Milli dövlətçilik
ənənələrinə sədaqətlə
28 May Respublika
Günüdür
Xətai
Xətai Rayon İcra
Hakimiyyəti Azərbaycan Xalq Cümhuriyyətinin
yaranmasının 96-cı ildönümü münasibətilə
toplantı keçirdi.Yeni Azərbaycan Partiyası Xətai
rayon təşkilatında keçirilən toplantıda icra
hakimiyyəti başçısının müavini Jalə
Abdiyeva geniş məruzə ilə çıxış edərək
dedi:
– Azərbaycan tarixinin
şanlı səhifələrindən olan,
xalqımızın milli azadlıq mücadiləsinin məntiqi
nəticəsi sayılan və müasir dövlətçilik
tariximizdə önəmli yer tutan Azərbaycan Xalq Cümhuriyyəti
XX əsrin Şərqi üçün milli dövlətçilik
ənənələri baxımından perspektiv
inkişafın əsasına çevrildi. Məhz Xalq
Cümhuriyyəti özünün dövlətçilik əsasları
və demokratik islahatları ilə müsəlman Şərqinin
mayakı rolun oynamağı bacardı. 23 ay fəaliyyət
göstərməsinə baxmayaraq, Azərbaycan Xalq
Cümhuriyyəti böyük bir coğrafi regionun siyasi həyatında
mühüm rol oynadı, Cümhuriyyətin fəaliyyəti
sayəsində dövlətçilik tariximizin əsasları
daha da zənginləşdi.
XX əsrin sonunda yenidən
müstəqillik əldə edən Azərbaycan dövləti
ulu öndər Heydər Əliyevin zəngin siyasi təfəkkürü,
idarəçilik təcrübəsi və rasional fəaliyyəti
sayəsində Azərbaycan Xalq Cümhuriyyətinin taleyini
yaşamaqdan, yəni qısa zamanda müstəqilliyini itirməkdən
qurtuldu. Umummilli lider Heydər Əliyev həmin dövrdə
ciddi təhdid və təhlükələr
qarşısında olan müstəqilliyimizi qorudu və
müasir, güclü, nüfuzlu dövlət kimi
çıxış edən və böyük bir regionda
lider ölkəyə çevrilən Azərbaycanın təməlini
qoydu.
Natiq
çıxışında qeyd etdi ki, bu gün istər Azərbaycan
Xalq Cümhuriyyəti yaradıcılarının, istərsə
də ulu öndər Heydər Əliyevin müstəqil
dövlətçilik məsələləri ilə
bağlı arzuları Prezident İlham Əliyev tərəfindən
uğurla gerçəkləşdirilir. Ölkə
iqtidarının xalqın dəstəyinə arxalanması, hər
bir məsələdə milli maraqları önə çəkməsi
sayəsində Azərbaycanın daxili və xarici siyasəti
dövlətin maraq və təhlükəsizliyinə
qarşı yönələn istənilən təhdidə
çevik müqaviməti təmin edir.
Bu gün tam qətiyyətlə
deyə bilərik ki, Azərbaycan regionun lideri kimi müstəqil
siyasət yeridir.
Azərbaycan Prezidenti
İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik
yubileyi ilə bağlı keçirilən təntənəli
mərasimdə bunu belə ifadə etmişdir: “Ölkələr
var ki, müəyyən səbəblərə görə
müstəqil siyasət aparmaq iqtidarında deyildir, haradasa
imkanları yoxdur, haradasa tədbirlər görülməyibdir.
Azərbaycan bu baxımdan ayaq üstə çox möhkəm
dayanan ölkədir. Bizim vəzifəmiz, borcumuz, bütün
Azərbaycan xalqının borcu ondan ibarətdir ki, bu müsbət
meyilləri daha da möhkəmləndirək”.
