“Su içdiyim yeddi
bulaq...”
Məmməd Arazın
yaradıcılığında hadisələri müasirləşdirmək
meyli güclüdür
Məmməd Arazın əfsanə süjetləri əsasında
yazdığı əsərlərindən biri iki
çobanın həyatından müəyyən fraqmentləri
əks etdirən "Görüşməmiş dostlar"
şeiridir. Şirin təhkiyə yolu ilə nağılvari
söylənən şeir yazıldığı zamanın tələblərindən
yanaşdıqda minlərlə bu formalı bədii
parçalar kimi ilk baxışda diqqətdən kənarda
qalır. Sanki burada şair iki həyat tərzini,
iki baxışı, iki ayrı-ayrı sistemləri müqayisə
etməklə, Arazın sol sahilində şimal tərəfdə
yaşayan Əmir dayının döşündən
asılan qəhrəmanlıq nişanının
parıltısı ilə gözləri qamaşdırmağa
çalışırdı. Belə təsəvvür
yaranır ki, çoban şaddır, çatdığı
ocaqla sevincini sağ sahildə - cənubdakı dostu ilə
bölüşmək istəyir:
Gecə
vaxtı Böyükdüzdən,
Tələsik
də keçsən əgər,
Qəlbin
sənə bir anlığa,
"Qəlbsiz olma, dayan"-deyər.
Yaxşı
baxsan sahil boyu,
Mürgüləyən lal gecəyə.
Görərsən
ki, bir vadidə,
İki
ocaq salmış iki
xal gecəyə.
Arazın
sağ sahilindəki çoban da ocaq yandırıb, ancaq
çox fikirlidir. Bu çobanlar görüşməsələr
də, söhbət edə bilməsələr də, dost
olublar. Baxmayaraq ki, onların
yaşayışında böyük fərqlər var, bəlkə
də dünyagörüşləri də fərqlidir, ancaq
bir-birlərini anlayır, başa düşürlər.
İki ayrı-ayrı mühitdə yaşayan
çobanların dostluğunun əsasında nə
dayanır? Nədir bu insanları ortaq məxrəcə
gətirən, birləşdirən? Şairin
iki çobanı qarşılaşdırmaqda məqsədi nədir?
Şeirin folklor qaynaqları ilə
bağlılığı nədir? Bu sorğuları
cavablandırmaq məqsədilə şeirdən daha bir
parçaya müraciət edək:
Bəzən
yayır tütəkləri,
Araz boyu
Araz kimi,
İki qəlbin nidasını.
Bəzən
onlar bir çalırlar,
"Gəl, ey Bənək" havasını.
Əslində çobanların istək və
arzuları qollarındakı buxovlardan azad olmaqdır. Məmməd
Araz da bunu istəyirdi. Elə buna görə də xalq
yaradıcılığına dərindən bələd olan
şair bu şeirdə zahirən sovet həyat tərzini tərənnüm
etsə də, bircə kəlmə ilə "Gəl ey Bənək!"
deyərək əsl məqsədini, məramını oxucuya
çatdırmaq istəyirdi. Qanlı sovet
rejiminin hələ çox möhkəm olduğu, 30-cu illərin
yaralarının hələ təzəcə qaysaqlamağa
başladığı, göz yaşlarının tamamilə
qurumadığı bir dövrdə azadlıq məramını
dilə gətirmək inqilabi bir hərəkata bərabər
sayılırdı. Sovet rejiminin
cansıxıcı çərçivəsində nəfəsi
təngiyən şair elə bir ifadə seçib işlədir
ki, lazım gələndə özünü müdafiə
imkanları əlində olsun. Bu məqsədlə
hətta indinin özündə də oxucuların çoxuna
qaranlıq olan "Gəl ey Bənək!" havası
haqqında daha ətraflı məlumat verməyi uyğun
sayırıq. Arazın sağ və sol sahilində ta qədim
zamanlardan məşhur olan "Gəl ey Bənək!"
havası Bənək adlı çoban itinin şərəfinə
yaradılmış və oxunan mahnıdır. Bənək
çox güclü, qorxmaz, canavarlarla döyüşdə həmişə
qalib çıxan, sahibinə sədaqətli, qoyun
sürülərinə etibarlı qoruyuculuq edən bir itdir.
