“AXC xalqın şüurunda dərin iz qoydu”

 

Toğrul İsmayıllı: "Azərbaycan Xalq Cümhuriyyəti Avropanın ənənəvi demokratik dövlətlərindən geri qalmırdı”

 

Ankara İqtisadiyyat və Texnologiyalar Universitetinin professoru, beynəlxalq məsələlər üzrə analitik Toğrul İsmayıllın BayMedia-ya müsahibəsini oxucularımıza təqdim edirik

- Toğrul bəy, Sizcə, Azərbaycan Xalq Cümhuriyyəti hansı tarixi-siyasi zərurətdən yarandı? Həmin dövrdə geosiyasi və regional proseslər belə bir dövlətin yaranmasını diqtə edirdimi?

- Azərbaycan Xalq Cümhuriyyəti və onun Parlamenti çox çətin və mürəkkəb bir tarixi dövrdə meydana gəlmişdi. Rusiyada baş vermiş 1917-ci il fevral inqilabından sonra Zaqafqaziyda Dövlət Dumasına seçilmiş deputatlardan ibarət Zaqafqaziyanın idarəsi üzrə xüsusi komitə, noyabrda isə Zaqafqaziya Komissariatı yaradılır.

Zaqafqaziyadan Rusiyanın Müəssisələr Məclisinə seçilmiş və bolşeviklərin oktyabr çevrilişindən sonra orada iştirak edə bilməyən nümayəndələri 1918-ci il fevralın 14-də Tiflisdə toplaşırlar və Zaqafqaziyada ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini yaradırlar.

Zaqafqaziya Seymində və hökumətində fəaliyyət göstərən hər üç millətin nümayəndələrindən hər biri öz millətinin mənafeni ümumzaqafqaz mənafeyindən üstün tuturdu. Yenidən parçalanma məsələsi labüd idi.

Nəhayət 1918-ci il may ayının 25-də Zaqafqaziiya Seyminin son iclası keçirilir. Gürcüstan Zaqafqaziiya Seymindən çıxaraq may ayının 26-da öz istiqlaliyyətini elan edir.

Zaqafqaziya Seymi dağıldıqdan bir gün sonra, 1918-ci il Mayın 27-də Zaqafqaziya Seyminin Müsəlman Fraksiyasının (faktiki olaraq Zaqafqaziya Müsəlman Parlamentinin) üzvləri ayrıca iclaslarını keçirdilər və Azərbaycan müstəqilliyini elan etmək qərarına gəldilər.

Bu məqsədlə Şura özünü Azərbaycan Milli Şurası, daha doğrusu Azərbaycan Parlamenti elan etdi. Azərbaycanda ilk parlament yarandı və ilk parlamentli dövlətin bünövrəsi qoyuldu. Mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi və Azərbaycan İstiqlal Bəyannaməsi qəbul edildi.

İstiqlal Bəyannaməsi, ümumiyyətlə Şərqdə, ilk dəfə olaraq Azərbaycanda ən demokratik idarə üsulun - parlamentli respublikanın yaradılacağından xəbər verirdi.

Beləliklə, Birinci dünya müharibəsinin gedişində və Romanovlar mütləqiyyətinin devrilməsi nəticəsində yaranmış çox mürəkkəb bir tarixi şəraitdə Azərbaycanın şimal torpaqlarında dövlətçilik ənənələrimiz yenidən, özü də bu dəfə parlamentli respublika formasında dirçəldi.

- Bəs, AXC-nin beynəlxalq arenada tanınması necə baş verdi və axı, dünya gücləri belə bir dövlətlərin yaranmasına hazır deyildilər?

- Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti və hökuməti ölkənin başının üstünü alan xarici müdaxilə təhlükəsini sovuşdurmaq üçün gənc respublikanın beynəlxalq aləmdə tanınması üçün də böyük iş aparırdı. Bununla bağlı olaraq Cümhuriyyət Parlamenti 1918-ci il dekabrın 28-də parlamentin sədri Ə.M.Topçubaşovun başçılığı ilə Paris sülh konfransında xüsusi nümayəndə heyətinin göndərilməsi haqqında qərar qəbul etmişdi.

