Azərbaycana təzyiq
göstərmək, onu müstəqil
siyasət yeritməkdən çəkindirmək
qeyri-mümkündür
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın “Azadlıq” radiosuna verdiyi müsahibə qeyri-obyektiv və qərəzli olduğu qədər də təhlükəlidir. Məsələ ondadır ki, ABŞ-ın regionda mövcudluğunu həzm edə bilməyən daxili və xarici qüvvələr səfirin bu müsahibəsində səsləndirdiyi fikirlərdən fərqli nəticələr çıxarar və öz fəaliyyətlərini gücləndirmək üçün həmin mövqeni bir siqnal kimi qəbul edə bilərlər.
Bu reallıq isə, ilk
növbədə, ABŞ-ın region
maraqlarını ciddi sual
altına qoymuş olar.
Səfirin müsahibəsində “Maydan hadisələri”nin Azərbaycana
transformasiyasından tutmuş, ölkəmizdə
insan hüquqları sahəsində ciddi problemlərin olmasınadək, Azərbaycan-Rusiya,
Azərbaycan-İran münasibətlərinə fərqli çalarlar verməkdən
başlamış, ta Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
həlli yolları ilə bağlı rəsmi Vaşinqtonun mövqeyinədək məsələlər
ətrafında reallığın təhrif olunduğu
yanaşmalar əks olunmuşdur.
Səfirin statusuna uyğun olmayan səviyyədə kəskin və emosional davranışı fonunda
Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbəri, akademik
Ramiz Mehdiyevin həmin
müsahibəyə münasibəti kifayət qədər təmkinli,
arqumentli, məntiqli və sistemlidir.
Hörmətli akademik haqlı olaraq qeyd edir:
“...Dünyada, o
cümlədən postsovet məkanında
da bir çox
cəhətdən məhz Qərbin təqsiri üzündən
kəskinləşmiş geosiyasi proseslər
fonunda ABŞ səfirinin qərəzli
müsahibəsi ən azı heyrət doğurur.
Hər halda onu belə
bir müsahibə verməyə və diplomatik etiket
baxımından bu qədər qeyri-korrekt fikirlər söyləməyə
hansı motivlərin və səbəblərin sövq etdiyini deməyə
çətinlik çəkirəm. Bu,
ölkənin daxili işlərinə
açıq-aydın və kobudcasına müdaxilə deməkdir.
İstənilən halda buna
haqq qazandırmaq mümkün
deyil və ola da bilməz”.
Hörmətli Ramiz müəllim
amerikalı səfirə onu da xüsusi olaraq xatırladıb: “Azərbaycan Prezidenti cənab İlham
Əliyev dəfələrlə demişdir
ki, o, istər Azərbaycana,
istərsə də onun xalqına
etinasız və hörmətsiz münasibətə dözməyəcək
və buna yol verməyəcəkdir.
Hesab edirəm ki, bizim amerikalı həmkarlar ölkəmizin rəhbərliyinin
mövqeyini yaxşı bilirlər. Lakin əgər ABŞ səfiri heç nəyə məhəl qoymadan Azərbaycanın ünvanına bu cür kobud
hücumlar etməyi özünə rəva
görürsə, deməli, onun statusu ilə bağlı ciddi
problemləri vardır. Təəssüf ki,
səfir Morninqstarın diplomat üçün yolverilməz formada
bizə diktə etməyə, ölkəmizin daxili
işlərinə qarışmağa cəhd etməsi birinci dəfə deyildir. Bu, onun diplomat
kimi peşəkarlığını çox böyük sual altına qoyur”.
Cənab Ramiz Mehdiyevin dünyada
müşahidə olunan yeni
siyasi tendensiyalara səfirin
və ona rəhbərlik edən şəxslərin
adekvat reaksiya qabiliyyəti
nümayiş etdirməsinin zəruriliyi
ilə bağlı fikirləri olduqca düşündürücü,
hikmətli və ibrətamizdir: “Görünür,
Morninqstar dünyada yeni siyasi meyilləri sezməmişdir.
Aşkardır ki, səfir
Morninqstarın və onun fəaliyyətinə
bilavasitə rəhbərlik edənlərin dünyagörüşü
keçmişdə ilişib
qalmışdır və müasir dövrün tələblərinə ziddir. Çoxqütblü
dünya müstəmləkəçilik
təfəkküründən imtina etməyə
çağırır”.
