Müsəlman
Şərqində ilk respublika – Azərbaycan Xalq Cümhuriyyəti
1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası Azərbaycanın müstəqilliyi haqqında “İstiqlal bəyannaməsi”ni qəbul etdi. Milli Şuranın 24 səslə (iki nəfər - Sultan Məcid Qənizadə və Cəfər bəy Axundov bitərəf qaldı) qəbul etdiyi qərar və altı bənddən ibarət “İstiqlal bəyannaməsi”, yaxud “Misaği-milli” (əqdnamə) Azərbaycan millətinin varlığını bütün dünyaya bəyan etdi.
Beləliklə, Azərbaycan dövlətçiliyi tarixində ilk Konstitusiya aktı - “İstiqlal bəyannaməsi”nin qəbulu ilə Azərbaycan dövlətçiliyi Xalq Cümhuriyyəti formasında elan olundu. Bu hüquqi və siyasi sənəddə müstəqil Azərbaycan dövlətinin yarandığı bəyan edildi, onun hakimiyyətinin şamil olunduğu ərazinin hüdudları müəyyənləşdirildi, həmçinin dövlətin əsas fəaliyyət prinsipləri öz əksini tapdı. “İstiqlal bəyannaməsi”ndə demokratik dövlətə məxsus atributların - hakimiyyətin xalqa mənsub olması, vətəndaşların mülki və siyasi hüquqlarının təmsil edilməsi, bütün xalqların və hər bir kəsin milli, dini, sinfi, silki və cinsi mənsubiyyətindən asılı olmayaraq, azad inkişafı üçün şərait yaradılması, ən nəhayət, hakimiyyətin bölünməsi kimi prinsiplərin dövlət fəaliyyətinin əsası kimi bəyan edilməsi Azərbaycan xalqının suveren, demokratik, hüquqi dövlət yaratmaq əzmində olduğunu bütün bəşəriyyətə nümayiş etdirdi. Bu sənəd Azərbaycan millətinin millət-mədəniyyət statusundan tamamilə başqa siyasi-hüquqi və mənəvi-psixoloji statusa – millət-dövlət statusuna qədəm qoyduğunu göstərdi. Mayın 30-da Azərbaycanın öz müstəqilliyini elan etməsi barədə dünyanın əsas siyasi mərkəzlərinə radio-teleqrafla məlumat verildi.
“İstiqlal bəyannaməsi”ni qəbul edən Milli Şura Azərbaycan hökumətini təşkil etməyi bitərəf Fətəli xan Xoyskiyə tapşırdı. İlk hökuməti “Müsavat”, Müsəlman sosialist bloku, “Hümmət”, “İttihad” və bitərəflərdən ibarət 9 nazir təmsil edirdi.
Cənubi Qafqazın özünü müstəqil elan etmiş üç dövləti – Azərbaycan, Gürcüstan və Ermənistanın nümayəndələri Batumda Osmanlı dövləti ilə danışıqlar apararaq iyunun 4-də ayrı-ayrılıqda müqavilə imzaladılar. Müqaviləni Azərbaycan tərəfindən Milli Şuranın sədri M.Ə.Rəsulzadə və xarici işlər naziri M.Hacınski imzaladılar. Müqavilənin şərtləri Ermənistan və Gürcüstan üçün çox ağır idi, Azərbaycanla Osmanlı dövləti arasında isə “daimi sülh və dostluq münasibətləri”ni bərqərar edirdi. Yeni yaranmış Azərbaycan hökumətinin xahişinə cavab olaraq, Osmanlı hökumətinin hərbi naziri Ənvər paşa ilk yardım kimi Azərbaycana 2 milyon türk lirəsi həcmində kredit ayırmışdı, Azərbaycanda olan türk ordusunun ehtiyaclarına hər ay 50 min lirə xərclənirdi. Bununla yanaşı, Ənvər paşa İstanbulda M.Ə.Rəsulzadə ilə görüşündə Azərbaycan Milli Ordusunun təşkil edilməsinin vacibliyini xüsusi qeyd etmişdi.
