Azərbaycan Xalq
Cümhuriyyətinin xüsusi xidmət
orqanları
Milli dövlətçiliyə
qarşı ermənilərlə
yanaşı daha bir qorxulu qüvvə
bolşeviklər idi...
Azərbaycan Xalq Cümhuriyyəti öz müstəqilliyini elan etdikdən sonra dövlətin və dövlətçiliyin
təhlükəsizliyini təmin
etmək, yəni onu daxili və
xarici təhdidlərdən
qorumaq, baş verə biləcək
terror-təxribat aksiyalarının
qarşısını almaq,
pozucu qüvvələri
zərərsizləşdirmək üçün müstəqil
xüsusi xidmət orqanının yaradılmasına
böyük ehtiyac var idi. Ancaq müstəqilliyini yenicə
elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin maddi imkanları, kadr potensialı, hökumətin
hələlik müvəqqəti
paytaxt seçdiyi Gəncədə fəaliyyət
göstərməsi və
Bakıya daxil ola bilməməsi
belə bir addımın reallaşmasına
maneə törədirdi.
Bütün çətinliklərə baxmayaraq, Azərbaycan hökuməti Müdafiə
Nazirliyinin nəzdində
xüsusi xidmət orqanlarının funksiyalarını
həyata keçirən
bir bölmə yaratdı. "Kəşfiyyat və əks kəşfiyyat"
adlanan həmin qurumun konkret nə zaman yaradılması
barədə dəqiq
məlumat olmasa da, mövcud arxiv materialları həmin bölmənin
1918-ci ildə yaradılması
ehtimalını təsdiqləyir.
Azərbaycan Xalq Cümhuriyyətinin
xüsusi xidmət orqanlarının təşəkkül
dövrü 1919-cu ilə
təsadüf edir.
Ordunun təlim-tərbiyəsini, döyüş
hazırlığını daha da gücləndirmək,
təsərrüfat və
təminat qayğılarını
həll etmək məqsədi ilə
1919-cu il mart ayının 26-da Ərkani-hərb
(Baş qərargah) təsis edildi. Hərbi nazir Səməd bəy Mehmandarovun fikrincə, indiyədək
belə bir qurumun yaradılmamasının
əsas səbəbi yüksək hazırlıqlı
kadrlara ehtiyacla bağlı idi. Səməd bəy Mehandarovun dəvəti ilə Krımdan gəlmiş, milliyyətcə
tatar olan general-leytenant Məmməd bəy Aleksandroviç Sulkeviç (əsl adı Maçeybəy idi) 26 mart 1919-cu il tarixli 147 saylı əmrlə Ərkani-hərbin rəisi təyin olundu və həmin vaxtdan etibarən Hərbi Nazirliyin strukturunun yenidən formalaşdırılmasına başlandı.
Təhdidlərin artdığı və torpaqların işğal təhlükəsi ilə
üzləşdiyi bir
vaxtda kiçik qurumla böyük işlər görmək və ölkənin hərbi, ümumən milli təhlükəsizliyini
təmin etmək çətin idi. Xüsusilə, denikinçilərin 1919-cu ilin
aprel ayında Dağıstana və Gürcüstana hücumu Zaqafqaziya, eyni zamanda, Azərbaycan üçün də təhlükəli idi.
Denikinçi zabitlər çar
Rusiyası ordusunun mundirində Bakının
küçələrini dolaşır,
Denikinin xeyrinə təbliğat aparır (xüsusilə də ruslar arasında), ağqvardiyaçıları müdafiə
edən könüllü
ordunun sıralarını
genişləndirir, təxribat
törətmək və
hərbi sirləri öyrənmək məqsədi
ilə yenicə yaranmaqda olan Azərbaycan ordusunun tərkibinə daxil olurdular. Belə şəxslərdən ibarət
Azərbaycanda geniş
casus şəbəkəsi qurmağa nail olan Denikin və onun tərəfdarları Bakıda gizli silah-sursat bazaları da yaradırdılar. İlk təhlükəsizlik
orqanlarının gənc
əməkdaşlarının səyləri ilə həmin bazalardan biri Balaxanı və Krasnovodsk küçələrinin tinindəki
evin zirzəmisində
aşkarlamış və
çoxlu sayda tüfəng, qumbara, patron
və s. müsadirə
edilmişdi.
1919-cu ilin ilk aylarında
çar forması geyinmiş Denikin ordusunun zabitlərinin bir qismi yenicə
yaranmaqda olan Azərbaycan Ordusuna xidmətə daxil olurdular. Həmin dövrdə yeni
yaranan milli Ordunun zabit heyətinə
böyük ehtiyacı
vardı. Sonradan əldə
edilmiş sənədlər
göstərir ki, həmin zabitlərin böyük əksəriyyəti
Azərbaycan Ordusuna hərbi xidmətə daxil olsalar da
Denikinin qərargahına
işləyirdilər. Buna sübut kimi
1919-cu ilin aprelində
Bakıda Denikin əks-kəşfiyyatının rəisi, Baş qərargahın zabiti Çernışovun Azərbaycan
əks-kəşfiyyatçıları tərəfindən həbs
edilməsini misal göstərmək olar.
