Azərbaycan yalnız bərabərhüquqlu
və qarşılıqlı
hörmətə əsaslanan dialoq aparmaq əzmindədir
və buna hazırdır, dövlətlərarası
münasibətlərin
başqa formaları onun üçün qəbuledilməzdir
Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbəri,
akademik
Ramiz Mehdiyevin AzərTAc-a müsahibəsi
- İcazə verin, ilk növbədə, müsahibə üçün Sizə təşəkkür edək. ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar bu günlərdə “Azadlıq” radiosunun müxbirinə müsahibə vermişdir. Bu müsahibə Azərbaycan cəmiyyətində anlaşılmazlıq yaratmışdır. Politoloqlar, ekspertlər, deputatlar, sıravi vətəndaşlar həmin müsahibəyə mənfi münasibət bildirmiş və onu diplomat üçün rəva görülməyən tonun təzahürü kimi qiymətləndirmişlər. Müsahibəni Prezident Administrasiyasının nümayəndələri də şərh etmişlər. Bu barədə sizinlə daha ətraflı söhbət etmək istərdik. Siz ABŞ səfirinin bu müsahibəsini Birləşmiş Ştatlar ilə Azərbaycan arasında qarşılıqlı münasibətlər kontekstində bütövlükdə necə qiymətləndirirsiniz?
- Mən, ilk növbədə,
səfir Morninqstarın həmin müsahibədə ifadə
olunmuş mövqeyinə münasibət bildirməyi zəruri
hesab etmiş insanların hamısına təşəkkür
etmək istərdim. Bu, bizim insanların əsl vətəndaşlıq
mövqeyidir.
Doğrudan
da dünyada, o cümlədən postsovet məkanında da bir
çox cəhətdən məhz Qərbin təqsiri
üzündən kəskinləşmiş geosiyasi proseslər
fonunda ABŞ səfirinin qərəzli müsahibəsi ən
azı heyrət doğurur.
Hər halda onu belə bir müsahibə verməyə və
diplomatik etiket baxımından bu qədər qeyri-korrekt fikirlər
söyləməyə hansı motivlərin və səbəblərin
sövq etdiyini deməyə çətinlik çəkirəm.
Bu, ölkənin daxili işlərinə
açıq-aydın və kobudcasına müdaxilə deməkdir.
İstənilən halda buna haqq qazandırmaq mümkün
deyil və ola da bilməz. Bir daha vurğulamaq istəyirəm
ki, səfirin söylədiyi fikir mahiyyət etibarilə onun
olduğu ölkənin daxili işlərinə açıq və
bilavasitə müdaxilədir. Bu isə Diplomatik əlaqələr
haqqında Vyana Konvensiyasına görə yolverilməzdir. Üstəlik,
həmin müsahibənin tonu öz baxışlarını
müstəqil dövlətə diktə etmək və qəbul
etdirmək cəhdini xatırladır.
Səfir Morninqstar unutmamalıdır ki, Azərbaycan
heç kimin müstəmləkəsi deyil, müstəqil
dövlətdir. Morninqstar
ABŞ-ın səfiri kimi çalışdığı
ölkənin suverenliyinə hörmətlə
yanaşmağa sadəcə borcludur. Yeri gəlmişkən,
bu sözlər bəzi Qərb ölkələrinin səfirlərinə
də birbaşa aiddir, onlar ABŞ səfirindən nümunə
götürərək onun kimi hərəkət etməyə
çalışırlar. Biz Azərbaycana hörmətsiz
münasibətə dözmək niyyətində deyilik.
Azərbaycan Prezidenti
cənab İlham Əliyev dəfələrlə demişdir
ki, o, istər Azərbaycana, istərsə də onun xalqına
etinasız və hörmətsiz münasibətə dözməyəcək
və buna yol verməyəcəkdir. Hesab edirəm ki, bizim
amerikalı həmkarlar ölkəmizin rəhbərliyinin
mövqeyini yaxşı bilirlər. Lakin əgər ABŞ səfiri
heç nəyə məhəl qoymadan Azərbaycanın
ünvanına bu cür kobud hücumlar etməyi özünə
rəva görürsə, deməli, onun statusu ilə
bağlı ciddi problemləri vardır. Təəssüf ki,
səfir Morninqstarın diplomat üçün yolverilməz
formada bizə diktə etməyə, ölkəmizin daxili
işlərinə qarışmağa cəhd etməsi birinci
dəfə deyildir. Bu, onun diplomat kimi peşəkarlığını
çox böyük sual altına qoyur.
Səfirin Azərbaycanın
qonşuları barədə söylədiklərində daha
bir mühüm fakt diqqəti cəlb edir. Bu cür bəyanatlar
sırf təhrikçilikdən başqa bir şey deyildir. Azərbaycan üçüncü qüvvələrin
arzularından asılı olmayaraq, öz qonşuları ilə
mehriban qonşuluq münasibətləri saxlayır və həmişə
saxlayacaqdır. İndiki dövrdə dünyada
yaranmış vəziyyət bizim fəaliyyətimizin
düzgün və səmərəli olduğunu növbəti
dəfə sübut edir.
Bu müsahibənin
kontekstindən çıxış edərək deyə bilərəm
ki, səfir əndazəni aşmışdır. O,
özünü Azərbaycanda qaraqışqırıq
salmaqla hökmranlıq edən bir qubernator zənn etmişdir.
Səfirin özünə güvənməsi elə
özünə qarşı çevrilmişdir.
Çoxsaylı görkəmli ekspertlər, o cümlədən
amerikalı ekspertlər hesab edirlər ki, Vaşinqtonun indiki
xarici siyasətində böhran elementləri göz
qabağındadır. ABŞ dövlət katibi cənab
C.Kerrinin bu sahədə konseptual dəyişikliklərin zəruri
olması barədə bəyanatı da bu fikri təsdiqləyir.
