Bir İstanbul
nağılı...
İstanbulda dəfələrlə olmuşam. Hər gedişimdə düşünmüşəm ki, yəqin bu dəfə sehir pozulacaq, alışqanlığın qaçılmaz qurbanı olan bütün gözəlliklər kimi İstanbul da ilkin cazibəsini itirərək gözümdə adiləşəcək, sıradan ziyarət məkanına çevriləcək. Lakin gözləntilərim hər dəfə məni aldadır və hava limanından şəhərə qədəm qoyduğum ilk andaca yenidən buta verilmiş aşiq kimi bu şəhərin sevgi, doğmalıq, heyranlıq qarışıq mistik cazibəsinə qapılıram.
Qəribə şəhərdir
İstanbul. Bütün şəhərlərin ruhu var deyirlər,
amma İstanbulun ruhu
başqadır. Bu ruh onu duya biləni
bir andaca əsir alır, sehrləyir. Nəinki daşı,
torpağı, havası da dil açıb danışır
bu qədim şəhərin. İstanbula “təbiətlə
tarixin birgə yaratdığı şeir”— deyirlər. Gözəl bənzətmədir. Lakin mən,
nədənsə daha çox qadına bənzədirəm
İstanbulu: gözəl, lakin əlçatmaz, sonunadək kəşf
edilə bilinməyən:
işvəli,
eyni zamanda müdrik, tədbirli; sevgi dolu, amma bir o qədər də qürurlu. Və sevilməyə məhkum...
İstanbula budəfəki səfərim ənənəvi İstanbul
“Shopping Festival”ın tanıtımında iştirak məqsədi
daşıyırdı. Azərbaycandan
dəvət edilmiş
üç jurnalistdən
biri idim.
Səfəri “İstanbul Shopping
Festival”ın baş sponsoru olan Türk Hava Yolları təşkil
etmişdi. Bizi hava limanında şirkətin əməkdaşları
qarşıladılar. Tədbirə 19
ölkədən 46 jurnalıst
qatılmışdı. Hər
kəs peşəkarlığın diktə etdiyi yüksək
nəzakətlə qarşılandı, lakin bakılı
qonaqlara göstərilən sevgi başqaydı. THY-nın əməkdaşları
Busə xanımla, Seyfullah bəylə, Sinan bəylə, Təməl
bəylə, İlkər bəylə tanış
olduq. İlkər bəyin “Azərbaycan
başımızın tacıdır ”
sözlərini İstanbulun
ziyarət etdiyimiz məkanlarında dəfələrlə
eşitdik. Sevginin qarşılığını duymaq
gözəl idi...
Xüsusi avtobusla hava limanını tərk
etdik. Sonuncu dəfə
İstanbulda cəmi iki ay öncə olmuşdum. Şəhər
bu qısa müddət ərzində də dəyişmiş,
bir az da gözəlləşmişdi. Bəlkə
də may ömrünü yaşayırdı, ondandı.
İstanbul durmadan inkişafdadır. Son illər şəhərə
ildə ən azı bir dəfə
təşrif buyuran səyyah hər gəlişində
mütləq yaxşılığa doğru dəyişiklik
görə bilər. Yeni binalar tikilir,
küçələr abadlaşdırılır,
gül-çiçəkli məkanların sayı durmadan
artır. Və bütün bunlar şəhərin
ruhunu incitmədən, qədimliyini, milliliyini qorumaqla həyata
keçirilir.
Şəhərin, bəzi hissələrdə
uçulub-dağılsa da, hələ qürürla boylanan, müəyyən
yerlərdə isə zamanın sehirli çubuğuyla gözəgörünməzliyə
bürünən qədim divarları yol boyu sanki bizimlə
gizlənpaç oynayırdı.
Gah itən, gah görünən daş “kitablar”
yaşıllıqlar arasından boy göstərərək hərəsi bir əfsanə
söyləyirdi elə bil. Yaşıllıq demişkən, İstanbulda təbiətin
ən gözəl rəngləri olan yaşıl və
göy rəng ecazkar hormoniyayla birləşib. Mərmərə
və Qara dənizin qucaqladığı şəhər firuzəylə
əhatə olunmuş zümrüd daşına bənzəyir.
Bu da tarix boyu üç böyük imperiyanın paytaxtı
olmuş İstanbula xüsusi kübarlıq verir.