"Belə söyləyirlər ki, çoban Bənəyi
arxacda saxlayıb heyvanları dağa qaldırır. Yağılar
çobanı silahsız və Bənəksiz görüb ona
hücum edirlər, çobanı öldürüb heyvanları
aparmaq istəyirlər. Yerdən-göydən
ümidi üzülən çoban ölüm ayağında
tütəkdə bir hava çalmaq arzusunu yağılara
bildirir. Yağılar xeyli gülürlər və bir az da kefləri şad olsun deyə
çobanın qollarını açıb tütək
çalmasına icazə verirlər. Çoban
tütəkdə "Gəl ey Bənək"
havasını çalır. Tütəyin
səsini eşidən Bənək özünü yetirib
yağılarla döyüşə atılır, onları
qanlarına qəltan eləyir, yağılar qaçırlar,
çoban sürüsü ilə birlikdə xilas olur.
Bənək mifləşdirilmiş qəhrəmandır. Müxtəlif
bölgələrdə Bənəyin şərəfinə
çoxlu rəvayətlər və əfsanələr də
söylənməkdədir. 1968-ci ildə Əhliman
Axundovun toplayıb tərtib etdiyi Azərbaycan Folkloru
Antologiyasının birinci kitabında bu mahnı
aşağıdakı şəkildə veril:
"Çoban" havası və mahnısı çobanlar
tərəfindən oxunur və tütəkdə çalınır.
Bu mahnı da çox qədimdir. "Çoban" mahnısı qoyunlar və
çobanın sədaqətli yoldaşı it (Bənək)
üçün yaradılıb, "Çoban və Bənək"
adlanır. Bu mahnıda da söz azdır.
Lakin musiqisi çox təsirlidir.
1983-cü
ildə Təhmasib Fərzəliyev və İsrafil
Abbaslının toplayıb tərtib etdikləri "Dünya
uşaq ədəbiyyatı" seriyasından olan "El
çələngi" kitabında Bənək haqqında
mahnı "xalq tamaşaları" bölümündə
səhnələşdirilib, rollara ayrılmış bir
formada təqdim edilib. "Salam əlik, say bəylər"
adlanan sayaçı oyun-tamaşasının əsas
iştirakçılarından biri də Bənəkdir.
Bənək onun şərəfinə oxunan mahnının
musiqisinə
uyğun
olaraq rəqs edir.
Bənək
haqqında rəvayətlərdən biri də
folklorşünas Ramil Əliyevin 2005-ci ildə çapdan
çıxmış "Mif və folklor: genezisi və
poetikası" kitabında verilib. Oğuz rayonu,
Daşağıl kənd sakini Əhməd Saat oğlundan
toplanan "Qara itlə Bənək" adlı mifdə
deyilir: "Keçmişdə bir çoban varmış,
onun bir qara iti, qara itin də Bənək adlı balası. Çoban sürüləri qara itlə Bənəyə
tapşırıb yatarmış. Qoyunlar
sarıdan arxeyin olan çobanın gecə yarısı
sürüsünə canavar (qarabalıq) dəstəsi
daraşır. Qış vaxtı, soyux,
tüpürsən yerə buz parçası düşərdi.
Qoyun-quzu hürküp hərəsi bir tərəfə
dağılıtdı diyənə onnarı ipə yavux gətirmək
olmurdu. Qara it canavarın bir-ikisini
yaraladı, sora canavarrar da hücum çəkib qara iti
ölümcül yaraladı. İt zingildəyəndə
çobanın helə bilərsən kin, ürəyi oyulurdu.
