəzərdə tutulmuşdu.

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışı 7 dekabr 1918-ci ildə keçirilmişdir. İlk iclası Azərbaycan Milli Şurasının sədri Məmməd Əmin Rəsulzadə açmışdır. Onun çıxışı bu sözlərlə başlamışdır: “ Möhtərəm məbuslar! Azərbaycan Cümhuriyyətinin ilk Məclisi-Məbusanını açmaq yomi-səadəti, siz möhtərəm məbusları təbrik etmək şərəfinin öhdəmə düşməsilə müftəxirəm ”. Parlamentin ilk tədbirlərindən birini Paris sülh konfransına səlahiyyətli nümayəndə heyəti göndərməsi təşkil edir. Bu nümayəndə heyəti qarşısında Azərbaycan istiqlaliyyətinin Avropa ölkələri tərəfindən tanıdılması kimi tarixi vəzifə dururdu. Nümayəndə heyətinə parlamentin sədri və üzvləri Ə. M.  Topçubaşov (bitərəf), M. H. Hacınski (Müsavat), Ə. Ağaoğlu (bitərəf), Ə.Şeyxülislamzadə (Hummət), eləcə də müşavirlər M.Məhərrəmov (sosialist), M.Y. Mirmehdiyev (İttihad), Ç. Hacıbəyli (Müsavat), əməkdaşlar Ə. Hüseynzadə (bitərəf), V. Marçevski (bitərəf) və başqaları daxil idi.

Parlamentin 1919-cu il 3 yanvar tarixli iclasının qərarı ilə qanunvericiicraedici hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq, parlament üzvünün dövlət orqanlarında işləməsi məqbul sayılmamışdı. Yalnız nazirlərin, eyni zamanda, parlament üzvü olmasına icazə verilmişdi. Dövlət qulluğunda işləyən parlament üzvü bir neçə gün ərzində iki vəzifədən birini seçib, parlamentin rəyasət heyətinə bildirməli idi.

Parlamentin istifadə etdiyi dil dövlət dili statusuna malik Azərbaycan türkcəsi idi. Qeyri-yerli əhali nümayəndələri çıxışlarının rus dilində olmasını təklif etdikdə parlamentin iclaslarından birində bu məsələ xüsusi müzakirə olunmuş bu xüsusda qərar qəbul edilmişdi. Qərara əsasən, parlamentin rəsmi dili Azərbaycan türkçəsi elan olunmuş, digər millətlərin nümayəndələrinin öz çıxışlarını rus dilində etmələri məqbul hesab edilmişdi.

Hüquqi dövlət quruculuğu məqsədi ilə Xalq Cümhuriyyətində hakimiyyətin bölgüsü prinsipinə riayət edilmişdi. Parlament o dövrdə ölkə qarşısında duran əsas vəzifələrin həyata keçirilməsi qanunvericilik bazasının yaradılması baxımından əhəmiyyətli işlər görmüş, gənc Azərbaycan dövlətinin dünya dövlətləri tərəfindən tanınması üçün var qüvvəsini sərf etmişdi.

Ümumiyyətlə, AXC Parlamenti cəmi 17 ay fəaliyyət göstərmiş, bu müddətdə onun 145 iclası olmuşdur. İlk iclas 7 dekabr 1918-ci il tarixdə, son iclas isə 27 aprel 1920-ci ildə keçirmişdir. Fəaliyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin müzakirəsinə 270-dən yuxarı qanun layihəsi çıxarılmışdır ki, onların da 230-a yaxını təsdiq edilmişdir.

 

Əlbəttə, Azərbaycan Parlamentinin qəbul etdiyi qanun qərarların hamısı müstəqil ölkənin ilk qanun qərarları olduğu üçün çox əhəmiyyətli idi. Lakin onların arasında elə hüquqi sənədlər vardı ki, ölkə üçün onların əhəmiyyətini xüsusilə qeyd etmək lazımdır. Çünki bunların Azərbaycan Cümhuriyyətinin fəaliyyətini, strateji istiqamətlərini müəyyən etməkdə mühüm rolu olmuşdur. Bunlardan vətəndaşlıq, ümumi hərbi mükəlləfiyyət, mətbuat, Milli Bankın rəsisi, Bakı Dövlət Universitetinin yaradılması, gömrük poçt-teleqraf xidmətinin təkmilləşdirilməsi, məhkəmə qanunvericiliyi haqqında sair qanunları göstərmək olar. Azərbaycan Xalq Cümhuriyyətinin ali qanununuKonstitusiyasını qəbul etmək isə mümkün olmamışdır.

Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının yeni konstitusiya layihəsini hazırlayan komissiyanın 1995-ci il iyunun 5-də keçirilən ilk iclasındakı nitqində demişdir: “Biz birinci növbədə tariximizə nəzər salmalıyıq. Azərbaycan konstitusiya quruculuğunun tarixi var. Azərbaycan Respublikasının ilk demokratik dövlətinin, 1918-ci il mayın 28-də yaranmış demokratik respublikanın konstitusiyası olmayıb. Ancaq bu hökumət, bu dövlət fəaliyyət göstərdiyi dövrdə konstitusiya xarakteri daşıyan bir neçə aktlar, qərarlar qəbul etmiş onların əsasında işləmişdir. Ona görə onları, demək olar ki, müəyyən qədər konstitusiya quruculuğunun başlanğıcı kimi qiymətləndirmək olar”.

