Azərbaycan Cümhuriyyəti müstəmləkə zülmü

altında inləyən xalqlara xilas yolunu göstərdi

 

 Doxsan altı il əvvəl mayın 28-də Azərbaycan xalqını təmsil edən Milli Şura  Şərqdə ilk dəfə parlamentli respublika formasını seçərək, Azərbaycanın dövlət müstəqilliyini elan etdi. Cümhuriyyət dövründən uzaqlaşdıqca onun irsinə daha çox müraciət etmək aktual olaraq qalır. Əslində, Azərbaycan xalqı və müstəqil  Azərbaycan dövləti mövcud olduqca AXC tarixi də daim canlı və araşdırılmaq üçün  aktual olaraq qalacaq.

 

Cümhuriyyətin qurulmasına aparan yol necə olub?  AXC necə elan edilib, buna hansı beynəlxalq amillər təsir göstərib? Ölkə daxilində hansı tədbirlər həyata keçirilib və əhəmiyyəti nədən ibarət olub?  Azərbaycan Xalq Cümhuriyyəti dövlətinin xarici siyasəti necə olub? Cümhuriyyətin fəaliyyətinə necə son qoyulub? Cümhuriyyət dövrü tariximizdən nələri öyrənməli və hansı  ibrət dərslərini almalıyıq?

Sovet dövründə Azərbaycan tarixinin barəsində danışılmayan, üstündən sükutla keçilən, danışılanda isə kobudcasına təhrif edilən səhifələrindən biri 1918-1920-ci illər Azərbaycan Cümhuriyyəti dövrü olub. Bu tarixə dair arxiv sənədləri daim qapalı  saxlanıldığından tədqiqatçılar tarixi gerçəkliklərin heç də hamısını bilməyiblər, bilənlər isə ideologiyanın təsiri altında onu qəsdən təhrif edərək yazıblar. Lakin 80-ci illərin sonlarından etibarən və xüsusən, Azərbaycanın dövlət  müstəqilliyi bərpa edildikdən sonra yaranmış yeni şəraitdə “tam məxfi”, qrifli “məxfi” arxiv fondları açıldıqda tamamilə başqa bir mənzərə üzə çıxdı, AXC  tarixinə yeni baxış meydana gəldi.

 

* * *

 

Cümhuriyyətin elanı göydəndüşmə olmadı. Məlum olduğu kimi, çarizm işğalına qədərki müəyyən dövrdə  Azərbaycan xalqının zəngin dövlətçilik ənənələri var idi. Lakin 1828-ci ildə Azərbaycanın şimalı çar Rusiyası tərəfindən xanlıqlar formasında işğal edildikdən sonra tamamilə yeni bir şərait yarandı. Azərbaycan ərazisini və xalqını iki yerə böldülər. Azərbaycan xalqı işğalla barışmadı. Şimali Azərbaycanda işğala qarşı müqavimət hərəkatı, üsyanlar baş verdi. Amansızlıqla yatırılan üsyanlardan sonra müstəqillik şüurunun, onun daşıyıcılarının məhvinə başlandı. İşğaldan narazı olaraq ona qarşı çıxanları  amansız Sibir sürgünləri və  həbsxanalar gözləyirdi. Cümhuriyyət elan edilənədək Sibir sürgünündə təxminən 5 min azərbaycanlı var idi.