1918-ci il iyunun 16-da Azərbaycan Milli Şurasının və hökumətin Gəncəyə köçməsi ilə əlaqədar milli qüvvələr arasında mübarizə kəskinləşdi.
Mövcud siyasi böhranı aradan qaldırmaq üçün Azərbaycandakı türk qoşunları rəhbərliyi ilə Azərbaycan Milli Şurası arasında güzəştli bir qərar qəbul olundu: Milli Şura buraxılır, ali qanunverici və icraedici hakimiyyət Fətəli xan Xoyski kabinetinin əlində cəmləşir.
İyun böhranı nəticəsində fəaliyyətini müvəqqəti olaraq dayandıran Milli Şura öz tarixi missiyasını – Azərbaycanın dövlət müstəqilliyini çox çətin və mürəkkəb bir mərhələdə qoruyub saxlamaq vəzifəsini yerinə yetirdi. İyunun 17-də axşam Gəncədə F.Xoyskinin rəhbərlik etdiyi ikinci hökumət təşkil edildi. İyunun 19-da Azərbaycanda yaranmış gərgin vəziyyəti nəzərə alaraq, hökumət bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan etdi. İyunun 26-da Azərbaycan Milli Ordusunun yaradılması haqqında fərman verdi. Almanların Bakı neftinə xüsusi maraqları olduğundan Bakının tutulmasına mane olmaq məqsədilə osmanlıların beşinci diviziyasının Gürcüstan dəmir yolu ilə Gəncəyə gəlməsini qadağan etdilər. Ona görə də Qafqaz diviziyası Mürsəl paşanın rəhbərliyi ilə Gümrü-Dilican-Ağstafa yolunu döyüşlə keçməyə məcbur oldu. Azərbaycan əhalisi Osmanlı qoşunlarını böyük sevinclə qarşılayır və onların gəlişini bayram edirdilər.
Osmanlıların beşinci piyada diviziyası və general Ə.Şıxlinskinin başçılıq etdiyi müsəlman milli korpusu əsasında Qafqaz-İslam Ordusu təşkil edildi. Nuru paşanın rəhbərlik etdiyi bu orduya türklərdən və azərbaycanlılardan ibarət 18 min əsgər və zabit daxil idi.
Qafqaz-İslam Ordusu vasitəsilə Azərbaycan hökuməti öz hakimiyyətini tezliklə yerlərdə yaya bildi, ucqarlarda dövlət orqanları yaratmağa başladı. Bakı Xalq Komissarları Sovetinin liderləri Azərbaycan Xalq Cümhuriyyətini “bələkdə ikən boğmaq” üçün yollar arayırdılar. Hələ Gəncə üzərinə yürüşə başlamazdan əvvəl Leninin tapşırığı ilə Şaumyan türk qoşunlarının Azərbaycana yolunu bağlamaq üçün Gürcüstan hökumətinin başçısı Cordaniyaya müraciət etdi. Şaumyan Cordaniyaya vəd edirdi ki, əgər Gürcüstan türk qoşunlarını öz ərazisindən Azərbaycana buraxmasa, Sovet Rusiyası onun müstəqilliyini tanıyacaqdır.
Azərbaycanın şərqində kommunist diktaturası yaradan Şaumyan Bakı Sovetinin ixtiyarında olan 18 min döyüşçü ilə Cənubi Qafqazdakı milli hərəkatı boğmaq üçün qəti hücuma başladı. Tamamilə erməni daşnak qüvvələrindən təşkil olunmuş ordu müsəlman əhalisinə qarşı hər cür amansızlığa yol verirdi.
