Köhnəni unutmayaq,
yenisini isə qoruyaq!
Söhbət yeni tikilmiş məktəb binalarının
saxlanmasından gedir
Bir neçə gün də keçəcək,
orta ümumtəhsil məktəblərində son zəng səslənəcək.
İndi müəllimlər də,
şagirdlər də həmin günləri (bu
il son zəng mayın
30-da və 31-də keçiriləcəkdir. - H.Q.) səbirsizliklə
gözləyirlər.
Bəli, tezliklə məktəb
binaları öz qapılarını bağlayacaq və tətil günlərində
məktəblərin yeni dərs ilini daha yaxşı vəziyyətdə
qarşılamaları üçün təmir-tikinti,
abadlıq, yenidənqurma işləri aparılacaqdır. Kimisi üçün bu məktəb binası sonuncu
olacaq, bir
başqası yeni dərs ilini
təzə məktəbdə qarşılayacaq, başqa birisi isə təmirdən
çıxan məktəbə yenidən qədəm qoyacaq.
Son illər Azərbaycanda bir-birindən gözəl,
yaraşıqlı, müasir görkəmdə yüzlərlə
məktəb binası tikilib istifadəyə
verilir. Əksəriyyəti
uyğunlaşdırılmış, heç
bir şəraiti olmayan
binalarda yerləşən məktəblər
üçün təzələri inşa edilir ki, bu da
müəllim və
şagirdlərin, valideynlərin, bütövlükdə, əhalinin
hədsiz razılığına səbəb olur.
Bu
baxımdan, Azərbaycanın Qərb bölgəsi də istisna deyil. Şəmkirdə,
Qazaxda, Tovuzda, Gədəbəydə
neçə-neçə yeni məktəb
binaları ucaldılıb, ən müasir
avadanlıqlarla təchiz edilib, idman zalları inşa olunub, istilik sistemi quraşdırılıb. Təkcə Şəmkirdə son on ildə 34 məktəb
binası tikilib və ya
gücləndirmə-bərpa, əsaslı təmir işləri
aparılıb. Mehirli, Plankənd, Füzuli, Tatar,
Çinarlı kəndlərində Heydər Əliyev Fondu tərəfindən bir-birindən gözəl
məktəb binaları tikilib istifadəyə
verilib. Son iki ildə dövlət vəsaiti hesabına tikilmiş məktəblərin sayı 10-u keçib. Onların arasında 160 yerlik olanı da var, 480, 960 yerlik olanı da. Kiçikliyindən–böyüklüyündən
asılı olmayaraq, hamısı müasirdir, yaraşıqlıdır, hər cür şəraiti var.
Yaxud, Qazaxı götürək. Hansı kəndə
gedirsən təzə məktəb binası
çıxır qarşına. Hazırda inşası davam etdirilənlər də çoxdur.
Rayon icra hakimiyyəti
aparatının tikinti və memarlıq
şöbəsinin müdiri Mehdi Həsənovun bizə təqdim etdiyi arayışda 2013-cü ildə Dövlət
Proqramına uyğun olaraq
tikintisi davam etdirilən
məktəblərin adları qeyd olunmuşdur. Daş Salahlıda 640 şagird
yerlik, Ürkməzlidə 220 şagird yerlik, Kəmərlidə
120 yerlik və digər yerlərdə məktəblər
tikilir. Layihə-smeta sənədləri
hazırlanan məktəblər də az deyil. Tezliklə Qarapapaq, Məzəm,
Bala Cəfərli, Quşçu
Ayrım kəndlərində də yeni məktəb
binalarının bünövrəsi qoyulacaq.
Bütövlükdə, Qazaxda 2003-2013-cü
illərdə 5614 şagird yerlik 8 məktəb əsaslı təmir olunub.
Gədəbəyin məktəbləri
də öz görkəmini tədricən
dəyişir. Bir neçə il əvvəl burada yeni tipli məktəb
binası, demək olar ki,
yox idi. Hamısı
uyğunlaşdırılmış, 30, 80, hətta 100 il qabaq tikilmiş
yararsız binalarda yerləşirdi. Heç bir şəraiti olmayan məktəblərdə hansı dərs
keyfiyyətindən, davamiyyətdən söhbət gedə
bilərdi?! Uçuq-sökük bina, soyuq otaqlar...2005-ci
ildə Heydər Əliyev Fondu hesabına
əvvəlcə Sarıhəsənlidə, iki
il sonra Slavyankada müasir məktəb
binaları tikilib istifadəyə verildi. Gədəbəylilər etiraf edirlər ki, rayonda nə vaxtsa belə
məktəb binalarının tikiləcəyinə inana bilmirdilər. Sonra
Dövlət proqramları hesabına Xar-Xarda,
Kiçik Qaramuradda,
Arıqıranda, Novosaratovkada, Qoşabulaqda və digər neçə-neçə
kənddə ən müasir məktəb
binaları inşa olundu
və bu iş davam etdirilir. Hazırda
ayrı-ayrı kəndlərdə yeni məktəb
binaları ucaldılır...