Çarizm orqanları hakimiyyət əleyhinə olan ən xırda təzahürləri belə qəddarlıqla məhv edirdi. Aparılan islahatlar başlıca olaraq çarizmin ümumi müstəmləkəçilik mənafelərinə xidmət edirdi.     Azərbaycanda demoqrafik şəraiti dəyişmək üçün  qeyri-azərbaycanlılar iri şəhərlərə və müxtəlif yaşayış məntəqlərinə yerləşdirilirdilər. Yadellilərin gəlməsi sadəcə demoqrafik şəraiti dəyişdirmədi. Köçürülənlər yerli əhaliyə məxsus zəngin torpaqları ələ keçirdilər. Çarizm onlar üçün üstün şərait yaratmış, hətta silah gəzdirmələrinə icazə də vermişdi. Bütün bunlar təkcə sosial gərginliyi deyil, milli ziddiyyətləri də kəskinləşdirirdi. Sonrakı dövrlərdə baş verən ən böhranlı anlarda məhz gəlmələr yerlərdə çarizmin müstəmləkəçilik siyasətinin dayağı oldular. Azərbaycanın qarşılaşdığı bütün milli və ərazi problemlərinin kökləri məhz işğaldan sonra çar Rusiyası tərəfindən qoyuldu.

Çarizm özünün ümumi strateji mənafeləri naminə Azərbaycanda işlərin aparılmasına kömək edən yerli etibarlı şəxslərdən ibarət  məmurların yaradılmasında maraqlı idi. Bütün bunlar çarizmin müstəmləkəçilik və ruslaşdırma siyasətinə xidmət edirdi. Müasir məktəblər və mədəni-maarif müəssisələri yaradıldı. Ana dilində ilk qəzet buraxıldı. İlk milli teatr yaradıldı. Hansı motivlərdən asılı olmasına baxmayaraq, təhsil və mədəniyyət sahəsində yürüdülən siyasət konkret şəraitdə Azərbaycan xalqının maariflənməsinə, dövrünün elm və mədəniyyət nailiyyətlərindən  xəbər tutmasına imkan verirdi. Maarifçilik xalqda milli hisslərin oyanmasında, milli özünüdərkində, milli şüurun inkişafında və nəhayət, milli hərəkatın yaranmasında mühüm rol oynadı. Rusiyada gedən proseslər Azərbaycana da təsirsiz ötüşmədi. Rusiya tərkibində olan Şimali Azərbaycanda xalqımızın  ümmətçilikdən  millətçiliyə keçməsi Cənubi Azərbaycana nisbətən daha sürətli oldu. Azərbaycan Rusiya vasitəsilə Avropaya daha çox yaxınlaşdı. Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi və digər ziyalılar xalqın maariflənməsində əvəzsiz xidmət göstərdilər. Çarizm dövründə yaradılmış müxtəlif ictimai təşkilatlar, xeyriyyə cəmiyyətləri xalqın problemlərinin həllinə yardım edilməsində, humanitar əsasda birləşməsində müəyyən rol oynayırdı.

1905-1907-ci illər inqilabı və ondan sonra baş verən proseslər Azərbaycana da yeniliklər gətirdi. Bu dövrdə bütün dünyada gedən ictimai-siyasi hərəkatda iki  böyük cərəyan – milli-azadlıq hərəkatı, millətçilik və sosial-demokratiya paralel mövcud idi. Həmin məqsədlərə uyğun olaraq ictimai və siyasi təşkilatlar yaradıldı. Milli-azadlıq hərəkatı son nəticədə imperiyaların dağılması, zülm altında inləyən xalqların azad olması və müstəqil dövlətlərin yaradılması məqsədini güdürdüsə, sosial-demokratiya daha çox  rejimləri dəyişmək mahiyyətinə görə, imperiyaların qorunub-saxlanılmasına yönəlmişdi. Azərbaycan xalqının istəklərinin ifadəçiləri, milli-azadlıq hərəkatının öncülləri “Difai”, və “Müsavat”, sosial-demokratiyanın təmsilçisi isə “Hümmət” oldu. Müxtəlif cərəyanları təmsil edən partiyaların mövcudluğu Azərbaycan siyasi tarixinin zənginliyini, çoxtərəfliliyini və xalqının böyüklüyünü göstərir.

