Naxçıvanın arxeoloji mənbələri bu
ərazinin dünyanın
ən qədim yaşayış məskənlərindən
biri olduğunu sübut edir
Azərbaycan Respublikasının ərazisi ən qədim tarix və mədəniyyətə malik olan bir ölkədir. Respublikamızın ərazisində aparılan kompleks arxeoloji tədqiqatlar zamanı bəşər tarixinin müxtəlif dövrlərinə aid maddi mədəniyyət abidələri qeydə alınıb tədqiq olunmuşdur.
Son 60 ildə Azərbaycan Respublikası ərazisində
aparılan arxeoloji tədqiqat işləri
nəticəsində ibtidai insanların meydana gəlməsi, inkişaf
etməsi və formalaşması tarixini tədqiq
etmək üçün zəngin elmi materiallar və maddi mədəniyyət nümunələri
tapılmışdır.
Aşkar olunmuş arxeoloji, paleontoloji və paleoantropoloji materiallar əsasında
Azərbaycanın uzaq keçmişinin
tarixi, insanlığın ilkin
inkişaf mərhələləri və ulu sakinlərin maddi mədəniyyət
qalıqlarının ayrı-ayrı xüsusiyyətləri
öyrənilir.
Son illərdə bu sətirlərin
müəllifinin Avropa alimləri ilə
birlikdə apardığı kompleks arxeoloji tədqiqatlar nəticəsində Azərbaycan
ərazisində ibtidai insanların 2,5 milyon il bundan
əvvəllərdən yaşamağa
başlamaları sübuta yetirilmişdir.
Halbuki, 1953-cü ilə qədər
respublikamızın ərazisində qədim insan
düşərgələrinin olmadığı və burada ibtidai insanların
yaşamadıqları iddia edilirdi. Lakin Azərbaycan
arxeoloqlarının apardıqları arxeoloji
tədqiqatlar bu fikrin
yanlış və əsassız olduğunu
göstərdi, respublikamızın ərazisinin ibtidai insanın yarandığı və
formalaşdığı ərazilərdən biri
olduğu elmi materiallarla sübuta yetirildi. Eyni zamanda, Azərbaycanda qədim
sivilizasiyanın özünəməxsus xüsusiyyətləri
olduğu və bunun əsasında
ölkəmizdə və Yaxın Şərq ərazisində
ən qədim arxeoloji mədəniyyətin
üzə çıxmasına şərait yarandı. Bu mədəniyyət Azıx paleolit
düşərgəsinin VII-X təbəqələrinin maddi mədəniyyət qalıqları əsasında
müəyyən olundu və tarixə Quruçay arxeoloji mədəniyyəti
adı altında daxil oldu.
Hazırda Azərbaycan
Respublikası ərazisində aşkar olunmuş Azıx, Tağlar,
Qazma, Buzeyir, Zuvandçay, Qobustan, Gəmiqaya
və digər arxeoloji düşərgələr
ən qədim tarixi abidələr hesab olunur.
Azərbaycanda
aparılan kompleks elmi
tədqiqatlar nəticəsində respublikamızın ərazisində
nəinki ibtidai insanların
yaşaması sübut olundu,
eyni zamanda bu yerlərdə ən qədim sakinlərin uzun müddət məskən salıb
formalaşması və məmləkətimizin ən qədim
sivilizasiya mərkəzlərindən biri olması arxeoloji mənbələrlə sübuta yetirilmişdir.