Bu faktları misal gətirməklə
demək istəyirik ki, Azərbaycanda heç zaman bu qədər məktəb tikilməyib. Bəzilərinin ağızdolusu təriflədiyi nəhəng
Sovetlər Birliyi dövründə Gədəbəy
kimi bir rayonda əgər hər hansı bir məktəb binası tikilib
istifadəyə verilməmişdisə təhsilə hansı
münasibətdən söhbət gedə bilərdi? Digər
rayonlarda da həmçinin.
Bəs hər il neçə-neçə məktəb
binası inşa olunub
istifadəyə verildiyi halda
biz onu lazımınca
dəyərləndirməyi bacarırıqmı? Bu məktəblərin saxlanma
vəziyyəti necədir? Onları özümüzün
ikinci evimiz hesab edirikmi? Bax, elə mövzumuz da bu barədədir.
Əgər hər yer gül-çiçəkdirsə...
Şəmkir, Qazax və Gədəbəy rayonlarında
yuxarıda qeyd etdiyimiz
kimi, onlarca yeni məktəb binası ucaldılıb.
Hamısı da bir-birindən gözəl,
müasir. Eləsi var
ki, 8-9 il əvvəl tikilib, sanki
açılışını bu gün ediblər. Səliqə-sahman,
hər yan gül-çiçək, həyət-baca
abad, idman zalları, fənn
kabinetləri, kitabxana, yeməkxana göz oxşayır. Şəmkirin Zəyəm
qəsəbə 2 saylı tam orta məktəbində gördüklərimiz
bizi bir daha əmin etdi ki, yerlərdə göstərilən diqqət
və qayğını layiqincə qiymətləndirir,
olanları qoruyub saxlamağı
bacarırlar. Sadəcə işə məsuliyyətlə yanaşmaq lazımdır. 2009-cu ildən məktəbin
direktoru işləyən Kəmalə
Hüseynovanın söylədikləri bizdə məmnunluq hissi oyatdı:
– Gözəl məktəb
tikib veriblər, sağ
olsunlar. Bəs niyə qoruyub
saxlamamalıyıq? Hər səhər dərsdən əvvəl
şagirdlərlə söhbət edirik. Deyirik ki, bu
gözəl binanı sizə Prezidentimiz tikdirib, gəlin qoruyaq,
yaxşı baxaq, heç
nəyi zədələməyək, təmiz saxlayaq!
Bu işə valideynlər də cəlb olunub. Məktəb binasının daxilində
texniki işçilərdən başqa, müəllimlər də hərəsi
nəyəsə cavabdehdirlər. Adi divara vurduqları rəngdən bir qutu saxlamışam ki, birdən lazım olar. Gedib Gəncədə ondan
kifayət qədər hazırlatmışam. Sabah
divara vurulanda əvvəlkindən
seçilməsin.
Tanış olduğumuz yeni məktəblərdə
qeyd etdiyimiz vacib işə yanaşmalar
da müxtəlifdir. Məsələn,
Qazaxdakı 4 saylı 360 şagird yerlik məktəb 2012-ci ildə istifadəyə
verilib. Gözəl, hər cür şəraiti olan
binadır. Di gəl, həyət-bacasına
münasibət lazımi səviyyədə deyil.
Yuxarı siniflərdə davamiyyət zəifdir. Yaxud şəhərdəki başqa
bir təzə məktəbdə– İ.Qayıbov adına məktəbdə
çirkabın iy-qoxusu dəhlizə
yayılıb. Dərslərə davamiyyət də
aşağıdır..
Qeyd edək ki, təzə
tikilmiş məktəblərin bir çoxunda sanitariya qovşaqları təmiz
saxlanılmır, su gəlmir, sinif otaqlarında elektrik
lampaları yoxdur. Şəmkirdə, Qazaxda, Gədəbəydə belə hallarla rastlaşdıq.
İdman zallarına münasibət də bir qədər
yaxşılaşdırılmalıdır. Geniş,
işıqlı zalların şagirdlərin istifadəsinə
verilməsinə baxmayaraq, bəzən idman avadanlıqları və ləvazimatlar
çatışmır.
“Məktəb bizim evimizdir, ayaqqabılı içəri girə bilmərik”
Yarımsərlövhəyə
çıxardığım sözləri Gədəbəyin
Slavyanka kəndindəki 1 saylı kənd
orta məktəbin 6-cı sinif
şagirdi Tural
adlı sarışın bir oğlan dedi və sonra da şkafa
yaxınlaşıb öz
ayaqqabılarını çıxardaraq yumşaq
ev ayaqqabısı geyinib,
tələsik sinfə keçdi...