İyunun 10-da Bakı Sovetinin Gəncə istiqamətində yürüşləri başlandı. İyunun 12-də Kürdəmiri işğal edən Bakı Soveti qüvvələri Göyçaya yaxınlaşdılar. İki həftədən çox davam edən qanlı döyüşlər Türkiyədən göndərilən əlavə qüvvələrin və Azərbaycan könüllüləri hesabına Qafqaz-İslam Ordusunun qələbəsi ilə nəticələndi. Qafqaz-İslam Ordusunun Göyçay ətrafındakı qələbəsi Azərbaycanın şərq hissəsini, o cümlədən Bakını bolşevik-daşnak işğalından azad etmək uğrunda apardığı şərəfli mücadilədə dönüş nöqtəsi oldu. Bu döyüşlərdə Bakı Soveti qoşunlarına elə ağır zərbələr vuruldu ki, onlar bir daha özlərinə gələ bilmədilər. Qafqaz-İslam ordusu bolşevik-daşnak birləşmələrini darmadağın edərək Bakı istiqamətində azadlıq yürüşünə başladı. İyulun 20-də bu istiqamətdə mühüm strateji məntəqə olan Şamaxı şəhəri azad edildi. İyulun sonunda S.Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti istefa verməyə məcbur oldu. 1918-ci il avqustun 1-də Bakıda eser, menşevik və daşnaklardan ibarət “Sentrokaspi” diktaturası adlanan mürtəce bir qurum yaradıldı. İngilislərin Bakıya çağırılması da “Sentrokaspi” diktaturasını xilas edə bilmədi. Qafqaz-İslam Ordusu sentyabrın 15-də Bakı üzərinə həlledici hücuma başladı. Şəhər böyük müqavimət hesabına alındı və Azərbaycan hökuməti sentyabrın 17-də Bakı şəhərinə köçdü. 1918-ci il mayın 28-dən sonrakı dövrdə Azərbaycanın həyatında ikinci mühüm hadisə baş verdi: Bakı azad edildi və Azərbaycan hökuməti tam heyətdə əsl paytaxtda qərarlaşdı. Azərbaycan torpaqlarının azad olunmasında Qafqaz-İslam Ordusu 4 min əsgər və zabit şəhid verdi.
Azərbaycanda siyasi hadisələrin inkişafı daxili proseslərdən daha çox dünyanı lərzəyə gətirən Birinci Dünya müharibəsinin gedişindən və nəticələrindən asılı idi. İki hərbi qruplaşma arasında gedən imperialist müharibəsində Azərbaycan öz mənafeyi baxımından Osmanlı dövlətinin qalib gəlməsini arzulayırdı. Lakin hadisələr başqa cür cərəyan edirdi. Türkiyə ilə Antanta dövlətləri arasında 1918-ci il 30 oktyabr tarixli Mudros müqaviləsinə görə məğlub sayılan Osmanlı qüvvələri Bakını tərk etməli, Antanta qüvvələri tərəfindən Bakının tutulmasına mane olmamalı, Zaqafqaziya dəmir yolu üzərindəki nəzarət hüququnu Antantaya güzəştə getməli idi. İranın Ənzəli limanında yerləşən ingilis hərbi hissələri müttəfiqlər adından Bakını tutmalı idi. Ənzəliyə danışıqlar aparmaq üçün gələn Azərbaycan nümayəndə heyəti ingilis hərbi hissələrinin komandanı general Tomsona Azərbaycan ərazisinə daxil olmazdan əvvəl AXC-ni tanımaq haqqında bəyanat verilməsini təklif etdi. Lakin general Tomson bu təklifi rədd etdi və bildirdi ki, “Azərbaycan Respublikası türklərin intriqası nəticəsində yaranmışdır və xalq arasında heç bir dayağa malik deyildir. Bir halda ki, siz bunun əksini iddia edirsiniz, onda hər şeyi yerində yoxlayıb, buna münasib də qərar verərik. Müttəfiqlər dağıtmaq üçün yox, qurmaq üçün gəliblər”.
