NAFTALAN:
möcüzəli şəfa qaynağı
Vaxtilə ümumittifaq turizm mərkəzi
kimi tanınan Naftalanı bu
gün beynəlxalq turizm
mərkəzinə çeviririk.
İlham ƏLİYEV
Azərbaycan
Respublikasının Prezidenti
Əvvəlcə kiçik bir statistika aparaq: 2013-cü ildə 2009-cü illə müqayisədə Naftalan şəhərinə müalicəyə və istirahətə gələnlərin sayı 6 dəfə artaraq 15 min nəfərə çatmışdır. Bu dinamika cari ilin ötən ayları ərzində də davam etmişdir. Son illər şəhərdə dünya standartlarına cavab verən 6 sanatoriya-kurort kompleksi tikilib istifadəyə verilmişdir.
Naftalanın beynəlxalq əlaqələri də getdikcə artır. Məsələn, Fransanın Leqi, İtalyanın Pozitano, Rusiya Federasiyasının Yesentuki şəhərləri ilə elm və texnika, təhsil və sağlamlığın mühafizəsi, mədəniyyət və incəsənət, turizm və idmanın inkişafı, yerli özünüidarəetmə, ekologiya və təbii sərvətlərin səmərəli istifadə edilməsinə dair əməkdaşlıq sazişləri imzalanmışdır.
Yeri gəlmişkən, xatırladaq ki, hələ XIX əsrin axırlarında alman mühəndisi Yeger ilk dəfə olaraq Naftalan nefti çıxarmaq üçün burada quyular qazdırmışdır. O, Naftalan neftindən Naftalan mazı hazırlamaq üçün kiçik zavod da tikdirmişdir. Naftalan mazının Almaniya vasitəsilə Yaponiyaya, ABŞ-a, İngiltərəyə, Hollandiyaya və başqa ölkələrə satılması nəticəsində onun əvəzsiz müalicəvi təsiri haqqında məlumatlar daha da genişlənmişdir. Bu cəhətdən alman alimi Unnanın dediyi sözlər çox maraqlıdır: Kimin naftalanı varsa, onun hər şeyi var. Tarixi faktlardan o da məlumdur ki, 1904-1905-ci illərdə rus-yapon müharibəsi zamanı əsir düşmüş Yaponiya əsgərlərinin təcili yardım çantalarında Naftalan mazı ilə dolu bankalar tapılmışdır.
Beləliklə, əvvəllər kustar şəkildə istifadə olunan Naftalan neftinin əsl şöhrəti və möcüzəsi ötən əsrin ortalarında meydana çıxmışdır. 1964-cü ildə isə Naftalan Sanatoriya Kurort Birliyi yaradılmışdır. Əvvəllər Goranboy və Yevlax rayonlarının tərkibində qəsəbə kimi fəaliyyət göstərən Naftalan 1967-ci ildə keçmiş Sovetlər Birliyinin ən böyük sağlamlıq ocaqlarından biri olduğuna görə ona respublika tabeliyində şəhər statusu verilmişdir.
Kurort şəhəri kimi, Naftalanın əsl inkişaf və yüksəlişi, əlbəttə, ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 70-80-ci illərə təsdüf edir. Məhz həmin illərdə kurort kompleksinin daha da inkişaf etdirilməsi ilə bağlı xüsusi qərar qəbul olunmuş, yeni sanatoriya binaları tikilib istifadəyə verilmiş, bütün sahələrdə ciddi inkişaf və irəliləyiş əldə edilmişdir. Heç də təsadüfi deyildir ki, o illərdə Naftalana istirahətə və müalicəyə gedənlərin sayı ildə 70-80 min nəfərə çatırdı.
Təəssüflər olsun ki, 1988-ci ildən respublikanı bürüyən xaos və anarxiya bu şəfa ocağından da yan keçməmişdir. Nəticədə, şəhər öz əvvəlki şöhrətini itirmiş, bütün infrastruktur, demək olar ki, dağıdılmışdır. Sanatoriya binalarının əksəriyyətində isə erməni işğalı nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələri yerləşdirilmişdir.
İndi isə Naftalanda özgə büsat var. Son illər kurort şəhəri öz inkişafının yeni mərhələsinə qədəm qoymuş, tikinti-abadlıq və quruculuq işləri genişləndirilmiş, iri layihələr həyata keçirilmişdir. Bunu təkcə şəhərin gündən-günə dəyişən və gözəlləşən siması yox, həm də bu misilsiz şəfa ocaqlarına gələnlərin hər il artan sayı da təsdiq edir.
Burada, əlbəttə, Prezident İlham Əliyevin Naftalana tarixi səfərini, bir sıra turizm və sosial obyektlərin açılış və təməlqoyma mərasimlərində iştirakını, şəhər ictimaiyyəti nümayəndələri ilə keçirdiyi səmimi görüş və söhbətləri, şəhərin sosial-iqtisadi inkişafını daha da sürətləndirmək üçün imzaladığı sərəncamları, verdiyi məsləhət və tövsiyyələri ayrıca qeyd etmək lazımdır. Həmin səfər və görüşlər Naftalanda işlərin gedişinə əsaslı təkan vermiş, bütün səy və qüvvələr hərəkətə gətirilmişdir.
Heç də təsadüfi deyildir ki, şəhər üzrə sənaye məhsullarının həcmi də keçən ilin müvafiq dövrü ilə müqayisədə 6,4 faiz artaraq 448,8 min manat, nəqliyyat sahəsində görülən işlər 8,9 faiz artaraq 89,7 min manat, rabitə sahəsində görülən xidmətlər 44,9 faiz artaraq 50,7 min manat təşkil etmişdir.
