Azərbaycan Xalq Cümhuriyyəti –
Şərqin ilk demokratik,
parlamentli respublikası
Zaqafqaziyadan
Rusiyanın Müəssislər Məclisinə
seçilmiş və Böyük Oktyabr sosialist
inqilabının qələbəsi nəticəsində
Petroqrada gedə bilməmiş nümayəndələr
1918-ci il fevralın 14-də Tiflisdə toplaşdı. Onlar
Zaqafqaziyada ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini
yaratdılar.
Azərbaycan nümayəndələrinin təkidilə
Zaqafqaziya Seymi aprelin 9-da Zaqafqaziyanın suverenliyini və
Zaqafqaziya qoşma Xalq Cümhuriyyəti yaradıldığını
elan etdi. Lakin Zaqafqaziya
Cümhuriyyətinin yaranması daxili və xarici siyasət sahəsinə
heç bir dəyişiklik gətirmədi. Seymdə
iştirak edən nümayəndələr arasındakı
daxili ziddiyyətlər və xarici orientasiya məsələlərində
əks mövqelər nümayəndələrin ümumi dil
tapmasına imkan vermirdi. Zaqafqaziya Seymində və hökumətində
fəaliyyət göstərən hər üç millətin
nümayəndələrindən hər biri öz millətinin
mənafeyini ümumzaqafqaz mənafeyindən üstün
tuturdu. Onların ümumi platforması yox idi. 1918-ci il may
ayının 25-də Zaqafqaziya Seyminin son iclası
keçirildi. Gürcüstan Zaqafqaziya Seymindən
çıxaraq may ayının 26-da öz istiqlaliyyətini
elan etdi. Gürcüstanın ardınca Ermənistan da öz
istiqlaliyyətini elan etməyə hazırlaşdı. Belə
bir şəraitdə Zaqafqaziya Seyminin müsəlman
fraksiyası da hərtərəfli müzakirədən sonra
belə bir qərara gəldi ki, “əgər Gürcüstan
öz istiqlaliyyətin elan edərsə onda bizim tərəfimizdən
də Azərbaycanın istiqlaliyyəti elan olunmalıdır”.
Zaqafqaziya Seymi dağıldıqdan bir gün
sonra, mayın 27-də Azərbaycanın istiqlaliyyətini elan
etmək və ilk Azərbaycan hökumətini yaratmaq məqsədilə
Seymin bütün müsəlman nümayəndələri
Tiflisdə toplaşdı. Hərtərəfli müzakirədən
sonra onlar belə ağır bir zamanda Azərbaycanın idarə
olunmasını öz üzərlərinə götürmək
qərarına gələrək özlərini Azərbaycanın
Milli Şurası elan etdilər.
Bu iclasda Milli Şuranın Rəyasət Heyəti
seçildi. Rəyasət Heyətinə Türk (Azərbaycan
- A.P.) Demokratik Federalistlər Partiyasının
müsavatçıların və partiyasızların
demokratik qrupu tərəfindən M.Hacınski, N.Yusifbəyov,
X.Xasməmmədov, M.Cəfərov, Müsəlman Sosialist
Bloku partiyalarından X.Məlikaslanov, C.Hacınski, sosial
demokrat (menşevik) “Hümmət” partiyasından
Ə.Şeyxülislamov, Rusiya müsəlmanlarının
“İttihad” partiyasından isə doktor X.Sultanov daxil edildi.
Görkəmli siyasi xadim Məmmədəmin Rəsulzadə
gizli səsvermə yolu ilə Azərbaycan Milli
Şurasının sədri seçildi.
Mayın 28-də keçmiş Qafqaz
canişininin iqamətgahında doktor Həsən bəy
Ağayevin sədrliyi ilə Azərbaycan Milli
Şurasının iclası keçirildi. Uzun və hərtərəfli
müzakirədən sonra Milli Şura “Azərbaycanın
İstiqlaliyyəti haqqında bəyannamə” qəbul etdi. Bəyannamədə
deyilirdi:
“Böyük Rusiya inqilabının cərəyanı
ilə, dövlət vücudunun ayrı-ayrı hissələrə
ayrılması ilə Zaqafqaziyanın rus orduları tərəfindən
tərginə mövcud bir vəziyyəti-siyasiyyə hasil
oldu. Kəndi qəvayi-məxsusələrinə tərk olunan
Zaqafqaziya millətləri müqəddəratlarının
idarəsini bizzat kəndi əllərinə alaraq Zaqafqaziya
qoşma Xalq Cümhuriyyətini təsis etdilər. Vəqayisiyasiyyənin
inkişaf etməsi üzərinə gürcü milləti
Zaqafqaziya qoşma Xalq Cümhuriyyəti cüzindən
çıxıb da müstəqil Gürcü Xalq
Cümhuriyyəti təsisini səlah gördü.