V.Tomson bəyanat verərək elan etdi ki, noyabrın 17-si səhər saat 10-a qədər Bakı şəhəri Azərbaycan və türk ordularından təmizlənməlidir: Bakı və onun neft mədənləri ingilislərin nəzarəti altına keçəcəkdir, ölkənin qalan hissəsi isə Azərbaycan hökumətinin və ordusunun nəzarəti altında olacaqdır. Azərbaycan rəsmi şəkildə tanınmır, lakin İngiltərə, Fransa və ABŞ nümayəndələri onun hökuməti ilə de-fakto əlaqə yaradacaqlar, bütün idarə və təşkilatlar bəzi dəyişikliklərlə fəaliyyət göstərəcəklər. General Tomson Bakının general-qubernatoru olacaq, ingilislər şəhər polisinə rəhbərlik edəcək, şəhər duması yenidən azad fəaliyyətə başlayacaq, Azərbaycan Paris Sülh Konfransında milli müqəddaratını təyinetmə prinsipi əsasında iştirak edəcək, L.Biçeraxov və onun dəstələri Britaniya ordusu ilə birlikdə Bakıya daxil olacaq və nəhayət, silahlı erməni dəstələri şəhərə buraxılmayacaqdır.
Azərbaycan nümayəndə heyətinin Ənzəli danışıqları əhəmiyyətsiz olmadı. Ən əsası ona görə ki, Azərbaycanın Paris sülh konfransında iştirak edəcəyi, Bakıya erməni hissələrinin daxil olmayacağı barədə general Tomson öz üzərinə təəhhüdlər götürürdü.
Noyabrın 17-də Tomsonun hərbi dəstələrinin
Bakıya gəlişini şəhər əhalisi eyni cür
qarşılamadı. Rus və erməni milli şuralarının
tərəfdarları sevinc içərisində idilər.
Biçeraxov təyyarələrdən “Rusiya vətəndaşlarına”
adlı intibahnamələr səpir, xristian əhalisini
Bakının “ana Vətənə qovuşması” münasibəti
ilə təbrik edirdi. General Tomsonun da iki gün sonra
yaydığı bəyannamə eyni ruhda idi. General
Biçeraxov daha irəli gedərək qurama “Qafqaz-Xəzər”
hökuməti yaratdı, Bakıda çevriliş təşkil
etmək üçün geniş fəaliyyətə
başladı. Bakıdakı erməni və
rus milli şuraları A.Biçeraxovun gəlişi ilə
bağlı belə bir şayiə yayırdılar ki, guya, Azərbaycan
deyilən dövlət yoxdur, yalnız Rusiya vardır. Azərbaycan hakimiyyəti devrilməli və o,
Biçeraxovun başçılıq etdiyi Xəzəryanı
hökumətlə əvəz edilməlidir. Milli Şura hazırkı fövqəladə şəraitdə
Müəssislər Məclisinin
çağırılmasının qeyri-mümkünlüyü
ilə əlaqədar özünü parlamentə çevirməyi
qərara aldı. Qanunların hazırlanması üzərində
işləyən müvafiq komissiyanın Azərbaycan
parlamentinin yaradılması haqqında qanun layihəsi Milli
Şura tərəfindən 1918-ci il
noyabrın 20-də qəbul edildi.
Noyabrın
16-da Milli Şura beş aylıq fasilədən
sonra yenidən fəaliyyətə başladı. Azərbaycan hökuməti təhrikçi
hücumlara baxmayaraq, dövlət quruculuğu işini davam
etdirir, parlamentin açılışına
hazırlaşırdı. Parlament
açılanadək onun funksiyasını Milli Şura yerinə
yetirirdi. Parlamentin əsas özəyini
keçmiş Milli Şuranın 44 üzvü təşkil
edirdi. Daha 36 deputat isə keçmiş
milli komitələrin xətti ilə şəhər və qəzalarda
seçilmişdi. Azərbaycan parlamenti 120 deputatdan ibarət
olmalı, milli tərkibə uyğun olaraq 80 yer azərbaycanlılara,
21 yer ermənilərə, 10 yer ruslara verilməli idi. Yəhudi,
alman, gürcü və polyak icmasının hərəsi
üçün 1 yer, Həmkarlar İttifaqı Şurası
və Neft Sənayeçiləri İttifaqı
üçün 3 yer nəzərdə tutulmuşdu. Respublika ərazisində yaşayan bütün
xalqların və hər iki cinsdən olan vətəndaşların
seçki hüququ təsbit edildi. Azərbaycan
bütün Şərqdə qadınlara seçki hüququ
verən ilk dövlət oldu.