Çarizm Azərbaycanda pantürkçüləri və panislamçıları, müstəqillik tərəfdarlarını amansızlıqla təqib edirdi.  Birinci dünya müharibəsi və ya o zaman deyildiyi kimi, Böyük müharibə xalqları özlərini mühafizə etmək   gələcək həyatlarını necə qurmaq barədə düşünməyə vadar edirdi. İri imperiyaların və müstəmləkə zülmü altında inləyən xalqların həyatlarının daha əvvəlki kimi olmayacağı artıq müharibənin əvvəllərindən aydın idi. Heç əbəs deyil ki,  müharibənin sonlarında yaranmış gərgin vəziyyətdə Azərbaycanın istiqlalı məsələsində Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Məhəmmədəmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov və başqaları müstəsna rol oynadılar. Onlar xalqın  taleyi ilə bağlı məsələlərdə məsuliyyəti  üzərlərinə götürdülər.

Azərbaycanın gələcəyini düşünərək müxtəlif yollar aramağa başlayan ziyalılar daxili amillərlə yanaşı, xarici amilə də ümid edirdilər. Xarici amil isə Osmanlı dövləti idi. İstanbul dünya türklüyünün və İslamın mərkəzi olduğundan azərbaycanlılar da Osmanlıya nicat yeri kimi baxırdılar. Bu dövrdə azərbaycanlı ziyalıların bir qismi öz ümidlərini türk və müsəlman dünyasının mərkəzi olan Osmanlı Türkiyəsinə bağlayırdı. Belə mövqe müharibə aparan Osmanlının da  strateji niyyətlərinə tam uyğun gəlirdi.  Bu məqsədlə bir qrup azərbaycanlı hətta Ərzuruma gedərək Ənvər Paşa ilə görüşmüşdü. Onlar azərbaycanlıların çarizmin zülmündən xilas olmalarına kömək göstərilməsini xahiş etmişdilər. Eyni zamanda, Osmanlı hökuməti də Qafqaz və Mərkəzi Asiya istiqamətində hərəkət etmək üçün bir etibarlı müttəfiqə, sosial dayağa  ehtiyac duyurdu.

1917-ci ilin fevralında Rusiyada çarizm devrildi. Müvəqqəti hökumət quruldu. Oktyabr ayında bolşeviklərin hakimiyyətə gəlməsi   müharibədən çıxdığını elan etməsi ilə ölkədə tamamilə yeni bir şərait yarandı. Noyabr ayının əvvəllərində Bakıda bolşeviklər hakimiyyəti ələ aldılar. Bundan bir neçə gün sonra  Antanta ölkələrinin yardımı ilə Tiflisdə Transqafqaz Komissarlığı yaradıldı. Rusiyada bolşevik hökuməti müharibədən çıxdığını elan etdi. Almaniya bloku ölkələri ilə barışıq imzaladı. Cənubi Qafqazdan Ümumrusiya Müəssislər məclisinə seçilən deputatlar mərkəzdə fəaliyyətə başlaya bilmədiklərindən və bu orqan bolşeviklər tərəfindən qadağan edildikdən sonra  onlar 1918-ci il fevralın 23-də Tiflisdə Transqafqaz Seymini (parlamenti) yaratdılar. Bu parlamentdə Azərbaycan fraksiyası 44 nəfərdən ibarət idi. Həmin il aprelin 22-də Seym Cənubi Qafqazın müstəqilliyini elan edərək Zaqafqaziya Demokratik Federativ Respublikasının qurulduğunu elan etdi.

