Səbailli gənclərin VII forumu

 

Səbail Rayon İcra Hakimiyyətinin iclas salonunda rayon gənclərinin VII forumu keçirildi. Məclisdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, qonaqlar da iştirak edirdilər.

Forumu açıq elan edən Səbail Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Mürsəlov bildirdi ki, rayon əhalisinin 26 faizini gənclər təşkil edir. Keçən müddət ərzində onlar rayonun və ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirak etmişlər. Rayonda gənclərin sosial problemlərin həlli, hüquqlarının müdafiəsinin təmin edilməsi, bu sahədə dövlət siyasətinin bütün istiqamətləri üzrə müvafiq proqramların səmərəli həyata keçirilməsi, gənc istedadlara qayğının artırılması ilə bağlı ardıcıl, məqsədyönlü işlər görülmüşdür. Natiq rayon gənclərinin qarşısında duran vəzifələri geniş şərh etdi, onların təhsildə, əməkdə, Vətənin müdafiəsində, idmanda və digər sahələrdə qazandıqları uğurlardan söz açdı.

 Məclis iştirakçılarını salamlayan Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirdi ki, Azərbaycanda gənc nəslə olan diqqət və qayğını, onların hərtərəfli inkişafını nəzərdə tutan dövlət gənclər siyasəti uğurları ilə dünyada diqqəti cəlb edir, təşviq edilən örnəklərdən sayılır. Ümummilli lider Heydər Əliyev Azərbaycan gəncliyini hər mənada güclü görmək istəyirdi. Buna görə də ulu öndər millətin yaşaması və inkişafı üçün təməl olan gəncliyin sağlam, qayğısız və kamil olması ilə bağlı mükəmməl dövlət siyasəti müəyyən etdi.

Bu siyasəti yüksək səviyyədə gerçəkləşdirmək üçün böyük rəhbər 1994-cü illin iyulunda Gənclər və İdman Nazirliyini yaratdı və gənclərin təşkilatlanmasını himayə etməklə onları bir araya topladı, yeni nəsli coşqun fəaliyyətə qoşdu. Beləliklə, 1996-cı il fevralın 2-də ilk dəfə müstəqil dövlətimizin gənclər forumu keçirildiulu öndərin elə həmin gün imzaladığı sərəncamla fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi.

Gənclərə, gələcək nəslə çox böyük ümidlər bəsləyən, onların problemlərini daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev ümümmilli liderin dövlət gənclər siyasətini uğurla davam etdirir. 2007-ci ilin “Gənclər ilielan edilməsi, “Azərbaycan gəncliyi dövlət proqramı”nın təsdiqi, Gənclər Fondunun yaradılması, onların sosial müdafiəsi ilə bağlı müxtəlif sərəncamların verilməsi həmin işlərin bir hissəsidir.

Başçı həmişə gənclərə dəstək olan Heydər Əliyev Fondununonun rəhbəri, UNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı  Mehriban xanım Əliyevanın gənclərə qayğıkeş münasibətini diqqətə çatdırdı, onun Azərbaycanın mədəniyyətinin və tarixinin, ölkədəki nailiyyətlərin dünya miqyasında təbliğində və tanınmasında böyük rolunu vurğuladı. Asif Əsgərov Heydər Əliyev Fondunun vitse- prezidenti Leyla xanım Əliyevanın son illərdə gördüyü işlər və həyata keçirdiyi layihələrə gənclərimizin böyük rəğbətlə qoşulduqlarını da yada saldı. Rayon rəhbəri səbailli gənclərin son illərdə əldə etdikləri uğurlardan geniş danışdı, onlara fəaliyyətlərində yeni uğurlar arzuladı.

Dövlət İdarəçilik Akademiyası Tələbə Gənclər Təşkilatının sədri Toğrul Niyazlı, 6 saylı tam orta məktəbin müəllimi Arzu Kazımova, Səbail İdman Klubunun məşqiçisi Xəyyam Orucuv, “Museum İnnotelinin baş meneceri Akif Əhmədov, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Murad Musayev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov və başqaları əldə etdikləri uğurlar, görülən işlər, problemlər və onların həlli istiqamətində nəzərdə tutulan layihələr barədə məlumat verdilər.

Forumda Azərbaycan gənclərinin VII forumuna Səbail rayonundan 27 nəfər nümayəndə seçildi, toplantı iştirakçıları adından rayon gənclərinə müraciət qəbul olundu. Sonda rayonun ictimai-siyasi həyatında, təhsildə və idmanda fərqlənən bir qrup gəncə Səbail Rayon İcra Hakimiyyətinin qiymətli hədiyyələri təqdim olundu.

 

R.TAHİR

 

Xalq qəzeti.- 2014.- 24 may.- S. 8.