Hüseynağa Sadıqov- 100
Görkəmli sənətkar, parlaq
istedad sahibi
Bu
yaxınlarda Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı
ilə Gənc Tamaşaçılar Teatrında görkəmli
sənətkar, parlaq istedada malik unudulmaz teatr və kino aktyoru,
xalq artisti Hüseynağa Sadıqovun anadan olmasının 100
illiyinə həsr olunmuş təntənəli xatirə gecəsi
keçirildi. Haqqında sənət dostları
xoş xatirələr danışdılar, çəkildiyi filmlərdən fraqmentlər
göstərildi. Aktyorun 100 illik yubileyi təkcə Bakıda deyil,
rayonlarımızda da qeyd
olundu.
Onu hamı
sevirdi. Böyüklərdən çox uşaqlar onun radio verilişlərinə maraqla
qulaq asardılar. Sözün əsl mənasında sənətkar idi. Səsini elə dəyişirdi ki,
elə bil heç Hüseynağa müəllimin səsi
deyildi. Maraqlı insan idi. Onunla tanış olanlar deyirdilər
ki, Hüseynağa müəllim çox təvazökar,
zarafatcıl, insansevər, sənətinin vurğunu olan bir insan idi. Hüseynağa
Sadıqov 1914-cü ildə Novruz bayramı günlərində
Bakının qədim məhəllələrinin birində,
tacir Ələsgərin ailəsində doğulmuşdu. Hələ
körpə yaşlarında o illərin dövri mətbuatında
çap olunmuş şeirləri, felyetonları əzbər
söyləməsi ata-anasına daha çox fərəh
verirdi. Sonralar hamı ilə ünsiyyət qurmaq
bacarığı bu uşağı daha da
doğmalaşdırdı. Hətta ev heyvanları ilə
dostluq etdikcə ata-ana bu ünsiyyətdən sevinirdi.
Çünki heyvanların balaca Hüseynağaya olan sevgisi,
ünsiyyəti bənzərsiz idi. Hüseynağa hələ
orta məktəbdə oxuyarkən həvəskar teatr
truppalarına meyl göstərir, özünü
uzaqdan-uzağa da olsa, onların oyununda hiss edirdi. Teatrdan
eşidilən ecazkar səslər, rəngarəng
gülüşlər gecələr də ona rahatlıq
vermir, yuxusunu ərşə çəkirdi. Hər dəfə
tamaşa göstərilən binanın yanından keçəndə
onda qəribə hisslər yaranırdı. Teatrdakı
mühitin başqa olduğunu düşünürdü.
Bu hisslər onu teatr texnikumuna çəkib gətirdi.
Burada gənc Hüseynağanın
gördükləri, eşitdikləri uşaq
aləmində yaratdığı dünyadan
çox-çox fərqli idi.
Rza Təhmasib,
Ağadadaş Qurbanov,
Cəfər Cabbarlı, Aleksandr Tuqanov və başqaları ilə
görüşləri gənc Hüseynağanı bir növ ovsunladı.
1928-ci ildə Bakıda yaranan Fəhlə
Cocuqlar Teatrı sonralar
öz fəaliyyətini Gənc
Tamaşaçılar Teatrı kimi
genişləndirdi. Hüseynağa
Sadıqov aktyor kimi meydana məhz bu səhnədən
atıldı.
Hüseynağa Sadıqov, doğrudan
da, aktyor oldu. Sevildi, fəxri adlar aldı, ən əsası isə
xalqın qəlbində özünə yer
qazandı. Onun filmlərinə, televiziya tamaşalarına baxanda
aydın hiss edirsən ki,
klassik Azərbaycan aktyor
sənətindən bəhrələnib. Ancaq
o yalnız öz yolu, öz üslubu
olan aktyor idi. Radio verilişlərindəki
işlərini orta nəsil indi də xatırlayır.
Hüseynağa
müəllim müharibənin
ağır yollarından keçmişdi. Cəbhədə
sakitlik yaranan kimi döyüşçü
dostlarının könlünü açmağa çalışırdı.