Osmanlı dövləti Cənubi Qafqaz istiqamətində  fəaliyyət üçün əlverişli imkan qazandı. Azərbaycan uğrunda böyük dövlətlərin mübarizəsi qızışdı. Rus Qafqaz cəbhəsi dağıldı. Ordu hissələri ilə birlikdə geri dönən erməni terror dəstələri Cənubi Qafqazda kütləvi qırğınlar törətdilər. 1918-ci ilin martında azərbaycanlılara qarşı törədilən soyqırımının başlıca məqsədi istiqlal tərəfdarlarını məhv etmək, onun sosial dayaqlarını dağıtmaq, müharibənin son mərhələsində döyüşən dövlətlərin strategiyasında  mühüm yer tutan Bakı neftinə sahib olmaq, Azərbaycanın Rusiyadan ayrılmasına imkan verməmək, Osmanlı hücumlarının qarşısını almaq idi. Transqafqaz Seymi azərbaycanlılara qarşı törədilən qırğınların qarşısını ala bilmədi və daxili ziddiyyətlər ucbatından süqut dövrünə qədəm qoydu.

 

* * *

 

Daxili ziddiyyətlər aradan qaldırılmadığından mayın 27-də Azərbaycan fraksiyası ayrıca iclasına toplaşaraq dövlət müstəqilliyini elan etmək qərarına gəldi. Fraksiya özünü Azərbaycan Milli Şurası  elan etdi. Beləliklə Azərbaycan xalqının tarixi istəyi yerinə yetirildi.

Bu zaman Osmanlı ilə Zaqafqaziya arasında Batumda keçirilən  danışıqlarda iştirak edən M. Ə. Rəsulzadə qiyabi olaraq Milli Şuranın sədri seçildi. Milli Şuranın mayın 28-də Tiflisdə keçirilən iclasında  Azərbaycanın İstiqlal bəyannaməsi qəbul edildi. Altı maddədən ibarət olan bəyannamədə  deyilirdi: 1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyət hüququna malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir. 2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir. 3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərə, xüsusən qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir. 4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq, öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir. 5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır. 6. Müəssislər Məclisi toplanana qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura  Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur.

Azərbaycanın idarə forması Xalq Cümhuriyyəti idi. Yeni dövlət bütün qonşularla mehriban münasibətlər qurmaq istəyini bəyan etdi. Ölkə ərazisində yaşayan bütün xalqlar bərabər elan edildilər. Onlar üçün bərabər hüquqlar elan olundu. Azərbaycanın başında xalqın seçdiyi Milli Şura-parlament dururdu. Azərbaycan parlamentli   respublika idi.

 Əgər XIX əsrdə Azərbaycan Rusiya tərəfindən xanlıqlar formasında işğal edilib imperiyanın tərkibinə qatılmışdısa,  1918-ci ildə onun tərkibindən vahid, müstəqil dövlət kimi çıxdı.

 

* * *

 

Azərbaycan  Cümhuriyyətinin ərazisi Cənub-Şərqi Zaqafqaziyanı əhatə edirdi. Sonralar Paris Sülh Konfransına Azərbaycan nümayəndə heyətinin təqdim etdiyi memorandumda AXC-nin ərazisi aşağıdakı kimi göstərilirdi: Bakı quberniyası (Bakı dairəsi ilə birlikdə Bakı qəzası, Cavad qəzası, Göyçay qəzası, Şamaxı qəzası, Quba qəzası, Lənkəran qəzası; Yelizavetpol (Gəncə) quberniyası (Gəncə qəzası, Cavanşir qəzası, Nuxa qəzası, Ərəş qəzası, Şuşa qəzası, Qaryagin (Cəbrayıl) qəzası, Zəngəzur qəzası, Qazax qəzası (bu ərazinin üçdə birini təşkil edən dağlıq hissəsi Ermənistanla Azərbaycan arasında mübahisəli idi); İrəvan quberniyası (Naxçıvan qəzası, Şərur-Dərələyəz qəzası, Sürməli qəzası, Yeni Bəyazid qəzası, Eçmiədzin və Aleksandropol qəzalarının bir hissəsi); Tiflis quberniyası Borçalı qəzası, Tiflis və Sıqnax qəzalarının bir hissəsi); Zaqatala mahalı; Dağıstan vilayəti (Kürə və Samur nahiyələrini əhatə edən ərazisinin bir hissəsi, habelə, Dərbənd şəhəri və onun ətrafı da daxil olmaqla Qaytaq – Tabasaran qəzasının bir hissəsi). Eyni zamanda, AXC Tiflis quberniyasındakı Axalsıx qəzasının Batum, xüsusən, Qars əyalətlərini də öz ərazisinə daxil etməyə xüsusi önəm verirdi. Cümhuriyyətin ərazisi 113,9 min kv. km idi. Bunun 97,3 min kvadratkilometri mübahisəsiz, 16,6 min kvadratkilometri mübahisəli idi.

