Azərbaycan Xalq
Cümhuriyyəti –
Şərqin ilk
demokratik, parlamentli respublikası
(əvvəli qəzetin
27 may 2014-cü il tarixli sayında)
Milli Şuranın 1918-ci il noyabrın 19-da keçirilən iclasında şuranın sədri M.Ə.Rəsulzadə tərəfindən imzalanmış “Bütün Azərbaycan əhalisinə!” müraciətnamə qəbul olundu. Noyabrın 29-da dərc olunmuş həmin müraciətnamədə deyilirdi:
“Vətəndaşlar!
Müharibə və inqilab zamanının
fövqəladə əhvalını nəzərə alaraq tətil
etmiş olan Azərbaycan Şurai-millisi iqtizai-zaman ilə təkrar
Azərbaycanın paytaxtı Bakıda toplandı.
Şurai-millinin ən əvvəl qəbul etdiyi qanun sırf
Azərbaycan müsəlmanlarına məxsus olan
Şurai-millini milli bir şəkildən çıxarıb
da dövləti bir şəkilə salmaq oldu. Bu ayın 19-da
qəbul etdiyi qanunnaməyə görə, Şurai-milli
dekabrın 3-nə qədər 120 əzalıq bir Məclisi-Məbusan
(parlament) halına gələcəkdir. Bu məclisə
azlıqda qalan millətlərdən nümayəndələr
cəlb olunduğu kimi, məmləkətin vilayətlərindən
də vəkillər çağrılmışdır. Bu surətlə
yığılacaq Məclisi-Məbusan irəlidə ümumi
intixab üsulu ilə Azərbaycan Məclisi Müəssanı
yığışıncaya qədər yurdumuzun sahibi olacaq,
onun müqəddəratını həll, hökumətini təşkil
və mənafeini mühafizə edəcəkdir. Vətəndaşlar! Bizə fəlakət
və səfalətdən başqa bir şey verməyən ədavət
və ixtilafı tərk edəlim. Müqəddəratı -
tarixiyyə hamımızı bir yerdə yaşamaq məcburiyyətində
bulundurur. Yeni başlayan həyatın təbii məşəqqətlərini
asanlıqla çəkmək və müşküli-mənzilələrini
rahatlıqla keçmək və yeni həyata ləyaqət
qazanmaq üçün yaşayışımızı
ağıl və insani əsaslar üzərində
quralım, bir-birimizi sevəlim, bir-birimizə ehtiram edəlim.
Bütün
Azərbaycan vətəndaşları bilafərq millət və
məzhəb, bir Vətənin övladlarıdırlar.
Ümumi Vətəndə müştərək həyatlarını
qurmaq və bərabərlikdə kəndi - səadətlərini
hazırlamaq üçün onlar bir-birinə əl
uzatmalı və yardım etməlidirlər.
Bu xüsusda ən
böyük məsuliyyət və ağır vəzifə
bilatəbii Azərbaycan türklərinə, müsəlman
camaatına düşəcəkdir. Onlar bu torpaq üzərində
yaşayanların ən böyük əksəriyyətini təşkil
etdiklərindən daha ziyada fədəkar və daha ziyada
mütəhəmmül bulunmalıdırlar.
Əvət,
vətəndaşlar, zamanın əhəmiyyətini dərk
edəlim, hər millətin həqqini təslim edəcək
sülhi-ümumi konqresi uzaq deyildir, o zamana qədər Vətənimizi
ixtişaşlardan qoruyalım, Azərbaycan Məclisi-Məbusanını
təsis, hökumətini yenidən təşkil edəlim və var qüvvə və
mücahidəmizlə sülhüümumə məclisinə
hazırlaşalım.
Yaşasın Azərbaycan
Məclisi-Məbusanı!
Yaşasın Azərbaycan
Cümhuriyyəti !"