Rusiya ilə Osmanlı imperatorluğu
arasında zühur edən müharibənin təsviyyəsi
üzündən hasil olan vəziyyət Hazireyi-siyasiyyə və
məmləkət daxilində bulunan misilsiz anarxiya Cənub-Şərqi
Zaqafqaziyadan ibarət bulunan Azərbaycana, dəxi bulunduğu
daxili və xarici müşkülatdan çıxmaq
üçün xüsusi bir dövlət təşkilatı
qurmaq lüzumunu təlqin ediyor. Buna binaən ərai-ümumiyyə
ilə intixab olunan Azərbaycan şurai milliyeyi-islamiyyəsi
bütün cəmaətə elan ediyor ki:
1. Bu gündən etibarən Azərbaycan xəlqi
hakimiyyət həqqinə malik olduğu kibi, Cənub-Şərqi
Zaqafqaziyadan ibarət Azərbaycan dəxi kamil-əl-hüquq
müstəqil bir dövlətdir.
2. Müstəqil Azərbaycan dövlətinin
şəkili-idarəsi Xalq Cümhuriyyəti olaraq təqərrür
ediyor.
3. Azərbaycan Xalq Cümhuriyyəti
bütün millətlər və bilxassə həmcüvar
olduğu millət və dövlətlərə münasibəti-Həsənə
təsisinə əzm edər.
4. Azərbaycan Xalq Cümhuriyyəti millət,
məzhəb, sinif, silk və cins fərqi gözləmədən
qələmrəvində yaşayan bütün vətəndaşlarına
hüquqi-siyasiyyə və vətəniyyə təmin eylər.
5. Azərbaycan Xalq Cümhuriyyəti ərazisi
daxilində yaşayan bilcümlə millətlərə sərbəstanə
inkişafları üçün geniş meydan buraxır.
6. Məclisi-Müəssan toplanıncaya qədər
Azərbaycan idarəsinin başında arai-ümumiyyə ilə
intixab olunmuş Şurai-Milli və Şurai milliyəyə
qarşı məsul hökuməti-müvəqqəti durur”.
Sonra Milli Şura Azərbaycan Xalq Cümhuriyyətinin
ilk Müvəqqəti hökumətini təşkil etməyi
şuranın üzvü, bitərəf Fətəli xan
Xoyskiyə tapşırdı. Hərtərəfli müzakirədən
sonra ilk Azərbaycan Müvəqqəti hökuməti
aşağıdakı tərkibdə təsdiq olundu: F.Xoyski -
nazirlər şurasının sədri və daxili işlər
naziri, X.Sultanov - hərbi nazir, M.Hacınski - xarici işlər
naziri, N.Yusifbəyli - maliyyə və maarif naziri, X.Xasməmmədov
- ədliyyə naziri, M.Y.Cəfərov - sənaye və ticarət
naziri, Ə. Şeyxülislamov - əkinçilik və əmək
naziri, X.Məlikaslanov - yollar, poçt və teleqraf naziri,
C.Hacınski - dövlət nəzarəti naziri.
Azərbaycan Milli Şurasının və
hökumətinin yaranmasını, onların məqsəd və
vəzifələrini izah etmək məqsədi ilə
Zaqafqaziyanın azərbaycanlılar yaşayan şəhər
və qəzalarına nümayəndə heyətləri
göndərmək qərara alındı. N.Yusifbəyli,
M.Rüstəmbəyov və doktor X.Sultanovdan ibarət ilk
nümayəndə heyəti Gəncəyə göndərildi.