Çernışovun həbsinə səbəb
Smıslova adında bir nəfərin Gəncədə Azərbaycan
əks-kəşfiyyatçıları tərəfindən tutulması
idi. Kornet Ağalarovun rəhbərlik
etdiyi bölmənin əməkdaşlarının yüksək
peşəkarlıqla həyata
keçirdikləri əməliyyat
tədbirləri nəticəsində
casus şəbəkəsinin üstü açılmışdı.
Smıslovanın verdiyi ifadəyə
görə, onu Gəncəyə xüsusi
tapşırıqla Çernışov
göndərmişdi. Denikin əks-kəşfiyyatının Azərbaycan Ordusunda xidmət edən rus zabitləri arasında geniş casus şəbəkəsi vardı.
Denikin əks-kəşfiyyatının agentlərinin bir çoxu eyni zamanda, ingilis kəşfiyyatına işləyirdilər.
Azərbaycan əks-kəşfiyyatçıları
tərəfindən həbs
edilmiş Smıslova da ingilis və
erməni kəşfiyyatçıları
ilə əlbir idi. İngilislər ona Azərbaycan
Ordusunda xidmət edən türk zabitlərini müəyyən
etməyi və onların sayını öyrənməyi tapşırmışdılar.
Denikin ordusunun digər əməkdaşı poruçik
Okoyev isə eyni zamanda, ingilislərə
və Bakı axtarış polisinə xidmət edirdi. İlk baxışdan asan görünən, əslində
isə mürəkkəb
bir işin detallarını yenicə
fəaliyyətə başlamış
Azərbaycan əks-kəşfiyyat
xidmətinin əməkdaşları
müəyyənləşdirmişdilər.
Çernışovun yaşadığı mənzildə axtarış
zamanı Azərbaycanda
ictimai-siyasi və iqtisadi vəziyyətlə
bağlı, gizli bolşevik təşkilatının
işi, Azərbaycan Ordusunun durumu barədə Denikin qərargahına ünvanlanmış
çoxlu sayda agentur məlumatları tapılmışdı. Həmin
məlumatların birində Çernışov göstərirdi
ki, təşkilatın birinci ayı ərzində o, Azərbaycanı
idarə edən dairələrlə çox yaxşı əlaqəsi
olan şəxsləri özünə cəlb edə
bilmişdi. Ancaq dindirmə zamanı həmin
şəxslərin soyadını deməmişdi. Axtarış zamanı Çernışovdan Denikin
kəşfiyyatının sxemi, onun tapşırıqları,
məqsədi və proqramı da tapıldı.
29 mart 1919-cu ildə hərbi nazir S.Mehmandarov daxili işlər
naziri X.Xasməmmədova müəyyən edilmiş casus təşkilatının
üzvlərinin həbs olunmaları barədə Gəncə
şəhərindən Bakıya 1520 saylı məktub
göndərir. Məktubda deyilir: "Azərbaycan Silahlı Qüvvələri
barədə Denikinin könüllülər ordusunun və erməni
hökumətinin xeyrinə məlumat toplamaqda ittiham edilən
xanım Smıslova Gəncədə həbs edilmişdir. Bu işdə onunla əlbir olan Gəncə
qarnizonunun bir neçə zabiti müəyyənləşdirilmişdir.
Bakıda isə onun digər əlaqələri vardır:
Nelli Fyodorovna Çernışova, erməni küçəsi
8-də yaşayır, qərargah zabitinin arvadıdır, erməni
qoşununda xidmət etmişdir. Stanislav Rudolfoviç Zuber,
Rılskixlərin Merkuri kontorundadır. Çernışovanın
mənzilində axtarış aparılması vacibdir, əgər
bir şey tapılsa, təcili həbs edib işi məhkəmə
müstəntiqinə vermək lazımdır. Belə bir axtarışın Zuberin mənzilində
də aparılması vacibdir. Xanım Smıslova
Bakıdan Gəncəyə kömək üçün səyyar
qoşunların başçısı polkovnik Mixaylova Tiflis dəmiryolu
jandarm idarəsinin keçmiş rəisi Şetininin məktubu
ilə gəlmişdir. Hesab edirəm ki,
casus təşkilatının izləri Bakıdadır. Şetinin təcrübəli jandarm işçisi
kimi onun rəhbəridir. Onun mənzilində
təcili axtarış aparılmalı və həbs edilməlidir.
General-leytenant S.Mehmandarov". Məktubun sonunda qeyd-arayış verilmişdir.
"Bu gün saat 5-də qubernator Axundov mənim
yanıma dəvət edilmiş və ona bu məsələnin
icra edilməsi tapşırılmışdır. X.Xasməmmədov".