Parlamentin açılışı 1918-ci il dekabrın 3-nə təyin olunmuşdu. Lakin Bakıda fəaliyyət göstərən rus və erməni milli şuraları bu ərəfədə Bakıya gəlmiş general Tomsondan istifadə edərək, Azərbaycan parlamentinin açılmasına hər vasitə ilə mane olmağa çalışırdılar. General Tomsonla aparılan
danışıqlarla əlaqədar
və qəzalardan bütün deputatların vaxtında
Bakıya
gələ bilməməsini nəzərə alaraq parlamentin ilk iclasının açılışı dekabrın 7-nə keçirildi. Həmin
gün gündüz saat 1-də H.Z.Tağıyevin Nikolayev küçəsində yerləşən keçmiş Qız məktəbinin binasında
Azərbaycan parlamentinin ilk iclası təntənəli şəraitdə açıldı.
Parlamentin
açılışında Azərbaycan Milli Şurasının sədri
M.Ə.Rəsulzadə böyük təbrik
nitqi söylədi. O dedi: “Bizim
qaldırdığımız bayrağın üç rəngi: türk
milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur. Bir
dəfə qalxan bayraq bir daha
enməz!”.
Parlamentin sədri, sədrin müavini
və 3 nəfər katibdən ibarət rəhbər orqanları seçildi. Sonra Azərbaycan hökumətinin
başçısı Fətəli
xan Xoyski çıxış etdi. O, səlahiyyəti
müddətində müvəqqəti hökumətin gördüyü işlər haqqında
məlumat
verdi və öz hökumətinin istefasının qəbul
olunmasını xahiş etdi.
Parlament müvəqqəti hökumətin istefasını qəbul
edib, yeni
hökumətə rəhbərliyi
və yeni
heyətin
tərkibini müəyyən etməyi
yenidən F.Xoyskiyə
tapşırdı.
Dekabrın 26-da
Fətəli xan hökumət proqramı və tərkibi
barədə parlamentdə çıxış etdi. Geniş müzakirədən sonra parlament F.Xoyski hökumətinin
proqramına
və hökumətin
tərkibinə etimad göstərdi.
Cəmi 17 ay
fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin
parlamenti özünün həyatiliyini və yüksək işgüzarlıq qabiliyyətini
sübut
etdi. O göstərdi ki, Azərbaycan xalqı parlament idarəçiliyi səviyyəsinə yüksəlmişdir. O vaxt Azərbaycan bütün müsəlman Şərqində yeganə parlamentli respublika idi.
1919-cu ilin axırına
yaxın parlamentdə 11 müxtəlif
partiya fraksiyası və qrupunu 96 deputat təmsil edirdi. Parlamentdə
qüvvələr nisbətən aşağıdakı kimi
bölünürdü: Müsavat və bitərəflər
fraksiyası (38 nəfər), “İttihad” (13 nəfər),
“Əhrar” (6 nəfər), sosialistlər bloku (13 nəfər),
partiyasızlar (4 nəfər), müstəqillər (3 nəfər),
sol müstəqillər (1 nəfər), Slavyan Rus Cəmiyyəti
(3 nəfər), erməni fraksiyası (5 nəfər),
Daşnaksütyun fraksiyası (6 nəfər), azlıqda qalan
millətlər fraksiyası (4 nəfər).
Öz fəaliyyəti dövründə
Azərbaycan Cümhuriyyəti parlamentinin 140 iclası
keçirilmişdi. Parlamentdə 11 müxtəlif
komissiya fəaliyyət göstərmişdi. 1919-cu il dekabrın 25-nə qədər parlamentə
ölkə həyatının müxtəlif məsələlərinə
dair 215 qanun layihəsi daxil olmuşdu ki, onların da əksəriyyəti
parlament tərəfindən qəbul edilmişdi. Öz sosial mənşəyinə görə
parlament üzvləri arasında milli burjuaziyanın nümayəndələri
üstünlük təşkil edirdi. Buraya
43 nəfər neft sənayeçisi, 12 nəfər iri tacir, 8
nəfər din xadimi və başqaları daxil idi. Azərbaycan parlamenti
və parlament tərəfindən təsdiq olunmuş Azərbaycan
hökuməti çox mürəkkəb bir şəraitdə
fəaliyyət göstərirdi.