Yerləşdiyimiz məkan füsunkar
boğaz mənzərəli “Hilton” hoteliydi. Bir anlığa Mədinə şəhərindəki
“Hilton”u
xatırladım. Dəbdəbəsinə görə bəlkə
də üstələyirdi, lakin təmizlik və xidmət
baxımından İstanbuldakıyla müqayisəyə gəlməzdi.
Ümumiyyətlə, Türkiyənin hotel və restoran
biznesində ən öndə gedən ölkələrdən olduğu
danlımazdır. Ölkəyə turist axınını gücləndirən
əsas amillərdən biri də budur.
Əşyalarımızı hotelə
yerləşdirdikdən sonra nahar etmək üçün
“Zorlu center” ticarət və əyləncə mərkəzinə
yola düşdük. Yenə yol boyu gözəlliklər, müxtəlif mədəniyyətlərin
sintezindən yaranan möhtəşəm görüntülər,
qədimliyin müasirlik aynasındakı cilvəsi...
Zincirlikuyuda
yerləşən “Zorlu center” İstanbulun ən möhtəşəm
layihələrindən biridir. Tikintisi 2,5 milyard ABŞ
dollarına başa gələn kompleksdə dəbdəbəli
“Raffles” hoteli, mədəniyyət və incəsənət mərkəzi,
biznes mərkəzi, elit yaşayış binaları və xeyli
sayda mağaza, restoran var.
“İstanbul Shopping Festival”ın sponsorlarından biri olan “Zorlu
center” turistlər üçün də maraqlı yerdir.
Nahardan sonra “Vialand”ə yollandıq. Bura dünyanın
bir çox böyük şəhərində fəaliyyət
göstərən “Disneyland”lərin Türkiyə
variantıdır. Eyup bölgəsində yerləşən əyləncə
məkanı 600 min kvadratmetr sahəni əhatə edir. Nəhəng
attraksionları, baş gicəllədən əyləncələri ilə
böyüklərin adrenalin mənbəyi
olan parkda balacalar üçün də nağıl qəhrəmanlarının
surətləriylə bəzədilmiş təhlükəsiz qurğular var. “Vialand” tarixi, oyun və
macəra olmaqla üç tematik zonaya ayrılır. Kompleksə həmçinin “Müasir İncəsənət
Muzeyi”, mağazalar, kafe və restoranlar da daxildir. Olduqca qorxulu təsir bağışlayan qatarda həyatımızı
“taleyin öhdəsinə” buraxdıqdan sonra sağ-salamat
“Dubay” restoranında şam yeməyi yedik. Zəngin
ərəb süfrəsi rusiyalı həmkarlarımı
xeyli çətin vəziyyətdə qoymuşdu. Pəhrizlərini
pozmaq istəməyən xanımlar ləzzətli
görünüş qarşısında tab gətirməyərək
dayanmadan yesələr də, hey deyinirdilər. Həmkarlarımdan
söz açmışkən, çox maraqlı görüntü
yaranmışdı. Məsələn, hicablı ərəb
qızı Rabiə və tamam əks mədəniyyətin
daşıyıcısı serbiyalı Yelenanın səmimi ünsiyyəti xoş
təsir yaradırdı. Rusiyalı jurnalistlərlə
Ukraynadan olan Yuliya və Yurinin münasibətinə gəldikdə, iki dövlət
arasında baş verən son hadisələr öz sözünü deyirdi. Onu da müşahidə
etdim ki, rus xanımlar nə qədər soyuq idilərsə,
ukraynalılar bir o qədər istiqanlı, mehriban təsir
bağışlayırdılar. Daha çox da
bizə, yəni azərbaycanlı həmkarlarına münasibətdə.
Səfərimizin ikinci günü İstanbul
Böyükşəhər Bələdiyyəsinin unikal əsəri
olan “Panorama 1453" tarix muzeyinə ziyarətlə
başladı. Topkapı Parkı içərisində yer alan muzey Fatih Sultan Mehmetin İstanbulu fəth
etməsini üç ölçülü rəsmlərdən,
top atəşindən, Mehtər marşı və at kişnəmələrindən
ibarət səs effektləri vasitəsilə təsvir edən
ecazkar yerdir. 2008-ci ildən fəaliyyət göstərən muzey ziyarətçilərin
böyük marağına səbəb olur. Muzeydəki qəhrəmanlıq
və zəfər ab-havası, bir türk olaraq, mənə çox
xoş hisslər yaşatdı.