Məruzə ətrafında
çıxış edən digər natiqlər də
tariximizin parlaq səhifəsi haqqında müxtəlif məqamları
yada saldılar və xüsusi qeyd etdilər ki, bu gün
dünyada gedən mürəkkəb, ziddiyyətli proseslərə
baxmayaraq, Xalq Cümhuriyyətinin əsasını qoyduğu
dövlətçilik ənənələrini müstəqil
Azərbaycan özündə yaşatmaqla yanaşı,
onları müasir dəyərlərlə zənginləşdirərək
uğurla inkişaf etdirir.
Səbail
Respublika Günü
münasibətilə Səbail Rayon İcra Hakimiyyəti və
rayonun sıx əlaqədə olduğu Daxili İşlər
Nazirliyinin Daxili Qoşunları “N” saylı hərbi hissədə
gənclərin, əsgər və zabitlərin, ictimaiyyət
nümayəndələrinin görüşünü
keçirmişdir. Qonaqlar torpaqlarımız uğrunda
döyüşlərdə həlak olmuş Daxili
Qoşunların şəhidlərinin şərəfinə
ucaldılmış abidə önünə çiçək
dəstələri düzmüş, hərbi hissənin əsgər
yataqxanasına və xidmət otaqlarına baxmışlar.
Xüsusi təyinatlı dəstə bir sıra əməliyyat
səhnələrini nümayiş etdirmişdir.
Hərbi hissənin
sıra meydanında keçirilən təntənəli
toplantıda çıxış edən Səbail Rayon
İcra Hakimiyyətinin başçısı Asif Əsgərov
iştirakçıları Respublika Günü münasibətilə
təbrik etmiş, ümummilli lider Heydər Əliyevin
dövlət müstəqilliyimizin bərpasında və
qorunmasında, ordu quruculuğunda tarixi xidmətlərindən
danışmış, Prezident, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyev ərazilərimizin
işğaldan azad edilməsi, Milli Ordunun möhkəmlənməsi
ilə bağlı gördüyü işlər barədə
məlumat vermişdir. Başçı belə
görüşlərin gənclərin hərbi-vətənpərvərlik
tərbiyəsində mühüm rol oynadığını,
Səbail rayonu ilə DİN Daxili Qoşunlar arasındakı
dostluq əlaqələrinin getdikcə daha da möhkəmləndiyini
vurğulamışdır.
Bakı Şəhəri
üzrə Təhsil İdarəsi rəisinin müavini
Hüseyn Əsgərov hərbi hissənin şəxsi heyətinə
Vətənə xidmətdə uğurlar
arzulamışdır.
Daxili Qoşunların
komandanının I müavini - qərargah rəisi, general-mayor
Şirin Xəlilov da tədbir
iştirakçılarını əlamətdar bayram
münasibəti ilə təbrik etmiş, Azərbaycan Ordusunun
ölkənin etibarlı müdafiəçisi olduğunu, ərazi
bütövlüyümüzü bərpa etmək
üçün hər an döyüşə hazır
dayandığını söyləmiş, gənclərin Vətən
sevgisinin müqəddəsliyini qeyd etmişdir.
Xidmətdə fərqlənən
əsgər və zabitlərin bir qrupu Səbail Rayon İcra
Hakimiyyətinin qiymətli hədiyyələri ilə
mükafatlandırılmışldır. Rəsmi hissədən
sonra qonaqlar və hərbi hisənin şəxsi heyəti birgə
nahar etmişlər.
Görüş
populyar incəsənət xadimlərinin iştirakı ilə
konsert proqramı ilə davam etmişdir.
Binəqədi
Binəqədi Rayon
İcra Hakimiyyətində 28 May Respublika Günü
münasibətilə tədbir keçirilmişdir.