Elə bu
vaxtlar Fransada qalib dövlətlərin beynəlxalq Versal
Sülh Konfransı işə başladı. 1919-cu il
yanvarın 8-də
Azərbaycan Cümhuriyyəti Parisə - sülh
konfransına xüsusi nümayəndə heyəti göndərdi.
O, qarşısında böyük dövlətlər tərəfindən
Azərbaycanın istiqlaliyyətinin tanınmasına nail olmaq
vəzifəsi qoyulmuşdu. Nümayəndə
heyətinə Ə.Topçubaşov rəhbərlik edirdi.
Onun üzvləri M.Hacınski,
Ə.Şeyxülislamov, Ə.Ağayev, müşavirləri
isə M.Məhərrəmov, M.Mehdiyev, C.Hacıbəyov idi.
1918-ci il noyabrın 17-də general
V.Tomson başda olmaqla ingilis qoşun hissələri Ənzəlidən
Bakıya gəldi. Bakı dəniz limanında
qarşılanarkən V.Tomson İngiltərə, Fransa və
Amerika qüvvələrinin komandanı kimi bildirdi ki, ingilislər
Azərbaycan ərazisini “qorumaq üçün” buraya gəlmişlər.
Onlar Azərbaycanın daxili işlərinə
qarışmayacaqlar. Lakin onun bu sözləri
vəd olaraq qaldı. Elə ilk gündən onlar Azərbaycan
Cümhuriyyətinin daxili işlərinə
qarışmağa başladılar.Tomson özünü Bakının
hərbi qubernatoru elan etdi. Gəncə, Şuşa
və Naxçıvana qoşun hissələri göndərdi.
İngilis komandanlığı tədricən
Azərbaycan neft sənayesi və nəqliyyatına nəzarəti
öz əlinə aldı. Hətta bunun
üçün Britaniya Neft Müdiriyyəti və Nəqliyyatı
İdarəsi də yaradıldı. 1919-cu ilin avqustuna qədər onlar
Azərbaycandan 30 milyon puddan çox neft daşıyıb
aparmışlar. Azərbaycanın dəmir yolu
və su yollarında ingilislərə xüsusi imtiyazlar
verildi. Lakin Azərbaycan parlamenti və Fətəli
xan Xoyski hökumətinin yeritdiyi ardıcıl, təmkinli
siyasət general Tomsonun Azərbaycana qarşı münasibətini
dəyişdi. Dekabrın 28-də o, Azərbaycan
hökumətini tanıdığını və onu Azərbaycanda
yeganə qanuni hökumət hesab etdiyini bildirdi.
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti
qısa bir vaxtda gənc respublikanın daxili və xarici siyasət,
dövlət quruculuğu, təsərrüfat və nəqliyyat,
cümhuriyyətin müdafiəsi, maarif və mədəniyyətin
inkişaf etdirilməsi sahələrində bir çox iş
görə bildi. Özü də nəzərə
almaq lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyəti
hökuməti bu işləri çox mürəkkəb
tarixi şəraitdə, xarici hərbi müdaxiləçilərin
təzyiqi altında həyata keçirməyə məcbur
olmuşdu. Azərbaycanın beynəlxalq vəziyyətini
Ermənistanla hərbi-siyasi və sərhəd münaqişələri
də çətinləşdirirdi.