Görünür, Morninqstar dünyada yeni siyasi meyilləri
sezməmişdir. Aşkardır ki, səfir
Morninqstarın və onun fəaliyyətinə bilavasitə rəhbərlik
edənlərin dünyagörüşü keçmişdə
ilişib qalmışdır və müasir dövrün tələblərinə
ziddir. Çoxqütblü dünya müstəmləkəçilik
təfəkküründən imtina etməyə
çağırır.
- Gəlin, söhbətimizi daha konkret şəkildə davam etdirək. Səfirin belə bir fikrindən başlayaq ki, guya, Azərbaycanın müstəqilliyinin qarantları məhz ABŞ və Avropa İttifaqıdır. Guya, əgər sabah ABŞ “qapını çırparaq” Azərbaycandan çıxıb getsə, bizim işlərimiz pis olacaqdır. Səfir Azərbaycanın suverenliyi üçün təhdidlər kimi qonşularımızı göstərir, Rusiyanı xüsusi vurğulamağa çalışır. Bu fikir real vəziyyətə nə dərəcədə uyğundur?
- Heç kəs
unutmamalıdır ki, Konstitusiyaya uyğun olaraq ölkəmizin
müstəqilliyinin qarantı Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevdir.
Heç bir kənar qüvvə heç vaxt bizim müstəqilliyimizin
qarantı kimi çıxış etməmişdir, etmir və
edə bilməz. Qoy, Morninqstar bizim
üçün heç fikir çəkməsin, Azərbaycanın
indiki inkişaf səviyyəsi, iqtisadiyyatın artımı və
dövlətçilik təsisatlarının möhkəmlənməsi
bizə xalqın dəstəyinə güvənərək
ölkənin müstəqilliyini müdafiə etmək imkanı
verir.
Dövlətlərin
müstəqilliyinə təhdidlər həmişə
dünyanı təkbaşına idarə edənlərdən
yaranmışdır. Bu gün vəziyyət başqadır.
Sizin
sualınızın ikinci hissəsinə gəldikdə isə
məlum həqiqəti xatırlatmaq istəyirəm -
diplomatların vəzifəsi qapıları açmaqdır,
onu arxasınca çırpmaq deyildir. Bunu hər kəs edə
bilər, lakin əgər sizə diplomat missiyası həvalə
edilmişdirsə, zəhmət çəkin, bu missiyanı məsuliyyətlə
və vicdanla yerinə yetirin. Regiondan çıxıb getmək
və təhrikçi fikirlər söyləməklə Azərbaycanı
şantaj etmək lazım deyil. Şantaj, hədə-qorxu dili
ilə etimad və rəğbət qazanmaq mümkün deyil.
Yaxşısı budur, münasibətlər bərabərhüquqlu
əsasda qurulsun və dövlət müstəqilliyini
boğmaq siyasətinə ümid bəslənməsin.
Morninqstarın
sözlərinə görə, o, Prezident İlham Əliyevlə
artıq 19 ildir ki, tanışdır. Lakin görünür,
bu müddətdə səfir bir həqiqəti dərk etməmişdir
ki, Azərbaycan lideri yüksək tonla
danışmağı, hədələri və
şantajı qəbul etmir. Yoxsa, Morninqstar Azərbaycanda vəziyyət
barədə qeyri-korrekt fikirlər söyləməyi
özünə rəva görməzdi. Biz yalnız bərabərhüquqlu
və qarşılıqlı hörmətə əsaslanan
dialoq aparmaq əzmindəyik və buna hazırıq, dövlətlərarası
münasibətlərin başqa formaları bizim
üçün qəbuledilməzdir. Mən şübhə
etmirəm ki, Vaşinqtonda Azərbaycanla bağlı siyasəti
sağlam düşüncəli və təcrübəli
siyasətçilər müəyyən edir. Onlar çox gözəl başa
düşürlər ki, Azərbaycandan getmək onlara
hansı geosiyasi qiymətə başa gələcəkdir.
Avropa İttifaqı ölkələrində də bunu
yaxşı başa düşürlər. Beynəlxalq məsələlərin
mövcud vəziyyətini nəzərə alsaq, ABŞ səfirinin
mövqeyi olduqca qeyri-ciddi səslənir. Mən güman etmirəm
ki, ABŞ özünün çoxdanışan səfirinin məsuliyyətsiz
bəyanatları ucbatından Avropanın enerji təhlükəsizliyi
məsələsində mühüm rol oynayan Azərbaycan ilə
münasibətləri korlayacaqdır. Razılaşın ki,
ABŞ diplomatiyasının ənənəvi praqmatizmi buna
imkan verməz. Morninqstara gəldikdə isə, məndə
belə bir fikir yaranır ki, o, Azərbaycanda səfir kimi
özünü doğrultmadı.
İndi isə ABŞ
nümayəndəsinin Azərbaycanın öz
qonşuları ilə qarşılıqlı münasibətləri
barədə sözlərinə diqqət yetirək. Mən
növbəti dəfə vurğulamaq istərdim ki, Azərbaycanın
xarici siyasəti onunla həmhüdud ölkələrlə
mehriban qonşuluq və sülh münasibətlərinə əsaslanır.
Biz onların daxili işlərinə qarışmırıq
və özümüzə münasibətdə də bunu tələb
edirik. Rusiyaya gəldikdə isə, bu ölkə bizim ən
yaxın qonşumuzdur və onunla münasibətlər Azərbaycanın
xarici siyasətində həmişə xüsusi bir vektor
olmuşdur. Ölkələrimiz arasında
qarşılıqlı anlaşma vardır. Ortaya
çıxan bütün məsələlər yalnız
danışıqlar və bərabərhüquqlu dialoq yolu ilə
həll edilir. Həllini gözləyən yeganə məsələ
Dağlıq Qarabağ problemidir. Belə hesab etmək
qeyri-obyektiv olardı ki, indiki məqamda Rusiya ilə Azərbaycan
arasında hansısa bir gərginlik vardır. Hərçənd,
istər daxildə, istərsə də xaricdə müəyyən
qüvvələr Azərbaycan ilə Rusiya arasında
münasibətləri korlamaq üçün dəfələrlə
cəhd göstərmişlər. Lakin bu iki dövlətin rəhbərlərinin
müdrikliyi və qarşılıqlı etimadı sayəsində
belə təhriklər uğursuz olmuşdur.
