Müsəlman Şərqində ilk respublika

- Azərbaycan Xalq Cümhuriyyəti

 

 (Əvvəli qəzetin 24 may nömrəsində)

 

Azərbaycan Xalq Cümhuriyyətinin de-fakto tanınmasına qədər dövlət quruculuğu sahəsində heç bir təcrübəsi olmayan xalq qısa bir müddət ərzində normal fəaliyyət göstərən dövlət aparatı yaratmağa, 20-dən çox dövlətlə, o cümlədən, Türkiyə, Gürcüstan, Ermənistan, İran, Belçika, Hollandiya, Yunanıstan, Danimarka, İtaliya, Fransa, İsveçrə, İngiltərə, ABŞ, Ukrayna, Litva, Polşa, Finlandiya və başqaları ilə baş konsulluq, konsul agentlikləri səviyyəsində əlaqələr qurmağa nail oldu. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruluşu parlamentli respublika idi. Yeni yaranmış dövlət öz fəaliyyəti dövründə “türkləşmək, islamlaşmaq və müasirləşmək” ideyası uğrunda mübarizə aparırdı. Hökumət Gəncədəki fəaliyyəti dövründə - 1918-ci il iyunun 27-də Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında fərman imzaladı. Azərbaycan dilli savadlı kadrların çatışmazlığı nəzərə alınaraq, dövlət idarələrində müvəqqəti olaraq rus dilindən də istifadə olunmasına icazə verildi. İyunun 24-də üzərində rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı bayraq dövlət bayrağı kimi qəbul edildi, noyabrın 9-da isə həmin bayraq üçrəngli - yaşıl, qırmızı və mavi zolaqlardan ibarət olan bayraqla əvəz olundu. Avqustun 11-də ümumi hərbi səfərbərlik elan edildi və 1894-1899-cu il təvəllüdlü bütün Azərbaycan vətəndaşları hərbi xidmətə çağırıldılar. Sentyabrın 1-də Hərbiyyə Nazirliyinin yaradılması haqqında qərar qəbul olundu. Dekabrın 25-də general Səmədağa Mehmandarov hərbi nazir, general Əliağa Şıxlinski hərbi nazirin müavini, general Süleyman Sülkeviç Baş qərargah rəisi təyin edildilər. 1919-cu ildə 25 min nəfərlik Milli Ordu yaratmaq məqsədilə 400 milyon manat vəsait ayrılmışdı. Ordunun yaradılması prosesi 1920-ci ilin yanvarında əsasən başa çatdırıldı. 40 min nəfərlik nizami ordunun 30 mini piyada, 10 mini isə süvari qoşun hissələrindən ibarət idi.

1919-cu ilin yayında Bakını tərk edən ingilislər şəhər limanının idarəçiliyini və hərbi gəmilərin bir hissəsini Azərbaycan hökumətinə təhvil verdilər. İngilislərdən alınan gəmilər hesabına Xəzər donanması yaradıldı.

1919-cu il iyulun 21-də parlament “Azərbaycan Respublikasının Müəssislər Məclisinə seçkilər haqqında” Əsasnaməni təsdiq etdi. Həmin il avqustun 11-də parlament tərəfindən qəbul olunmuş “Azərbaycan vətəndaşlığı haqqında” qanuna görə özüya valideynləri Azərbaycan ərazisində anadan olmuş keçmiş Rusiya imperiyasının bütün təbəələri millidini mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan vətəndaşı hesab olunurdu.

Xalq maarifi sahəsində ciddi nailiyyətlər qazanıldı. Orta məktəblərin təxminən yarısı milliləşdirildi, məktəblərdə rus tarixi əvəzinə, ümumtürk tarixi tədris olunmağa başladı, bütün məktəblərdə Azərbaycan dilinin tədrisi məcburi hesab olundu. 1919-cu il sentyabrın 1-də Bakı Universitetinin təsis olunması haqqında qərar qəbul olundu. Dərslər noyabrın 15-də başlandı. Kənd Təsərrüfatı İnstitutunun yaradılması haqqında qanun qəbul olundu. 1919-cu ilin oktyabrında mətbuat sahəsində senzura ləğv olundu. Azərbaycanın müxtəlif regionlarında kişi və qadın seminariyaları açıldı, dövlətin hesabına yüzə yaxın gənc azərbaycanlı ali təhsil almaq məqsədilə Avropanın universitetlərinə göndərildi. Ticarəti və daxili bazarı dirçəltmək məqsədilə 1918-ci il avqustun 27-də azad ticarət haqqında fərman verildi, oktyabrın 30-da ticarət donanmasının fəaliyyəti bərpa olundu. 1919-cu ilin yayında Azərbaycan Xəzər donanması yaradıldı.