Arxiv sənədləri 1918 – 1920-ci illərdə
erməni daşnak quldur dəstələrinin azərbaycanlılara
qarşı təkcə Ermənistan ərazisində deyil, həm
də Azərbaycanın öz ərazisində törətdikləri
vəhşilikləri təkzibolunmaz faktlarla sübut edir. 1918 – 1919-cu
illərdə keçmiş İrəvan quberniyasında azərbaycanlılar
yaşayan 200-dən çox kənd talan edilmiş,
yandırılmış, əhalisi isə qovulmuşdur. Bu illərdə yüz mindən yuxarı azərbaycanlı
öz yurd-yuvasından didərgin salınmışdı.
Zəngəzur, Naxçıvan, Qarabağ, Ordubad və
başqa yerlərdən Azərbaycan Cümhuriyyətinin
parlamentinə və hökumətinə göndərilmiş
yüzlərlə teleqram, məktub, və ərizələrdə
daşnak quldur dəstələrinin törətdikləri vəhşiliklər
haqqında məlumat verilirdi. Qaçqınlar
problemi o dövrdə də Azərbaycan xalqının tarixində
başlıca problem idi. Qaçqınlar
problemi ilə məşğul olmaq üçün Azərbaycan
hökuməti tərkibində xüsusi himayə nazirliyi
yaradılmışdı. Təkcə
1919-cu ildə qaçqınlara yardım üçün bu
nazirliyə 3 milyon manatdan yuxarı vəsait
ayrılmışdı. Mil düzündə
- Gaur arxı ətrafında İrəvan quberniyasından
qaçmış 50 minə yaxın azərbaycanlının
məskunlaşdırılması problemi dururdu. Bu məqsədlə böyük demokrat
yazıçı Cəlil Məmmədquluzadənin və
onun həyat yoldaşı Həmidə xanım Cavanşirin
Azərbaycan parlamentinə və hökumətinə
vurduqları teleqram olduqca maraqlıdır. Bu teleqramda onlar Həmidə xanımın atası
Əhmədbəy Cavanşirin Gaur arxının çəkilməsi
üçün hazırladığı texniki sənədləri
hökumətin ixtiyarına verməyi təklif edirdilər.
Azərbaycan Xalq Cümhuriyyəti
yaradıldıqdan sonra Qarabağın ermənilərdən
ibarət əhalisi Azərbaycan hökumətinə tabe
olmaqdan imtina etdi və Qarabağda Erməni Milli Şurası yaratdı. Digər tərəfdən, Andranikin quldur dəstələri
Zəngəzur mahalında yerli əhaliyə qarşı vəhşiliklər
törətməklə yanaşı, Qarabağın azərbaycanlılar
yaşayan kəndlərinə basqınlar edir, onları
talayır, yandırır, dağıdırdılar.
Azərbaycan parlamentinin 1918-ci il 20
dekabr tarixli fövqəladə iclası Andranikin Zəngəzur,
Şuşa və Cəbrayıl qəzalarında törətdikləri
vəhşiliklərə qarşı mübarizəyə həsr
olundu. Bu məqsədlə 1918-ci ilin axırında Şuşa, Zəngəzur, Cavad və Cəbrayıl
qəzalarını əhatə edən müvəqqəti
Qarabağ general-qubernatorluğu yaradıldı. 1919-cu ilin yanvarında Xosrov bəy Sultanov Qarabağa
general-qubernator təyin olundu. O, Qarabağda qayda-qanun
yaratmağa başladı. Həmin ilin
sentyabrında Qarabağ Erməni Milli Şurası ilə Azərbaycan
Hökuməti arasında bağlanan müqaviləyə
görə, yerli ermənilərə mədəni muxtariyyət
verildi.