Səfir Morninqstar hesab edir ki, Azərbaycanın cənubdan
İranla və şimaldan Rusiya ilə qonşu olması guya
bizim ölkəmiz üçün təhlükədir. Hərçənd,
o, nədənsə Azərbaycanın ərazi
bütövlüyünə əsas təhlükəni
unutmuşdur. Azərbaycan torpaqlarının 20 faizini
işğal etmiş Ermənistan təkcə Azərbaycanın
ərazi bütövlüyü üçün
başlıca təhlükə deyil, həm də regionda
barıt çəlləyidir. ABŞ-da bu barədə narahat
olmalıdırlar, nəinki bizim qonşumuzun kim olması barədə.
Erməni işğalçılar bizim torpaqları tərk
edib getməyincə, regionda hərbi münaqişənin
başlanması təhlükəsi qaçılmazdır.
Əgər ABŞ həqiqətən
özünü müstəqilliyin qarantı hesab edir və
bizim qeydimizə qalırsa, onda nəyə görə o,
“Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişi
indiyə qədər ləğv etməyib? Düzdür,
Vaşinqton hazırda həmin düzəlişin qüvvəsini
dayandırmışdır, lakin əgər amerikalılar ikitərəfli
münasibətlərin inkişafında, həqiqətən,
bu dərəcədə səmimi maraqlıdırlarsa, onda nə
üçün həmin düzəlişi birdəfəlik
ləğv etmək istəmirlər? Yaxud, nə
üçün ABŞ Ermənistana təsir göstərmir
ki, o, Azərbaycanın işğal olunmuş
torpaqlarını tərk etsin? Axı, elə hallar məlumdur
ki, ABŞ-ın mənafeyi bunu tələb edəndə dərhal
praktiki fəaliyyətə başlayıb. Məsələn,
Liviyada ABŞ və NATO suveren dövlətə qarşı
güc tətbiq etmək aksiyasına başladılar,
özü də BMT Təhlükəsizlik Şurasının
müvafiq sənədinin mürəkkəbi qurumamış.
Bircə anda müvafiq qərar qəbul edildi və operativ
şəkildə həyata keçirildi. Yaxud,
İraqı və keçmiş Yuqoslaviyanı xatırlayaq,
orada ABŞ BMT Təhlükəsizlik Şurasının qərarlarını
gözləmədən güc tətbiq etmişdir. Bəs səbəb
nədir ki, ABŞ Ermənistan tərəfdən Azərbaycana
münasibətdə beynəlxalq hüququn pozulmasına bu dərəcədə
laqeyddir? Mənim fikrimcə, ABŞ səfiri ilk
növbədə, Azərbaycan ictimaiyyəti üçün
məhz bu məsələləri aydınlaşdırmalı
idi, - iyirmi ildən artıqdır ki, bu məsələlər,
o cümlədən elə Morninqstarın ölkəsinin təqsiri
üzündən öz həllini tapmır.
- Qarabağ mövzusunu davam etdirək. Müsahibəsindən görünür ki, Azərbaycanın daxili işlərinə açıq-aşkar müdaxilə edən Morninqstar Qarabağla əlaqədar isə birbaşa cavabdan yayınır. Başa düşürük ki, Ş.M.Taleyranın məşhur ifadəsinə görə, dil diplomata fikirlərini gizlətmək üçün verilmişdir. Lakin, nədənsə, bu prinsip Qərb, o cümlədən Amerika diplomatlarında yalnız Qarabağ münaqişəsinə münasibətdə özünü göstərir. Nə üçün? Bundan əlavə, səfir Ukrayna hadisələri ilə əlaqədar ABŞ-ın Cənubi Qafqazda fəallaşmasının zəruri olduğunu qeyd edir. Bu barədə Sizin fikriniz necədir?
- Atəşkəs rejiminin 20 illiyi bu yaxınlarda tamam
olmuşdur. Bu müddətdə
Azərbaycan münaqişənin sülh yolu ilə tənzimlənməsi
üçün çox səy göstərmişdir. Biz
ATƏT-in Minsk qrupu ilə sıx əməkdaşlıq edir
və sülhə nail olmaq üçün bütün
imkanlardan istifadə etməyə
çalışırıq. Lakin, çox təəssüf
ki, hələ nəticə yoxdur. Nə üçün?
Cavab sadədir. Ona görə ki, ABŞ-ın heç də
sonuncu rol oynamadığı ATƏT-in Minsk qrupu guya təcavüzkarı
işğal etdiyi torpaqlardan çıxıb getməyə məcbur
edə bilmir.
Məlum olduğu
kimi, Qərbin bütün siyasi strukturları Azərbaycan
torpaqlarının işğal edilməsi faktı ilə
razıdırlar. Lakin onların hamısı ABŞ-ın təsiri
ilə tərəfləri bu problemi sülh yolu ilə həll
etməyə çağırır. Ermənistan
yaxşı görür ki, ATƏT-in Minsk qrupunun üzvləri
olan ölkələr bu problemin həllində fəallıq
görüntüsü yaradır, əslində isə özlərinin
fəaliyyətsizliyi ilə təcavüzkarın bu
münaqişənin həllini uzatmasına kömək edirlər.