May ayının 30-da radioteleqraf vasitəsilə
Azərbaycanın istiqlaliyyəti barəsində
dünyanın bütün siyasi mərkəzlərinə –
cümlədən, London, Paris, Vaşinqton, İstanbul, Berlin,
Madrid, Moskva, Roma, Vyana, Buxarest, Tokio, Haaqa, Kopenhagen, Stokholm və
s. şəhərlərə rəsmi bəyanat göndərildi.
Azərbaycan Xalq Cümhuriyyəti çox
mürəkkəb tarixi şəraitdə fəaliyyətə
başladı. Bu vaxt Bakıda S.Şaumyan başda olmaqla,
Bakı Xalq Komissarlar Soveti fəaliyyət göstərirdi.
1918-ci il mart hadisələrindən sonra Bakı Kommunası azərbaycanlı
əhali arasında öz nüfuzunu itirmişdi. Buna görə
də onun təsiri Azərbaycan qəzalarına yayıla
bilmir və burada hərc-mərclik hökm sürürdü.
Azərbaycan Milli Şurası və hökuməti öz təsir
dairəsinin bütün Azərbaycan ərazisində
genişləndirmək məqsədilə 1918-ci il iyunun 16-da
Tiflisdən Gəncəyə köçdü. Bu vaxt Gəncədə
real hakimiyyət hələ may ayının axırlarında
300 nəfərlik hərbi təlimatçılarla Gəncəyə
gəlmiş Türkiyənin Qafqaz ordusunun baş komandanı
Nuru paşanın əlində idi. O, tezliklə Gəncədə
hərc-mərcliyə son qoymuş, şəhərdə
qayda-qanun yaratmışdı. Azərbaycan Milli Şurası və
hökumətinin həyata keçirməyə
çalışdığı tədbirlərin “həddindən
çox demokratik istiqamətindən” narazı qalan Azərbaycan
burjuaziyası və mülkədarlarının müəyyən
dairələrinin təsiri ilə Gəncədə real
hakimiyyətə malik olan Nuru paşa buraya gəlmiş Azərbaycan
Milli Şurasını və hökumətini şübhə
ilə qarşıladı. Hətta o, Milli Şuranın
üzvlərini qəbul etməkdən belə imtina etdi. Nəticədə
Azərbaycanın müstəqilliyi məsələsi təhlükə
qarşısında qaldı. Nuru paşanın müşaviri
və onun yanında böyük nüfuza malik olan Əhməd
bəy Ağayev qarşılıqlı güzəştlər
əsasında ümumi razılığa gəlməyi təklif etdi. Bu təklifə
görə, Milli Şura buraxılmalı və bütün
hakimiyyət yeni yaradılacaq hökumətə həvalə
olunmalı idi.
Həmin məsələni müzakirə etmək
üçün 1918-ci il iyunun 17-də keçmiş şəhər
idarəsi binasında M.Ə.Rəsulzadənin sədrliyi ilə
Milli Şuranın növbəti iclası açıldı.
F.Xoyski hökumətin istefası bəyanatı ilə
çıxış etdi. Uzun müzakirədən sonra
hökumətin istefası qəbul olundu və F.Xoyskiyə
yeni hökumət təşkil etmək
tapşırıldı. Özünün yeni hökumət
proqramı ilə çıxış edən F.Xoyski bildirdi
ki, yeni hökumətin başlıca vəzifəsi Azərbaycanın
azadlıq və istiqlaliyyəti uğrunda mübarizə
olacaqdır.
Azərbaycan Milli Şurası F.Xoyski başda
olmaqla, Azərbaycan Xalq Cümhuriyyətinin ikinci Müvəqqəti
hökumətini təşkil etdi. Buraya müxtəlif partiya
fraksiyalarını təmsil edən və bitərəf
nümayəndələr - M.Hacınski, N.Yusifbəyli,
Ə.Topçubaşov, B.Cavanşir, X.Xasməmmədov,
X.Sultanov, X.Rəfibəyov, X.Məlikaslanov, A.Aşurov,
Ə.Əmircanov, M.Rəfiyev daxil idi.
Həmin iclasda Azərbaycan Milli
Şurasının buraxılması, bütün qanunverici və
icraedici hakimiyyətin Azərbaycan Müvəqqəti hökumətinin
əlində cəmləşdirilməsi haqqında iki
mühüm qətnamə qəbul olundu.