Azərbaycan Xalq Cümhuriyyətinin mübahisəsiz ərazisi 97,3 min kvadrat kilometr idi. Gürcüstanla 8,7 min kvadratkilometr, Ermənistanla isə 7,9 min kvadratkilometr həmsərhəd ərazi Azərbaycan hökuməti tərəfindən mübahisəli torpaq sayılırdı. Azərbaycanın əhalisi 2 milyon 862 min nəfər idi ki, onun 70 faizini müsəlmanlar təşkil edirdi.

Azərbaycanın beynəlxalq aləmdə tanınmasına baxmayaraq, ölkənin şimal sərhədlərindəki vəziyyət gərgin olaraq qalırdı. Sovet Rusiyasının xarici işlər komissarı G.Çiçerin 1920-ci il yanvarın əvvəllərində Azərbaycan hökumətinə göndərdiyi notada Denikin əleyhinə hərbi ittifaq bağlamağı təklif edirdi. Azərbaycan rəhbərliyi başa düşürdü ki, Sovet hökumətinin əsas məqsədi bu gənc respublikanı Denikinlə qeyri-bərabər hərbi münaqişəyə cəlb edib zəiflətmək, sonra isə onun istiqlaliyyətinə son qoymaqdır. AXC-nin xarici işlər naziri F.Xoyski cavab notasında yazırdı ki, Denikinlə Sovet hökuməti arasındakı mübarizə rus xalqının daxili işidir və Azərbaycan hökuməti Rusiyanın daxili işinə qarışmaq niyyətində deyil. Çiçerin yanvarın 23-də ikinci notasında Azərbaycanın müstəqilliyinə münasibətini bildirməkdən yan keçir və Azərbaycan hökumətini Denikinə qarşı mübarizə aparmaqdan imtina etməkdə günahlandırırdı. F.Xoyski isə notasında Azərbaycanın istiqlaliyyətinin Sovet Rusiyası tərəfindən qeyd-şərtsiz tanınmasını təkid edirdi. Çiçerinin martın 7-də göndərdiyi növbəti nota baş aldatmaqdanvaxt uzatmaqdan başqa bir şey deyildi. Getdikcə aydın olurdu ki, Rusiyanın bu hərəkətləri Azərbaycana qarşı hazırlanan hərbi müdaxiləni pərdələmək və Azərbaycan hökumətinin sayıqlığını azaltmaq məqsədi güdür. Sovet Rusiyasının Azərbaycana əsl münasibətini V.Leninin 1920-ci il martın 17-də Qafqaz cəbhəsinin Hərbi-İnqilab Şurasının üzvləri Smilqa və Orconikidzeyə göndərdiyi teleqram dolğun əks etdirir: “Bakını zəbt etmək bizə olduqcaolduqca zəruridir, bütün səylərinizi buna verin”.

Hələ 1918-ci ilin dekabrında bolşeviklər Bakıda ümumi siyasi tətil keçirməyə nail oldular. Tətildə 25-dən çox müəssisənin 12 minə qədər fəhləsi iştirak edirdi. 1919-cu ilin mayında bolşeviklər Bakıda ikinci dəfə tətil keçirməyə cəhd göstərdilər. Azərbaycan bolşeviklərinin sosial bazasını əsasən qeyri-müsəlman əhalisi təşkil edirdi. 1919-cu il aprelin 25-də Azərbaycanın cənub bölgəsində bolşeviklər tərəfindən qızışdırılan rus əhalisinin milli hökumətə qarşı qiyamı başlandı. Qiyamçılar bölgəni “Muğan Sovet Respublikası” elan etdilər. Avqustun əvvəlində qiyam hökumət qüvvələri tərəfindən yatırıldı.

Hökumətin torpaq islahatını yubatmasından bolşeviklər məharətlə istifadə etdilər. 1919-cu ilin əvvəllərində bir sıra qəzalarda bolşeviklərin rəhbərliyi ilə kəndli çıxışları başlandı. Bunlardan ən güclüsü Gəncədə baş verdi. Bu çıxış 1919-cu ilin sentyabrında yatırıldı.