Mərasimdə
çıxış edən icra hakimiyyəti
başçısının birinci müavini İlqar
Süleymanov müsəlman Şərqində ilk demokratik
respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi
haqqında məlumat vermişdir. SSRİ-nin
dağılmasından sonra AXC-nin legitim varisi kimi Azərbaycan
Respublikasının yenidən öz müstəqilliyinə
qovuşduğunu deyən natiq müstəqilliyin ilk dövrləri
üçün mövcud olan təhdidlər, o cümlədən
Ermənistanın Azərbaycana qarşı təcavüzündən
bəhs etmiş, Azərbaycanın bu çətinliklərdən
uğurla keçdiyini və demokratik inkişaf yoluna qədəm
qoyduğunu vurğulamışdır.
İyirmi üç
illik müstəqillik dövründə Azərbaycanda
ümumi daxili məhsulun həcminin bir neçə dəfə
artdığını, ölkəmizin orta gəlirli və
potensial sərmayəçi dövlətə çevrildiyini
qeyd edən natiq Azərbaycanın qarşıya inkişaf
etmiş dövlət statusunu əldə etmək kimi strateji məqsəd
qoyduğunu bildirmişdir.
Milli Məclisin
deputatı Musa Qasımlı çıxışında
bildirmişdir ki, xalqımızın milli oyanış və
dirçəlişinin məntiqi nəticəsi kimi meydana
çıxan Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik
ənənələrimizin əsasını qoymuş, gələcək
müstəqilliyimiz üçün möhkəm zəmin
yaratmışdır. Natiq həmçinin XX əsrin sonunda
xalqımızın yenidən öz müstəqilliyinə
qovuşduğunu vurğulamış, dövlətçiliyimizin
müqəddəratı təhlükə ilə üzləşdiyi
bir vaxtda xalqın təkidi ilə ümummilli lider Heydər Əliyevin
yenidən hakimiyyətə qayıtdığını, məhz
ulu öndərin iradəsi və siyasi uzaqgörənliyi sayəsində
Azərbaycanın öz müstəqilliyini qoruyub
saxladığını, dünya dövlətləri
arasında layiqli yer tutduğunu qeyd etmişdir. Bildirmişdir
ki, müstəqil Azərbaycan Respublikası hazırda Prezident
İlham Əliyevin rəhbərliyi ilə öz yeni
inkişaf dövrünü yaşayır.
Milli Məclisin
deputatı Rafael Cəbrayılov, RİH
başçısının müavinləri, rayonun
hüquq-mühafizə orqanları və icra
strukturlarının rəhbərləri, həmçinin
ictimaiyyətin nümayəndələrinin iştirak etdikləri
mərasimin sonunda müğənni Azərinin ifasında vətənpərvərlik
ruhunda mahnılar səslənmişdir.
Nəsimi
Nəsimi rayonunda 28
May Respublika Günü ilə bağlı silsilə tədbirlər
keçirilmişdir. Mayın 27-də Nəsimi Rayon İcra
Hakimiyyətinin akt zalında təşkil edilən “dəyirmi
masa”nı giriş sözü ilə açan Nəsimi Rayon
İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev
mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin
yaradılmasının 96 illiyinin tamam olduğunu, bu tarixi
günün Azərbaycan xalqının həyatına
böyük və əlamətdar hadisə kimi daxil
olduğunu vurğulamış, bununla bağlı keçirilən
tədbirlərdə cümhuriyyət dövrünə bir
daha nəzər salındığını, onun tariximizdəki
yeri və rolunun ətraflı təhlil edildiyini
bildirmişdir.
Milli dövlətçiliyin
qorunması və möhkəmləndirilməsinin təkcə
tarixi şans və milli iradə nümayişi ilə deyil, həm
də lider amili ilə şərtləndiyini deyən icra
hakimiyyətinin başçısı demişdir ki,
1993-cü ilin iyununda - kifayət qədər mürəkkəb
bir dövrdə xalqın təkidi ilə hakimiyyətə
qayıdan ulu öndər Heydər Əliyev Xalq Cümhuriyyətinin
ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan
dövlətini yaratdı. Müstəqillik və suverenliyin
qorunması, dövlətçiliyin möhkəmləndirilməsi
üçün qətiyyətli tədbirlər
görüldü, davamlı ictimai-siyasi sabitlik bərpa edildi.