Məhz
buna görə də Azərbaycan
Respublikası ərazisində paleolit problemi üzrə aparılan elmi
tədqiqat işləri son 10 ildə beynəlxalq
xarakter almışdır. Çünki,
həmin tədqiqatlar zamanı aşkar olunmuş elmi
tapıntılar ibtidai insanların meydana gəlib inkişaf
etməsi və formalaşmasının ayrı-ayrı inkişaf mərhələlərini
öyrənmək baxımından mühüm
elmi əhəmiyyətə malikdir. Bunu əsas tutan Fransa,
İtaliya, İspaniya,
Rusiya, Azərbaycan, Gürcüstan
və Hollandiya alimləri tərəfindən
beynəlxalq “İNTAS-2000” adlı proqram
hazırlanmışdır. 2001-ci il iyulun 3-də Fransanın Totavel
şəhərində keçirilən elmi
konfransda mən həmin proqramın tədqiqi
məqsədilə Azərbaycan üzrə əlaqələndirici
seçildim. Bu proqrama
uyğun olaraq
Avropanın 25 görkəmli alimi 2002-ci il sentyabrın 7-dən oktyabrın 1-dək Azərbaycana
gələrək Qarabağın Azıx, Tağlar,
Naxçıvanın Qazma və digər paleolit düşərgələrindən
tapılmış maddi mədəniyyət
qalıqları ilə tanış olmuşlar.
Professorlardan Anri dö Lümley, Mariya Antuanetta dö Lümley, Ciakobini, Korbonelli, Sala, David Lordkipanidze, Vekua və başqaları Azıx, Tağlar və Qazma paleolit düşərgələrindən
tapılmış maddi mədəniyyət
qalıqlarının dünya arxeologiya elmi üçün müstəsna elmi əhəmiyyətə malik
olduğunu qeyd
etmişlər.
Həmin proqrama uyğun olaraq mən 2003-cü ilin
fevral-mart aylarında yenidən Fransaya dəvət olundum,
Paris, Nis, Kənson, Marsel, Perpinyan, Totavel şəhərində elmi
tədqiqat işləri apardım və mühazirələr oxudum.
2001-2005-ci
illərdə Avropa alimləri ilə birgə
apardığımız elmi tədqiqatların
nəticəsi olaraq Azərbaycan ərazisində
ibtidai insanların 2,5 milyon
il bundan əvvəl məskunlaşması
elmi əsaslarla sübuta
yetirildi. Əgər Azıx paleolit düşərgəsində
aparılan tədqiqatlar respublikamızın ərazisində ibtidai insanların yaşadıqlarını göstərirdirsə,
Tağlar mustye
düşərgəsində aparılan elmi
tədqiqatlar isə neandertal tipli insanların inkişaf
edib homo sapiens - kamil insanlara çevrilməsini arxeoloji
materiallar əsasında sübuta
yetirdi.
Azərbaycanın ən
qədim diyarlarından biri olan Naxçıvan ərazisində qədim insan düşərgələrinin tədqiq
olunmasının mühüm elmi əhəmiyyəti vardır. Azərbaycan arxeoloqlarının 1983-cü ilə qədər
Naxçıvan Muxtar Respublikası ərazisində
apardıqları arxeoloji kəşfiyyat və
tədqiqat işləri nəticəsində eneolit,
tunc, dəmir, antik və
orta əsrlərə aid
zəngin maddi mədəniyyət
qalıqları tapılıb tədqiq olunmuşdur.
Daş dövrü
arxeologiyasına aid isə maddi
mədəniyyət qalıqları və düşərgələri
qeydə alınmamışdır.
1983-cü
ilin iyul-avqust
aylarında Azərbaycan Elmlər Akademyası Tarix
İnstitututunun paleolit
arxeoloji ekspedisiyası M.M.Hüseynovun
və bu sətirlərin müəllifinin
rəhbərliyi altında Naxçıvan Muxtar
Respublikasının ərazisində paleolit
dövrünün insanlarının
yaşayış düşərgələrini müəyyən
etmək məqsədilə
arxeoloji kəşfiyyat işləri
aparılmışdır.
