İlyas Əfəndiyevin
yaradıcılığı yeni dövr
Azərbaycan tarixinin bədii salnaməsidir
Görkəmli
ədibin anadan olmasından 100 il ötür
“İlyas Əfəndiyev Azərbaycan
teatrına çox böyük töhfələr veribdir,
böyük xidmətlər göstəribdir, çox dəyərli
əsərlər yaradıbdır. İlyas Əfəndiyevin
yaradıcılığı başqa cəhətlərlə
yanaşı, bir də ona
görə əhəmiyyətlidir ki, o öz əsərlərində
həm Azərbaycan xalqının tarixinin
çox mühüm
səhifələrini ədəbiyyat, teatr
vasitəsilə bugünkü nəsillərə
çatdırıbdır, həm də öz
əsərlərində müasir həyatımızın
müsbət və mənfi cəhətlərini çox gözəl təsvir edibdir.
Beləliklə,
xalqımızı həm tarixə hörmət bəsləməyə
sövq etmişdir və
bu barədə xidmətlər göstərmişdir,
tarixi bilmək üçün
xalqımıza yardım etmişdir, eyni zamanda, yaşadığımız
zamanda mənəviyyat, əxlaq,
insanlıq, Vətənə və millətə sədaqət ruhunu
aşılamışdır”.
Vaxtilə ulu öndər Heydər Əliyevin görkəmli
nasir və dramaturq İlyas Əfəndiyev haqqında dediyi bu sözlər
görkəmli sənətkarın
yaradıcılığına verilmiş
yüksək qiymətin göstəricisidir.
Azərbaycan
mədəniyyəti tarixinin “İlyas Əfəndiyev mərhələsi” kimi səciyyələndirilən, XX əsr ədəbiyyatımızın
canlı klassiki, milli
nəsrimizin, dramaturgiyamızın, teatr sənətimizin,
ədəbi-tənqidi-ictimai fikrimizin
inkişafında əvəzsiz xidmətləri olan, ədəbiyyat tarixində silinməz iz qoymuş görkəmli sənətkar İlyas Əfəndiyev həm Sovet
İttifaqı, həm də müstəqillik dövründə
Azərbaycan ədəbiyyatının ən görkəmli
yazıçılarından biri olmuşdur.
Ədəbiyyatımızda
lirik-psixoloji üslubun
yaradıcılarından biri, yeni obrazlar, xüsusən
qadın obrazlarının mahir
yaradıcısı, dramaturgiya və teatr tariximizdə “İlyas
Əfəndiyev teatrı”nın banisi kimi estetik amillər ədəbi-nəzəri
fikir tarixində İlyas
Əfəndiyev fenomenini müəyyən
edir.
Nasir, dramaturq, əməkdar
incəsənət xadimi, Dövlət
mükafatı laureatı, “Şöhrət” ordenli,
xalq yazıçısı İlyas Məhəmməd oğlu
Əfəndiyev 1914-cü il mayın 28-də
Füzuli şəhərində dünyaya göz
açmışdır. Yazıçının ulu babalarının bir qolu tacir nəslinə mənsub,
digər qolu isə ruhani
təhsili almış savadlı axund və
üləmalar, Qarabağda tanınan,
kasıba əl tutan, xeyirxah
və alicənab insanlar olmuşlar.
Yazıçının
babası Bayram bəy dövlət idarələrində
məmur işləmiş, Azərbaycan Xalq
Cümhuriyyəti dövründə Şuşada
qəza rəisi vəzifəsində
çalışmışdır. Ötən əsrin 30-cu
illərinin tufanı Əfəndiyevlər ailəsindən də
yan keçməmiş,
yazıçının
atası Məhəmməd Əfəndiyevə “kulak” damğası vurulmuş,
aramsız təqiblərə, təzyiqlərə tab gətirməyən bu
işıqlı şəxsiyyət 1934-cü ildə, 50
yaşında ikən dünyasını dəyişmişdir.
İlyas Əfəndiyevin bir
gənc kimi formalaşmasında, onda kitaba, ədəbiyyata,
ümumiyyətlə, mütaliəyə maraq
oyanmasında anası Bilqeyis
xanımın əvəzsiz xidmətləri olmuşdur.
O, ömür-gün yoldaşının
vəfatından sonra övladına müəllim,
yoldaş, həm də ata
əvəzi olmuşdur.