1918-ci il dekabrın 7-də Azərbaycan parlamenti təntənəli
iclasla açıldı. F.Xoyski hakimiyyəti parlamentə təhvil
verdi. Ciddi müzakirələrdən
sonra Türkiyədə danışıqlar aparan
Ə.M.Topçubaşov parlamentin sədri, H.Ağayev sədrin
birinci müavini, R.Vəkilov isə katib seçildilər.
Parlamentin qarşısında duran mühüm vəzifələrdən
biri yeni hökuməti təşkil etmək idi. Hökumətin təşkili yenidən F.Xoyskiyə
tapşırıldı. Dekabrın 26-da
hökumətin tərkibi elan edildi. Koalisyon
hökumətin tərkibində 3 nəfər rus var idi, ermənilər
isə onlara təklif olunan 2 nazir kürsüsündən
imtina etdilər.
Yeni hökumətin təşkilindən iki gün sonra
dekabrın 28-də müttəfiqlərin Bakıdakı
nümayəndəsi general V.Tomson elan etdi ki, F.Xoyskinin
başçılığı ilə yaradılmış Azərbaycan
hökumətini yeganə qanuni hakimiyyət orqanı hesab edir. General
V.Tomsonun rus Milli Şurasına Azərbaycan hökumətini
tanımaq təklifi bu qurum tərəfindən qəbul edilmədi.
Biçeraxovun
dəstəsinin dövlət çevrilişi cəhdinin
üstü açıldıqdan sonra Azərbaycan hökumətinin
tələbi ilə general V.Tomson “Qafqaz-Xəzər” hökumətini
qanundan kənar elan edib, 48 saat müddətində Bakıdan
uzaqlaşdırdı, daha sonra isə erməni hərbi hissələri
tərksilah edilib buraxıldı.
Beləliklə,
1918-ci ilin dekabrından etibarən ingilis komandanlığı
Bakıda qoyulan məhdudiyyətləri tədricən
azaltmağa başladı: Azərbaycan polisi, su nəqliyyatı
və neft sənayesi, maliyyə idarələri, mətbuat
üzərində nəzarət ləğv olundu. 1919-cu ilin aprelində Bakıda ingilis
general-qubernatorluğunun ləğvi ilə əlaqədar Gəncədə
təşkil olunmuş ilk Azərbaycan alayı paytaxta daxil
oldu və xalq onu təntənə ilə qarşıladı.
1919-cu
ilin aprelindən başlayaraq ingilislər Paris Sülh
Konfransının şərtlərinə uyğun olaraq,
Qafqazı tərk etməyə başladılar və bu proses
avqustun ortalarında başa çatdı. Azərbaycan
hökuməti ingilis müdaxiləsi qarşısında nəinki
öz varlığını qoruya bildi, həm də ingilis
komandanlığını şəhərin idarəçiliyindən
uzaqlaşdırmağa nail oldu. Lakin
ingilislərin Bakını tərk etməsi, bir tərəfdən,
Azərbaycanın müstəqilliyini möhkəmləndirirdisə,
digər tərəfdən, Sovet Rusiyasının
keçmiş imperiyanı əvvəlki sərhədlər
çərçivəsində bərpa etmək istəyini
sürətləndirdi. Qafqazda
yaranmış müstəqil dövlətlər arasında
mövcud olan ziddiyyətlər, ilk növbədə, ərazi-sərhəd
məsələlərindəki ziddiyyətlər xarici təhlükəni
reallaşdırırdı.