 

* * *

 

Bu zaman  bütün Cənubi Qafqazda 8 miyon 81 min 668 nəfər əhali yaşayırdı. Onun 4 milyon 617 min 671 nəfəri Azərbaycanda idi. Azərbaycan əhalisinin 75,4 faizini və ya 3 milyon 481 min 889 nəfərini  azərbaycanlılar təşkil edirdi. Digərləri müxtəlif dövrlərdə çarizmin köçürmə siyasəti nəticəsində Azərbaycana yerləşdirilənlər idi.

 

* * *

 

Cümhuriyyətin elanından sonra milli hökumət yaradıldı. Nazirliklər quruldu. Azərbaycanda icraedici hakimiyyəti hökumət həyata keçirirdi. İlk baş nazir Fətəli xan Xoyski oldu. Hökumətdə birinci, ikinci və üçüncü  kabinetə Fətəli xan Xoyski, dördüncü və beşinci kabinələrə Nəsib bəy Yusifbəyli başçılıq etmişdi.  Sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını azad etdi.

Gəncədə öz fəaliyyətini dayandırmış  Milli Şura noyabr ayında  Bakıda fəaliyyətə başladı. Milli Şura Azərbaycan parlamentini 120 nəfərdən ibarət formalaşdırmağı  qərara aldı. Azərbaycan parlamentinin yaradılması haqqında qanun 1918-ci il noyabrın 19-da qəbul edildi.  Parlamentin tərkibinə əhalinin sayına uyğun olaraq 80 nəfər azərbaycanlı və digər xalqların nümayəndələri daxil edilməli idi. Parlamentin ilk iclası 1918-ci il dekabrın 7-də H.Z Tağıyevin Qız məktəbində (indiki Əlyazmalar İnstitunun binasında) açıldı. Parlamentdə 11 fraksiya fəaliyyət göstərirdi. Yerlər aşağıdakı kimi bölüşdürülmüşdü: türk-müsəlman əhali-80; ermənilər-21; ruslar-10; almanlar-1; yəhudilər-1; gürcülər-1; polyaklar-1; Bakı həmkarlar ittifaqı-3; Bakı Neft Sənayeçiləri Şurası və Ticarət-Sənaye İttifaqı-2. Azərbaycanın müstəqilliyini istəməyən ermənilər və başqaları parlamentin işində iştirak etmədilər. Parlamentin sonuncu iclası 1920-ci il aprelin 27-də keçirildi. Ümumiyyətlə,  parlamentin 155 iclası keçirilmiş, müzakirəyə 270-dən çox qanun layihəsi  çıxarılmışdı. Onlardan 230-u qəbul edilmişdi.  Parlamentin sədri Əlimərdan bəy Topçubaşov, müavinləri Həsən bəy Ağayev və Məmmədyusif Cəfərov idi. Azərbaycan parlamenti milli tolerantlıq baxımından hətta Qərb ölkələri üçün bir model idi. Dini baxımdan da bütün digər dövlətlərə nümunə rolunu oynayırdı.