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin protokollarının öyrənilməsi göstərir ki, bir çox hallarda yetərsay olmadığı üçün iclas baş tutmamışdır. Məsələn, 1919-cu ilin sonuna qədərki dövrdə olmuş 110 iclasın 13-ü kvorum olmadığından baş tutmamışdır.

Azərbaycan Xalq Cümhuriyyətinin ən böyük nailiyyətlərindən biri Paris sülh konfransının iştirakçısı olan dövlətlər tərəfindən Azərbaycanın müstəqilliyinin tanınması idi. Bu məqsədlə 1918-ci il dekabrın 28-də parlamentin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Fransaya nümayəndə heyəti göndərilmişdi. Bu heyətin gərgin fəaliyyəti sayəsində 1920-ci il yanvarın 12-də Paris sülh konfransında iştirak edən əsas ölkələr Azərbaycanın müstəqilliyini tanımışdılar. Həmin il aprelin 22-də AXC Parlamenti İngiltərə, Fransa, İtaliya, İsveçrə, Polşa ABŞ-da diplomatik nümayəndəliklər açmaq haqqında qanun qəbul etmişdi.

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sonuncu–145-ci iclası 27 aprel 1920-ci ildə keçirilmişdr. Təcili fövqəladə axşam iclası saat 20.45-də başlamış, ona Məmməd Yusif Cəfərov sədrlik etmiş, katib isə Rza bəy Qaraşadlı olmuşdur. İclasın açıq ya bağlı olması əvvəldə müzakirə edilərkən Müsavat Partiyası fraksiyasının rəhbəri M. Ə. Rəsulzadə demişdir: “Cənablar! Çıxardığımız tarixi qərarı millətdən bixəbər çıxarmayaq. Ölkə parlamentinin qapısını açıq qoyaq ki, hər kəs cür təhlükəli vəziyyət içində olduğumuzu, cür qərar qəbul edəcəyimizi bilsin. Ona görə təklif edirəm ki, məclisimizin qapılarını millət üzünə bağlamayaq millətdən bixəbər qərar qəbul etməyək”.

Parlamentin üzvi M. Hacınski isə çıxışında demişdir: “Cənablar! Vəziyyət hamıya məlumdur bu barədə danışmaq istəmərəm. Bir komissiya təşkil olunmuşdur mən onun sədriyəm. Arxadaşlarla bərabər biz yerli kommunist firqəsi nümayəndələri ilə müzakirəyə girişdik. Burada olan Azərbaycan Kommunist Firqəsindən bir məktub gəlib. Bu məktubun məzmununu hamı bilir. Lakin onu təkrarən oxuyuram (rusca oxuyur). Tərcümə etmək lazımdır ki, müxtəsər tərcümə edirəm. Mərkəzi Azərbaycan Kommunist firqəsi bizə təklif edir ki, axşam saat 7-yə qədər (28 aprel 1920-ci il saat 19-dək- İ.A.) hökuməti onlara təslim edək”.

Parlament Azərbaycan Kommunist Partiyasının bu ultimatumunu müzakirə edərək 7 şərtdən ibarət qərar qəbul etmişdir. Faktiki olaraq bu şərtlərdən yalnız birinə–bolşevik Rusiyası qoşunlarının Bakı şəhərinə döyüşsüz daxil olması şərtinə əməl edilmişdir. Beləliklə, AXC Milli Hökuməti təzyiq altında hakimiyyəti təhvil vermiş, ona görə şəhər döyüşsüz, qan tökülmədən alınmışdır. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin son iclası saat 23:25-də bağlanmışdır.

Ümummilli lider Heydər Əliyev demişdir: “Azərbaycan Xalq Cümhuriyyəti gərgin mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə , sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə , onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynamışdır.

Əsrin sonunda (18 oktyabr 1991-ci ildə) öz müstəqilliyini bərpa edən Azərbaycan Respublikası Xalq Cümhuriyyətininin varisi olaraq Üzeyir Hacıbəyovun Əhməd Cavadın yaratdıqları dövlət himnini, Xalq Cümhuriyyətinin üçrəngli bayrağını gerbini bərpa elədi. Bu dövlətçilik artibutları bu gün hər bir Azərbaycan vətəndaşı üçün olduqca əzizdir”.

Azərbaycan Xalq Cümhuriyyəti özünün siyasi quruluşuna, həyata keçirdiyi demokratik dövlət quruculuğu tədbirlərinə, həmçinin qarşısına qoyduğu məqsəd vəzifələrə görə Avropanın ənənəvi demokratik respublikalarından heç geri qalmamışdır. AXC kimi, onun parlamenti də nisbətən az müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, Şərqdə ilk demokratik respublika kimi həyata keçirdiyi tədbirlər Azərbaycan tarixində, sonrakı nəsillərin hafizəsində silinməz izlər qoymuşdur.

 

 

İlham ABBASOV,

 

Ədliyyə Akademiyasının baş müəllimi,

 

hüquq üzrə fəlsəfə doktoru,

 

baş ədliyyə müşaviri,

 

prokurorluğun fəxri işçisi

 

 

Xalq qəzeti.- 2014.- 23 may.- S. 5.