Hətta
sıravi obıvatel də şübhə etmir ki, əgər
hər hansı qonşu dövlət ATƏT-in Minsk qrupunun
üzvləri olan ölkələrin ərazisinin bir hissəsini
zəbt edərsə, həmin ölkə dərhal bu
işğala cavab olaraq öz silahlı qüvvələrinin
bütün gücünü
tətbiq edər. Ermənilərin təcavüzünə isə
onlar nədənsə barmaqarası baxırlar. Sizcə bu,
ikili standartların aşkar təzahürü deyilmi?
Lakin fakt
faktlığında qalır - amerikalılar beynəlxalq
hüquq normalarını təcavüzkara münasibətdə
tətbiq etməkdə fəallıq göstərməyi zəruri
hesab etmirlər. Bunun əvəzinə onlar erməni
işğalçıların hərəkətlərini sanki
təşviq edirlər.
ABŞ Konqresi
Dağlıq Qarabağ separatçılarına hər il
maddi yardım göstərir. Müxtəlif məlumatlara
görə 1998-ci ildən bəri bu tanınmamış rejimə
83 milyon dollar məbləğində maddi yardım
ayrılmışdır. Faktiki yardımın həcmi isə
40 milyon dollar olmuşdur. Bundan əlavə, 1992-ci ildən bu
günə qədər ABŞ Ermənistana 2 milyard dollardan
artıq maliyyə yardımı göstərmişdir. Bu pulun
hansı hissəsinin separatçı rejimə
çatması məlum deyil. Keçən il ABŞ Konqresinin
Alt Komitəsi qondarma “Dağlıq Qarabağ Respublikası”na
maliyyə yardımının həcmini artıraraq 2 milyon
dollardan 5 milyon dollara çatdırmağı təklif
etmişdi. Sual edilir: Nə üçün? Əgər
ABŞ həqiqətən beynəlxalq hüququn zəfər
çalmasını istəyirsə, onda separatçılara
kömək etməyin və üstəlik, onları maliyyələşdirməyin
nə mənası var?
Heç kəs
üçün sirr deyildir ki, ABŞ Dağlıq Qarabağ
münaqişəsi həll edilənə qədər Ermənistanla
sərhədlərin açılması məqsədilə
Türkiyəyə böyük təzyiq göstərir.
Amerikalılar belə səylər göstərərkən
yaddan çıxarmamalıdırlar ki, bu sərhədlər
Azərbaycan ərazilərinin Ermənistan tərəfindən
işğal edilməsi ilə əlaqədar
bağlanmışdır. Türkiyə rəhbərliyi daim bəyan
edir ki, işğal edilmiş rayonlar azad olunmayınca Ankara
öz qərarını dəyişməyəcəkdir. ABŞ isə məlum olmayan səbəblərə
görə belə hesab edir ki, əgər təcavüzkara
münasibətdə güzəştə gedilərsə, bu,
onu kompromis cavab addımı atmağa məcbur edər.
Əlbəttə, amerikalıların məntiqi heyrət
doğurur, mən deyərdim ki, bu məsələdə,
ümumiyyətlə, məntiq yoxdur. Hamıya aydındır
ki, ABŞ sərhədlərin açılmasına
çalışmaqla heç də Qarabağ münaqişəsini
həll etmək məqsədi güdmür. Onun yalnız bir məqsədi
var: Ermənistanı öz təsir dairəsinə daxil etmək.
Vaşinqton bu cür dolaşıq oyunlar oynayarkən başa
düşməlidir ki, bütün bunlar kənardan kifayət
qədər açıq görünür. ABŞ səfirindən
soruşmaq istərdik: onun dövləti nə vaxta qədər
separatçıları təşviq edəcək və eyni
zamanda, özünü elə göstərəcək ki, guya
münaqişənin həll olunmasını ürəkdən
istəyir?
ABŞ-ın bu
cür hərəkətlərinin daha bir aşkar məqsədi
var: Azərbaycan ilə Türkiyə arasında münasibətləri
korlamaq. Bu geosiyasi oyunları başa düşməmək
üçün nə qədər sadəlövh olmaq
lazımdır!
Qərbdə,
o cümlədən ABŞ-da başa düşməlidirlər
ki, Ermənistan tərəfindən işğal olunmuş ərazilər
azad edilməyincə Azərbaycan başqa dövlətin
forpostu olan bu ölkə ilə, - nə qədər vədlər
verilsə də, - heç vaxt əməkdaşlıq etməyə
razı olmayacaqdır.
Ukrayna hadisələri
ilə əlaqədar ABŞ-ın Cənubi Qafqazda diplomatik fəallaşması
barədə səfirin sözləri təəccüb
doğurmaya bilməz. O, elə belə də deyir: Ukrayna
böhranından sonra Dağlıq Qarabağ probleminin həlli
məsələsində bizim mövqeyimiz daha əhəmiyyətli
olmuşdur. Beləliklə, o etiraf edir ki, ABŞ Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli
üçün indiyə qədər lazımınca səy
göstərməmişdir.
Qərb birdən-birə
ayılmışdır ki, Ukraynanın ərazi
bütövlüyü məsələsində beynəlxalq
prinsipə riayət edilməlidir. Azərbaycana münasibətdə
bu prinsip, eləcə də “təcavüzkar” ifadəsi nədənsə
bütün beynəlxalq sazişlərdən və beynəlxalq
təşkilatların sənədlərindən pozulur.
Buna
görə də amerikalı diplomatın bu fikrinin səmimi
etiraf, yoxsa heç nə ilə təsdiqlənməyən
növbəti bəyanat olmasını deməyə çətinlik
çəkirəm. Əgər bu, səmimi etirafdırsa, onda
çox məsələlərə yenidən baxmaq lazım gələcək,
əks halda Morninqstarın
bu sözləri heç bir öhdəlik doğurmayan növbəti
bəyanatdır.