Azərbaycan parlamentində dövlət himni və bayrağı qəbul edildi. Xüsusi xidmət orqanları yaradıldı, sərhəd və gömrük xidmətləri quruldu. Ordu yaradıldı. Türk dili (Azərbaycan dili) dövlət dili elan edildi. İbtidai və orta məktəblərdə işlərin ana dilində aparılması haqqında qanun qəbul edildi. Bakı Dövlət Universiteti yaradıldı. Təhsil və xalq maarifi, səhiyyə sahəsində tədbirlər həyata keçirildi. Ölkənin hər yerində müxtəlif səviyyəli məktəblər açıldı. Dərsliklər hazırlanmağa başlandı. Xaricdən müəllimlər dəvət edildi. Mədəniyyətə xüsusi diqqət yetirildi. Teatrlar, kitabxanalar, ana dilində mətbuat orqanları yaradıldı. Milli kadrların hazırlanmasına xüsusi diqqət yetirildi.100 nəfər azərbaycanlı gəncin xarici ölkələrdə oxumağa göndərilməsi barədə qərar qəbul edildi.

 

***

 

Xarici siyasətin əsas məqsədi yeni yaradılmış dövləti tanıtmaq idi. Buna görə də yeni hökumət  yarandığı vaxtdan etibarən fəal xarici siyasət yürütməyə başladı. İlk növbədə Avropanın bir sıra ölkələrinə yeni bir dövlətin yaradılması barədə məlumat göndərildi. Hökumət 1918-ci il iyun ayının 4-də Batumda Osmanlı ilə dostluq müqaviləsini bağladı. Xarici siyasətdə ilk addım Dördlər İttifaqı ilə Cənubi Qafqaz respublikaları arasında keçirilməsi nəzərdə tutulan İstanbul konfransına Məhəmmədəmin Rəsulzadə və Aslan Səfikürdskidən ibarət heyətin göndərilməsi oldu. Avropa ölkələri ilə diplomatik əlaqələri qurmaq üçün Əlimərdan bəy Topçubaşov səfir kimi İstanbula göndərildi.

Almaniya və müttəfiqləri müharibədə məğlub olduqdan sonra noyabrın 17-də Bakıya ingilis generalı U.Tomson başda olmaqla,  müttəfiq qoşunları gəldi. Erməni, rus milli şuralarının antiazərbaycan fəaliyyətinə baxmayaraq, Tomson Bakıda vəziyyətlə tanış olduqdan sonra bildirdi ki, Azərbaycan hökumətinə və onun Baş nazirinə böyük hörmət bəsləyir və yeni koalisiyalı hökumət yaradılana qədər onun hökuməti ölkədə yeganə qanuni hökumət olaraq qalır.

Azərbaycan hökumətinin ilk addımlarından biri dekabrın 28-  qalib ölkələrin dövlət və hökumət başçılarının Paris Sülh Konfransına  göndəriləcək sülh nümayəndə heyətinin tərkibini müəyyənləşdirmək oldu. Parlamentin sədri kimi Topçubaşov başda olmaqla nümayəndə heyəti İstanbulda bir sıra ölkələrin nümayəndələri ilə görüşlər keçirdikdən sonra Parisə getdi. Azərbaycan məsələsi ilk dəfə olaraq 1919-cu il mayın 2-də Dördlər Şurasının iclasında müzakirə edildi. Azərbaycan nümayəndə heyəti konfrans keçirilən müddətdə bir sıra görüşlər keçirdi.

Mayın 23-də İngiltərə nümayəndə heyətinin üzvü L.Mallet Topçubaşovla görüşdü. Söhbətdə Azərbaycanda siyasi, hərbi və iqtisadi şəraitə dair fikir mübadiləsi aparıldı. Topçubaşov mayın 28-də günün birinci yarısı ABŞ nümayəndə heyətinin üzvü H. Morgentau, günün ikinci yarısında isə  Prezident V.Vilsonla görüşdü. ABŞ Prezidentinə Azərbaycanın Memorandumu  təqdim edildi. ABŞ hökuməti Azərbaycanla əməkdaşlıq etməyin faydalı olacağını qeyd etdi.