Milli Şuranın buraxılması
haqqındakı birinci sənəddə göstərilirdi ki,
həm daxili, həm də xarici siyasət sahəsində Azərbaycanda
yaranmış ağır vəziyyəti nəzərə
alaraq, Azərbaycan Milli Şurası bütün hakimiyyəti
F.Xoyskinin sədrliyi ilə yaradılmış hökumətə
həvalə edir və ona tapşırır ki, öz hakimiyyətini
qısa müddətdə çağrılacaq Müəssislər
Məclisindən başqa heç kimə güzəştə
getməsin.
Müvəqqəti hökumətin hüquq və
vəzifələri haqqında digər sənəddə isə
qeyd olunurdu ki, Azərbaycan hökuməti Azərbaycanın
dövlət istiqlaliyyətini və mövcud siyasi
azadlıqları ləğv edə bilməz, aqrar və digər
bu kimi mühüm inqilabi əhəmiyyətli qanunları dəyişməyə
hökumətə səlahiyyət verilmir. Azərbaycan
hökuməti altı aydan gec olmayaraq Müəssislər Məclisini
çağırmalıdır. Qalan məsələlərdə
hökumətə bütün hüquqlardan istifadə
üçün səlahiyyət verilir.
Müvəqqəti hökumət Gəncədə
çətin bir dövrdə fəaliyyətə
başladı. Yaranmış mürəkkəb şəraitdə
hökumətin ilk tədbiri iyunun 19-da bütün Azərbaycanda
hərbi vəziyyət elan edilməsi oldu. Avqustun 11-də qəbul
olunmuş Hərbi mükəlləfiyyət haqqında Qanuna
müvafiq olaraq 19 yaşına çatmış vətəndaşların
ordu sıralarına səfərbər edilməsi elan edildi.
Müstəqil Azərbaycan qoşun hissələri yaratmaq
işinə başlanıldı. Azərbaycanın istiqlaliyyətini
müdafiə edəcək ordunun yaradılmasının
mühüm əhəmiyyəti var idi. Azərbaycan
Cümhuriyyətinin parlamenti və hökuməti
qarşısında duran bir nömrəli vəzifə
müstəqil Azərbaycan Cümhuriyyətinin Ordusunu yaratmaq
idi. Çarizm əsarətinin yüz ildən yuxarı Azərbaycan
xalqına vurduğu ən böyük zərbələrdən
biri də, şübhəsiz ki, bu müddət ərzində
azərbaycanlıların orduya cəlb edilməməsi idi. Ona
görə də Azərbaycan Xalq Cümhuriyyəti
yarandıqda onu müdafiə edə biləcək öz ordusu
yox idi. Belə bir ordunu yaratmaq üçün isə hərbi
işi bilən milli kadrlar çatışmırdı. Buna
görə də ordu təşkili azərbaycanlılar
üçün çox çətin bir iş idi. Lakin
ordusuz da Azərbaycan Cümhuriyyəti öz müstəqilliyini
qoruyub saxlaya bilməzdi. Ona görə Azərbaycan Ordusunda
beynəlmiləl bir zabit heyəti yaradıldı. Bu işin təşkilini
görkəmli azərbaycanlı generallar Səməd bəy
Mehmandarov və Əliağa Şıxlinski öz üzərlərinə
götürdülər.
Artıq 1919-cu ilin axırlarında 25 minlik Azərbaycan
Ordusu iki piyada və bir süvari diviziyadan ibarət idi. Hərbi
Nazirlik 1920-ci ildə ordunun şəxsi heyətini 40 minə
çatdırmağı planlaşdırırdı. Ordunu
müvafiq silahlarla təmin etmək hökumətin
başlıca vəzifəsi idi. Azərbaycan hökuməti və
Hərbi Nazirlik bunun üçün əlindən gələni
edirdi.
Eyni zamanda, Azərbaycan hökuməti dövlət
aparatının təşkili işini də davam etdirirdi. Azərbaycan
dili dövlət dili elan olundu. Lakin çar hakimiyyət
orqanlarının təhsil sahəsindəki müstəmləkəçilik
siyasətinin nəticəsi olaraq Azərbaycan dilini mükəmməl
bilən kadrların olmaması işi çətinləşdirirdi. Buna
görə də müvəqqəti olaraq inzibati, məhkəmə
və başqa iş sahələrində Azərbaycan dilli
mütəxəssislər hazırlanana qədər rus dilindən
istifadəyə icazə verilirdi.