Mən
də ABŞ-ın tarixi və xarici siyasəti üzrə ixtisaslaşmış
tədqiqatçı və ən əsası bir
Azərbaycan vətəndaşı olaraq,
səfir Riçard Morninqstarın təhriflərə
ayna tutan müsahibəsinə
öz münasibətimi ifadə etmək
istəyirəm. Əsas diqqətimi bir məsələ
üzərində cəmləşdirmək
niyyətindəyəm. Bu da,
guya ki, Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə
bağlı ciddi narahatlıqların
olması haqqında səfirin mövqeyinə münasibətimdir.
Bu
müsahibədə Azərbaycanda insan
hüquqlarının vəziyyəti ilə bağlı səfirin
narahatlığının ifadə olunduğu
mövqe, əslində, real
vəziyyətə nəinki adekvat deyil, əksinə, birbaşa
ölkəmizin daxili işlərinə
qarışmaq anlamını
özündə ehtiva edir.
Bəlkə də, beynəlxalq hüququn
deyil, gücün hüququnun işlədiyi müasir
dünya gerçəkliyində səfiri
bir halda qınamamaq
olardı. O da səfirin təmsilçisi
olduğu dövlətin dünyada insan hüquq və
azadlıqlarının müdafiəsi sahəsində nümunəvi davranış tərzi nümayiş etdirməsi halında mümkün idi.
Reallıq isə başqa həqiqəti ortaya qoyur. Bu yerdə Napoleonun “kimin nədə problemi varsa, o haqda
daha çox
öyüd-nəsihət verir” kəlamını
xatırlatmaq yerinə düşür.
Əslində, insan haqlarının
müdafiəsi ilə bağlı ABŞ-ın
başqalarına dərs keçməsinə mənəvi
haqqı yoxdur. Niyə? Faktlar və arqumentlərin natamam
təqdimatı belə bu nəticəni labüd edir. Onları səfir Riçard
Morninqstarın diqqətinə çatdırırıq:
Əvvəla, ABŞ-da “Ku-kluks-klandan
ta Quantanama”ya qədər insan
haqlarının pozulması deyil, hədəfində
insanın tam hüquqsuz
vəziyyətə salınaraq cismani məhvinə
ünvanlanmış siyasət artıq “top
secret” qrifi altından
“azadlığa” çıxmışdır. Bu məlumatlar artıq hər kəsə bəllidir.
İkincisi, ABŞ insan alverinə,
fahişəliyə məcbur etməyə, irqi
diskriminasiyaya və insanların
oğurlanmasına qadağa qoyan beynəlxalq konvensiyaları hələ də
ratifikasiya etməmişdir. ABŞ insan hüquqlarının müdafiəsi ilə
bağlı 9 əsas beynəlxalq sənəddən yalnız 3-ü ilə bağlı
üzərinə öhdəlik götürdüyünü
bəyan etmişdir.
Üçüncüsü, ABŞ-da ksenofobiya və irqçilik
qorxulu səviyyədə inkişaf
tempinə malikdir. Sosioloqlar
hesab edirlər ki,
ABŞ əhalisinin 15-20 faizini ksenofob
adlandırmaq olar. Təxminən o qədər də amerikalının
düşüncəsinə görə, İslam
dininin daşıyıcılarının
bu və ya digər formada hökumətdə təmsilçiliyinə imkan vermək olmaz.
Dördüncüsü, ABŞ-da uşaq hüquqlarının qorunması ilə bağlı vəziyyət
narahatlıq doğurmaya bilməz. Ölkənin
15 ştatında qanunvericilik qaydasında uşaqlara bədən cəzası verilməsi
yasaq deyil. Onlara cəza verilərkən yeməkdən məhrumetmə,
naşatır spirtinin tətbiqi və s. kimi qeyri-insani təzyiq
vasitələrindən istifadə olunur.
Beşincisi, ABŞ-da söz azadlığının qorunması sahəsində
ciddi problemlər mövcuddur.
2012-ci ilin yanvar
ayında “Sərhədsiz repartyorlar” təşkilatının
ekspertləri bu sahədə ABŞ-ın
reytinqini 27 bənd üzrə
aşağı salmışlar.