1920-ci il yanvarın 11-də Azərbaycanın dövlət müstəqilliyi böyük dövlətlər tərəfindən tanındı. Bu, tarixi hadisə olub, Azərbaycan xalqının iradəsinə hörmət əlaməti idi. Azərbaycana yardım göstərilməsi barədə qərarlar qəbul edildi. Azərbaycan dövləti beynəlxalq münasibətlər sisteminə daxil olmaq üçün ilk addımlar atdı.

Xarici siyasətin mühüm istiqamətlərindən biri qonşu dövlətlərlə münasibətlər idi. Yenicə yaradılan  Ararat Respublikasının paytaxtı olmadığından Azərbaycan milli sülhün yaradılmasını, digər ərazilərə əsassız iddialar irəli sürməyəcəyi şərti ilə İrəvanı paytaxt olaraq güzəştə getdi. Lakin bununla kifayətlənməyən erməni dairələri azərbaycanlılara qarşı soyqırımlarını davam etdirdilər və əsassız ərazi iddialarını genişləndirdilər.

 

* * *

 

Əlbəttə, ölkədə yeni dövlət quruculuğu problemlərsiz də deyildi. Aparılan islahatlar ardıcıl deyildi. Aqrar islahat həyata keçirilmədi. Cümhuriyyətin sosial dayaqları zəiflədi. Çarizm tərəfindən Azərbaycana köçürülmüş bir sıra xalqlar dövlət müstəqilliyini tanımır, onu Rusiyanın tərkib hissəsi hesab edirdilər. Ermənistanın təcavüzü dövləti zəiflədirdi. Erməni terrorunun, ərazilərin işğalının və kütləvi soyqırımların dayandırılmaması başlıca problemlərdən idi.

Azərbaycan Cümhuriyyəti 1920-ci il aprelin 27-də bolşevik Rusiyasının istilasına məruz qaldı. Cümhuriyyət daxili deyil, xarici amillər səbəbindən məğlub oldu. Müstəqil Azərbaycan dövlətinin mövcudluğu üçün əlverişli beynəlxalq şərait yox idi. Bu işğalda Bakı nefti amili mühüm rol oynadı. Rusiya bir neçə il əvvəl Bakını itirməklə böyük dövlət statusunu da itirmişdi. Bu mövqeyi bərpa etməkdən ötrü Rusiya yenidən Azərbaycanı işğal etdi.

 

* * *

 

Cümhuriyyətin yaradılması və fəaliyyəti əhəmiyyətinə görə Azərbaycan sərhədlərini aşaraq daha geniş bir anlam daşıyırdı. Azərbaycan Cümhuriyyəti bütün müsəlman Şərqinin Dan ulduzu oldu, müstəmləkə zülmü altında inləyən xalqlara xilas yolunu göstərdi. Onların ürəyində ümid çırağı yandırdı. Heç əbəs deyil ki, AXC  yarandıqdan sonra Sibir sürgünündə azərbaycanlılarla yanaşı, zülm çəkən  yüzlərlə ərəb, fars, əfqan və başqa xalqların nümayəndələri Azərbaycanın vətəndaşı olmaq üçün müraciət etmişdilər.

Müsəlman dünyasına respublika məfhumunu və məfkurəsini Azərbaycan xalqı gətirdi. Bu gün Şərqdə müstəmləkəçiliyin və müstəmləkə zülmü altında inləyən  xalqların olmaması eyni zamanda, Azərbaycan Cümhuriyyətinin təsiridir.