Hazırda Prezident
İlham Əliyevin rəhbərliyi altında bugünkü Azərbaycanın
daxili və xarici siyasətinin xalqımızın
maraqlarına, milli mənafelərimizin təmin olunmasına,
ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun daha da
artmasına, rəsmi Bakının dünya siyasətində
söz sahibinə çevrilməsinə xidmət etdiyini
bildirən Nəsib Məhəməliyev bütün sahələrdə
qazanılmış nailiyyətlərin qürur
doğurduğunu diqqətə
çatdırmışdır.
Tədbirdə icra
hakimiyyəti başçısının müavini Gülarə
Verdiyeva ulu öndər Heydər Əliyevin möhkəm təməl
üzərində əsasını qoyduğu siyasəti
bütün sahələrdə uğurla davam etdirən Azərbaycan
Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkənin
son illərdəki sürətli inkişafını şərtləndirən
əsas amillərdən olan sabitliyin
yaradıldığını qeyd etmiş və
bildirmişdir ki, Azərbaycan xalqı əmindir ki, növbəti
illərdə də Prezident İlham Əliyevin rəhbərliyi
altında dövlətimiz iqtisadi, siyasi və sosial həyatın
bütün sahələrində yeni uğurlara imza
atacaqdır.
Digər
çıxış edənlər də müstəqil Azərbaycanda bütün sahələrdə əldə
edilmiş uğurlardan söhbət açmış, yeni
nailiyyətlər üçün möhkəm təməlin
yarandığını qeyd etmişlər.
Respublika Gününə
həsr olunmuş daha bir tədbir Nəsimi rayonu 42 saylı
orta məktəbdə təşkil edilmişdir. Tədbirdə
əvvəlcə məktəblilərin ifasında maraqlı
kompozisiyalar təqdim edilmiş, tarixi şəxsiyyətlərin
obrazı canlandırılmış, vətənpərvərlik
mövzusunda ifalar səsləndirilmişdir. Daha sonra tədbirin
rəsmi hissəsi olmuşdur. Tədbirdə Nəsimi Rayon
İcra Hakimiyyəti başçısının müavini
Gülarə Verdiyeva, 42 saylı orta məktəbin direktoru Firəngiz
Həmidova və başqaları respublikamızın müstəqilliyi
ilə bağlı maraqlı çıxışlar
etmişlər.
Ağsu
Ağsu rayon Mədəniyyət
sarayında 28 May - Respublika günü ilə əlaqədar
rayon ictimaiyyətinin iştirakı ilə yığıncaq
keçirildi.
Yığıncaqda
Dövlət himni səsləndikdən sonra, rayon icra hakimiyyətinin
başçısı Ənvər Seyidəliyev tədbiri
açaraq bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin
qurulmasının 96-cı ildönümü - Respublika
günü xalqımızın dövlətçilik tarixində
mühüm yer tutur, onun parlaq və şərəfli səhifəsini
təşkil edir.
İcra
başçısı qeyd etdi ki, 1918-ci il mayın 28-də
Şərqdə ilk demokratik müsəlman respublikası olan
Azərbaycan Demokratik Respublikası yaradıldı. Həmin
gün Tiflis şəhərində canişin sarayında Həsən
bəy Ağayevin sədrliyi ilə Zaqafqaziya Seymində təmsil
olunan 44 nümayəndədən 26 nəfərin
toplantısında Milli Şuranın 24 səslə qəbul
etdiyi qərar və 6 bənddən ibarət “İstiqlal Bəyannaməsi”
Azərbaycan Xalq Cümhuriyyətinin
yaradıldığını bütün dünyaya bəyan
etdi.
1918-ci il mayın 30-da
Azərbaycan öz müstəqilliyini elan etməsi haqqında
dünyanın əsas siyasi mərkəzlərinə
radio-teleqrafla məlumat verdi.