Denikinçilərin
1919-cu ilin payızında həm şimaldan, həm də Xəzər
dənizindən ehtimal olunan hücumunun
qarşısını almaq, Bakının müdafiəsini təşkil
etmək üçün Dövlət Müdafiə Komitəsinin
1919-cu il sentyabrın 13-də keçirdiyi iclasda böyük əhəmiyyətə
malik olan hərbi struktur - Bakı İstehkamat hissəsini
(Bakı Möhkəmləndirilmiş Müdafiə Rayonunu)
yaratdı. Komitənın qəbul etdiyi qərara
əsasən Bakı Möhkəmləndirilmiş Müdafiə
Rayonunun rəisi vəzifəsi təsis olundu, şəhərin
hərbi general-qubernatoru vəzifəsi ona birləşdirildi və
Bakı rəisliyinin ərazisi ona tabe edildi. 1919-cu il oktyabrın 26-da Əksinqilabla Mübarizə
Təşkilatı da Bakı Möhkəmləndirilmiş
Müdafiə Rayonuna tabe edildi və Murad Girey Tlexas rəis vəzifəsinə
təyin edildi. General-mayor Tlexas 1920-ci il
fevralın 28-də yazırdı ki, siyasi mənsubiyyətindən
asılı olmayaraq dövlət və ictimaiyyət
üçün təhlükə yaradan bolşeviklərin
şəhərdən çıxarılması məqsədi
ilə qətiyyətli tədbirlər görülür.
Azərbaycan Xalq Cümhuriyyətinin təhlükəsizlik
orqanlarının əsas vəzifələrindən biri də
ölkədəki qanunsuz silahlı birləşmələrin
ləğvi, onlarda, eləcə də əhalidə olan icazəsiz
silahların yığılması və müsadirə edilməsi
idi.
Əksinqilabla Mübarizə Təşkilatının əməkdaşı
olmuş Əli Razi Şamçızadə Salyandan öz rəisinə
ünvanladığı sənəddə ermənilərdən
12 odlu silah və 565 ədəd işarə verici fişəngin
götürüldüyünü məruzə edirdi.
Əksinqilabla Mübarizə Təşkilatının əməkdaşları
digər dövlət strukturlarının qüvvələri
ilə birlikdə mart qırğınlarının əsas təşkilatçılarından
olan Bakı milyonçusu, qatı cinayətkar Stepan Lalayevi və
onun bir qrup tərəfdarını da həbs etməyə
müvəffəq olmuşdu. Erməni siyasi təşkilatları,
silahlı dəstələri və terrorçu daşnak
qrupları Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinə
qarşı təxribatlar törətdiyindən xüsusi xidmət
orqanları onlara qarşı fasiləsiz mübarizə
aparırdı. Məsələn, Denikin
ordusunun Azərbaycana qarşı təxribatı ilə əlaqədar
təşkilat tərəfindən (ƏMT nəzərdə
tutulur - C.Q.) saxlanılmış və həbs edilmiş
şəxslərin əksəriyyəti ermənilər idi.
Erməni casusları əldə etdiyi məlumatları həm
denikinçilərə, həm bolşeviklərə, həm
də ingilislərə verirdilər. Həmin ərəfədə
bolşeviklər daha da fəallaşmış, onlar
ayrı-ayrı yerlərdə gizli yığıncaqlar
keçirir və demokratik respublikanın əleyhinə
müxtəlif məzmunlu təbliğat aparırdılar.
Əksinqilabla Mübarizə Təşkilatı,
eləcə də qurumun Balaxanı-Sabunçu rayon bölməsi
öz işini həm də bu istiqamətdə qurmuşdu.
Həmin bölmədən Əksinqilabla Mübarizə Təşkilatının
rəhbərliyinə göndərilən raportdan məlum olur
ki, 1920-ci il fevralın 3-də
Sabunçudakı fəhlə klubunda keçirilən iclasda
Aleksandr Kostinski adlı bolşevik fəalı belə bir məsələ
irəli sürmüşdür: "İndiki hökumət
bizə lazım deyil. Bu yaxınlarda bolşeviklər
gələcək, biz onda öz gücümüzü göstərəcəyik".
Təhlükəsizlik orqanının həmin yerli bölməsi
bolşeviklərin hansı istiqamətlərdən Azərbaycana
hücum edəcəklərini də müəyyənləşdirə
bilmişdir: "1920-ci ilin 24 fevralında Sabunçudakı fəhlə
klubunda fəhlələrin gizli yığıncağında
bildirilmişdi ki, "bolşeviklərin üç -
Krasnovodsk, Həştərxan və Rostov istiqamətlərindən
gəlməsi gözlənilir. Ona görə də
yatmamalı, ayıq olmalı və hakimiyyəti ələ
almalıyıq". Beləliklə, Azərbaycan milli
dövlətçiliyinə qarşı ermənilərdən
başqa, daha bir qorxulu qüvvə bolşeviklər idi...
Ülviyyə
Tahirqızı
Xalq Cəbhəsi.- 2014.- 28 may.- S.13.