Cümhuriyyət dövrünün görkəmli dövlət xadimi Ə.M.Topçubaşov ağır çətinlikləri dəf edərək Azərbaycan Xalq Cümhuriyyətinin bir sıra böyük dövlətlər tərəfindən 12 yanvar 1920-ci ilde de-fakto tanınmasına nail oldu.

Xarici siyasətdə ilk addım olaraq Azərbaycan Respublikasının yaranması barədə dünya ölkələrinin xarici işlər nazirliklərinə məlumat verilməsi oldu.

4 iyun 1918-ci il "Osmanlı imperatorluğu hökuməti ilə Azərbaycan Respublikası arasında dostluq müqaviləsi" imzalandı. Bu müqavilə Azərbaycan Respublikasının xarici dövlətlərlə imzaladığı ilk rəsmi sənəd hesab olunur.

14 iyun Batumda "Sülh və dostluq" müqaviləsinə əlavə olaraq iki saziş imzalandı Birinci sazişdə 4 iyun müqavilənin Almaniya və Avstriya-Macarıstana da aid olduğu bildirilirdi və Azərbaycanın müstəqilliyinin müttəfiqlər tərəfindən tanınmasını Türkiyə öhdəlik kimi üzərinə götürürdü.

Almaniya, Avstriya-Macarıstan, Türkiyə, Bolqarıstan və Qafqaz dövlətlərinin iştirakı ilə keçirilən İstanbul konfransında Azərbaycan hökumətini təmsil edən nümayəndələrə iştirakçı dövlətlərlə siyasi, iqtisadi və hərbi məsələlərlə bağlı müqavilələr imzalamaq səlahiyyəti verildi.

Almaniya və Sovet Rusiyası arasında aparılan gizli danışıqlar nəticəsində Brest müqaviləsinə əlavə olaraq 27 avqust sazişi imzalandı. Sazişin VI fəsli Qafqaza aid idi. 13-cü maddədə Gürcüstanın müstəqilliyinin Almaniya tərəfindən tanınmasına Rusiya öz razılığını bildirdi. Azərbaycana dair 14-cü maddədə Azərbaycana Almaniyanın heç bir şəkildə yardım etməməsi və bu ərazilərdə üçüncü qüvvənin yerləşməsinə razı olmaması, eyni zamanda Bakı neftinin müəyyən hissəsinin Almaniyaya verilməsi razılaşdırılırdı.

1918-ci il oktyabrın 30-da imzalanan Mudros barışığı Azərbaycan üçün də çox ağır siyasi iz buraxmış oldu. Müqavilənin 11-ci maddəsi Türkiyənin Cənubi Azərbaycan və Cənubi Qafqazdan çıxarılmasını nəzərdə tuturdu.

10 noyabr tarixində Azərbaycan hökuməti tərəfindən ABŞ prezidentinə dünya dövlətləri tərəfindən Azərbaycanın müstəqilliyinin tanınması xahişi ilə müraciət olundu.

I dünya müharibəsi başa çatdıqdan sonra qalib dövlətlər öz qələbələrini razılaşdırmaq və rəsmiləşdirmək, beynəlxalq aləmdə yaranan problemləri həll etmək məqsədilə Parisdə sülh konfransı çağırmaq barədə qərar qəbul etdilər. Azərbaycan hökuməti nümayəndələri Ənzəlidə müttəfiq komandanlığın generalı Tomsonla danışıqlarda beynəlxalq sülh konfransında iştirak üçün təminat almışdılar. Sülh konfransında iştirak etməklə Azərbaycan nümayəndələri 4 mühüm vəzifəni həll etmək istəyirdilər:

1) ABŞ, Fransa, Böyük Britaniya, İtaliya müttəfiq hökumətləri və Hollandiya və İsveçrə nümayəndələri ilə görüşərək suveren dövlət kimi Azərbaycanın müstəqilliyinin tanınmasına nail olmaq;

2) Azərbaycan haqqında ictimai rəy formalaşdırmaq;

3) Tanınmış ictimai və siyasi xadimlərlə, təşkilat rəhbərləri ilə görüşərək Azərbaycan barədə məlumat vermək; 4) Xarici dövlətlərin ticarət-sənaye dairələri ilə kommersiya əlaqələrinə girərək, Azərbaycanın gələcəyi üçün zəruri materialların toplanması.