Kiçik Qafqaz ərazisində
karst mağaralarının
yayıldığı bölgələrdən biri də Naxçıvan Muxtar
Respublikasının ərazisidir. Aparılan tədqiqatlar
zamanı məlum olmuşdur ki, Naxçıvan ərazisi öz
təbii coğrafi şəraitinə
görə respublikamızın başqa ərazilərindən
kəskin surətdə fərqlənir. Bu
fərq özünü karst
relyef formasında da
göstərir. Ərazidə qeydə alınmış karst mağaraları müasir
təbii coğrafi şəraitin deyil, vaxtilə burada mövcud olmuş əlverişli
iqlim şəraitinin təsiri nəticəsində
formalaşmışdır. Alimlərin
apardıqları paleogeomorfoloji və paleogeoloji elmi tədqiqatlar
zamanı məlum olmuşdur ki, Naxçıvan Muxtar
Respublikasının ərazisi III geoloji dövrün sonlarından başlayaraq,
intensiv tektonik qalxma hərəkətlərinə və dağ əmələgəlmə prosesinə
məruz qalıb, miosenin
axırlarından isə birdəfəlik dəniz
sularından azad olmuşdur.
Bu zamandan başlayaraq, ekzogen relyef əmələgətirici proseslərlə
yanaşı, karst prosesləri də əlverişli
iqlim şəraitində inkişaf
etmişdir.
1983-cü ilin yay aylarında
Naxçıvan Muxtar Respublikasının
Ordubad və Şərur ərazisində
aparılan kəşfiyyat işləri nəticəsində bir neçə karst
mağarası qeydə alınmışdır.
Ekspedisiyanın Ordubad rayonu
ərazisində apardığı kəşfiyyat işləri
zamanı Araz çayının sol sahilində yerləşən möhtəşəm
Kilit mağarası qeydə
alınmışdır. Mağaranın qabaq
hissəsi və giriş yolu
torpaq çöküntüsü
ilə əhatə olunmuşdur. Ekspedisiyaya o vaxt sərhəd xidməti
tərəfindən verilən vaxt qısa
olduğuna görə, mağarada
kəşfiyyat qazıntısı aparmaq mümkün olmadı. Gələcəkdə
Kilit mağarasında aparılacaq arxeoloji qazıntı işləri zamanı
düşərgənin stratiqrafiyası və ayrı-ayrı
arxeoloji mədəniyyətlərin
xüsusiyyətlərini öyrənmək mümkün
olacaqdır. Çox güman
ki, Kilit
mağarasında paleolit dövrü
insanları məskunlaşmış və özlərinin ibtidai icma həyatını
qurmuşlar.
Paleolit arxeoloji
ekspedisyası 1983-cü ildə Naxçıvanın Şərur
rayonu ərazisində apardığı arxeoloji kəşfiyyat işləri zamanı Qazma dərəsində paleolit
dövrünə aid mağara
düşərgəsini qeydə almışdır.
Düşərgə dərənin adına uyğun
olaraq Qazma
adlandırılmışdır. Qazma mağara
düşərgəsi Şərur rayonu ərazisində
olub, Tənənəm kəndindən 3 kilometr şimal - şərq
hissədə, Araz çayından 17 kilometr aralıda, Arpa çaydan isə 14,5 kilometr
uzaqlıqda, dəniz səviyyəsindən 1450 metr yüksəklikdə yerləşir. İlkin arxeoloji kəşfiyyat
qazıntısı zamanı Qazma mağarasının
çöküntülərində 4 mədəni təbəqə
qeydə alınmışdır. Düşərgənin
I və II təbəqələrində aparılan arxeoloji qazıntılar zamanı eneolit, tunc, dəmir və
orta əsrlərə aid
maddi mədəniyyət qalıqları,
III və IV təbəqədən isə daş
məmulatı və ovlanmış heyvan
sümükləri tapılmışdır. 1983-cü ildə
Qazma mağara
düşərgəsində aparılan arxeoloji
kəşfiyyat qazıntısı zamanı
tapılmış daş məmulatının
texniki və tipoloji tədqiqi
zamanı onların orta paleolit
dövründə hazırlanıb istifadə olunduqları
müəyyən edilmişdir.
