Heydər Əliyev irsi Azərbaycan gəncləri üçün əbədi həyat məktəbidir

 

Xətai Rayon İcra Hakimiyyətinin  təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatında müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi məqsədilə orta ümümtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün  keçirilən dərslərə yekun vuruldu.

Yekun dərsi YAP Xətai rayon təşkilatının sədrinin müavini Yeganə  Qurbanova açaraq  bildirdi ki, “Heydər Əliyev kimi dahi şəxsiyyətin xidmətləri zamana, məkana, bir əsrə sığmır. Heydər Əliyev bəşəri ideyalara, insanlığa xidmət etdiyi üçün əbədiyaşardır, əsrlərə yol yoldaşı olacaq, dünyanı zaman-zaman dolaşacaqdır.

Natiq qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin Çin Xalq Respublikasına son səfəri zamanı bunun bir daha şahidi olduq. Azərbaycan Prezidenti ÇXR-in sədri Si Cinpinlə görüşərkən Asiyanın bu nəhəng dövlətinin rəhbəri Çin xalqının Azərbaycanın ümummilli lideri Heydər Əliyevə dərin hörmət bəslədiyini və onun özününPrezident Heydər Əliyev haqqında Çin dilinə tərcümə olunmuş kitabı böyük maraqla oxuduğunu qeyd etdi. Biz çox şadıq ki, Çin dilinə tərcümə olunmuş bu çox dəyərli kitabin müəllifi  YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı, yazıçı - dramaturq Hüseynbala Mirələmovdur. Hüseynbala müəllim  özü hazırda Küveytdə, “Görkəmli adamların həyatı” seriyasında Heydər Əliyevin böyük davamçısı və xalqımızın lideri, Prezidentimiz haqqında  yazdığı “İlham Əliyev. Tərcümeyi-hal davam edir” kitabının ərəb dilində nəşrinin təqdimat mərasimində olduğu üçün burada iştirak edə bilmədi. Ancaq onun Heydər Əliyev irsinin tanıdılması üçün gördüyü işlər, sözün əsl mənasında, alqışa layiqdir. Baxın,  Si Cinpinin adını çəkdiyi təkcə “Heydər Əliyev” kitabı dünyanın 33 dilində işıq üzü görmüşdür.

Sonra söz Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdiyevaya verildi. J.Abdiyeva qeyd etdi ki, Heydər Əliyevin irsi böyük bir elmi məktəbdir, möhkəm təməldir, inkişafımız və gələcəyimiz üçün əsasdır. Bu gün bütün sahələrdə, Azərbaycan reallıqlarında Heydər Əliyevin irsini görürük. Güclü və möhkəm təməl, milli dəyərlər üzərində müasir dövlətin qurulması Heydər Əliyev siyasətinin əsas istiqamətlərindən biridir. Onun təşəbbüsü ilə dövlətimizin ideoloji əsasları formalaşıb.

Natiq qeyd etdi ki, son bir ayda keçirilən 20 dərsdə  müstəqil həyata qədəm qoyacaq on birinci sinif şagirdlərinə ümummilli lider Heydər Əliyevin zəngin ideyaları, dahi şəxsiyyətin irsi, dövlətçilik, azərbaycançılıq konsepsiyası, idarəçiliyi təbliğ olunmuş və öyrədilmişdir. Ümumilikdə, 3679 şagirdin iştirak etdiyi dərslərdə Heydər Əliyev irsinin tanınmış araşdırıcıları tərəfindən “Heydər Əliyevin iqtisadi uğur modeli”, “Heydər Əliyevin neft strategiyası”, “Heydər Əliyev və Böyük İpək Yolunun bərpası”, “Heydər Əliyev və Azərbaycanda sosialyönümlü iqtisadiyyatın yaradılması”, “Heydər Əliyev ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” və sair mövzularda mühazirələr oxunmuşdur.

J.Abdiyeva çıxışına davam edərək dedi:

Ulu öndər fenomenini, Heydər Əliyev böyüklüyünü, onun bütün sahələrə aid gördüyü işləri olduğu kimi tam şəkildə şərh etməkdə bizonun müasirləri acizik və yalnız illər, qərinələr ötəndən sonra bu tarixi şəxsiyyətin Vətəni, xalqı qarşısındakı xidmətlərinin əsl qiymətini zaman özü verəcək. Lakin o da bir həqiqətdir ki, ümummilli liderimizin gələcəyimizə olan səxavəti özünü bütövlükdə yaşadığı zamana həsr etmək idi. Tarixin hökmü tarixi şəxsiyyətlərin çətinliklər və problemlər barədə izahını yox, çətinliklər və problemlər üzərində qələbəsini tanıyır. Dövlətçiliyimizin, müstəqilliyimizin mürəkkəb anlarında, ən çətin məqamlarında Heydər Əliyev Azərbaycanı yaranmış vəziyyətdən çıxardı, bütün atributları ilə hüquqi, demokratik dövlət qurdu.

– Heydər Əliyev irsi Azərbaycan gəncləri üçün əbədi həyat məktəbdir, – deyən natiq sonda bildirdi ki,  ulu öndər müasir Azərbaycan cəmiyyətinin inkişafı istiqamətində ən başlıca vəzifə kimi gənclərin təhsilinin və tərbiyəsinin yüksək səviyyədə təşkil olunmasında görürdü. Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev təhsil işçilərinə, elm və mədəniyyət   sahələrində insanlara, xüsusən də müəllimlərə, daim gənclərin milli-mənəvi dəyərlər zəminində tərbiyə olunmasını tövsiyə edirdi. Bununla yanaşı o, tərbiyə işində milli- mənəvi və ümumbəşəri dəyərlərin vəhdətini nəzərə almağı tövsiyə edir, bu dəyərlərin sintezinin yaradılmasının vacibliyini vurğulayırdı.  Bununla da 2013- 2014-cü dərs ilində Xətai rayon ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün keçirilən “Heydər Əliyev irsinin öyrədilməsi” dərslərinə yekun vuruldu.

 

İlqar RÜSTƏMOV

 

Xalq qəzeti.- 2014.- 24 may.- S. 7.