- Morninqstar qeyd edir ki, Azərbaycanda hakimiyyət monolit deyildir, bu hakimiyyətdə Azərbaycan-Amerika münasibətlərini korlamağa çalışan qüvvələr var, ölkənin xarici siyasət xəttinə baxışlar müxtəlifdir. O, hesab edir ki, iqtidarın bəzi nümayəndələri qərbpərəst əhval-ruhiyyədədir və ölkənin gələcəyini Qərb ilə sıx əlaqələrdə görür, lakin başqa qüvvələr - Qərbin əleyhinə olanlar da vardır. Bu barədə nə deyə bilərsiniz?
- Bu, səfirin
növbəti yanılmasıdır. Onun sözlərinin həqiqətlə
heç bir əlaqəsi yoxdur. Prezident İlham Əliyevin
komandası kifayət qədər monolitdir. Azərbaycanın
uğurlu xarici və daxili siyasəti bu cür iyrənc
insinuasiyalara ən yaxşı cavabdır. Ölkə
hökuməti tarazlaşdırılmış xarici siyasət
yürüdür və milli mənafelərin tələb
etdiyi kimi hərəkət edir. Azərbaycanın
tarazlaşdırılmış xarici siyasətini hakimiyyətdə
monolitliyin olmaması kimi qələmə vermək arzuedilənin
həqiqət kimi təqdim edilməsi cəhdidir, bəlkə
də təhrikçilikdir. Hökumət xarici siyasətini
müəyyən edərkən ayrı-ayrı şəxslərin
simpatiyalarını və antipatiyalarını əsas
götürmür, ölkənin həyati mənafelərini rəhbər
tutur. Bu mənafelər Azərbaycan Respublikasının Milli Təhlükəsizlik
Konsepsiyasında aydın yazılmışdır. ABŞ səfiri
istəsə bu sənədlə tanış ola bilər.
Görünür,
səfir belə bir fikir söyləməklə öz ölkəsinin
təcrübəsindən çıxış edir, orada
ABŞ-ın siyasi elitası arasında xarici siyasətin bu və
ya digər istiqaməti barəsində ciddi fikir
ayrılıqları mövcuddur. Əyani misal kimi bir faktı
xatırlamaq olar ki, ABŞ Prezidenti düz bir il ərzində Azərbaycanda
səfir təyin edə bilmədi. Məgər bu fakt
ABŞ-ın siyasi elitasında aşkar ziddiyyətlərin
göstəricisi deyilmi? Bu fakt onu sübut edir ki, ABŞ-ın
Cənubi Qafqazda xarici siyasəti erməni lobbiçilərinin
əhval-ruhiyyəsindən nə qədər
asılıdır. Zənnimcə, hər şeyi öz
adı ilə adlandırmaq lazımdır və səfir bunu
başqalarından daha yaxşı bilməlidir.
- ABŞ səfirinin Ukraynada Maydan hadisələri barədə sözləri də suallar doğurur. Cənab Morninqstarın fikrincə, bu hadisələrdən müvafiq nəticələr çıxarmaq və ibrət dərsi almaq lazımdır. Sizin fikrinizcə, səfir nəyə eyham vurur?
- Morninqstar
haqlıdır, Ukrayna hadisələri hər bir suveren dövlət
üçün dərs olmalıdır. Bu hadisələr
bizim inkişaf yolumuzun düzgün olmasını bir daha
sübut edir. Demokratiya uzun və çox mürəkkəb
prosesdir, ona can atmaq lazımdır, lakin bunu səliqə ilə
etmək və hərtərəfli ölçüb-biçmək
lazımdır. Avantüra və emosional
çıxışlar, kənardan
qızışdırılan qüvvələr heç vaxt
ölkədə sabitliyin bərqərar olmasına və
inkişafa şərait yaratmayacaqdır. Biz uzun illər boyu
bu dərsləri öyrənirik. Maydanda baş verən faciəli
proseslərdə Qərbin fəal iştirakı göz
qabağındadır. Qərb nümayəndələri
pozucu qüvvələri hüquqazidd hərəkətlərə
açıq təhrik edir, Kiyevdə qanuni hakimiyyətə
qarşı etiraz aksiyalarında iştirak edir, nümayişçiləri
dəstəkləyir, Ukraynanın o vaxtkı Prezidenti
Yanukoviçə qarşı sanksiyalar tətbiq ediləcəyi
barədə hədələyirdilər. Bütün bu
hərəkətləri suveren ölkənin daxili işlərinə
bilavasitə və kobud müdaxilə kimi səciyyələndirmək
olar. ABŞ və Aİ gizlətmirdilər ki, onlar Prezident
Yanukoviçi devirmək və onların maraqlarına cavab verən
qüvvələri hakimiyyətə gətirmək
üçün hər cür səy göstərirlər.
Onlar buna 1990-cı illərin əvvəlindən
hazırlaşırdılar. Təsadüfi deyildir ki, ABŞ
Dövlət Departamentinin rəsmi nümayəndəsi V.Nuland
bəyan etmişdir ki, ABŞ hakimiyyət orqanları 1991-ci
ildən bəri Ukraynada demokratik proseslərə 5 milyard dollar
xərcləmişlər. Lakin təcrübə göstərir
ki, əksər hallarda bu pullar dağıdıcı qüvvələrin
yaradılmasına xərclənir. Ukraynada qeyri-hökumət
təşkilatlarının və millətçi qüvvələrin
fəaliyyətinin Qərb tərəfindən maliyyələşdirilməsinin
hansı fəlakətə gətirib çıxarması
heç kəsdə şübhə doğurmur.
Müqayisə
üçün demək istəyirəm ki, müxtəlif
vaxtlarda bizə də informasiya daxil olurdu ki, müəyyən
qüvvələr ölkəmizdə də buna oxşar
ssenariləri reallaşdırmağa cəhd göstərirlər.