Gələcəyin
məşhur yazıçısı hələ uşaq yaşlarından zəhmətə
alışmış, mütaliəyə böyük
maraq göstərmişdir. 1921-ci ildə birinci sinfə gedən İlyas
1930-cu ildə pedaqoji təmayüllü iki dərəcəli orta
məktəbi “əla” qiymətlərlə bitirmişdir. O, 1933-cü ildə V.İ.Lenin
adına Azərbaycan Pedaqoji İnstitutunun ədəbiyyat fakültəsinin
əyani şöbəsinə daxil olmuş, 1938-ci ildə bu ali təhsil ocağının coğrafiya
fakültəsinin qiyabi şöbəsini
bitirmişdir. Həmin ilin
axırlarından İlyas Əfəndiyev
Bakıda “Yeni yol”, “Kommunist” və “Ədəbiyyat qəzeti”
redaksiyalarında işləmişdir. Onun
ilk mətbu əsəri olan
“Buruqlar arasında” oçerki
1938-ci ilin noyabrında, eləcə də
“Berlində bir gecə” adlı ilk hekayəsi “Ədəbiyyat qəzeti”nin
1939-cu il 26 yanvar tarixli nömrəsində dərc olunmuşdur.
İlyas Əfəndiyevin 1939-cu ildə nəşr
edilmiş “Kənddən məktublar”
kitabı müəllifinə “ədəbiyyat dünyası”na
çıxmaq səlahiyyəti vermişdir.
Yazıçının ilk
hekayələr kitabı onun orijinal fərdi ifadə tərzinin göstəricisi,
daha sonra qələmə
aldığı “Aydınlıq gecələr” isə müəllifin
ədəbi-estetik görüşlərinin əsası kimi o dövrün
ədəbi prosesinin maraqlı nümunələridir.
O,
1943-cü ildə Mehdi Hüseynlə
birlikdə ilk dram əsəri
olan “İntizar” pyesini yazmış və bununla
da yazıçının Azərbaycan milli teatrı ilə 50 ildən çox davam etmiş sıx yaradıcılıq əməkdaşlığının
əsası qoyulmuşdur. Ötən əsrin
40-cı illərinin sonunda o,
artıq özünü nasir
və dramaturq
kimi tanıtmış, əsərləri
haqqında mətbuatda yazılar dərc olunmuşdur.
İlyas Əfəndiyevin bir
gənc kimi yetişməsində,
mütaliəyə, ədəbiyyata, elmə böyük
maraq göstərməsində, hər
şeydən əvvəl ailə tərbiyəsinin çox mühüm təsiri
olmuşdur. Həmçinin
onun oxuduğu və dərs
dediyi məktəbin kollektivi,
boya-başa çatdığı
bölgənin ictimai-mədəni mühiti,
gənclik illərində böyük həvəslə
mütaliə etdiyi “Qızıl Araz” adlı rayon qəzeti,
işlədiyi mətbuat orqanları, Bakı ədəbi mühiti çox böyük təsir
göstərmişdir. Habelə Azərbaycan Dövlət Radio Komitəsində, Bakı
kinostudiyasında, “Azərnəşr”də
çalışarkən ədəbi ictimaiyyətlə
bilavasitə təmasda olmuş, həyatı
dərindən öyrənmiş, dünyagörüşünü
daim artırmışdır.
İlyas Əfəndiyev çoxşaxəli
yaradıcılıq yolu keçmiş
sənətkarlardandır. Əgər biz onun həyat və yaradıcılıq yolunun hər hansı ilini,
yaxud qısa bir dövrünü xronoloji
ardıcıllıqla izləsək, maraqlı mənzərənin
şahidi olarıq. Yazıçı eyni dövr ərzində
hekayələr yazmaqla yanaşı,
istedadlı dramaturq kimi
də fəaliyyət göstərmiş, irihəcmli roman və povestlərlə bərabər, oçerk və məqalələr də ərsəyə
gətirmiş, konfrans və qurultaylarda məruzələrlə
çıxış etmişdir. Yazıçı ədəbiyyatın bütün janrlarında kamil
sənət nümunələri yaratmışdır ki, bu da
onun sənət palitrasının müxtəlif
çalarlarından, dünyagörüşünün
genişliyi və yaradıcılıq
intellektindən xəbər verir.