1919-cu ildə iyun ayında Azərbaycan-Gürcüstan arasında hərbi müdafiə paktı imzalandı. Pakt dövlətlərdən hər hansı birinin ərazi bütövlüyü və istiqlaliyyətinə təcavüz olardısa, digər tərəfin hərbi yardımını nəzərdə tuturdu və tərəflərin separat sülh bağlamamaq öhdəliyi burada öz əksini tapmışdı.

Oktyabr ayında Fransa müstəmləkə liqasının xarici siyasət bölməsinin rəhbəri Azərbaycanın de-fakto və de-yure tanınmasını müdafiə etdiyini və nümayəndə göndərmək xahişi ilə Klemanso hökumətinə müraciət etdiyini bildirmişdi.

1920-ci il 28 aprel işğalı ilə Azərbaycan müstəqil dövlət olmaq yolunda səylərini dayandırmış oldu. Uzun sürən çətinliklər nəticəsində beynəlxalq aləmdə de-fakto tanınan Azərbaycan yalnız 23 ay müstəqil ola bildi.

- Bildiyimiz qədər o zaman da Dağlıq Qarabağ problemi ortaya çıxmışdı. AXC hakimiyyəti münaqişəni necə həll edə bildi?

- Azərbaycan və Erməni Milli Şuraları arasında sərhəd məsələləri üzrə danışıqların nəticəsi Azərbaycan Milli Şurasının 1918-ci il 29 may tarixli iclasında müzakirə edildi. Səs çoxluğu ilə İrəvan Ermənistan Respublikasına güzəşt edildi və onun paytaxtı kimi tanındı. Həmin qərar qəbul olunarkən hər iki respublikanın gələcəkdə konfederasiya şəklində birləşəcəyi, Ermənistanın Qarabağın dağlıq hissəsinə olan əsassız iddiadan əl çəkəcəyi və başqa məsələlər nəzərə alınmışdı.

İrəvan şəhəri və quberniya əraziləri güzəştə gedildikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 99908,86 km? təşkil edirdi. Ermənistana güzəşt edilən İrəvan quberniyasının ərazisi 8913,17 km təşkil edirdi. 13983,1 km ərazi isə mübahisəli ərazi kimi qəbul olunaraq gələcək danışıqlar prosesində həll olunması nəzərdə tutulmuşdu.

Lakin ermənilər həmin güzəştlərdən istifadə edərək, yeni-yeni ərazi iddiaları irəli sürdülər. İrəvan quberniyasında, Qarayazıda olan Azərbaycan hərbi hissələrinin 24 saat müddətində oradan çıxarılması haqqında ultimatum verdilər, azərbaycanlılara qarşı yeni soyqırımları həyata keçirməyə başladılar və bununla, həmin əraziləri zor gücünə ələ keçirməyə cəhd göstərdilər.

Ermənistan Azərbaycanın tarixi torpaqlarına olan iddialarını həyata keçirmək üçün Qarabağ, Zəngəzur, Naxçıvan və digər ərazilərdə soyqırımlarını daha da genişləndirdi. Naxçıvanda bu siyasətin qarşısını almaq üçün 1918-ci ilin noyabrında Araz Türk Cümhuriyyəti yaradıldı və bu Cümhuriyyət sonra Cənub-Qərbi Qafqaz Demokratik Cümhuriyyəti ilə birləşdirildi.

