Görkəmli alim, unudulmaz müəllim, xeyirxah insan

 

İnsan təbiətin bir hissəsi olsa da, cansız və canlı aləmdə yalnız ona məxsus olan mənəvi dünyasının qüdrətinə arxalanaraq nisbi müstəqillik əldə etmişdir. Ayrıca bir fərd təbiətin müqabilində çox gücsüzdür, lakin insanlar mənəvi cəhətdən toparlanaraq təsirli qüvvəyə çevrilir, ətraf aləmə uyğunlaşır, onu bacardıqları qədər öz maraqlarına uyğunlaşdırırlar. Min illərdir ki, təbiətlə onun ali və dəyişdirici təbəqəsi olan cəmiyyət arasında bu mübarizə və uyğunlaşma davam edir.

 Zaman- zaman nəsillər bir-birini əvəz etsələr də, ötən cəmiyyətlərin biliyi-təcrübəsi bir az da artırılıb gələcəyə ötürülür. Kamil fərdlərin lokomotiv rolu oynayan bu fəaliyyəti və tutduqları yolda öz davamçılarını hazırlaması tarixi tərəqqinin magistral xəttinin hərəkətverici qüvvəsi olmuşdur. Belə şəxsiyyətlərin formalaşması üçün iki əsas mənəvi keyfiyyət— birlik və əxlaq əsas amillərdir. Bəşəri biliyi mənimsəyib, zənginləşdirib, sabaha ötürən elm adamları üçünsə üç keyfiyyət zəruridir: geniş bilik dairəsi, təfəkkür mədəniyyəti və nəcib hisslər.

Azərbaycan iqtisad elminin formalaşıb öz məktəbini yaratmasında, əldə edilən elmi uğurların ölkəmizin sivil inkişaf yoluna çıxmasına yönəldilməsində tarixi xidmətləri olan alimlərimizdən biriakademik Əhməd Mahmudov olmuşdur. Çağdaş iqtisadçılar nəslinin qayğıkeş və unudulmaz müəllimi olmuş bu insanın elmi məktəbinin istedadlı davamçıları bu gün müstəqil Azərbaycanın hərtərəfli inkişafı, tərəqqisi yolunda səmərəli xidmətlərini göstərirlər.

Gələcək nəsil, xüsusən yetirmələri üçün zəkasını şama çevirmiş, yoxluğunda belə varlığı qədər doğma olan görkəmli iqtisadçı-alim, böyük vətəndaş, nəcib insan Əhməd Ələkbər oğlunun xislətində əsl ziyalılıq, milli elitamızın həqiqi görüntüləri var idi. O, həyat nümunəsi və elmi yaradıcılığı ilə tanıyanların qəlbində silinməz izlər buraxmış, xalqına xidmətləri ilə şərəflənən zəngin və mənalı bir ömür yaşamışdır.

 Əhməd Mahmudovun elmi irsinə və həyatda tutduğu yüksək mövqeyə illər keçəndən sonra nəzər salan doğmaları, dostları, davamçıları haqlı iftixar hissi keçirir, xatirəsini həmişə əziz tuturlar. Tanıyanlar onu həmişə xalqımız üçün qənimət adamlardan hesab etmişlər. Əhməd müəllim çoxsaylı tələbələrinə həmişə öz övladı, mənəvi dünyasının daşıyıcıları kimi yanaşmış, onlara həqiqətə, halallığa, səadətə aparan yolu göstərmiş, bununla da piraniləşmiş, ölümsüzlüyə qovuşmuşdur.

Böyük müəllimimizin həyatda keçdiyi yola bir daha nəzər salaq. Mahmudov Əhməd Əkbər oğlu 1923-cü il may ayının 25-də Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. 1950-ci ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) uçot-statistika fakültəsini, 1954-cü ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının iqtisad bölməsinin (indiki EA-nın İqtisadiyyat İnstitutu) aspiranturasını bitirmişdir.

Gənc və perspektivli alim kimi o, 1956-1958-ci illərdə Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş elmi işçi, 1958-1964-cü illərdə həmin elm ocağının direktor müavini, 1964-cü ildən ömrünün sonunadək isə direktoru vəzifələrində çalışmışdır. Əhməd müəllim 1976-1988-ci illərdə Elmlər Akademiyası İqtisadiyyat İnstitutunda elmlər namizədi və doktoru alimlik dərəcəsi üzrə ixtisaslaşdırılmış şuranın sədri, 1981-1985-ci illərdə EA-nın tarix, iqtisadiyyat, fəlsəfə və hüquq bölməsi akademik katibinin müavini olmuşdur.