Bolşeviklər Azərbaycanın daxilində də təxribatçılıq fəaliyyətlərini gündən-günə genişləndirirdilər. 1920-ci ilin fevralında təsis edilmiş Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının əsas məqsədi ölkədə vəziyyəti gərginləşdirmək, təxribat yolu ilə bolşevikləri hakimiyyətə gətirmək idi. Bu təxribatçı quruma qatı millətçi A.Mikoyan başçılıq edirdi.

Böhranı kəskinləşdirən amillərdən biri də Azərbaycanda, xüsusən, Bakıda olan Türkiyə kommunistləri və ittihadçılarının xalq arasında geniş nüfuzundan istifadə edərək, rus ordusunun gələcək yürüşü xeyrinə təbliğat aparmaları idi.

Sovet Rusiyası Ermənistanın Azərbaycana qarşı düşmənçiliyindən istifadə etdi. 1920-ci ilin əvvəllərində erməni nümayəndələri Moskvada ərazi güzəştləri müqabilində Azərbaycan hökumətini devirmək planlarını Sovet Rusiyasına təklif etdilər. Qarabağda və Gəncəbasarda erməni əhalisinin qiyamı və Azərbaycana qarşı Ermənistanın müharibəsi bu planın tərkib hissəsi idi. Azərbaycan ordusunun, demək olar ki, hamısı 1920-ci ilin Novruz bayramı günlərində Qarabağ istiqamətində erməni qiyamçılarına qarşı vuruşurdu, ölkənin şimal sərhədləri isə müdafiəsiz qalmışdı. Digər tərəfdən, Azərbaycan hökumətinin Qərbdən gözlədiyi yardım gəlib çıxmırdı.

Sovet Rusiyasına münasibət məsələsində də Azərbaycan hökumətində birlik yox idi: xarici işlər naziri Fətəli xan Xoyski Rusiyaya münasibətdə sərt xəttin, daxili işlər naziri Məmməd Həsən Hacınski isə Azərbaycan bolşevikləri ilə danışığa girib onlara güzəştə getməyin tərəfdarı idi. M.Hacınskiyə görə, Sovet Rusiyasına geniş güzəştlər verməklə Azərbaycanın istiqlalını qorumaq mümkün idi.

1920-ci ilin martında hökumətin keçirdiyi konfransda M.Hacınskinin tərəfdarları qalib gəldilər, N.Yusifbəyli Baş nazir vəzifəsindən istefa verdi. Yeni hökumətin təşkili M.Hacınskiyə tapşırıldı. Lakin o, hökumətin təşkilinə tələsmirdi, az sonra M.Hacınskinin özü bolşeviklər partiyasına daxil oldu. Yeni hökumətin təşkilinin yubadılması onsuz da gərgin olan vəziyyəti bir qədər də çətinləşdirdi. Parlamentdə müxtəlif partiyalar arasında gedən mübarizə son həddə çatdı. Mövcud hakimiyyətə qarşı daim müxalifətdə olan və hökuməti devirməyə çalışan ittihadçılar Rusiya ilə hərbi ittifaqa girməyi tələb edirdilər. Azərbaycan bolşevikləri isə, guya, ölkədə qayda-qanun yaratmaq naminə hərbi yardım üçün Rusiyaya müraciət etməyə və XI rus ordusunu Azərbaycana dəvət etməyə çağırırdılar.

1920-ci ilin aprelində Denikinin qoşunlarını məğlub edən XI rus ordusu Azərbaycan sərhədlərinə yaxınlaşdı. Aprelin 15-də F.Xoyski Çiçerinə göndərdiyi notada rus ordusunun Azərbaycan sərhədində toplanmasının səbəbləri və məqsədi barədə məlumat verilməsini tələb etdi. Lakin Çiçerin bu notaya heç bir əhəmiyyət vermədi. Həmin günlərdə A.Mikoyan başda olmaqla, Bakı bolşevikləri Azərbaycan xalqı adından XI rus ordusunu Azərbaycana dəvət etdilər. Qabaqcadan razılaşdırılmış plana görə, rus ordusu Bakıda bolşevik qiyamının başlanmasından 1-2 gün sonra Azərbaycana soxulmalı idi. Bununla da dünya ictimaiyyətində belə bir rəy yaradılacaqdı ki, Azərbaycan hökuməti xarici hərbi müdaxilənin deyil, daxili qiyamın qurbanı olmuşdur. Lakin Bakıda qiyam başlanmamış - aprelin 26-dan 27-nə keçən gecə XI ordu hissələri Azərbaycan ərazisinə daxil olub Bakıya doğru irəliləməyə başladılar. Sərhəd qüvvələrindən ibarət azsaylı Azərbaycan ordu hissələri düşmənə müqavimət göstərə bilmədi. Hərbi gəmilərin topları dənizdən parlament binasına tuşlandı.