Ekspertlərin və analitiklərin fikrincə, 2013-cü ilin
baharında “feysbuk inqilabı” üçün 3 milyon dollardan
artıq vəsait sərf edilmişdir. Özü də bu,
demokratiyanın dəstəklənməsi kimi qələmə
verilir. Gərək siyasi cəhətdən tam savadsız
olasan ki, bu qondarma “inqilab” arxasında nələr gizləndiyini
başa düşməyəsən. Bütün ərəb
dünyası gözümüzün qabağındadır.
Bu və
ya digər dövlətdə demokratik təsisatların təşəkkülünə
kömək etmək müsbət addımdır, lakin
yalnız o zaman ki, həmin niyyətlər vətəndaş
cəmiyyətinin maraqlarına xidmət etsin, “nüfuz agentləri”
və ya “beşinci kolon” xarici dövlətlərin xüsusi xidmətləri tərəfindən
qarşıya qoyulmuş vəzifələri yerinə yetirəndə
yox.
Maydan
hadisələri göstərdi ki, ölkələrin daxili
işlərinə müdaxilə və onları qonşularla
münaqişəyə sövq etmək sonda faciəli nəticələrə
gətirib çıxarır. İnkişafın təbii
dinamikasını pozmaq və demokratiyanı zorakı
üsullarla bərqərar etmək olmaz. Başa düşmək lazımdır
ki, demokratiyanın güclə tranziti strategiyası demokratik təsisatların
inkişafına gətirib çıxara bilməz, əksinə,
nəticələri məlum olmayan yeni münaqişələr
yaranmasına kömək edir. Belə təcrübə həmişə
bu təşəbbüsü irəli sürənlərin
özləri üçün qanlı sonluqla bitir. Bu gün
Ukrayna öz dövlətçiliyini itirmək təhlükəsi
ilə üzləşmişdir, lakin münaqişənin tənzimlənməsi
üçün Qərb tərəfdən praktiki tədbirlər
görülməsi müşahidə olunmur. Bəs,
Ukraynanın siyasi və kriminal qruplarını bu cür canfəşanlıqla
demokratik inqilaba çağıranlar və bunun
üçün sanballı məbləğlər
ayıranlar indi haradadırlar?
Qərb
özünün, necə deyərlər, “gözaltı etdiyi”
ölkələrdə öz agentlərinə mövcud
hakimiyyətdən necə yaxa qurtarmaq, Qərbi qane etməyən
hakimiyyəti hansı üsullarla devirmək, necə inqilab etmək
barədə təlimatlar verir. Lakin “beşinci kolon” fəaliyyətə
başlayan kimi Qərb dərhal özünün bütün
təbliğat arsenalını onun nəzarət etdiyi
dağıdıcı qrupların dəstəklənməsinə
səfərbər edir.
Səfir Morninqstar Azərbaycan
barədə heç narahat olmasın və həyəcan keçirməsin.
Biz özümüz üçün çoxdan lazımi nəticələr
çıxarmışıq, özü də bunlar heç
də “ən pis” nəticələr deyil. Daha dəqiq desək,
biz həmin nəticələri hələ 2003-cü və
2005-ci illərdə çıxarmışıq. Tarix təkrarlanır
və biz həmin qanunauyğunluğu növbəti dəfə
Ukrayna nümunəsində izləyirik. Ukraynanın
bugünkü qarmaqarışıqlıqdan sonra özünə
gəlməsi üçün hələ çox vaxt
lazımdır.
- Səfir Morninqstar müsahibəsində korrupsiyaya qarşı mübarizə məsələsinə də toxunur. O, iddia edir ki, bu mübarizə seçmə xarakter daşıyır və əsasən məişət korrupsiyasına aiddir. Məsələnin bu cür qoyuluşu həqiqəti nə dərəcədə əks etdirir?
- İcazə verin, məsələnin
bu şəkildə qoyuluşu ilə razılaşmayım.
Azərbaycanda korrupsiyaya qarşı mübarizə sistemli
xarakter daşıyır, o cümlədən də səhiyyə
və təhsil sahələrində. “ASAN xidmət”in
yaradılması buna sübutdur. Bu, dövlət
orqanlarının fəaliyyətində şəffaflığın
təmin edilməsi və korrupsiyaya qarşı mübarizə
sahəsində son onilliyin ən əhəmiyyətli
institusional islahatıdır. O, Qərbin özü
üçün də nümunə ola bilər. 2013-cü
ilin yanvarında fəaliyyətə başlayandan bəri 1
milyon 711 min nəfər “ASAN xidmət”dən istifadə
etmişdir.
Azərbaycan
ABŞ Prezidenti Barak Obamanın təşəbbüsü ilə
yaradılmış Açıq Hökumət Tərəfdaşlığına
qoşulmuş birinci ölkədir. İqtisadi Əməkdaşlıq
və İnkişaf Təşkilatı, “Transparency
International” kimi ixtisaslaşdırılmış beynəlxalq
təşkilatların əksəriyyəti Azərbaycanda korrupsiyaya qarşı mübarizə
sahəsində fəaliyyəti
yüksək qiymətləndirmişdir. “Transparency
International” tərəfindən aparılmış son tədqiqatlara
görə, ölkə əhalisinin 68 faizi korrupsiyaya
qarşı mübarizə sahəsində
görülmüş tədbirləri səmərəli hesab
edir. Bundan əlavə, vətəndaş cəmiyyəti təsisatlarının
korrupsiyaya qarşı mübarizəyə və
maarifçiliyə cəlb edilməsi üçün
“İctimai iştirakçılıq haqqında” Qanun qəbul
edilmişdir. Preventiv tədbirlərə gəldikdə isə,
təkcə 2013-cü ildə korrupsiya ilə bağlı 201
iş, 2014-cü ilin ilk beş ayı ərzində isə 66
iş məhkəməyə verilmişdir.