XX əsr
Azərbaycan ədəbiyyatının əvəzolunmaz
simalarından biri kimi
tarixə düşmüş İlyas Əfəndiyevin zəngin nəsrinə
“Söyüdlü arx”,
“Körpüsalanlar”, “Dağlar
arxasında üç dost”,
“Sarıköynəklə Valehin
nağılı”, “Geriyə baxma, qoca”, “Üçatılan” və digər roman və povestləri, dramaturgiyasına
“İşıqlı yollar”, “Bahar
suları”, “Atayevlər ailəsi”, “Sən həmişə mənimləsən”,
“Mənim günahım”, “Unuda bilmirəm”,
“Məhv olmuş gündəliklər”, “Qəribə
oğlan”, “Mahnı dağlarda
qaldı”, “Bağlardan gələn səs”
və başqaları daxildir. O, pyesləri ilə teatr sənətimizdə
yeni bir mərhələ
açmış, “İlyas Əfəndiyev
teatrı”nı yaratmışdır. Ədibin qəhrəmanları
ülvi məqsədləri, mübarizliyi, xarakterlərinin bütövlüyü,
yaşadığı hisslərin, duyğuların təbiiliyi
ilə yaddaşlara həkk olunmuşlar. Qətiyyətlə
deyə bilərik ki, 60-cı illərdə
səhnəyə gələn gənclərin püxtələşməsində
İlyas Əfəndiyevin zəngin
dramaturgiyasının böyük rolu olmuşdur. Ədibin
pyesləri öz fikir
zənginliyi, qaldırılan problemlər ilə həmişə
tamaşaçıda maraq oyadır.
Onun əsərlərinin ekranlara
yol açması da bu baxımından qaçılmaz idi.
Azərbaycan
teatr poetikası bədii-estetik dəyərini
geniş mənada “İlyas
Əfəndiyev teatrı”nda tapmışdır. Ədib özünün “Mahnı dağlarda
qaldı”, “Xurşidbanu Natəvan”, “Şeyx Məhəmməd Xiyabani”,
“Hökmdar və qızı” və digər
tarixi dramları ilə
xalqımızın milli
azadlığı və müstəqilliyi uğrunda apardığı mübarizənin, istiqlal məfkurəsinin, azadlıq hərəkatının,
milli birliyin və
müstəqilliyin bədii tərənnümçüsünə
çevrilmişdir.
Altmış
ildən çox yaradıcılıq yolu keçmiş görkəmli
sənətkar 90-cı illərdə də məhsuldar bir yazıçı kimi
yazıb-yaratmış, sovet rejimi illərində, partiya
qadağaları dövründə deyə və yaza bilmədiyi bir sıra
mövzuları yeni zamanın kontekstində
oxuculara təqdim etmişdir. O, “Hacı Axundun
cənnət bağı necə oldu” hekayəsini,
“Xan qızı Gülsənubərlə
tarzən Sadıqcanın nağılı” povestini
dərc etdirmiş, “Tənha iydə
ağacı”, “Dəlilər və ağıllılar” “Hökmdar və qızı” və digər
pyeslərini tamaşaya qoydurmuş,
bir sıra yeni
kitablarını nəşr etdirmişdir.
Azərbaycan ədəbiyyatında
heç bir dramaturq İlyas Əfəndiyev
qədər teatrla uzunmüddətli fəal
yaradıcılıq əlaqəsi qurmamışdır. Azərbaycan
Dövlət Akademik Milli
Dram Teatrında yazıçının bütün pyeslərinə səhnə həyatı
verilmişdir.
1990-cı ildə İstanbul və Ankara səhnələrində
“Bizim qəribə taleyimiz”
və “Sevgililərin cəhənnəmdə vüsalı”
müvəffəqiyyətlə oynanılmış, bu əsərlər haqqında Türkiyə mətbuatı
onlarla sanballı məqalələr vermişdir.
Xalqın
tarixən qarşılaşdığı taleyüklü
hadisələrdə ən mühüm siyasi və mənəvi dəyərlərin,
qalibiyyət və faciənin böyük
vətəndaşlıq yanğısı ilə bədii təhlilini
İlyas Əfəndiyevin müraciət etdiyi ədəbi janrların hər birində
görmək olar. Epik və dramatik növlərin daxili
poetik gücünü
eyni ustalıqla üzə çıxaran
yazıçı oxucunu tarixi
dinləməyə, xatırlamağa və düşünməyə
vadar edir. Onun “Geriyə baxma, qoca”, “Üçatılan”, “Natəvan”, “Hökmdar və qızı” kimi
əsərləri yazıçının tarixi
mövzunu işləməkdə əsas
bədii-estetik məqsədini bəyan edir:
xalq öz tarixi dəyərləri ilə güclü və yenilməzdir. Bu mənada İlyas Əfəndiyevin
yaradıcılığı yeni dövr Azərbaycan tarixinin
bədii salnaməsidir.