Azərbaycan
Parlamentinin dekabrın 7-də keçirilmiş təntənəli
açılış iclasında Fətəli xan Xoyski
hakimiyyəti Parlamentə təhvil verdi. Parlament
qarşısında duran mühüm vəzifələrdən
biri yeni hökuməti təşkil etmək idi. Hökumətin
təşkili Fətəli xan Xoyskiyə
tapşırıldı. Dekabrın 26-da hökumətin tərkibi
elan edildi.
Lakin 1920-ci il aprelin
27-28-də Sovet Rusiyası beynəlxalq hüquq
normalarını kobudcasına pozaraq, müharibə elan etmədən
öz silahlı qüvvələrini Azərbaycana yeritdi,
suveren Azərbaycan Respublikasının ərazisini
işğal etdi. Bolşeviklər qanuni seçilmiş
hakimiyyət orqanlarını zorakılıqla devirdilər və
xalqımızın çox böyük qurbanlar bahasına qazandığı
23 aylıq müstəqilliyinə son qoydular.
Azərbaycan Xalq
Cümhuriyyətinin yaradılmasına ümummilli lider Heydər
Əliyev böyük önəm vermişdir. Hər ilin bu
günü bayram kimi respublikanın hər yerində yüksək
əhval-ruhiyyə ilə qeyd olunur. Heydər Əliyev kursunun
layiqli davamçısı Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev də Respublika Gününün azərbaycanlıların
ən əziz bayramlarından biri olduğunu qeyd edərək
demişdir: “Mənim üçün şəxsən Azərbaycanımızın
ən böyük bayramı 28 Maydır, Azərbaycanın ilk
demokratik respublikasının yaranması günüdür. Bu,
doğrudan da, böyük bayramdır”.
Yığıncaqda
“Şərqdə ilk demokratik respublika - Azərbaycan Xalq
Cümhuriyyəti” mövzusunda məruzə dinlənilmişdir.
Tədbir 28 May
Respublika günü ilə əlaqədar rayon Mədəniyyət
şöbəsinin bədii özfəaliyyət kollektivinin
iştirakı ilə konsert proqramı ilə davam etdirildi.
Yığıncaqda
rayonun idarə, müəssisə və təşkilat rəhbərləri,
ərazi dairələri üzrə icra nümayyəndələri,
bələdiyyə sədrləri və rayon ziyalıları
iştirak etmişdir.
Balakən
Ölkənin hər
yerində olduğu kimi, Balakəndə də Respublika
günü təntənə ilə qeyd olundu. Səhər
tezdən - mayın 27-də rayon icra hakimiyyətinin
işçiləri, hüquq-mühafizə orqanlarının
rəhbərləri, rayonun digər idarə və müəssisələrinin
işçiləri, eləcə də ictimaiyyət nümayəndələri
ulu öndərin mədəniyyət və istirahət
parkında yerləşən möhtəşəm abidəsi
önünə tər gül-çiçək dəstələri
qoymaqla ümummilli liderə özlərinin sonsuz məhəbbətlərini
bildirdilər.
Sonra bayram tədbiri
rayon mədəniyyət mərkəzində davam etdirildi.
Tədbirdə rayon
icra hakimiyyətinin başçısı İslam Rzayev məruzə
ilə çıxış etdi. Tədbir
iştirakçılarını, bütün balakənliləri
xalqımızın milli bayramı - Respublika Günü
münasibətilə təbrik edən rayon icra hakimiyyətinin
başçısı çıxışına davam edərək
göstərdi ki, 28 May günü Azərbaycan xalqı
üçün əziz gündür. “İstiqlal Bəyannaməsi”
ilə həyata vəsiqə alan Azərbaycan Xalq Cümhuriyyəti
xalqımızın qədim dövlətçilik ənənələrini
bərpa etdi. Ümummilli liderimiz Heydər Əliyev bu barədə
deyirdi: “Xalqımızın tarixində ilk dəfə
demokratik prinsiplər əsasında müstəqil Azərbaycan
dövlətinin və hökumətinin əsası qoyuldu.