Heydər Əliyev Fondu hesabına inşa edilmiş bu məktəbdə
ikinci dəfə idi ki, olurdum. Düzü məktəbdə
şagirdlərin “şəpik”də gəzməsini ilk dəfə burada görmüşdüm və təəccüblənməklə
yanaşı, fikirləşmişdim ki, yəqin
təzə məktəbdir, indi bunu edirlər, sonradan unudacaqlar. Amma aradan artıq 7 il keçmişdi. Ənənə, özü də gözəl ənənə davam edirdi. 280 yerlik məktəbə, həyət-bacaya, sinif otaqlarına, dəhlizlərə baxanda adama elə gəlir
ki, bina 2007-ci ildə deyil, dünən istifadəyə verilib. Məktəbin direktoru
Mətanət Hüseynova dedi
ki, uşaqlar özləri
məktəbin səliqəli saxlanılmasına böyük səy göstərirlər. Burada hamı bir-birinə həm nəzarət
edir, həm də təsir göstərir.
Kimsə artıq-əskik hərəkət edə bilməz.
Hansısa şagirdin yazı
skamyasını cızmasını bütün
sinif müzakirə edə bilər. Heç müəllimin, sinif
rəhbərinin müdaxiləsi də lazım deyil.
Şəmkirin
Qasım İsmayılov kəndində keçən il istifadəyə verilmiş
məktəbdə də şagirdlər ev
ayaqqabıları geyinmişdilər. Məktəbin direktoru Maarifə müəllimə köhnə
binaların divardan asılmış şəklini
göstərərək - “Baxın, görün
harada oxuyublar...İndi bunu necə qorumamaq olar?! Sağ olsun cənab Prezidentimiz, sağ olsun Mehriban xanım. Öz evimizdən də yaxşı saxlamağa borcluyuq. Belə
bir təşəbbüs irəli sürmüşük və bəyənilib: hər
gün bir müəllim
məktəbdə direktorluq edir, onun bütün
funksiyalarını yerinə yetirir və
hamı da onu eşidir. Beləliklə, məktəbin saxlanma vəziyyəti, davamiyyəti, dərsin
keyfiyyəti üçün təkcə
müdiriyyət deyil, hamı məsuliyyət
daşıyır.
Ucqar kənddən gəlib bu
məktəbdə ingilis dili
müəllimi işləyən Niyazi Səfərovun
da fikirləri maraqlı idi.
Dedi ki, bu binada, belə bir şəraitdə
ürəkdən işləməmək, şagirdlərə
lazımi bilikləri verməmək ən azı
günahdır. Rayon icra
hakimiyyətinin başçısı Nazim
Veysov bir neçə
ay əvvəl burada səyyar
qəbul keçirirdi. Elə oradaca mənə gənc mütəxəssis kimi torpaq sahəsi
ayrılmasına göstəriş verdi. Bu, qayğı deyil, bəs
nədir?
Məktəb
binalarının, onun həyət-bacasının
təmiz, səliqəli saxlanması çox
vacibdir və yaxşı ki,
çox yerdə şagirdlər və
müəllimlər də bu işlərə
yaxından cəlb olunub. Lakin
getdiyimiz, tanış olduğumuz
məktəblərin heç də
hamısında vəziyyət yuxarıda qeyd
etdiyimiz kimi deyil. Bəzi məktəblərdə təşəbbüsə
qoşulmaq xatirinə iş
görənlər də var. Təzə, müasir məktəbin girəcəyində
elə döşəməyəcə düzülmüş
ayaqqabılar, yaxud köhnə, primitiv şəkildə taxtadan
düzəldilmiş “dolablar” görkəmə
xələl gətirir. Bir məsələni
qeyd etmək lazımdır ki, nəinki ayrı-ayrı rayon
təhsil şöbələri arasında, elə eyni rayonun məktəbləri
arasında da əlaqələr zəifdir.
Qabaqcıl təcrübənin öyrənilməsinə, səmərəli,
faydalı işin yayılmasına az təşəbbüs göstərilir. Məsələn,
yaxşı olmazmı ki, Qazax
rayonunun hər hansı bir
məktəbinin şagirdləri qrup şəklində
Gədəbəydə və ya elə
Şəmkirdə yuxarıda adlarını çəkdiyimiz
məktəblərə gətirilsinlər, baxsınlar,
söhbət etsinlər, öyrənsinlər? Yaxud
rayon təhsil şöbələri təzə
məktəblərin saxlanma vəziyyətini,
qabaqcıl məktəblərin bu sahədə
iş təcrübəsini öz şura
iclaslarında müzakirə etsələr pismi
olar?