Gördüyümüz kimi, bu məsələdə də səfirin
rəyi qərəzlidir. Mənim fikrimcə, göstərilən
rəqəmlər sizin suala ən yaxşı cavabdır.
- Səfir Morninqstar hesab edir ki, Azərbaycanda hakimiyyət orqanları, demək olar ki, bütün istiqamətlərdə QHT-lərin fəaliyyətinə ciddi əngəllər törədir, Vergilər və Ədliyyə nazirlikləri isə daim onları yoxlayırlar. Bu ittihamlar nə dərəcədə əsaslıdır?
- Mən hələ
keçən il bir müsahibəmdə qeyd etmişdim ki,
qeydiyyatdan keçmiş beynəlxalq təşkilatlarla
yanaşı, qeydiyyatdan keçməmiş təşkilatlar
da fəaliyyət göstərir. Təbii ki, onların fəaliyyəti
şübhə doğurur. Eyni zamanda, qeydiyyatdan
keçmiş beynəlxalq QHT-lərin maliyyə hesabatı
praktiki olaraq yoxdur. Xarici donorlardan alınan qrantların və
ianələrin çox hissəsinin nəyə xərclənməsi
əslində məlum deyildir. Bu məsələdə şəffaflıq
yoxdur. Qüvvədə olan qanunvericiliyə görə, yerli
və xarici QHT-lərin gəlirləri və xərcləri
barədə informasiya dövlət sirri və ya kommersiya sirri
ola bilməz. Onlar hər il Maliyyə Nazirliyinə müvafiq
hesabat təqdim etməli, nazirlik isə qanunun tələblərinin
yerinə yetirilməsinə ciddi nəzarət etməlidir.
Bütün sivil ölkələrdə bu cür qayda
vardır. Bəzi hallarda belə təşkilatların həqiqi
məqsədləri gizli qalır. Hökumət
milli mənafelərin müdafiə edilməsi məqsədilə
bu işdə qayda yaratmağa, müəyyən addımlar
atmağa çalışanda yerli QHT-lər və onların
beynəlxalq himayədarları dərhal hay-küy qaldırır,
söz və toplaşmaq azadlığının
pozulmasından dəm vurmağa başlayırlar.
Aparılmış
araşdırmalar göstərir ki, hətta qrantlar qeydiyyata
alınandan sonra da iri maliyyə vəsaitləri
ayrılması davam edir, bu vəsaitlər haqda məlumat
verilmir. Maliyyə axınları barədə informasiyanın
olmaması latent korrupsiya təzahürlərinə dəlalət
edir. Bəzi beynəlxalq QHT-lər əslində onların
mandatlarına uyğun olmayan məsələlərlə məşğul
olurlar. Onlar rəsmən müəyyən qrant layihəsi elan
edir, əslində isə tamamilə başqa, çox vaxt
dağıdıcı məqsədlər üçün vəsait
ayırırlar.
- Sirr deyildir ki, son vaxtlar bəzi xarici QHT-lərin nümayəndələrinin maliyyə əməliyyatları ilə ölkədə dağıdıcı qüvvələrin fəallaşması arasında sinxron əlaqə müşahidə olunur. ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycandakı nümayəndəliyinin keçmiş rəhbərinin fəaliyyəti yəqin ki, yadınızdadır. Bu cür hərəkətlər Azərbaycanın daxili işlərinə qarışmaq deyildirmi?
- Bir daha vurğulamaq
istəyirəm ki, ölkəmizdə fəaliyyət göstərən
beynəlxalq QHT-lər öz fəaliyyətlərini Azərbaycan
qanunlarının tələblərinə müvafiq şəkildə
təşkil etməlidirlər. Beynəlxalq
QHT-lərin əsas məqsədlərindən biri ölkənin
daxili işlərinə qarışmaq, qanunazidd hərəkətlərə
təhrik etmək, öz fəaliyyətinə siyasi don geydirmək
deyil, vətəndaş cəmiyyəti təsisatlarının
inkişafına kömək etməkdir.
Bu suala rəqəmlərlə
cavab vermək istərdim. ABŞ-ın IREX, ABA, NDI, Revenue Watch
Institute, USAID, NED kimi qeyri-hökumət təşkilatlarının
Azərbaycandakı filialları və nümayəndəlikləri
2003-2013-cü illərdə yerli QHT-lərə təqribən
25 milyon dollar məbləğində qrantlar
ayırmışlar.
Bundan əlavə, təqribi
hesablamalara görə, Soros Fondu və onunla əlaqədar təşkilatlar
1996-cı ildən bəri Azərbaycan QHT-lərinə təqribən
50 milyon dollar vəsait ayırmışlar. Fond ölkəmizdə
fəaliyyətini rəsmən hələ 2012-ci ildə
dayandırmasına baxmayaraq, QHT sektorunun maliyyələşdirilməsini
dayandırmamışdır. O, özü ilə affinasiya
edilmiş təşkilatlar vasitəsilə maliyyələşdirməni
davam etdirir. Xatırlatmaq istəyirəm ki, Soros
Fondunun - Açıq Cəmiyyət İnstitutunun Yardım
Fondunun fəaliyyətini dayandırmasına səbəb
iqtidar ilə onun qarşılıqlı münasibətləri
deyil, məhz yerli QHT-lərə ayrılmış pullarla
bağlı korrupsiya qalmaqalları olmuşdur. Bu işin
təşəbbüsçüləri isə radikal
müxalifətçi partiyaların mənafelərinə xidmət
edən yerli QHT-lər idi. Fondun baş ofisi bu qalmaqaldan diqqəti
yayındırmaq üçün belə bir addım
atmağa məcbur olmuşdu. Bu, aysberqin yalnız görünən
hissəsidir.