1919-cu il aprelin 25-də Tiflisdə Azərbaycan,
Dağıstan, Gürcüstan və Ermənistan nümayəndələrinin
iştirakı ilə Qafqaz Konfransı işə
başladı. Konfransda siyasi, iqtisadi və maliyyə
məsələləri, eləcə də sərhəd
problemləri müzakirə olundu. Konfransın
gedişində bu ölkələr arasında ərazi-sərhəd
məsələləri ilə bağlı kəskin ziddiyyətlərin
mövcud olması üzə çıxdı. Keçmiş çar generalı Denikinin
könüllü ordusunun Dağıstana hücumu ilə
konfrans öz işini dayandırmağa məcbur oldu.
“Vahid və bölünməz Rusiya” sərhədlərini
bərpa etmək iddiasında olan Denikin 1919-cu ilin yazında
Dağıstan Dağlılar Respublikasına soxularaq Dərbəndi
işğal etdi. Çar generalının Azərbaycana
qarşı təcavüzkar niyyətdə olduğu aşkara
çıxdı. Parlamentin fövqəladə
iclasında qəbul olunmuş qərara əsasən, sərhədlərin
təhlükəsizliyini təmin etmək məqsədilə
Dövlət Müdafiə Komitəsi yaradıldı və
bütün hakimiyyət onun ixtiyarına keçdi.
Denikin təhlükəsi Gürcüstanı da ciddi
narahat etdiyindən iyunun 16-da Gürcüstanla Azərbaycan
arasında hərbi müdafiə paktı imzalandı. Bu pakta görə,
Azərbaycan və Gürcüstanın istiqlaliyyətinə və
ərazi bütövlüyünə hər hansı dövlət
tərəfindən təcavüz olunduğu təqdirdə
onlar bir-birinə hərbi yardım göstərməli idilər.
Üç il müddətinə
bağlanan hərbi pakta Ermənistan iki həftə ərzində
qoşula bilərdi. Lakin Ermənistan Denikinlə
gizli müqavilə imzalamağı daha üstün tutdu.
Hərbi pakta görə, Azərbaycan Gürcüstandan 12
kiçik top, 12 dağ topu, 24 pulemyot, 3 min
beşaçılan tüfəng, 211 qılınc, 795 nizə
və s. hərbi ləvazimat aldı.
Birinci Dünya müharibəsi 1918-ci ilin noyabrında
başa çatsa da, onun nəticələrini
reallaşdırmaq uzun bir vaxt tələb edirdi. Qalib dövlətlər
müharibədən sonrakı dünyanın vacib məsələlərini
həll etmək üçün Parisdə beynəlxalq
sülh konfransının çağırılmasına qərar
verdilər.
