Dövlət
Proqramı turizmin inkişafına güclü stimul
yaratmışdır
Bölgələrin
turizm potensialı böyüyür,
güclənir. Daxili turizm
böyük dərəcədə
artır və əminəm ki, xarici turizmdə də böyük
artım olacaqdır. Artım var, amma hələ ki, istədiyimiz
səviyyədə deyildir. Daha da böyük
artım olacaqdır. Yeni turizm zonaları
yaradılır.
İlham ƏLİYEV
Azərbaycan
Respublikasının Prezidenti
Zəngin mədəni-tarixi irsi və əlverişli təbii şəraiti olan Azərbaycanın turizm sahəsində böyük inkişaf perspektivləri var. Ölkəmizdə turizmin əksər növlərinin (kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, kommersiya, idman, dini xüsusi maraq kəsb edən və s.) inkişafı üçün geniş imkanlar mövcuddur. Bu sahədə aparılan işlərin nəticəsi olaraq, demək olar ki, son illər dövlətimizin qayğısı sayəsində turizm inkişafımızın prioritet istiqamətlərindən birinə çevrilmişdir.
Qəbul edilmiş dövlət proqramları, davamlı olaraq həyata keçirilən tədbirlər bu inkişafı şərtləndirən əsas amillərdəndir. Qeyd edək ki, Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi nəticəsində münbit şərait yaradılmış, beynəlxalq turizm bazarına inteqrasiyanın təmin olunmasının əsası qoyulmuş, milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəlmişdir. Ona görə də 2010-cu ildə “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair” Dövlət Proqramı qəbul olundu. Bu proqramın başlıca məqsədi ölkədə turizm sahəsinin daha da inkişaf etdirilməsinin təmin olunması idi. Turizmin inkişafını sürətləndirmək üçün 2011-ci il ölkədə “Turizm ili” elan olundu.
Dövlət Proqramının qəbul edilməsi turizmin inkişafına güclü təkan verdi. Bu vaxta kimi proqramın icrası çərçivəsində regionlarda turizmin müxtəlif növlərini inkişaf etdirmək, turizm xidməti obyektlərinə yerli şirkətlərin səfərlərini mütəmadi şəkildə təşkil etmək, eyni zamanda, daxili turizm bazarının fəallığını artırmaq məqsədilə müvafiq layihələr həyata keçirilmişdir. Artıq həmin proqramın sonuncu ilidir və həyata keçirilən tədbirlər, reallaşdırılan layihələr onu deməyə əsas verir ki, Dövlət Proqramında nəzərdə tutulmuş bütün müddəalar müvəffəqiyyətlə həyata keçiriləcək.
Xatırladaq ki, Dövlət Proqramı bir neçə istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirilməsini nəzərdə tuturdu: turizm sahəsində normativ hüquqi bazanın və dövlət tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi; turizm və rekreasiya zonalarında müvafiq infrastrukturun yaradılması; ölkənin turizm potensialından istifadə imkanlarının genişləndirilməsi; turizm sahəsinə yerli və xarici investisiyaların cəlb edilməsi; turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, yeni turizm marşrutlarının yaradılması; turizm sahəsi üçün kadr hazırlığı; Azərbaycanın milli-tarixi, mədəni və mənəvi irsinin, milli adət-ənənələrin dünyada təbliği, ayrı-ayrı regionların və şəhərlərin tarixini əks etdirən materialların nəşr etdirilməsi və yayılması, müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsi və s. Artıq bu istiqamətlərdə həyata keçirilən tədbirlər öz real nəticələrini vermişdir.
Qeyd etməliyik ki, xarici ölkələrlə turizm əlaqələri qurulması istiqamətində aparılan işlərin miqyası da xeyli genişlənmişdir. İkitərəfli və çoxtərəfli əməkdaşlıq bu sahədə öz müsbət nəticələrini verməkdədir. Çoxtərəfli əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsinin turizm siyasətinin prioritet istiqamətlərindən biri olduğunu nəzərə alaraq Mədəniyyət və Turizm Nazirliyi Ümumdünya Turizm Təşkilatı (BMÜTT), Avropa Şurası, İslam Konfransı Təşkilatı (İKT), Müstəqil Dövlətlər Birliyi (MDB), GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) və s. beynəlxalq təşkilatlarla turizm sahəsində əməkdaşlığın təşkil edilməsi, mövcud proqramlara qoşulma, beynəlxalq tədbirlərdə fəal iştirakın təmin edilməsi, həmçinin yeni təklif və layihələrin hazırlanması, əməkdaşlığa dair sənədlərin imzalanması istiqamətində mühüm fəaliyyətini davam etdirmişdir.
Azərbaycanın turizm imkanlarının xarici ölkələrdə təbliği məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müxtəlif vaxtlarda İtaliyanın “Classis Assoiation”, “Italian Multimedia Group Sri” şirkətlərinin, Cənubi Koreyanın “Educational Broadcasting System” dövlət televiziya kanalının, Rusiyanın “Kommersant FM” radiosunun və Yaponiyanın “Turistlərin cəlb olunmasına dair GUAM-ın vahid turizm məhsulu” layihəsi çərçivəsində kütləvi informasiya vasitələri nümayəndələrinin ölkəmizə press-turları təşkil edilmişdir. Bakı şəhərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Ümumdünya Turizm Təşkilatı (BMÜTT) və Azərbaycan Turizm Assosiasiyasının birgə təşkilatçılığı ilə “İpək yolunun tamı: kulinariya, mədəniyyət və turizm” adlı beynəlxalq konfrans keçirilmişdir.