 

* * *

 

Cümhuriyyət tarixinin öyrənilməsi bəzi ibrət dərslərini almağa imkan verir. Bunun üçün ilk növbədə həmin dövrdə buraxılan səhvləri bilmək və onlardan müvafiq nəticələr çıxarmaq gərəkdir. Tarixi təcrübə göstərir ki, dövlətin yaradılmasını  liberal dəyərlərlə elan etmək olar, amma daxili və xarici təzyiqlərin daim olduğu və olacağı bir şəraitdə onu liberalizmlə qorumaq mümkün deyildir. Bunun üçün çoxlu amillərin məcmusu tələb olunur. Xalq öz dövlətinin mühafizəsinə, güclənməsinə və tərəqqisinə çalışmalı, milli dövlətini qorumalıdır. Onun maraqlarını hər şeydən uca tutmalıdır. Hakimiyyət qanadları arasında sıx birlik yaradılmalıdır. Dövlət güclü olmalıdır.

Dünyanın hansı ölkəsində yaşamasından, hansı siyasi təşkilata mənsubluğundan  asılı olmayaraq, hər bir azərbaycanlı daim Azərbaycanın maraqlarını uca tutmalı, ümumi məqsədlərə xidmət etməlidir. Xaricdə yaşayan soydaşlarımız  yalnız Azərbaycanın yanında olduqda böyük, güclü  və qüdrətlidirlər. Milli tarixə və keçmişə daim hörmətlə yanaşılmalıdır.

Cümhuriyyətin süqutundan sonra siyasi və dövlət xadimlərinin bir qismi  xarici ölkələrə mühacirət etməyə məcbur oldu. Bir qismi isə erməni və bolşevik terrorunun qurbanına çevrildi. 20-30-cu illərdə milli düşüncəli ziyalılar repressiya edildilər. Amma sovet repressiya aparatı istiqlal fikrini məhv edə bilmədi. Ötən əsrin 70-80-ci   illərində ziyalılar Heydər Əliyevin qayğıcı ilə əhatə olundular.  Müstəqil dövlət üçün lazım olan təməllər məhz bu illərdə düşünülmüş şəkildə hazırlandı.  Nəhayət, milli bayrağımız ilk dəfə olaraq rəsmi şəkildə Naxçıvanda qaldırıldı. 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi. Azərbaycan Respublikası Azərbaycan  Cümhuriyyətinin varisi oldu.

 

* * *

 

Heç kəsə sirr deyildir ki, sovet dövründə AXC-nin yaranma tarixinin dövlət səviyyəsində bayram ediləcəyi xəyallara belə gəlmirdi. Amma müstəqil ölkəmizdə milli tariximizə, milli-mənəvi dəyərlərimizin qorunub-saxlanılmasına və inkişafına dövlət səviyyəsində  xüsusi diqqət yetirilir. 1998-ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı Azərbaycan Xalq Cümhuriyyətinin, 80 illiyinin qeyd edilməsi barədə sərəncamdan sonra bu sahədə xeyli işlər görüldü. Cümhuriyyət dövrü tarixinin sistemli şəkildə araşdırılmasına başlanılması  məhz Heydər Əliyevin adı ilə bağlıdır. Parlament iclaslarının stenoqramları nəşr edildi. Kitab və monoqrafiyalar çapdan çıxdı.

Bu gün ölkəmizdə milli tariximizə, mədəniyyətimizə, AXC tarixinə və dəyərlərinə xüsusi qayğı göstərilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ölkəmizin paytaxtında cümhuriyyət xadimlərinin şərəfinə abidə ucaldılıb. Onların xatirəsi əbədiləşdirilir. Cümhuriyyətimizin 96 illiyinə həsr edilmiş geniş tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin hakimiyyətinin ilk 10 ili Azərbaycan dövləti müstəqil daxili və xarici siyasət yürütdüyü, öz ərazisində xarici hərbi baza saxlamadığı, kosmos klubuna üzv, rəqabətədavamlı 40 dövlət cərgəsinə daxil olduğu və bir çox ilklərə imza atdığı üçün müstəqillik dövrünün “Qızıl 10 ili” kimi də qiymətləndirilə bilər.

 

Musa QASIMLI,

Milli Məclisin deputatı,

tarix elmləri doktoru, professor

 

Xalq qəzeti.- 2014.- 28 may.- S.11.