Yalnız Şəmkir
Rayon Təhsil Şöbəsinin 29 dekabr 2014-cü il tarixli şura iclasında yeni tikilmiş binaların
saxlanılması vəziyyətinin müzakirə olunması
faktı ilə rastlaşdıq və bu,
özlüyündə olduqca təqdirəlayiqdir.
Yaxşı olar ki,
digər rayonlarda da bu məsələyə ciddi
fikir verilsin,
qabaqcıl təhsil müəssisələrinin iş təcrübəsi yayılsın,
müsabiqələr keçirilsin, ən
qabaqcıl məktəblər mükafatlandırılsın. Yeri gəlmişkən
qeyd edək ki, Azərbaycan
Respublikası Prezidentinin “Ən
yaxşı ümumtəhsil məktəbi və ən
yaxşı müəllim mükafatlarının təsis
edilməsi haqqında” 4 sentyabr 2007-ci il tarixli sərəncamına
uyğun olaraq, hər
il bu müsabiqələrə
yekun vurulur və qalib məktəblər 10 min manat pul
mükafatı ilə təltif olunur. Xeyirxah təşəbbüs, yaxşı ənənədir.
Lakin ümumtəhsil məktəbləri,
təhsil şöbələri, rayon icra hakimiyyətləri həmin mükafatlara namizədlər irəli sürərkən
məhz məktəb binalarının da saxlanma vəziyyətini nəzərə
almalıdırlar. Yəqin ki, Təhsil Nazirliyi də qeyd etdiyimiz məsələyə laqeyd
yanaşmaz.
Bu bina hara, o bina
hara...
“Məktəbimiz belə olub, indi isə belədir”
– Şəmkirdə təzə
məktəblərin, demək
olar ki, hamısında bu adda maraqlı stendlər təşkil olunub. Binaların girəcəyində görməli yerdən asılan foto-stenddə köhnə məktəb binasının şəkli,
tikildiyi tarix və elə onun yanında yeni məktəb binasının şəkli,
istifadəyə verildiyi
tarix göstərilib.
Əslində, çox təqdirəlayiq
bir işdir. Bu, bir tərəfdən
şagirdləri (elə
müəllimlərin özlərini
də - H.Q.) təhsil
aldıqları məktəb
binasını, onun avadanlıqlarını göz
bəbəyi kimi qorumağa səfərbər
edir, digər tərəfdən dövlətimizin,
ölkə rəhbərinin
təhsilə, bugünkü
nəslə hədsiz
diqqət və qayğısını əks
etdirməklə onların
vətənpərvərlik ruhunda tərbiyə almasına böyük təsir göstərir.
Əslində öyünməyə,
fəxr etməyə,
təbliğ etməyə
dəyər! Axı Azərbaycanın
elə şəhəri,
rayonu, kəndi, qəsəbəsi yoxdur ki, təzə məktəb binası olmasın. Son on ildə
2700-dən çox təzə
məktəb binası
nə deməkdir?! Hələ bura inşa olunmuş əlavə sinif otaqları, yeni korpuslar, əsaslı şəkildə
təmir edilmiş məktəb binaları daxil deyil.
Qazaxda,
Gədəbəydə neçə-neçə
köhnə məktəb
binasının yanında
təzə məktəb
binasını görmək
mümkündür. Yeri gəlmişkən, köhnə
binaların bəziləri hələ də sökülməyib
və ya təmir olunmayıb. Daha dəqiq desək, əl də
vurulmayıb, uçuq-sökük vəziyyətdə
qalıb. Bu isə ümumi
gözəlliyə xələl gətirir, yeni
məktəblərin həyətyanı sahələrində
abadlıq, yaşıllıq işlərinə mane olur. Gədəbəydə,
Şəmkirdə belə məktəb binaları
qalmaqdadır.
Yuxarıda qeyd etdiyimiz kimi, foto-stendlərdə
köhnəliklə yeniliyin müqayisəli
şəkildə verilməsi təqdirəlayiqdir. Bu, əslində, yeni
istifadəyə verilmiş məktəblərin
hamısında olmalıdır. Lakin Gədəbəy
və Qazax rayon məktəblərində
stendlərin, nədənsə, təhsil şöbələrində
olduğunu bildirdilər.
...Yeni
məktəb binası təhsilə yeni
münasibət deməkdir. Gərək
bunu heç zaman unutmayaq. Olanlarımızı gərək göz bəbəyi kimi qoruyaq, nəsildən-nəsilə
ötürək. Gəlin,
köhnəsini unutmayaq,
yenisini qoruyaq!
Hamlet
QASIMOV
Xalq qəzeti.- 2014.- 25 may.- S.6.