F.Xoyski kabinəsinin mühüm tədbirlərindən
biri də iyulun 15-də yaradılmış Fövqəladə
Təhqiqat Komissiyası idi. Bu komissiyanın
qarşısında Birinci Dünya müharibəsi illərində
Zaqafqaziya ərazisində yerli müsəlmanlara qarşı
törədilən vəhşiliklər və onların əmlakına
qəsd ilə bağlı məsələləri
araşdırmaq, bu işdə günahkar olanları aşkar
etmək və onları məhkəmə məsuliyyətinə
cəlb etmək vəzifəsi qoyulmuşdur.
Gəncənin çarizm zamanı ləğv
edilmiş adı Azərbaycan hökumətinin 30 avqust tarixli qərarı
ilə özünə qaytarıldı. Elə həmin qərarla
Qaryagin qəzası da Cəbrayıl qəzası
adlandırıldı. İyunun 30-da Zaqatala dairəsi əhalisinin
xahişi nəzərə alınaraq dairənin Azərbaycan
Cümhuriyyətinə birləşdirilməsi haqqında qərar
qəbul olundu. Ümumiyyətlə, paytaxt Bakıya
köçürülənə qədər Azərbaycan hökuməti Gəncədə
ölkənin iqtisadi həyatı, dəmir yolunun bərpası
və sair ilə əlaqədar bir sıra digər
mühüm tədbirlər də həyata keçirdi.
1918-ci il iyulun axırlarında
S.Şaumyanın başçılıq etdiyi Bakı
Kommunası süqut etdi. Bakı Sovetinin
eser-menşevik-daşnak nümayəndələrindən ibarət
“Sentrokaspi diktaturası” Bakıda hakimiyyəti ələ
keçirdi. Onlar Bakıda cəmi ay yarım ömür
sürə bildilər. 1918-ci il sentyabrın 15-də Türkiyə
və Azərbaycan hökumətinin qoşun hissələri
Bakıya daxil oldu. Bakı Azərbaycan Xalq Cümhuriyyətinin
paytaxtı elan olundu.
Bakıya köçdükdən sonra Azərbaycan
Xalq Cümhuriyyəti hökuməti istər ictimai-siyasi, istərsə
də təsərrüfat və mədəni həyat sahəsində
daha mühüm tədbirlər həyata keçirməyə
başladı. Müəssislər Məclisinin
çağrılması işinin təşkili üçün
Nazirlər Şurasının sədri, daxili işlər
naziri və xalq maarif nazirindən ibarət komissiya
yaradıldı. 1918-ci il noyabrın 9-da Azərbaycan hökuməti
Azərbaycanın milli bayrağını təsdiq etdi. Azərbaycanın
milli bayrağı mavi, qırmızı və yaşıl rəngli
parçadan hazırlandı, üzərində aypara və səkkizguşəli
ulduz təsvir olunmuşdur.
1918-ci il iyunun 17-də Gəncədə öz
fəaliyyətini dayandırmış Azərbaycan Milli
Şurası həmin il noyabrın 16-da Bakıda öz
işini yenidən bərpa etdi. İclasda
çıxış edən Azərbaycan hökumətinin sədri
Fətəli xan Xoyski Milli Şura üzvlərinə
müraciət edərək bildirdi ki, hökumətin Müəssislər
Məclisini çağırmaq üçün
hazırlıq işinə vaxtı
çatmadığından Milli Şura bu işi öz
öhdəsinə götürsün. Milli Şura bu təkliflə
razılaşdı. Noyabrın 19-da Milli Şuranın
M.Ə.Rəsulzadənin sədrliyi ilə keçən
iclası 120 nəfərdən ibarət parlament yaratmaq
haqqında Azərbaycan hökuməti tərəfindən təqdim
olunmuş qanun layihəsini qəbul etdi.
(ardı
var)
Ataxan
PAŞAYEV,
Azərbaycan
Respublikası Milli Arxiv İdarəsinin rəisi,
tarix
elmləri doktoru
Xalq
qəzeti.- 2014.- 27 may.- S.7.