Rəhbərlik etdiyim ekspedisiya Qazma paleolit düşərgəsində
1987-1990-cı illərdə də arxeoloji
qazıntı işləri aparmışdır. Arxeoloji
qazıntılar zamanı I və II təbəqələrdən
eneolit, tunc və orta əsrlərə aid gil qab qırıqları,
III təbəqədən ovlanmış heyvan
sümükləri, IV və VI təbəqələrdən
725 ədəd daş məmulatı və
ovlanmış heyvan sümükləri
tapılmışdır. Daş məmulatlarının
texniki-tipoloji tədqiqi zamanı
onların mustye mədəniyyəti
zamanı hazırlandıqlarını söyləmək mümkündür. Lakin
IV təbəqənin daş məmulatının
içərisində üst paleolit mədəniyyəti üçün
xarakterik olan alətlər
də qeydə alınmışdır.
Qazma paleolit düşərgəsindən
daş məmulatları içərisində
levallua itiucluları, bir
işlək ağızlı qaşovlar, iki işlək ağızlı qaşovlar, limas tipli alətlər, bıçaqlar, qaşovcuqlar və digər əmək alətləri
tapılmışdır. Düşərgənin daş məmulatı dəvəgözü və
çaxmaq daşlarından hazırlanmışdır.
Qazma paleolit
düşərgəsindən tapılmış maddi mədəniyyət qalıqlarının
zənginliyi burada qədim
Naxçıvan sakinlərinin mustye mədəniyyəti
dövründə yaşadıqlarını göstərir.
Düşərgədən tapılmış ovlanmış heyvan və quş
sümükləri onların əsas məşğuliyyətinin
ovçuluqdan ibarət olduğunu
söyləməyə imkan verir.
Kilit və Qazma mağara
düşərgələri hələlik daş
dövrünə aid Naxçıvan ərazisində
ilk qədim insan məskənləri
hesab olunurlar. Əgər
bizim elmi tədqiqat
işlərinə qədər Naxçıvan Muxtar Respublikası ərazisində insanların
yaşaması eneolit dövrünə, yəni
6-7 min il bundan əvvələ
aid olunurdusa, yeni aşkar etdiyimiz maddi mədəniyyət
qalıqları əsasında bu ərazidə
ən qədim insanların 120 min il bundan əvvəllərdən
yaşadıqlarını arxeoloji mənbələr
sübuta yetirir.
Naxçıvan Muxtar Respublikası ərazisində daş dövrünün aşel, mustye, üst paleolit, mezolit, neolit, eneolit, tunc, dəmir, antiq və orta əsrlərə
aid maddi mədəniyyət
qalıqları tapılmışdır. Bu
faktlar Naxçıvan ərazisinin ən
qədim sivilizasiya mərkəzlərindən
biri olduğunu sübut edir.
Aparılan
arxeoloji tədqiqatlar zamanı
Naxçıvan diyarından ilk dəfə
olaraq sənədləşdirilmiş
çoxtəbəqəli qədim insan
düşərgəsinin qeydə alınıb tədqiq
olunması Azərbaycan ərazisində neandertal
tipli insanların daha geniş ərazilərdə məskunlaşmasını
göstərir.
Maraqlıdır ki, belə qədim insan düşərgələri Türkiyə
və Cənubi Azərbaycan ərazisində də qeydə
alınıb tədqiq olunmuşdur. Güman etmək olar ki, gələcəkdə Naxçıvan Muxtar Respublikası ərazisində paleolit dövrü üzrə
aparılacaq kəşfiyyat işləri nəticəsində
daha yeni-yeni arxeoloji abidələrin qeydə
alınmasına şərait yaranacaqdır.
Əsədulla CƏFƏROV,
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri,
tarix elmləri doktoru
Xalq qəzeti.-
2014.- 25 may.- S.5.