Muzeydən sonrakı ziyarətimiz Eminönüdə
yerləşən İstanbul Ticarət Odasına idi. Burada nahardan sonra mətbuat
konfransına qatılacaqdıq . Türkiyənin ən qədim
biznes mərkəzi olan İstanbul Ticarət Odası çox gözəl məkanda
yerləşir. Binanın eyvanından
baxdıqda şəhərin bütün gözəlliyini və
möhtəşəmliyini sanki yenidən kəşf edirsən.
Mətbuat konfransında “İstanbul Shopping Festival”dan bəhs edən
layihənin rəhbəri Füsun Tavus bildirdi ki, düzənlənməsi
bu il 7-29 iyun
aralığında
planlaşdırılan festival artıq 4-cü dəfədir
baş tutur. Alış-veriş, əyləncə, moda, incəsənət
ilə süslənmiş böyük bayram tədbiri
hazırladıqlarını deyən F.Tavus İstanbulu
dünyanın ən məşhur moda və
alış-verış nöqtəsinə çevirməyi məqsəd
seçdiklərini də vurğuladı. Festival boyunca küçələrin
bəzədiləcəyini, maraqlı konsert
proqramlarının, küçə göstərilərinin,
sürprizlərin düzənlənəcəyini, deyən
Füsun xanım bütün istanbulsevərləri təşəbbüsü
dəstəkləməyə və
yüksək endirimlərdən yararlanmağa
çağırdı.
Rəsmi görüş bitmişdi və
biz Qalata körpüsüylə boğazın üzərindən
keçərək məşhur Güllüoğlu
paxlavasına qonaq olmağa gedirdik. Qədim
və yeni İstanbulu birləşdirdiyinə görə
Qalata körpüsünə iki mədəniyyəti birləşdirən
körpü də deyirlər.
Balıqçıların və kiçik ticarətlə məşğul
olanların “zəhməti” nəticəsində xeyli pinti
görünsə də, bu, mənzərənin gözəlliyinə xələl
gətirmir, əksinə, canlılıq yaradır.
Paxlavamızı dadıb 150 yaşlı yeraltı tunellə
şəhərin ən uzun və ən gözəl
küçəsi olan İstiqlala gəldik. Görünüşüylə
bir qədər bizim İçərişəhərin
küçələrini xatırladan İstiqlalda yerli əhalidən
çox turistlərə rast gəlmək mümkündür.
Onlar burada öz evlərindəki kimi gəzib
dolaşırlar. Ümumiyyətlə İstanbul həddən artıq kosmopolit
şəhərdir. Bəlkə də, cazibəsinin
sirlərindən biri də məhz budur.
Əsasən turistləri cəlb etmək
üçün boy verən bər-bəzəkli mağazalarda qiymətlərin
heç də ucuz
olmaması
alış-veriş arzusunda olan bəzi həmkarlarımı
məyus etdi. İstiqlalda çox yubanmadan
tramvayla Sultanəhmədə gəldik. Topqapı sarayı,
Ayasofiya, Sultanəhməd məscidi, At
meydanı, ta qədim Misir dövlətindən qalma
sütunları və sair tarixi abidələri özündə
birləşdirən bu möhtəşəm kompleksə
“İstanbulun ürəyi” də demək olar. Vaxt
məhdudluğu üzündən tarixi abidələrlə
tanışlığımız ötəri oldu. Bizi gəmiylə boğaz gəzintisi gözləyirdi.
Artıq gün batmaq üzrəydi. Lacivərd suların ikiyə ayırdığı
şəhər gözlərimiz önündə bütün
gözəlliyi ilə cilvələnirdi. Batan Günəşin
qırmızımtıl şüaları modern binaların
aynalı pəncərələrində bərq vuraraq
sürüşüb qədim məscidlərin günbəzində can verir və oradan
boğazın sularına tökülürdü. O an
düşünürdüm ki, görəsən,
dünyanın hansısa yerində qədimliklə müasirlik bu
qədər gözəl vəhdət yaradıbmı...