1919-cu ilin yayında Denikin
ordularının Zaqafqaziya üzərinə hücumu gözlənilirdi. Burada Denikinə qarşı münasibət müxtəlif
idi. Ermənistan Respublikası Denikinlə
hərbi ittifaq bağlamışdı. Azərbaycan
və Gürcüstan cümhuriyyətləri isə Denikin
qüvvələrinin hücumu təhlükəsindən
narahat idi. Buna görə də 1919-cu il
iyunun 27-də Azərbaycanla Gürcüstan arasında Denikinə
qarşı üç il müddətinə
qarşılıqlı hərbi- müdafiə ittifaqı
yaradıldı. Bu müqaviləyə görə,
saziş bağlayan hər iki tərəf öz öhdəsinə
götürürdü ki, tərəflərdən birinin və
ya hər ikisinin istiqlaliyyətinə və ərazi
bütövlüyünə hər hansı
üçüncü tərəfdən təcavüz
olunarsa, onda onlar hücum edən tərəfə qarşı
birlikdə çıxış edəcəklər. Bu
müqavilə tam müdafiə məqsədi daşıyırdı.
Azərbaycan hökuməti Zaqafqaziya
respublikalarına aid məsələləri həmişə
dinc yolla həll etməyə çalışırdı. 1919-cu il aprelin 25-də
Tiflisdə siyasi, iqtisadi, maliyyə, habelə sərhəd məsələləri
ilə əlaqədar mübahisələri həll etmək məqsədilə
Qafqaz konfransı çağırıldı. Lakin Denikin ordusunun Şimali Qafqaza
hücumu, habelə, bir tərəfdən Azərbaycan və
Gürcüstan, digər tərəfdən isə Ermənistan
arasında sərhəd məsələləri barədə
fikir ayrılığı konfransın işini pozdu.
Gürcüstanla
geniş dostluq və əməkdaşlıq əlaqələri
yaratmış Azərbaycan Ermənistanla da ümumi dil
tapmağa çalışırdı. Azərbaycan hökumətinin
təşəbbüsü ilə 1919-cu il noyabrın 23-də
Tiflisdə hər iki respublika baş nazirlərinin
görüşü oldu. Bu görüşdə bir sıra məsələlər,
başlıcası isə mübahisəli sərhəd məsələləri
müzakirə olundu. Baş nazirlər tərəfindən
razılaşdırılmış komissiya
yarımçıq qalmış Zaqafqaziya konfransını
davam etdirmək məsələsini müzakirə etdi və
onun gündəliyini bəyəndi. Azərbaycan
nümayəndə heyətinin Tiflisdəki görüşünün
nəticələrini müzakirə edən Azərbaycan
hökuməti bildirdi ki, Zaqafqaziya xalqlarının möhkəm
əlaqəsi onların siyasi müstəqillikləri və
iqtisadi müvəffəqiyyətləri üçün
başlıca şərtdir.
Gürcüstan və
Ermənistan respublikaları da bu təkliflə
razılaşdılar, lakin 1920-ci ilin əvvəllərində
baş verən hadisələr, Zaqafqaziyada vəziyyətin
mürəkkəbləşməsi bu məsələnin həllinə
mane oldu.
Azərbaycan
Cümhuriyyəti hökuməti öz suverenliyinin
tanınmasını Birinci dünya müharibəsinin qalib
ölkələri olan İngiltərə, Fransa və
ABŞ-dan təkidlə tələb edirdi. Bu sahədə
Ə.Topçubaşov başda olmaqla Azərbaycandan Paris
Sülh Konfransına göndərilmiş nümayəndə
heyəti yorulmadan çalışırdı. Bunu Ə.
Topçubaşovun xaricdən məktubları da əyani
şəkildə sübut edir. Yalnız 1920-ci
il yanvarın 12-də Denikinin orduları məğlub olduqda və
Qafqazda vəziyyət dəyişməyə başladıqda
Antanta dövlətləri Azərbaycan Xalq Cümhuriyyətini
de-fakto tanıdı. Sovet Rusiyası isə müstəqil Azərbaycanı
rəsmən tanımırdı. Həmin ilin yanvarından
aprelinə qədər F.Xoyski və RSFSR xalq xarici
işlər komissarı G.Çiçerin dəfələrlə
nota mübadiləsi etdilər. Bu notalarda F.Xoyski Azərbaycan
Cümhuriyyətinin istiqlaliyyətinin Sovet Rusiyası tərəfindən
tanınmasına nail olmağa çalışırdı.