Morninqstar iddia edir ki,
vətəndaş cəmiyyəti institutlarına, beynəlxalq
və xarici QHT-lərə təzyiq göstərilir. Vergilər
Nazirliyi və Ədliyyə Nazirliyi onları yoxlayır.
Sırf məntiqdən çıxış etmək
lazımdır: Məgər bu nazirliklər onları
yoxlamalı deyilmi? Belə halda ABŞ-da Vergilər Nazirliyi və
Ədliyyə Nazirliyi necə hərəkət edərdi?
Axı, ABŞ qanunvericiliyi də qanunun pozulmasına görə,
ən ciddi tədbirlər nəzərdə tutur.
- Sonuncu sual. ABŞ səfiri hesab edir ki, Azərbaycanda söz və toplaşmaq azadlığı sahəsində ciddi problemlər vardır. Guya hakimiyyət orqanları vətəndaşların öz iradələrini müstəqil ifadə etməsinə mane olur və müasir vətəndaş cəmiyyətinin təşəkkülü yolunda əngəllər yaradır. Səfir, guya Qərb dəyərlərinin daşıyıcıları olan vətəndaşların təqib edilməsinə görə xüsusi təəssüflənir. Bu barədə Siz nə deyə bilərsiniz?
- Sizin sualınıza sualla cavab verəcəyəm. Siz deyin ABŞ-ın özündə söz azadlığına və insan hüquqlarına riayət edilməsi
baxımından hər şey qaydasındadırmı? Sadəcə məsələ bu
problemə hansı rakursdan və hansı niyyətlə baxmağımızdan
asılıdır. Elə həmin Birləşmiş Ştatları götürək. Quantanamoda və ABŞ-ın Avropadakı başqa məxfi
həbsxanalarında amerikalı əsgərlərin müsəlman əsirlərə necə işgəncələr verməsini
bütün dünya
dəhşət içində müşahidə edirdi. Sonradan məlum
oldu ki, məhbusların əksəriyyətinin
cinayətlərdə və terrorizmdə, ümumiyyətlə, əli olmamışdır, onları Amerika xüsusi xidmətlərinin
anlaşılmaz gümanları əsasında
həbs
etmişlər.
İnsanlar qandallanmış və uzun
müddət ən dəhşətli şəraitdə saxlanmışlar. ABŞ-da və Avropada “Uoll Striti zəbt
et”, “Frankfurtu zəbt
et” və başqa
etiraz aksiyalarını xatırlamaq olar. Bu ölkələrin
polisinin nümayişçilərlə necə kobud
və qəddar rəftar
etməsini
dünya
ictimaiyyəti
unutmamışdır. Bəs bu yaxınlarda Belçikada
və Almaniyada nümayişlər zamanı polisin həddi
aşan
hərəkətlərini necə izah
etmək olar? Axı, adlarını çəkdiyimiz ölkələrin
hamısı inkişaf
etmiş vətəndaş cəmiyyətinə malik
olan demokratik ölkələr hesab edilir.
Son
illərdə ABŞ-ın nəinki ayrı-ayrı
şəxslərə, hətta bütöv dövlətlərə münasibətdə beynəlxalq hüquq
normalarını pozması ilə bağlı təkzibedilməz faktlar vardır. Avropa dövlətlərinin
başçılarının telefon söhbətlərinin
dinlənilməsi halları buna
parlaq nümunədir. Bəs, özündə insan hüquqlarının çox kobud şəkildə pozulması
ilə bağlı çoxsaylı faktlar olduğu halda, ABŞ nə üçün başqalarına
demokratiya dərsi
keçməyə çalışır?
Azərbaycan Respublikasında
insanların bütün hüquq
və azadlıqları təmin edilmişdir. Müxalifət partiyaları fəaliyyət göstərir, müxalifət qəzetləri nəşr edilir. Müxalifət partiyaları öz fikirlərini söyləmək və qanun
çərçivəsində kütləvi toplantılar
keçirmək üçün hər cür imkana malikdirlər. Polisin icazəsiz
aksiyaların qarşısını alması normal haldır, çünki hamı qanun qarşısında
bərabərdir və qanunun tələblərinə hamı riayət etməlidir. Hakim partiya da qanunun müddəalarına riayət edir və biz
qanunun pozulmasını təşviq etmək niyyətində deyilik.
Qərb dəyərlərinin
daşıyıcıları anlayışına gəldikdə
isə, səfir Morninqstarın konkret kimi nəzərdə
tutduğunu bilmirəm. Mənə belə bir kateqoriya məlum
deyil. Vətəndaşların iki kateqoriyası var. Birinci -
ölkənin qanunlarına hörmətlə yanaşanlar,
ikinci - öz tamahkar məqsədlərini təmin etmək
üçün üçüncü qüvvələrin, əlində
alətə çevrilməyə hazır olan şəxslər.
Onların dəqiq dəyərlər sistemi yoxdur. Bu cür
adamlar Şərqdə də var, Qərbdə də və mənim
fikrimcə, səfirin bu cür bölgü aparması bizim
milli dəyərlərə açıq-aşkar hörmətsizlik
təzahürüdür.
Nəhayət,
Amerika səfirini bizə necə yaşamaq lazım olduğunu
öyrətməkdən əl çəkməyə
çağırmaq istərdim. Əgər tərəflər
bir-birinə hörmət etməsələr, bir-birini başa
düşməsələr onların münasibətləri
heç vaxt yaxşı nəticə verməyəcəkdir. Bizə saxta təbəssümlər
lazım deyil. Bizə səmimi tərəfdaşlar
lazımdır. Biz öz dostluğumuzu dəfələrlə
sübut etmişik və səfir Morninqstar bunu yaxşı
bilir. Azərbaycan xalqı adekvat münasibət gözləyir.
- Sağ olun.
AzərTAc
Xalq qəzeti.- 2014.- 27 may.- S.4-5.