Onların arasından həvəskarları seçib
səhnəciklər yaradır, döyüşçülərdən
kədəri uzaqlaşdırmağa
çalışırdı. Əsgərlər dincələrkən
Hüseynağanı axtarır, onun
ağrı-acıları unutduran səhnəciklərinə
tamaşa etməyə can
atırdılar. O, Berlinə qədər döyüş
yolu keçdi. İki dəfə ağır yaralansa
da, Tanrı onu
ölümdən qorudu. Müharibədən
“Qırmızı ulduz” ordeni
ilə qayıdan Hüseynağa sonralar oynadığı obrazlarda
da sanki o illəri yaşayırdı. Daim
gözlərinin önündən əynində boz şinel, alov içindən sinəsini qabağa
gərdiyi, fırtına qoynuna girdiyi günlər kinolenti
kimi keçirdi.
Müharibə dəhşətlərini gözləriylə
görsə belə, səhnədə olduğunu
yada salanda hər şeyi unudurdu. Hüseynağa Sadıqovun “Azərbaycanfilm” də “Sehirli
xalat”, “Səhər”, “Yeddi
oğul istərəm”, “O qızı
tapın”, “Yenilməz batalyon”, “Telefonçu qız”, “Alma
almaya bənzər”, “Babamızın
babasının babası”, M.Qorki adına kinostudiyada çəkilən “Ələddinin
sehirli çırağı” filmlərində
yaratdığı müxtəlif səpkili obrazlar da
tamaşaçıların yaxşı yadındadır. Rejissorlar onun
istedadını qabaqcadan duyurdular.
O, epizodik rollarda
çəkilməyi də sevirdi.
1974-75-ci illərdə “Alma almaya bənzər” filmi
çəkilirdi. Filmdə məktəbli Kərimov rolunu ifa edən kinorejissor Cəmil
Quliyev Hüseynağa
Sadıqovla ilk dəfə həmin filmin çəkilişlərində
tanış olduğunu xatırlayır: “Hüseynağa müəllim çox
qürurlu insan idi. Öz sənətinə
hörmətlə yanaşırdı. Yadımdadır ki, bir dəfə söhbətlərinin
birində: “Mən fəxr edirəm ki, aktyoram. Axşamlar çox rahat yatıram.
Bilirəm ki, qapım döyüləndə
və ya telefon zəngi
çalınanda məni ya televiziyaya, ya kinostudiyaya, ya da teatra
çağırırlar. Həyatda nə qazanmışamsa, öz zəhmətim sayəsində olub”.
Hüseynağa Sadıqov vaxtının çox
hissəsini işə həsr edərmiş . Deyirlər, harada olurdusa, ancaq iş haqqında düşünürdü. Uşaq
kitabları oxuyurdu, yeni
tamaşalar haqqında fikirləşirdi. O, daim gah teatra, gah kinoya, gah da televiziyaya tələsirdi.
Qızı Tamella xanım xatırlayır: “Uşaq və gənclərin sevimli yazıçısı Abdulla
Şaiq
teatr üçün yeni əsərlər yazırdı. O, atamla çox yaxın idi. Hətta elə obrazları vardı ki, məhz onun üçün yazmışdı.
Atamın ölkəmizdən kənarda da çoxlu dostu vardı. O, həmişə
bizi Moskvaya, Yaltaya, Sankt-Peterburqa aparırdı. Moskvada çoxlu filmə
çəkilirdi. Atama hər
yerdə çox hörmət edirdilər.
Evimizə çoxlu məktub
gələrdi. Biz Bakıxanov küçəsində
doqquzmərtəbəli binanın
7-ci mərtəbəsində yaşayırdıq. Poçtalyon hər dəfə məktubları yuxarı çıxaranda yorulub əldən düşməsindən
gileylənirdi. Bu məktublar ona olan hədsiz sevginin ifadəsi idi. Atam uşaqların arzu və istəkləri ilə tanış
olmaq üçün
həmin məktubları
birər-birər oxuyurdu.
Çünki bu məktublar
ona verilişlərində
lazım olurdu”.
Hüseynağa
Sadıqov “Komsomol poeması” tamaşasında
oynadığı Mirpaşa
roluna görə Respublika Lenin komsomolu mükafatına layiq görüldü. 1956-cı ildə əməkdar artist, 1979-cu ildə xalq artisti fəxri adlarını almış,
1983-cü il fevralın 23-də
dünyasını dəyişmişdir. Bu günlər qüdrətli
sənətkarın 100 illik yubileyinin
xalqımız tərəfindən böyük
hörmət və məhəbbətlə yad
edilməsi onun
ölməz sənətinə olan hörmət və məhəbbətin canlı ifadəsidir.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2014.- 25 may.- S.7.