Akademik Əhməd Mahmudov Azərbaycanda aqrar-sənaye komplekslərinin iqtisadiyyatı, ictimai istehsalın intensivləşdirilməsinin iqtisadi problemləri, Naxçıvan MR-da kənd təsərrüfatının intensivləşdirilməsinin mahiyyəti və nəzəri əsasları, intensivləşdirmənin səviyyəsini müəyyən edən metodika və göstəricilər sistemi, onun əsas yolları, mənbə və xüsusiyyətləri sahəsində sistemli, səmərəli tədqiqatlar aparmışdır. Alim bir neçə kitab və monoqrafiyanın, 150-dən çox elmi məqalənin müəllifidir. Bir sıra mötəbər elmi şuraların, elmtexnika üzrə Respublika Dövlət Mükafatları Komitəsinin üzvü olmuşdur. Onun elmi kadrlar hazırlanmasında xidmətləri isə misilsizdir. Əhməd Mahmudov elmi uğurlarına, Vətənə xidmətlərinə görə keçmiş İttifaq dövlətinin nüfuzlu mükafatlarına layiq görülmüş, ordenmedallarla təltif edilmişdir.

 

Əhməd müəllim heç zaman insan taleyi ilə bağlı hadisələrə, irili-xırdalı məsələlərə biganə qala bilmirdi. O, həmişə deyirdi: Laqeydlik cəmiyyətə və bəşəriyyətə bəlalar gətirən ən zərərli mövqe kimi yalnız yaramazlıqlara yol açır.” Ölkədə sayılıb-seçilən alim kimi hamının hörmət etdiyi bu nüfuzlu insan yeri gələn zaman haqq sözünü deməkdən çəkinməzdi. O, xeyirxahlığı, nikbinliyi, qayğıkeşliyi ilə gənc alimlərə ruh verər, onları çalışmağa, axtarışa həvəsləndirərdi. Bu müdrik ziyalı bu günün tələbə və aspirantında sabahın alimi keyfiyyətlərini görür, onlara diqqətlə və həssaslıqla yanaşırdı. Alim hər hansı bir əsərin tənqidi araşdırmasına isə çox ciddi yanaşardı. Əsərin mahiyyətini pozmadan kənar elementləri uzaqlaşdırmaqla, yeni bir fikir və məna gətirməklə onu daha da qüvvətləndirərdi.

Əhməd Mahmudov elmdə xoşbəxt adam idiiqtisad elmləri doktoru elmi dərəcəsi, professor, akademik elmi titulu almışdı, əməkdar iqtisadçı fəxri adına layiq görülmüşdü. Onu təkcə Azərbaycanda deyil, keçmiş SSRİ-də də gözəl və səmimi insan, dərin zəkalı iqtisadçı kimi tanıyırdılar. Zəhmətkeşliyi və halallığı ilə hamının üzünə və gözünün içinə düz baxır, başını hər kəsin qarşısında uca tuturdu.

AMEA-nın akademiki, iqtisad elmləri doktoru, professor Əhməd Mahmudov 1989-cu il may ayının 8-də Bakı şəhərində əbədiyyətə qovuşmuş, xalqımızın ən dəyərli övladlarının uyuduğu Fəxri Xiyabanda dəfn olunmuşdur.

Unudulmaz müəllimimi tez-tez xatırlayır, Fəxri Xiyabana gəlir, məzarını ziyarət edirəm. Əhməd müəllim bir çox başqaları kimi, mənim də həyatımda, arzularımın həqiqətə çevrilməsində böyük rol oynamışdır. O öz doğmalarına   necə baxırdısa, başqalarına da eyni səmimiliklə yanaşırdı. Ona görə də çox ürəklərdə yuva qurmuşdu.

Sevimli müəllimimi xatırlayarkən son vaxtlar ürəyimdən bir istək də keçir: “Kaş, AMEA-nın İqtisadiyyat İnstitutuna Əhməd Əkbər oğlu Mahmudovun adının verildiyi günü görəydim”. Əhməd Mahmudovun işıqlı xatirəsi illərdir ki, qəlbimizi isidir, bizi həyatda onun kimi əməlpərvər və xeyirxah olmağa çağırır.

 

 

Xanhüseyn KAZIMLI,

 

Milli Məclisin deputatı, iqtisad elmləri doktoru, professor

 

Xalq qəzeti.- 2014.- 24 may.- S. 4.