Konfransda bir neçə ölkənin nümayəndələri iştirak etmişlər. Azərbaycan nümayəndə heyəti tez-tez beynəlxalq turizm sərgilərində iştirak etmiş, ölkəmizin turizm potensialını əks etdirən eksponatlar nümayiş etdirmişdir. Bakı şəhərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi dəstəyi ilə ənənəvi olaraq “AITF” beynəlxalq turizm və səyahətlər sərgisi keçirilir.
Ümumdünya Turizm Təşkilatının proqnozlarına görə, 13 dekabr 2012-ci il tarixinin simvolik olaraq dünya üzrə milyardıncı turistinin beynəlxalq səyahət tarixi kimi qeyd olunduğunu nəzərə alaraq, “Azərbaycan Hava Yolları”nın Bakı-London reysində uçan hər bir sərnişinə simvolik olaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müvafiq sertifikat təqdim edilmişdir. Bununla da Ümumdünya Turizm Təşkilatına üzv olan hər bir ölkə kimi, Azərbaycan da “Milyardıncı turist” aksiyasına qoşulmuşdur. Azərbaycanda ötən il də turizm sektoru sürətlə inkişaf etdirilmişdir.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın turizm imkanlarının daha səmərəli təbliğatını həyata keçirmək məqsədilə 2014-2016-cı illər üçün marketinq strategiyası hazırlanmışdır. Artıq marketinq strategiyasına uyğun olaraq Azərbaycan 2014-cü ildə bir neçə beynəlxalq turizm sərgisində iştirak etmişdir. Onlardan Türkiyə, Almaniya, Rusiya, Ukraynada keçirilən sərgiləri qeyd etmək olar. Bu ay isə Qazaxstanda keçiriləcək turizm sərgisində də Azərbaycan turizm potensialını nümayiş etdirəcək. Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytının yaydığı məlumata görə, bu ilin sonuna kimi ölkəmiz BƏƏ, Almaniya, Fransa, Böyük Britaniya və İspaniyada keçiriləcək sərgilərə də dəvət almışdır.
Azərbaycanda “Şahdağ” Xizək Kompleksi fəaliyyətə başlamışdır. Bu da əlamətdar hadisədir. Çünki heç bir dövrdə Azərbaycanda dağ-xizək mərkəzi olmamışdır. Dövlət onun yaradılmasının əsas texniki və maliyyə yükünü öz üzərinə götürmüşdür. 2013-cü il dekabrın 19-da ölkə Prezidentinin iştirakı ilə kompleksdə iki yeni otelin açılışı olmuşdur. Prezident İlham Əliyev yeni turizm obyektləri barədə demişdir: “Son beş il ərzində “Şahdağ” Xizək Kompleksi yaradılıbdır. Orada artıq dörd gözəl otel fəaliyyət göstərir, bir otel tikilir. “Tufandağ” xizək mərkəzi yaradılıbdır. Onun ətrafında ona yaxın otel, beynəlxalq aeroport tikilibdir. Biz Naftalanın keçmiş şöhrətini bərpa edirik. Naftalan vaxtilə ümumittifaq turizm mərkəzi idi. Bu gün biz bunu beynəlxalq turizm mərkəzinə çeviririk. Artıq iki gözəl otel fəaliyyət göstərir, üçüncüsü də tikilir. “Qalaaltı” müalicə mərkəzinin bərpası yekunlaşır. Bu da kurort turizminin inkişafı üçün çox vacib bir obyekt olacaqdır”.
Ölkəmizin əksər regionlarında yeni turizm obyektləri inşa olunur. Yeni müasir tipli mehmanxanalar tikilir. Hazırda Şamaxı rayonundakı “Şərədil” istirahət mərkəzində beşulduzlu otel, “Fəxriguşə” istirahət mərkəzinin bazasında və Pirqulu zonasında müasir standartlara uyğun yeni turizm obyektlərinin tikintisi gedir.
Azərbaycanın milli mədəniyyət abidələrinin bərpası və yenidən qurulması işləri davamlı olaraq həyata keçirilir. “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda konservasiya işləri yekunlaşmışdır.
Bu gün Azərbaycanın turizm marşrutları üzərində rayonlarda müxtəlif turist layihələri həyata keçirilir, bölgələrimiz beynəlxalq səviyyədə təbliğ olunur. Bu sırada “Böyük İpək yolu”, “Şərab yolu”, “Xalçaçılıq”, “Aleksandr Düma Qafqazda” və “Azərbaycanda alman məskənləri” layihələrini qeyd etmək olar. Sözügedən layihələr ölkəmizə gələn turistlərin sayının artırılmasına və çoxçeşidli turizm məhsulunun yaradılmasına xidmət edir.
Ötən il nazirliyin “elektron hökumət” Dövlət İnformasiya Sistemi" (EHDİS) portalına qoşulmaq üçün müvafiq işlər aparılmış, nazirliyin e-xidmətlər saytında (www.e-services.mct.gov.az) müxtəlif interaktiv xidmətlər göstərilmişdir. Hazırda turizm, mehmanxana, mehmanxana tipli obyektlərə və turizm fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslərə icazələrin, lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu yalnız e-xidmətlər vasitəsilə həyata keçirilir.
Turizm üzrə informasiya naviqasiya sisteminin təkmilləşdirilməsi işləri davam etdirilmişdir. Gomap.az portalına gündə 5000-dən çox istifadəçi daxil olur.
Azərbaycanın turizm potensialı olduqca zəngindir. Ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə qəbul edilmiş Dövlət Proqramı bu potensialdan daha səmərəli istifadə olunması üçün geniş imkanlar yaratmışdır. Ölkəmizdə turistlərin sayının ilbəil artması bunu bir daha sübut edir.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2014.- 23 may.- S. 6.