XI ordunun Azərbaycana hücumu ilə eyni vaxtda aprelin 27-də gündüz saat 12-də AK(b)P MK və RK(b)P Qafqaz Diyar Komitəsinin Bakı bürosu adından hakimiyyəti təhvil vermək haqqında Azərbaycan parlamentinə ultimatum verildi. Azərbaycan parlamentinin fəaliyyəti həmin gün saat 20:45-də başa çatdı. Parlament aşağıdakı şərtlərlə hakimiyyətin Azərbaycan kommunistlərinə verliməsi barədə qərar çıxartdı:

1. Rus ordusu Bakıya daxil olmadan dəmir yolu ilə birbaşa Anadolunun köməyinə gedəcək;

2. Azərbaycan istiqlalı və ərazi bütövlüyü hər cür təcavüz və ilhaqdan qorunacaq;

3. Azərbaycan Ordusu olduğu kimi saxlanacaq;

4. Azərbaycanın siyasi partiyaları üçün fəaliyyət azadlığı təmin olunacaq;

5. Keçmiş dövlət xadimləri, hökumət üzvləri və millət vəkilləri təqib olunmayacaq, dövlət idarələri qulluqçularının iş yerləri saxlanacaq, yalnız rəhbər vəzifəli şəxslər dəyişdiriləcək; 6. Azad şəraitdə toplaşacaq Azərbaycan şuraları hakimiyyətin idarəçilik formalarını təyin edəcək.

Aprelin 29-da Azərbaycan İnqilab Komitəsi hərbi yardım göstərmək xahişi ilə Sovet Rusiyasına müraciət etdi. Halbuki rus ordusu aprelin 27-də Azərbaycanın hüdudları daxilində idi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyətdən sonra süqut etdi.

1920-ci il aprelin 28-də Azərbaycan Sovet Sosialist Respublikası elan olundu.

Aprel işğalı nəticəsində Azərbaycanda qurulan bolşevik rejiminin ömrü 70 ildən də çox çəkdi. Bu rejim özünün bütün varlığı ərzində Şərqdə ilk demokratik respublikanın bayrağını ucaldan qeyrətli soydaşlarımızla, onların haqq işinin davamçıları ilə mübarizə apardı. Lakin xalqın qəlbində yaşayan azadlıq atəşini söndürməyə müvəffəq olmadı. Xalq özünün istiqlal arzularını nəsildən-nəslə ötürdü. Nəhayət, 1991-ci ildə Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdi, indiki Azərbaycan Respublikasının 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olduğunu ümumxalq iradəsi ilə təsdiqlədi.

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktı”nda bu tarixi amansızlığa verilən siyasi qiymət belə oldu: “1920-ci il aprelin 27-28-də RSFSR-in XI ordusunun Azərbaycana təcavüzü, respublika ərazisini zəbt etməsi, beynəlxalq hüququn subyekti olan Azərbaycan Xalq Cümhuriyyətini devirməsi Rusiyanın müstəqil Azərbaycanı işğal etməsi hesab edilsin”.

Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir, ən əziz, ən qiymətli sərvətimizdir, eyni zamanda bu, XX əsrin əvvəlindən sonunadək xalqımızın qəlbində yaşayan azadlıq idealları uğrunda mübarizənin məntiqi nəticəsidir. Ümummilli lider Heydər Əliyevin sözləri ilə desək, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyimizi qorumaqdan, əbədi etməkdən ibarətdir”. Çünki müstəqilliyin əldə olunması qədər çətindirsə, onu qoruyub saxlamaq, dönməz əbədi etmək bundan da çətindir... Azərbaycan dövləti 22 ildir ki, müstəqillik yolunda inamlı addımlarla irəliləyir.

 

Anar İSGƏNDƏROV,

 

Bakı Dövlət Universitetinin kafedra müdiri,

tarix elmləri doktoru, professor

 

Xalq qəzeti.- 2014.- 25 may.- S.4.