Yaradıcılığı
boyu hakim
ideologiyanı tərənnüm etməyən ədib o dövrdə ədəbiyyatda yasaq olan Cənubi Azərbaycan
və mühacirət mövzularında əsərlər
yazmış, “Tənha iydə ağacı” pyesi
ilə ilk dəfə mühacirət mövzusunu ədəbiyyata gətirmişdir.
Sənətkarın
yaradıcılığında Qarabağ
mövzusu da əsas yer tutmuşdur. O, namərd qonşularımızın ötən əsrin
90-cı illərindən başlayan xəyanətkarlıqlarını,
işğalçılıq hərəkətlərini dərin
narahatlıq, vətəndaş yanğısı ilə izləmiş,
əsərlərində Qarabağın qədim tarixini əks etdirmişdir.
Həyat
hadisələrini bütün incəliklərinə
qədər tərənnüm edən, onları dərin bədii
təhlil süzgəcindən keçirib
ümumiləşdirən, səlis, təbii dillə oxuculara çatdıran İlyas
Əfəndiyev həm də şairanə ruha,
poetik ifadə tərzinə malik sənətkardır. Onun
yazıçı dili və bədii üslubu ədəbiyyatımızda yeni bir ədəbi məktəb
səviyyəsinə yüksəlmişdir.
İlyas Əfəndiyevin əsərlərinin dilinin səlisliyi, süjet
xəttinin axıcılığı insanı əsəri bir nəfəsə oxumağa
sövq edir.
Əsərlərinin əksəriyyətini
sovet dövründə yazmış İlyas Əfəndiyev sadə insanların həyatını,
onların məhəbbətini, arzu və
istəklərini böyük ustalıqla
qələmə almışdır. Buna
görə də onun əsərləri indi də coğrafi sərhədləri
adlayaraq, yeni-yeni oxucu auditoriyalarının sevgisini
qazanmaqdadır.
Zəngin
yaradıcılıq yolu keçmiş
böyük sənətkar İlyas Əfəndiyev 1996-cı il oktyabrın 3-də Bakı şəhərində
dünyasını dəyişmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur.
Ədəbiyyatımızın
və teatrımızın inkişafında özünəməxsus
yeri olan İlyas Əfəndiyevin
yaradıcılığı dövlətimiz tərəfindən
daim yüksək qiymətləndirilir.
Hələ ümummilli lider Heydər
Əliyevin müvafiq Sərəncamı
ilə İlyas Əfəndiyevin anadan olmasının 80 illik
yubileyi dövlət səviyyəsində
qeyd olunmuşdur.
Görkəmli sənətkarın
vəfatından sonra onun
xatirəsi əbədiləşdirilmiş, İçərişəhərdəki
küçələrdən birinə və nüfuzlu
“Elitar” Gimnaziyaya İlyas Əfəndiyevin adı verilmişdir.
Ulu öndərin müvafiq sərəncamı
ilə İlyas Əfəndiyevin “Seçilmiş əsərləri”nin yeddi, Azərbaycan Prezidenti
İlham Əliyevin sərəncamı ilə
üçcildliyi nəşr edilmişdir. Ədibin əsərləri son illər rus, türk və digər dillərdə dəfələrlə
nəşr olunmuş,
yaradıcılığı haqqında monoqrafiyalar, doktorluq, namizədlik dissertasiyaları
yazılmışdır.
Böyük sənətkarın
yaradıcılığına göstərilən diqqəti davam etdirən Prezident İlham Əliyevin Sərəncamı ilə İlyas Əfəndiyevin 90 illik
yubileyi geniş şəkildə
qeyd olunmuşdur.
Dövlətimizin
başçısının “İlyas
Əfəndiyevin 100 illik yubileyinin
keçirilməsi haqqında” 2014-cü il
16 yanvar tarixli Sərəncamı
ilə cari ildə Bakıda və rayonlarda görkəmli nasir
və dramaturqun yubileyinə həsr olunmuş silsilə tədbirlər
keçirilməkdədir.
Bu il mayın 19-da isə
UNESCO-nun mənzil iqamətgahında da XX əsr Azərbaycan ədəbiyyatının
görkəmli simalarından biri İlyas Əfəndiyevin anadan
olmasının 100 illiyinə həsr edilən təntənəli
tədbir keçirilmişdir.
Əsərlərinin
bədii-fəlsəfi fikir dərinliyi,
yüksək mənəvi-əxlaqi dəyərlərə malik qəhrəmanları ilə İlyas Əfəndiyev Azərbaycanın ədəbi
və mədəni mühitində həmişəyaşar
olacaqdır.
Türkan ABDULLAYEVA
Xalq
qəzeti.- 2014.- 28 may.- S.9.