Bir azdan toran düşdü, məscidlərdən
azan səsləri yüksəlməyə başladı. Yağış çisələyirdi. Sanki hansısa sehrli qüvvə gözəl bir
ssenari yaratmışdı. Beləcə
Dolmabağçanı, Çirağan sarayını,
Ortaköy məscidini arxada qoyub, Boğaziçi
körpüsünün altından keçərək Anadolu
yaxasındakı Əskəri Lisəsinə
yaxınlaşdıq. Oradan avtobusla “Cəmilə Sultan Korusu”na yollandıq.
Vaxtilə Sultan Əbdülməcid tərəfindən
qızı Cəmilə Sultanın xatirəsinə alınan
bu məkan indi İstanbul Ticarət Odasına məxsusdur və
yalnız xüsusi qonaqları qəbul edir. Burada İstanbul Ticarət Odası mənsublarıyla
birgə şam etdikdən sonra otelə döndük.
İstanbul səfərimizin sonuncu
günü tədbirin əsas təşkilatçısı
olan Türk Hava Yollarıyla tanışlıq nəzərdə
tutulmuşdu. Öncə THY-nın tədris
mərkəzinə gəldik. Mərkəzdəki iş
metoduyla, müasir avadanlıqlarla tanışlıqdan sonra baş ofisdə şirkətin
rəhbəri Təməl Kotilin iştirakı ilə baş
tutan mətbuat konfransına qatıldıq . Təməl
bəy çıxışına Türkiyədə
insanlıq dramı yaradan Soma faciəsindən
üzüntüsünü
dilə gətirməklə başladı. Daha sonra THY-nın fəaliyyətiylə
bağlı statistik məlumatları jurnalıstlərə
çatdırdı. Şirkətin bu qədər uğur
qazanmasının sirrini soruşduqda isə Təməl bəy
çox sadə cavab verdi: “Sevgi. Biz müştərilərimizə yalnız peşəkar
xidmət göstərmirik, biz həm də onları sevirik”.
İstanbuldakı son günümüz
artıq başa çatmaq üzrəydi. Hava limanına yaxın yerləşən
“Floriya-mall”da Mərmərənin mavi sularını seyr edərək
yemək yeyir və eyni zamanda, THY-nın əməkdaşı
Seyfulla bəylə və İstanbul Shopping Festival-ın
yetkililərindən biri olan Bilgə xanımla Bakı
haqqında, onun son illər necə böyük sürətlə
inkişaf etməsi, gözəlləşməsi, paytaxtımızda
keçirilmiş “Eurovision”mahnı yarışmasının
möhtəşəmliyi barədə
danışırdıq. Bakı Politexnik
Universitetinin məzunu olan Seyfulla bəy şəhərimizi
çox sevdiyini söyləyir. Onun
“bakılı balasıyam, Bakıda qalasıyam”
zarafatını Bilgə xanım anlamasa da, biz ikimiz ürəkdən
güldük.
Yeməkdən sonra dünyanın ən böyük
tematik akvariumu olan “İstanbul Akvarium”un sualtı
dünyasıyla da tanış olub Atatürk Hava Limanına gəldik.
Ayrılıq anı çatmışdı.
Üç gün ərzində xeyli
doğmalaşmışdıq. Hətta
rusiyalı və ukraynalı həmkarlarım arasındakı
əvvəlki soyuqluqdan da əsər-əlamət
qalmamışdı.
Hava limanında daha bir həzin mənzərənin
şahidi olduq. Somalidən olan çox yoxsul sərnişin
təyyarəyə gecikmişdi. Transfer üçün
pul ödəmək imkanı olmayan adamın çarəsizliyi
THY işçilərini biganə qoymadı. Onların
somaliliyə necə yardım etmək istədiklərini
gördüm. Və etdilər də.
Bu mənzərə mənə Təməl bəyin sevgi barədə
dediyi sözləri xatırlatdı...
Artıq təyyarədəydik. Üç günlük ayrılıqdan sonra Vətənə
dönürdük. Pəncərədən
qaranlıqda ləl-cəvahirat kimi işıq saçan
İstanbulun getdikcə uzaqlaşdığını
görürdüm. Cazibəsi isə hələ də mənimlə
idi...
Aida AYSA
Xalq qəzeti.- 2014.- 25 may.- S.7.