Görülüb başa çatdırılmış işlərin statistikası, fakt və göstəricilərin müqayisəli təhlili inkişaf dinamikasını çox gözəl əks etdirir. Məsələn, son illər hər birinin tutumu 300-350 yerlik Şəfa vannalı, Naftalan müalicə və sağlamlıq mərkəzi, Möcüzəli Naftalan, Sehrli Naftalan, Çinar və Qaşaltı sağlamlıq- turizm mərkəzləri inşa olunmuşdur. Şəhərdə və ətraf kəndlərdə hələlik yeganə olan 280 yerlik körpələr evi-uşaq baxçası da istifadəyə verilmişdir.
Hazırda Qarabağ sanatoriyasının tikintisində son tamamlama işləri aparılır. Uzunluğu 18 kilometr olan Nafatalan-Goran avtomobil yolu əsaslı təmir olunmuş, çoxmərtəbəli yaşayış binalarının fasadları milli memarlıq üslubunda yenidən qurulmuş, müasir tipli liftlər quraşdırılmışdır. Dövlət Proqramına uyğun olaraq şəhərin elektrik şəbəkəsi yenidən qurulmuş, 2360 abonentə smart-kart tipli sayğac quraşdırılmış, 2 paylayıcı elektrik şəbəkəsi, 6 transformator məntəqəsi və s. tikilmişdir.
Naftalanda istilik qazanxanaları
1990-cı ildə tikilmişdi. Ötən illər
ərzində bir dəfə də təmir olunmayan qazanxanalar nəticədə
bərbad vəziyyətə
düşmüşdü. Bu isə haqlı
olaraq yerli sakinlər və qonaqlar arasında ciddi narazılıqlara səbəb olurdu. Çoxdan həllini gözləyən
başqa problemlər kimi, bu vacib
məsələnin də
həlli son illərə
aiddir.
Belə ki, çoxmərtəbəli
yaşayış binaları
üçün 3 istilik
sistemi tikilmiş, yeni avadanlıqla təmin edilmiş, məhəllədaxili və
binadaxili istilik sisteminin qurulması başa çatdırılmışdır.
Yeni yaşayış
massivlərinə, o cümlədən
Naftalan-Qaşaltı- Qaraqoyunlu qaz xəttinin çəkilişi
də başa çatdırılmışdır.
2013-cü ildən başlayaraq,
şəhərin su təchizatı və kanalizasiya şəbəkəsinin
tikintisinə başlanılmışdır. Artıq
Ballıqaya-Goranboy magistral
su kəmərindən
Naftalan şəhərinə
5,9 kilometr uzunluğunda xətt çəkilmişdir.
Hazırda hər birinin
tutumu 3 min kubmetr olan 2 su anbarının
tikintisi davam etdirilir. Bir sözlə, bu
gün Naftalanda əhali su ilə
fasiləsiz olaraq təmin edilir. Çirkli suların axıdılması
məqsədilə politilen
borularla 31 kilometr uzunluğunda kanalizasiya şəbəkəsində də
işlər yekunlaşmaq
üzrədir.
Heç şübhəsiz ki,
2014-2018-ci illəri əhatə
edən Dövlət Proqramı bütün bölgələr kimi, Naftalanın da daha sürətli inkişafına və yüksəlişinə səbəb
olacaqdır. Yeri gəlmişkən, şəhərin
iqtisadi, sosial və mədəni həyatında mühüm
hadisəyə çevriləcək
həmin tədbirlərdən
bəzilərini burada
yada salmaq yerinə düşərdi:
tullantıların təkrar emalı müəssisəsi,
kosmetik vasitə və dərman preparatlarının
hazırlanması zavodu,
Günəş elektrik
stansiyasının quraşdırılması,
elmi-tədqiqat institutunun
filialı, gənclər
evinin, Olimpiya İdman Kompleksinin, 80 çarpayılıq mərkəzi
xəstəxanının tikintisi
və s. Bəli, görüləcək işlər çox geniş və əhatəlidir. Deməli, bütün qüvvə
və səylər hərəkətə gətirilməli,
nəzərdə tutulan
tədbirlərin vaxtında
və keyfiyyətlə
yerinə yetirilməsi
üçün intizam
və məsuliyyət
hissi daha da artırılmalıdır.
Yaxşıdır ki, Naftalanda
bu cəhətdən işlərin gedişi razılıq doğurur.
Bütün sahələrdə
ardıcıl və sistemli iş qurulmuş, əsas məqsəd ona yönəldilmişdir ki,
bu misilsiz şəfa ocağının
əvvəlki şöhrəti
özünə qayıtsın,
dünya səviyyəli
kurort şəhərləri
arasında özünə
layiqli yer tutsun.
...Gəncədən, Goranboydan,
Tərtərdən Naftalana
uzanan yollar indi əriş- arxacdır. İlin elə çağıdır
ki, bu yerlərə
üz tutanların sayı günbəgün
artır. Özü də
təkcə respublikamızın
ayrı-ayrı bölgələrindən
yox, həm də dünyanın müxtəlif ölkələrindən
gələnlər çoxalır.
Naftalan isə onlara gəl-gəl deyir, bura pənah gətirənləri, müalicəyə
və istirahətə
gələnləri mehriban
ana kimi isti qucağına basır.
Ziyəddin
SULTANOV
Xalq qəzeti.- 2014.- 23 may.- S. 6.