Horadiz şəhərində “Dövlət
gənclər siyasətində Qarabağ
gənclərinin rolu” mövzusunda
toplantı
Toplantının Horadiz şəhərində, Heydər Əliyev Mərkəzində keçirilməsi heç də təsadüfi deyildi. Məsələ burasındadır ki, ölkəmizdə dövlət gənclər siyasəti, Gənclər Gününün qeyd olunması və s. xalqımızın böyük oğlu, ulu öndər Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Digər tərəfdən, toplantının keçirildiyi Horadiz şəhəri, o cümlədən 22 kənd ulu öndərin xalqa tarixi müraciətindən sonra Azərbaycan silahlı qüvvələrinin güclü əks-hücumu nəticəsində düşmən tapdağından azad edilmişdir.
Toplantıda YAP gəncələr təşkilatının rəhbərləri, Şuşa, Laçın, Ağdam, Qubadlı, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Ağcabədi, Beyləqan, Zəngilan və İmişli rayonlarından dəvət olunmuş gənclər, hərbi hissələrin əsgərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Əvvəlcə gənclər və qonaqlar ulu öndərin abidəsi önünə gül dəstələri düzdülər, parkda təşkil edilmiş sərgiyə baxdılar.
YAP Füzuli gənclər birliyinin sədri Tural Nəbiyev “Dövlət gənclər siyasətində Qarabağ gənclərinin rolu” mövzusunda məruzə etdi. Natiq bildirdi ki, ulu öndər ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı kimi sağlam düşüncəli yeni nəsil yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi, onların sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatda iştirakının təmin edilməsini vacib məsələlərdən biri elan etmişdi. Bu məqsədlə ulu öndərin fərmanı ilə 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradılmışdı. 1995-ci ildə isə o, Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürmüşdü. 2 fevral 1996-cı ildə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilmişdi.
1 fevral 1997-ci ildə isə forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Heydər Əliyev “2 fevral Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında” sərəncam imzalamışdı. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. 2 fevral 1998-ci ildə Heydər Əliyev Azərbaycan Gəncləri Gününün ilk ildönümü münasibətilə keçirilən bədii-idman bayramında çıxış etmiş və gənclərə müraciətlə bildirmişdi: “Əmin ola bilərsiniz ki, Azərbaycan gənclərinin yaxşı yaşaması, təhsil alması üçün, yaxşı əmək fəaliyyəti göstərməsi üçün bundan sonra da əlimizdən gələni edəcəyik.”
II forumda gənclərə müraciət edən ümummilli lider demişdir: “Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun!”
1999-cu ildə Prezident Heydər Əliyevin imzaladığı “Dövlət gənclər siyasəti haqqında” fərman çox geniş spektri – gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, onların asudə vaxtının təşkili, problemlərinin həlli, hüquqlarının müdafiəsi, respublikanın ictimai-siyasi və mədəni həyatında iştirakı ilə bağlı məsələləri əhatə edir. Həmin sənədə müvafiq olaraq “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və 9 aprel 2002-ci il tarixdə Prezident Heydər Əliyev tərəfindən imzalanmışdır.
Toplantıda daha sonra bildirildi ki, Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı, Prezident İlham Əliyev də gənclər siyasətini daim diqqətdə saxlayır. Onun imzaladığı “Azərbaycan gəncliyi Dövlət Proqramı”na gənclər arasında hüquq pozuntularının, narkomaniyanın və digər zərərli vərdişlərin profilaktikası sahəsində tədbirlərin görülməsi, gənclərin sağlamğının qorunması sahəsində tədbirlərin həyata keiçrilməsi, kütləvi bədən tərbiyəsinin və idmanın inkişaf etdirilməsi, ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirakı, uşaq və gənclər üzrə təşkilatların formalaşması, inkişafı üçün şəraitin yaradılması kimi vəzifələr daxil edilmişdir.
Məruzədə göstərildiyi kimi, hazırda Füzuli rayon əhalisinin 30 mindən artığı gənclərdir. Onların isə 2200- dən çoxu YAP üzvüdür. Ərazisinin 70 faizindən çoxu hələ də düşmən tapdağında olan Füzuli rayonunda vətənpərvərlik tərbiyəsi yüksək səviyyədə təşkil olunmuşdur. Bunu belə bir fakt da sübut edir ki, respublika üzrə füzulili gənclər hərbi məktəblərə ən çox sənəd verən və qəbul olunan gənclər sırasındadır.
Toplantıda Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, YAP Gənclər təşkilatının sədri Seymur Orucov, YAP Ağdam, Xocavənd, Beyləqan, Laçın, Cəbrayıl gənclər birliklərinin nümayəndələri və başqaları çıxış edərək gənclər təşkilatlarının qarşısında duran mühüm vəzifələrdən, ölkə Prezidentinin bu istiqamətdə yorulmaz fəaliyyətindən, gənclərə göstərilən dövlət qayğısından danışdılar.
Sonda rayon bədii özfəaliyyət kollektivlərinin iştirakı ilə konsert proqramı təqdim olundu.
Ziyəddin
SULTANOV
Xalq qəzeti.- 2014.- 24 may.- S. 6.