Məktəblilərin kimya üzrə 48-ci Beynəlxalq Mendeleyev Olimpiadasının nəticələri açıqlanmışdır

 

Mayın 11-dən 18-dək Rusiya Federasiyasının paytaxtı Moskvada keçirilmiş olimpiadada iştirak edən 6 Azərbaycan məktəblisindən ikisi yüksək yer tutmuşdur.

Təhsil Nazirliyindən aldığımız məlumatda bildirilir ki, qiymətləndirmənin nəticələrinə əsasən, Murad Rəhimov və Cavid Əhmədov bürünc medala layiq görülmüşdür. Qalan 4 məktəbli -Dilqəm Əhmədli, Şamil Həsənli, Kərim Kərimli və Sergey Styopin iştirakçı diplomu ilə təltif olunmuşlar. Bürünc medal qazananlar Gəncə və Ağdaş məktəblərinin şagirdləridir. Diploma layiq görülənlər isə Şirvan, Bakı və Gəncə məktəbliləridir.

Ən yüksək bal yığan 4 şagird - Kərim Kərimli, Murad Rəhimov, Cavid Əhmədov, Dilqəm Əhmədli iyulun 20-də Vyetnamın paytaxtı Hanoyda keçiriləcək kimya fənni üzrə 46-cı Dünya Olimpiadasında ölkəmizi təmsil edəcəklər.

Qeyd edək ki, 48-ci Beynəlxalq Mendeleyev Olimpiadasında 16 ölkə iştirak etmişdir. Bilik yarışı 2 nəzəri və 1 təcrübi olmaqla, 3 mərhələdən ibarət olmuşdur.

Azərbaycandan olimpiadada iştirak edəcək məktəbliləri seçmək üçün Təhsil NazirliyiM.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı Azərbaycan və rus dillərində yazılı imtahan keçirmişlər. Seçilmiş şagirdlərin olimpiadada uğurlu iştirakını təmin etmək üçün onlar M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının kimya fakültəsində xüsusi hazırlıq keçmişlər.

 

 

Samirə ƏLİYEVA

 

Xalq qəzeti.- 2014.- 23 may.- S. 5.