Çoban bilmirdi köməyə kimi
çağırsın. Bənək
arxacda yatmışdı, xəvərdən xəvəri
yoxuydu. Əlacsız çoban vəfalı dostu Bənəyi
həblə çağırdı:
Qara it
qana düşdü!
Quyruğu
yana düşdü!
Aman, Bənək, gəl yetiş.
İşim yamana düşdü".
Deməli, şair Bənək obrazını
"Görüşməmiş dostlar" şeirində təsadüfi
işlətməyib. Bənək xalqın təxəyyülündə
mifləşmiş qəhrəmanlıq, azadlıq simvoludur.
Bu səbəbdən də hər iki çoban
eyni vaxtda tütəklərində "Gəl ey Bənək"
havasını çalırlar. Onlar bu milləti azad edəcək,
tikanlı sərhəd məftillərini qırıb, ayrı
düşmüş elləri birləşdirəcək,
yüz illərdir Vətənin qan axıdan yaralarını
sarıya biləcək əfsanəvi ağ
atlı qəhrəmanı səsləyirlər. Təbii ki, o
qəhrəman Bənək olmayacaq, ancaq kim
olacaqsa, xalqın yaddaşında əbədi olaraq
yaşayacaq. Şairin də arzusu, amalı bu qəhrəmana
yetmək, o müqəddəs günü görmək idi.
Bu arzu, istəyi qəlbində yandıra-yandıra şair
1957-ci ildə yazdığı "Arazın nəğməsi"
şeirində yenidən Bənəyi xatırlayır:
De, hansı çağlardır çıxmır
yadından?
Bəzən
xəyallara dalırsan, Araz!
Bəlkə
Xançobanın qəlbindən qopan,
"Bənək" havasına dalırsan, Araz.
Beləliklə də, gətirdiyimiz nümunələrdən
aydınlaşır ki, Məmməd Araz sovet dövründə
yaşamasına baxmayaraq, həmişə əsərlərində
xalq yaradıcılığına üstünlük verib,
müxtəlif atalar sözləri, məsəllər, əfsanə,
rəvayət və nağıl motivlərindən istifadə
edib. Həm də qeyd etmək lazımdır ki, şairin
əsərlərindəki mətnaltı mətləbləri
dərk etməkdə nə qədər folklorun önəmli
rolu varsa, folklorun dərkində də Məmməd Arazın əsərləri
o qədər əhəmiyyətlidir.
Məmməd Araz humanist şair idi. Eşitdiyi hər
nağıl, əfsanə, lətifə, söhbət onun qəlbini
narahat edir, fikirlərinə hakim kəsilir, bu əhvalatları
öz içindən keçirərək münasibət
bildirirdi. "Yeddi bulaq əfsanəsi"ni
də müəllif ürəyinin süzgəcindən
keçirdib, öz dərdi edəndən sonra poeziyasına gətirir:
Üzərində
dayandığım,
Su
içdiyim yeddi bulaq,
Deyirlər
ki, yeddi qızın,
Göz yaşından yaranmış, ah.
"Yeddi bulaq"əfsanəsində deyilir ki, qədim
zamanlarda bir çobanın yeddi gözəl qızı
varmış.
Bu qızlar ətraf yaylaqlarda, dağlarda gəzib
dolaşar, gül-çiçək yığıb dəstə
bağlayardılar. Hər qızın da
özünün istəklisi var idi. Bir səhər
qızlar yenə ətrafdakı dağlara gəzməyə
çıxırlar, xeyli gəzib dolaşdıqdan sonra yeddi
çiçək dərirlər. Bu xəbər
zülmkar Şahmar bəyə çatır. Özünü mütləq hakim sayan, çoxdan
çobanın qızlarını ələ keçirməyə
çalışan Şahmar bəy belə bir fürsətdən
yararlanmaq istəyir, qızlara mümkün olmayacaq xəbər
göndərir. Bəy göstəriş
verir ki, dərilən çiçəklər öz yerlərində
bitməlidir. Əks təqdirdə,
qızlar hüzuruna gəlib onun olmalıdırlar, yoxsa dar
ağacından asılacaqlar. Qızlar bu
ağır hökmü bildikdən sonra xeyli ağlayırlar.