G.Çiçerin isə Azərbaycan Cümhuriyyətini
Denikin qüvvələri ilə mübarizə ittifaqına cəlb
etmək istəyirdi. Onun bu tələbinə cavab olaraq
F.Xoyski bildirirdi ki, Azərbaycan hökuməti Sovet
Rusiyasının Denikin orduları ilə mübarizəsini rus
xalqının daxili işi hesab edir və ona
qarışmağı yolverilməz sayır.
Azərbaycan
Xalq Cümhuriyyəti hələ qalib ölkələr tərəfindən
rəsmən tanınana qədər özünün müstəqil
dövlət kimi suveren hüquqlarını həyata
keçirməyə başlamışdı. Azərbaycan
Cümhuriyyətinin İstanbul, Tehran, Tiflis, İrəvan,
Kuban və Donda diplomatik
nümayəndələri, Batum və Ukraynada baş
konsulları, Krım və Petrovskidə isə konsul agentləri
fəaliyyət göstərirdi.
Bakıda isə Gürcüstan və Ermənistan
respublikalarının diplomatik
nümayəndəlikləri, İranın baş konsulu,
Belçika, Hollandiya, Yunanıstan, İsveç və
İsveçrə konsulları, İngiltərə, ABŞ və
Ukraynanın vitse-konsulları, Litva, Polşa və
Finlandiyanın konsul agentləri var idi.
Qeyd olunduğu kimi, Azərbaycan
parlamenti işə başladıqdan sonra təşkil
edilmiş hökumətin həyata keçirdiyi tədbirlərdə
demokratik meyillər daha çox nəzərə
çarpırdı.
Ölkənin inzibati-ərazi
quruluşunda dəyişikliklər edildi, maliyyə işi
qaydaya salındı, Azərbaycan Dövlət Bankı
yaradıldı. Dağıdılmış iqtisadiyyatın bərpası
üçün xeyli iş görüldü. Bakı-Batum
neft kəməri bərpa olundu. Bakı – Culfa dəmir yolunun
çəkilişi işi sürətləndirildi və s.
M.Ə.Rəsulzadə
“İstiqlal” qəzetində yazırdı ki, Azərbaycan
Cümhuriyyəti hökumətinin qarşısında duran
başlıca vəzifə bütün qüvvələri
xalqın rifahını yaxşılaşdırmaq tədbirlərinə
yönəltmək idi. Xalqın maddi rifah halının
yüksəldilməsi isə yalnız iqtisadi inkişaf sayəsində
və kütlələrin işlə təmin edilməsi nəticəsində
hasil ola bilərdi. Azərbaycan parlamenti və
hökuməti cəmiyyətin müxtəlif sinifləri
arasında razılığın əsasını qoya bilmək
məqsədilə, ilk növbədə, torpaq məsələsini
həll etmək üçün mühüm qərarlar qəbul
etməli idi. Kəndlilərə
torpaq vermək, əkin-biçin işlərini birlikdə
yoluna qoymaq üçün 29 maddədən ibarət torpaq
islahatı haqqında qanun layihəsi hazırlanaraq, 1920-ci il
fevralın 21-də ümumxalq müzakirəsi
üçün dərc olundu. Həmin qanun layihəsinə
görə, torpaq üzərində mülkiyyət hüququ
saxlanılmaqla, torpaqların sahibləri tərəfindən
istifadə olunmayan hissəsi hökumət tərəfindən
pulla alınaraq kəndlilərə paylanmalı idi. Digər tərəfdən,
kəndlilərə həmin torpaqları almaq
üçün güzəştli şərtlərlə
kredit verilməsi nəzərdə tutulurdu. Lakin məlum səbəblərə
görə, bu qanunun qəbul edilməsinə vaxt
çatmadı.