Azərbaycan parlamenti Paris Sülh Konfransında
iştirak etmək üçün tam səlahiyyətli və
geniş hüquqlara malik nümayəndə heyəti göndərmək
haqqında qərar qəbul etdi. Nümayəndə heyətinə
rəhbərlik parlamentin sədri Ə.M.Topçubaşova
tapşırıldı. Azərbaycan nümayəndə
heyətinin Paris Sülh Konfransında iştirak etməkdə
əsas məqsədi dünya dövlətləri tərəfindən
Azərbaycan Xalq Cümhuriyyətinin tanınmasına nail olmaq
idi. Konfransda iştirak etmək üçün
1919-cu ilin yanvarından icazə gözləyən Azərbaycan
nümayəndə heyəti üç aylıq gərgin
diplomatik-siyasi mübarizədən sonra ingilislərin köməyi
ilə mayın əvvəllərində Parisə gedib
çıxa bildi. Mayın 28-də Azərbaycan
nümayəndə heyətini ABŞ Prezidenti V.Vilson qəbul
etdi. Vilsona təqdim edilmiş memorandumda Azərbaycan
respublikasının yaranma tarixi, onun bir ildə azadlıq
yolunda verdiyi qurbanlardan bəhs olunurdu. Memorandumda göstərilirdi
ki, bu mübarizədə Azərbaycanın iki şəhəri
və 500 kəndi dağıdılmış, 150 min nəfərə
qədər sakini qurban getmişdir. Təkcə
İrəvan quberniyasında qısa bir müddət ərzində
200 müsəlman kəndi yandırılmış və 200
min nəfər müsəlman evsiz-eşiksiz
qalmışdır. ABŞ Prezidentindən
Azərbaycan istiqlaliyyətinin tanınması, Vilson prinsiplərinin
(1. Hər bir millət xarakterindəki
intellektual və mənəvi-dini xüsusiyyətlərinə
görə seçilməlidir; 2. Hər
bir millət öz taleyini müəyyən etməyə qadir
olduğunu göstərməlidir; 3. O, öz xərclərini
ödəmək üçün iqtisadi, təbii və maliyyə
vasitələrinə malik olmalıdır; 4. O,
özünü xarici təcavüzdən qoruya bilməlidir;
5. O, tabe olduğu ölkənin hökumətinin
zülmündən əziyyət çəkmiş
olmalıdır) Azərbaycana aid edilməsi, Azərbaycanın
Millətlər Cəmiyyətinə qəbul edilməsi,
ABŞ-ın Azərbaycana hərbi sahədə yardım
göstərməsi, ABŞ-la Azərbaycan arasında diplomatik
və iqtisadi əlaqələrin bərqərar edilməsi məsələlərində
Azərbaycan nümayəndə heyətinə kömək
göstərilməsi xahiş olunurdu. Lakin ermənipərəst
V.Vilson Azərbaycan nümayəndə heyətini soyuq
qarşıladı, nümayəndə heyətinə
konfederasiya ideyasını müdafiə etməyi, Millətlər
Cəmiyyətinin mandatı ilə böyük dövlətlərdən
birinin bu konfederasiya üzərində qəyyumluğunu qəbul
etməyi məsləhət gördü. Konfederasiya
məsələsinə Azərbaycan və qismən də
gürcü nümayəndə heyəti müsbət
yanaşırdı. Bu işin
reallaşmasına əngəl olan isə erməni nümayəndə
heyətinin pozuculuq fəaliyyəti idi. Ermənilər
Paris Sülh Konfransı rəhbərliyindən tələb
edirdilər ki, Birinci Dünya müharibəsinin Antantanın
xeyrinə qələbə ilə başa çatmasında
onların böyük xidmətlərini nəzərə
alaraq, qalib dövlətlər “Böyük Ermənistan”ın
yaradılmasında ermənilərə yardımçı
olmalıdırlar. Guya, Qafqazda rus ordusunun tərkibində
180 min, Avropada isə 15 min erməni könüllüsü
müttəfiqlərin “müqəddəs işi” uğrunda
mübarizə aparmışdır. Ermənilər
Türkiyənin 7 şərq vilayəti, İrəvan
quberniyası, Tiflis və Yelizavetpol (Gəncə)
quberniyalarının cənubunu və Qars torpaqlarından ibarət
böyük bir ərazini tələb edirdilər. Bundan əlavə, ermənilər 19 milyard frank həcmində
müharibə təzminatı almaq istədiklərini də
gizlətmirdilər. Yeri gəlmişkən,
ermənilərin bu əsassız iddialarını Paris, London,
xüsusilə də Vaşinqton qızğın müdafiə
edirdi.
Erməni millətçilərinin “Dənizdən-dənizə
Böyük Ermənistan” planına Qərbi Azərbaycan və
Naxçıvan torpaqları da daxil idi. 1918-ci ilin yazında təkcə
Sisian mahalında 50 min müsəlman ev-eşiyindən qovulmuş,
115 kənd dağıdılmış və
yandırılmış, 10038 nəfər
öldürülmüş və yaralanmışdı.