Dərilən çiçəkləri yenidən
bitirmək mümkün olmadığından yeddi gözəl,
bakirə qızın özlərini dağdan atmaqdan başqa
çarələri qalmır. Şahmar bəy
kimi zalım bir adamın qarşısında baş əymək,
namuslarını ləkələməkdən ölüm daha
yaxşı idi. Mərd, cəsarətli,
şərəfli yeddi qızın atıldıqları
dağın ətəyindən yeddi bulaq çağlamağa
başlayır. Deyilənlərə
görə, həmin bulaqlar yeddi bakirə qızın göz
yaşlarından yaranır.
Məhsəti
İsmayıl "Naxçıvan əfsanələri"
kitabında "Yeddi bulaq" əfsanəsinə münasibət
bildirərək qeyd edir ki, "əfsanənin ideya məzmununda
qızlar öz namuslarını qorumaqdan ötrü
Tanrıya yalvarır, yüksək dağa sığınaraq
aman diləyir, amansız düşməndən
qorunmağın yeganə yolunu özlərini dağdan atmaqda
görürlər. Burada baş verən
ölümlər yox olmaq deyil, daha çox çevrilmə
xarakteri daşıyır. Çünki
yüksək ülvilik və saflıq duyğusu ilə dolu
bacıların göz yaşlarından öldükləri
yerlərdə bulaqlar yaranır. Bulaq isə
canlı həyatın özülü, ilkin
başlanğıc olan sudur. Demək,
"Yeddi bulaq" əfsanələrinin ictimai məzmunu onu
mifoloji köklərindən ayırmır və əksinə,
bu bağlılıq ümumtürk anlayışındakı
su müqəddəsliyində birləşərək
ümumiləşdirilir. Belə ki,
insanın təbiətindəki zülm və zalımlıq
elə yenə də insanın düşüncəsində
müqəddəsləşdirdiyi güclərlə dəf
edilir".
Şair də bu aspektdən çıxış edərək
yeddi qızın taleyinə acıyır, nahaq verilən fərmana
qarşı çıxır, öz hiddətini bildirirdi. Doğrudan da,
qızlara edilən bu zülm yerdə qalmır, el-oba ayağa
qalxıb, Şahmar bəyin taxt-tacını tar-mar edir. Şair ənənəvi yolla gedərək
Şahmar bəylə, taxt-tacla çobanı, yəni
xalqı qarşılaşdırır. Bəyin
adı da, göründüyü kimi, ilan adıdır. Dilimizdə "şahmar ilan" deyilən ifadə
işlədilir. Elm aləminə məlumdur
ki, bu ilanlar çox qorxuludur, öldürücü zəhərə
malikdirlər. Görünür, Şahmar
bəyin adının seçimində xalq müdrikliyinin əsas
rolu olub. Çoban və çobanın
qızları isə saflığın, təmizliyin
timsalıdır, sadə xalq kütləsi tərəfindən
sevilir, əzizlənir. Xalqın
yaratdığı, şairin də ustalıqla bəhrələndiyi
bu seçim bütün zamanlarda aktual olub, sonda xeyirin şər,
gündüzün gecə, işığın qaranlıq
üzərində qələbəsi ilə nəticələnib.
Poemanın sonunda Məmməd Araz əfsanəni
bugünkü həyatımıza gətirir, müasirlərimizi
düşündürən problemləri sonuclandırmağa
çalışır.
Hizami Muradoğlu,
şair-publisist
Xalq Cəbhəsi.-
2014.- 27 may.- S.14.