Azərbaycan
Cümhuriyyəti hökuməti sənaye müəssisələrində
çalışan fəhlələrin həyat şəraitini
yaxşılaşdırmaq haqqında da
düşünürdü. Lakin sənaye müəssisələri
üzərində xüsusi mülkiyyət hüququnun
saxlanması hökumətə bu sahədə az-çox
köklü dəyişikliklər
həyata keçirməyə imkan vermirdi. Hökumət
yalnız fəhlələrin əmək haqqı və iş
şəraiti üzərində nəzarət işini öz
üzərinə götürə bildi. Beləliklə, nə
aqrar, nə də sənaye məsələsi həll edildi.
Azərbaycan Xalq
Cümhuriyyətinin mədəniyyət, ilk növbədə
isə xalq təhsili sahəsində həyata keçirdiyi tədbirlər
xüsusilə diqqəti cəlb edir. Hökumət
Azərbaycanda olan məktəblərin çoxunu milliləşdirdi,
yeni-yeni məktəblər açdı. Cümhuriyyətin
müxtəlif şəhər və kəndlərində 637
ibtidai məktəbi, 23 orta ixtisas müəssisəsi, o
cümlədən 6 kişi və 4 qadın gimnaziyası, 5
realnı məktəbi, 3 müəllimlər
seminariyası, 3 qadın tədris müəssisəsi var idi.
Bu tədris müəssisələrinin hamısı dövlət
hesabına saxlanırdı.
Azərbaycan Xalq
Cümhuriyyətinin 1919-cu ildə açdığı
Bakı Dövlət Universiteti xalqımızın mədəni
həyatında əlamətdar hadisə idi. Müxtəlif
ixtisaslar üzrə ali təhsil almaq üçün 100 nəfərə
yaxın azərbaycanlı gənc Avropanın müxtəlif
ali məktəblərinə göndərildi və həmin tələbələrin
bütün xərclərini hökumət öz üzərinə
götürdü. Savadsızlıqla mübarizə üçün müvəqqəti pedaqoji
kurslar yaradıldı. Kursları qurtaranların, demək olar
ki, hamısına məktəblərdə müəllim yeri
verilirdi. İbtidai və orta məktəblər
üçün dərsliklərin hazırlanması və nəşri
işinə başlandı.
Lakin 1920-ci ilin aprelində ölkədə vəziyyət
gərginləşdi. Bu vaxt XI Qırmızı ordu
Denikin ordularının qalıqlarını məğlub edərək,
Azərbaycan Cümhuriyyətinin şimal sərhədlərinə
yaxınlaşdı.
F.Xoyski aprelin 15-də
Sovet Rusiyasına öz hökuməti adından nota göndərərək
Azərbaycanın təhlükəsizliyindən narahat
olduğunu bildirdi. Onun notası cavabsız qaldı. Aprelin 27-də
XI ordu Azərbaycan sərhədlərini keçərək,
Bakıya doğru hərəkət etdi. Bolşeviklərin
real surətdə hakimiyyəti ələ almasına imkan
yarandı. Elə həmin gün Azərbaycan parlamenti hakimiyyəti
bolşeviklərə təslim etmək məsələsini
müzakirə etdi və hakimiyyəti qan tökülmədən
vermək haqqında qərar qəbul olundu. Həmin qərarda
deyilirdi ki, hakimiyyət bu şərtlə bolşeviklərə
təslim edilir ki, Azərbaycanı idarə edəcək Sovet
hakimiyyəti onun tam istiqlaliyyətini qoruyub saxlasın.
Cəmi 23 ay fəaliyyət
göstərməsinə baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti
xalqımızın ictimai fikir tarixində, Azərbaycan
dövlət suverenliyinin bərpası yolunda layiqli yer tutur.
Ataxan PAŞAYEV,
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi,
tarix elmləri doktoru
Xalq qəzeti.- 2014.- 28 may.- S.7.