Ölkənin iqtisadi və siyasi inkişafında, mədəniyyət,
maarif və xalq təhsili, habelə bir çox sosial problemlərin
həllində prinsipial əhəmiyyətə malik tədbirlər
həyata keçirildi. Cəmi 23 ay yaşamış Azərbaycan
Xalq Cümhuriyyəti xalqımızın tarixində ən
parlaq səhifələrdən biri kimi həmişə
qalacaqdır”.
Həmin dövrdə
əsası qoyulan prinsipləri ulu öndərdən sonra
möhtərəm Prezident İlham Əliyev uğurla davam
etdirir. Ulu öndər Heydər Əliyevin layiqli
davamçısı İlham Əliyev tərəfindən
onun siyasi kursu bütün istiqamətlərdə layiqincə
inkişaf etdirilir. İndi hər birimizin borcu ümummilli
liderimiz Heydər Əliyevin şah əsəri olan müstəqil
Azərbaycanı göz bəbəyi kimi qorumaq və inkişaf
etdirməkdir.
Tədbir ulu öndər
Heydər Əliyevin müstəqil Azərbaycan
Respublikasının quruculuğu sayəsində göstərdiyi
səylərdən bəhs edən “Tarixin yaddaşı”
filminin izlənməsi və Nüsrət Kəsəmənlinin
“Yaddan çıxmaz Qarabağ” əsərinin motivləri əsasında
hazırlanmış tamaşadan bir hissəyə
baxışla başa çatdı.
Zaqatala
Zaqatala rayonunda 28 May
Respublika Günü ilə əlaqədar tədbir
keçirilmişdir.
Tədbir
iştirakçıları Heydər parkında ümummilli
lderimiz Heydər Əliyevin abidə kompleksini ziyarət
etmiş, önünə tər çiçəklər
düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Sonra Heydər Əliyev
Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin
yaranmasının 96-cı ildönümünə həsr
olunmuş konfrans keçirilmişdir. İlk öncə
respublika gününə həsr olunmuş film nümayiş
etdirilimiş, daha sonra konfransda “Şərəfli istiqlal
yolunun başlanğıcı” mövzusunda rayon icra hakimiyyətinin
başçısı Mübariz Əhmədzadənin məruzəsi
dinlənilmişdir. Rayon rəhbəri
çıxışında Xalq Cümhuriyyətinin
yarandığı tarixi dövrə bir daha nəzər
salmış, müstəqil Azərbaycan Respublikasının
məhz onun varisi olduğunu xüsusi
vurğulamışdır. O, Şərqdə ilk demokratik
dövlətin yaranmasının xalqımızın milli
azadlığa, müstəqilliyə və demokratiyaya olan istək
və arzularının məntiqi nəticəsi olduğunu
bildirmişdir. Cəmi 23 ay yaşamış bu Cümhuriyyətin
xalqımızın tarixində böyük iz qoyan tədbirlər
həyata keçirdiyini, Azərbaycanın gələcək
müstəqilliyi üçün möhkəm zəmin
yaratdığını diqqətə
çatdırmışdır.
Natiq XX əsrin sonunda
yenidən öz müstəqilliyini əldə edən Azərbaycan
dövlətçiliyinin bilavasitə ümummilli liderimiz Heydər
Əliyevin tarixi xidmətləri sayəsində qorunub
saxlanıldığını və bu gün ulu öndərimizin
layiqli davamçısı Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin rəhbərliyi
ilə yeni inkişaf mərhələsinə qədəm
qoyduğunu xüsusi qeyd etmişdir.
Tədbirin sonunda
şagirdlərin ifasında kompozisiya dinlənilmişdir.
İlqar RÜSTƏMOV,
Tahir RÜSTƏMOV,
Vaqif BAYRAMOV,
Leyla QURBANOVA,
İlqar HƏSƏNOV,
Rafiq SALMANOV (foto)
Xalq qəzeti.- 2014.- 28 may.- S.12.