Cənubi Qafqaz dövlətləri arasındakı ərazi mübahisələrini müzakirə etmək üçün, 1919-cu il aprelin 25-də Tiflisdə konfrans çağırıldı. Lakin konkret nəticə verməyən Tiflis konfransı da iyunda işini dayandırdı. Son dərəcə mürəkkəb beynəlxalq və daxili vəziyyətə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti ərazi və sərhəd məsələlərinə həyati əhəmiyyət verirdi.

Cümhuriyyət Hökuməti Cənubi Qafqazdakı bütün tarixi Azərbaycan torpaqlarını öz nəzarəti altında saxlamağa çalışırdı. Burada Azərbaycan ordusunun da uğurlarını da unutmamaq lazimdir. Buna bir misal, Xosrov bəy Sultanovun 1919-cu ilin 15 yanvarında Qarabağın general-qubernatoru təyin olunmasıdır.

Həmin ilin 21 martında erməni-daşnak hərbi dəstələri Qarabağa yeganə keçid olan Əsgəran keçidini zəbt etmişlər. Amma daşnak generalı Dronun hərbi dəstələri Xosrov bəyin başçılıq etdiyi Azərbaycan əsgərləri tərəfindən mayın 30-da darmadağın edilmiş, Xankəndi və Şuşa geri alınmışdır.

Azərbaycan Xalq Cümhuriyyəti yaşadığı qısa dövr ərzində ərazisini və sərhədlərini qorumaq sahəsində mühüm işlər gördü. 1920-ci ilin ünvan - təqvimində Xarici İşlər Nazirliyinin təqdim etdiyi xəritə və məlumatlar əsasında Azərbaycan Xalq Cümhuriyyətinin ərazisini əks etdirən cədvəl nəşr olunmuşdu. Göründüyü kimi, Cümhuriyyətin ərazisi 113,9 min kv. km-ə bərabər idi (o cümlədən, mübahisəsiz ərazi 97,3 min kv. km; mübahisəli ərazi 16,6 min kv. km).

Lakin aprel işğalı (1920) və Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsindən sonra Sovet Rusiyasının yeritdiyi ayrıseçkilik siyasəti nəticəsində Azərbaycan əraziləri daha da azaldıldı.

- Bəzi tarixi mənbəələrdə AXC-nin süqut etməsində Atatürk hakimiyyətini ittiham edirlər. Dobrudanmı, AXC-nin Bolşeviklər tərəfindən işğal edilməsində Atatürkündə rolu olub?

- Bu məsələ olduqca ciddi bir araşdırma mövzusudur. Atatürk hakimiyyətini də AXC-nin süqut etməsində ittiham etmək, zənnimcə, elmi cəhətdən doğru deyil. Tarixi prosesləri zamanına görə dəyərləndirmək daha doğru olar.

Aprelin 26-dan 27-nə keçən gecə 72 min nəfərlik XI Qızıl Ordunun zirehli qatarları şimaldan Azərbaycan sərhədini keçərək Bakı üzərinə hərəkət etdi. Bu hücum parlamentə Azərbaycan kommunistlərinin verdiyi ultimatumdan 12 saat əvvəl başlamışdı.

Ultimatumun müzakirəsi gərgin vəziyyətdə keçdi. Bu müzakirədə bolşevik Əliheydər Qarayev demişdi: "Qarabağda zühur edən bu hadisə müttəfiqlərin bizi boğmaq üçün sardığı zəncirlərdən bir halqadır. Bu halqanı Azərbaycan öz qüvvəsi ilə parçalaya bilməz. Buraxın Şərq millətlərini müdafiə edən Qızıl Ordu gəlsin. Qarabağ üsyanını yatırsın, daha sonra Anadoluya getsin".

XI Qızıl Ordunun Bakıya girmədən Anadolu türklərinə yardım edəcəyi bildirilirdi. Parlament də hakimiyyəti Azərbaycan kommunistlərinə təhvil vermə şərtlərindən biri də bolşevik ordusunun Bakiya girməməsi məsələsi idi.