Onlardan 7729 nəfəri (3257 kişi, 2276 qadın və 2196
uşaq) məhv edilmiş, 2309 nəfəri isə (1060
kişi, 764 qadın və 485 uşaq) şikəst edilmiş,
qəzanın azərbaycanlı əhalisinə üst-üstə
bir milyard manat maddi ziyan dəymişdi.
1918-ci ilin yazında Andranik 800 nəfərlik quldur dəstəsi
ilə Naxçıvan bölgəsinə hücuma
keçdi.
Yerli əhaliyə kömək məqsədilə həmin il avqustun 7-də türk paşası Kazım
Qarabəkir Naxçıvana daxil oldu. Bununla da
erməni-daşnak qüvvələrinin Naxçıvan
torpaqlarındakı özbaşınalığına son
qoyuldu. Mudros barışığından
sonra Osmanlı qüvvələri noyabrın 11-də
Naxçıvanı tərk etməyə məcbur oldu. Yerli əhali erməni təcavüzündən
qorunmaq üçün 1918-ci ilin noyabrında Araz-Türk Respublikasının
yaradıldığını elan etdi. 1919-cu ilin martına kimi fəaliyyət göstərən
Araz-Türk Respublikası Naxçıvan bölgəsinin ermənilərin
işğalı altına keçməsinə imkan vermədi.
Azərbaycan hökuməti də Naxçıvanın
müdafiəsi üçün ciddi tədbirlər
görürdü. 1919-cu il fevralın 28-də Azərbaycan
Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə
Naxçıvan general-qubernatorluğu yaradıldı. Bəhram xan Naxçıvanın general-qubernatoru təyin
edildi.
Ermənilərin Naxçıvan torpaqlarına yiyələnmək
cəhdləri 1919-cu ilin yazında daha da gücləndi. Naxçıvan
əhalisi bu qərara qəti etirazını bildirdi. İyulun 25-də Naxçıvan əhalisi erməni
qoşunlarını əzərək onları
qaçmağa məcbur etdi.
1920-ci il martın 21-də İran Azərbaycan
dövlətini müstəqil dövlət kimi tanıyaraq
onunla dostluq haqqında müqavilə imzaladı.
Nəhayət,
1920-ci il yanvarın 11-də Parisdə
Müttəfiq Dövlətlərin Ali Şurası Azərbaycanın
istiqlaliyyətinin de-fakto tanınması haqqında yekdilliklə
qərar qəbul etdi. Yanvarın 14-də bu xəbər
Azərbaycana çatdırıldı və parlament onu təntənəli
şəkildə qeyd etdi. Millət vəkilləri
və parlamentin iclasında iştirak edən xarici ölkələrin
diplomatik nümayəndələri istiqlal yolunda qurban
getmiş Vətən oğullarının və Osmanlı əsgərlərinin
xatirəsini yad etdilər. Bu hadisə
münasibətilə ümumi amnistiya elan edildi.
Yanvarın 19-da Azərbaycanın və
Gürcüstanın rəsmi nümayəndələri Paris
Sülh Konfransı Ali Şurasının iclasına dəvət
edildilər. Antanta Cənubi Qafqazın yeni dövlətlərini
tanımaqla onları xarici təcavüzdən qorumaq
üçün öz üzərinə öhdəliklər
götürdü. Azərbaycan tərəfi ABŞ və
Avropa dövlətlərindən alınması nəzərdə
tutulan 100 parovoz, 2 min ədəd çən, 500 bağlı
vaqon müqabilində 200 milyon pud ağ neft, eləcə də
pambıq, yun, ipək, gön-dəri məhsulları göndərməyi
öhdəsinə götürdü.
(ardı var)
Anar
İSGƏNDƏROV,
Bakı Dövlət Universitetinin
kafedra müdiri,
tarix elmləri doktoru, professor
Xalq qəzeti.-
2014.- 24 may.- S. 5.