XI Qızıl Ordunun Anadoluya (Türkiyəyə) köməyə gedəcəyinin tarixçəsi isə belədir: Osmanli dövləti I Dünya müharibəsində məğlub olmuş və İstanbul Antanta hərbi qüvvələri tərəfindən işğal edilmişdi. Türkiyəyə qarşı hərbi əməliyyatlar da davam edirdi.

Belə bir vəziyyətdə 1920-ci ilin 23 aprelində Ankarada Türkiyə Böyük Millət Məclisi çağırılmışdı və Mustafa Kamal paşa Məclisin və hökumətin sədri seçilmişdi. İşğalçılara qarşı mübarizəyə qalxan TBMM-nin müttəfiqlərə ehtiyacı var idi. Böyük dövlərlərlə mübarizəyə girişmiş Sovet Rusiyası bu cəhətdən alternativsiz idi.

Məhz bu səbəbdən, aprelin 26-da Mustafa Kamal paşa Rusiya Sovet hökumətinin başçısı Leninə göndərdiyi məktubunda Rusiya ilə diplomatik əlaqələri yaratmağı və milli-azadlıq mübarizəsində Türkiyəyə hərbi yardım edilməsini təklif etmişdi.

Parlamentin son iclasındakı çıxışında Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə demişdi: "Bizə deyirlər ki, sərhədlərimizi keçən ordunun başında Necati adlı bir türk komandiri durur... Rusiyadan gələn bu təcavüzkar ordu bildirir ki, Türkiyənin xilası üçün gəlir... Anadolunun imdadına getmək bəhanəsiylə yurdumuza girən bu işğal ordusu bir daha vətənimizdən çıxmaq istəməyəcəkdir".

Tarix Rəsulzadənin nə qədər haqlı olduğunu bir daha sübut etdi.

Dolayısı ilə, Azərbaycanın işğalında sapı özümüzdə olan baltaların rolu daha böyükdür.

Bunu xatırlamaq kifayətdir ki, Azərbaycan kommunistləri hakimiyyəti təhvil alarkən ölkənin müstəqilliyini qoruyacaqlarını vəd etsələrdə, razılaşmadan bir neçə saat sonra Azərbaycanın Rusəyaya birləşdirilməsi haqqında qərar qəbul etdilər.

- Ümumilikdə, AXC hakimiyyəti Azərbaycan xalqına nə verdi?

- Sovet Rusiyasının beynəlxalq hüquq normalarını tapdalayan hərbi müdaxiləsi və XI Qızıl Ordu hissələrinin qanlı döyüş əməliyyatları nəticəsində Şimali Azərbaycan yenidən Rusiya tərkibinə qatılsa da, AXC xalqın şüurunda dərin iz qoydu.

Cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, ən qəddar müstəmləkə və repressiya rejimləri belə Azərbaycan xalqının azadlıq ideyalarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyil.

AXC özünün siyasi quruluşuna, həyata keçirdiyi demokratik dövlət quruculuğu tədbirlərinə, həmçinin qarşısına qoyduğu məqsəd və vəzifələrə görə də Avropanın ənənəvi demokratik dövlətlərindən heç də geri qalmırdı.

AXC-in yaranması xalqımızın dövlətçilik ənənələrinin bərpa olunması demək idi. Onun demokratik quruluşda olması isə ilk növbədə milli parlamentdə təkcə siyasi partiyaların deyil, həm də Azərbaycanda yaşayan azsaylı millətlərin deputat kürsüləri ilə təmin olunmasında özünü göstərirdi.

Azərbaycan milli istiqlalını özündə cəmləşdirən İstiqlal Bəyannaməsi, sadəcə əsrlik əsarət altından qurtulan və öz müqəddəratını təqdir etmək haqqından istifadə edən bir millətin azad bir dövlət qurduğunu elan etməklə bitmədi, eyni zamanda o, dövrünün bəşəri şərtləri içində qönçələnən hürriyyət və demokratiya əsaslarının da Azərbaycan xalqı tərəfindən mənimsənmiş olduğunu üzə çıxartdı.

 

Elnur Eltürk

Xalq Cəbhəsi.- 2014.- 27 may.- S.8-9.