2013-cü ildə mətbuat azadlığının qlobal indeksində ABŞ 47-ci mövqedə dayanmışdır. “Uol-Striti zəbt et” hərəkatının aksiyalarını
işıqlandıran jurnalistlərə və
nümayişçilərə qarşı polisin
qəddar davranışına cavab olaraq, ABŞ-ın bu sahədə
beynəlxalq reytinqi aşağı
salınmışdır. Həmin dövrdə 80-dən
artıq jurnalist polisin
qəddar davranışının hədəfində olduğu elə ABŞ-ın öz
KİV-nin yaydığı məlumatlardan
da bəllidir.
Altıncısı, Çin Xalq
Respublikasının “2013-cü ildə ABŞ-da
insan hüquqlarının vəziyyəti
ilə bağlı 2014-cü ildə yaydığı hesabat”da qeyd
olunur ki, ölkədə
bu sferada vəziyyət
getdikcə pisləşməkdədir. Hesabatda
vurğulanır ki, ABŞ bugünədək
uşaq, ana və əlillərin
hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq
konvensiyalara qoşulmamışdır. Hesabatda göstərilir ki,
ABŞ xüsusi xidmət
orqanlarının uzun müddət ərzində
PRİSM xəfiyyə proqramından istifadə etməsi beynəlxalq
hüquq və insan
hüquqlarının kobud şəkildə
pozulmasıdır. Burada xüsusi
olaraq vurğulanır ki,
ABŞ-ın dünyanın müxtəlif ölkələrində
pilotsuz uçuş
aparatlarından istifadəsi dinc əhali
arasında çoxsaylı itkilərlə müşayiət olunmuşdur. O cümlədən 2004-cü ildən
Pakistanda ABŞ pilotsuz
təyyarələri 376 uçuş həyata
keçirmiş və nəticədə
926 nəfər dinc insan
həlak olmuşdur.
Bu yerdə ABŞ-ın “qurucu
ataları”ndan olan Bencamin
Franklinin və Tomas Ceffersonun məşhur deyimlərini xatirlamamaq mümkün deyildir. Bencamin Franklinin fikrincə, ABŞ üçün
“Demokratiya - qurdun və
quzunun axşam yeməyinə
nəyin yeyiləcəyini səsə qoymaları
anlamındadır...”. Təbii ki, bu halda “demokratik”
səsvermə nəticəsində 2/1 nisbətində quzunun “hüquqları qorunmaqla”,
“demokratik yolla” qurdun həzmi-rabiyyəsindən keçəcəkdir.
Tomas Ceffersonun qənaətinə
görə isə ABŞ üçün
“Azadlıq-yaxşı silahlanmış quzunun
həmin səsvermənin nəticələrinə yenidən
baxılmasına nail ola
bilməsi anlamında qəbul edilməlidir”. Zənnimizcə,
ABŞ siyasi
sisteminin yaradıcılarının bu fikirlərinin əlavə şərhə
ehtiyacı yoxdur.
Səfirin “demokratiya dərsi”nə cavab olaraq onu da
xatırlatmaq yerinə düşər ki,
ABŞ-da seçki
prosesində beynəlxalq müşahidəçilərin
iştirakı formal xarakter
daşıyır və çoxsaylı məhdudiyyətlərlə
müşahidə olunur. Yalnız Missuri, Nyu-Meksika və Cənubi
Dakota ştatlarında, o
cümlədən Kolumbiya federal
dairəsində beynəlxalq müşahidəçilərin
seçki prosesini izləmələrinə
icazə verən qanunlar qəbul edilmişdir. Beynəlxalq müşahidəçilər
öz fəaliyyətlərində beynəlxalq
hüququn ümumi qəbul
edilmiş prinsiplərini deyil,
məhz ABŞ-ın hüquqi
aktlarını əsas götürməyə məcburdurlar. Fikrimizin təsdiqi kimi, Texas ştatının prokuroru
Qreq Ebbotun bəyanatını
misal gətirə bilərik. Prokuror ATƏT DTİHB-in
tərkibində olan müşahidəçilərin
seçki məntəqələrinə
30 metrdən artıq yaxınlaşacağı təqdirdə
onların cinayət məsuliyyətinə cəlb ediləcəkləri
barədə xəbərdarlıq etmişdir.
Həmin qurumun rəhbərinə
prokurorun ünvanladığı məktubdakı
aşağıdakı fikirlər xüsusi
olaraq diqqəti cəlb edir:
“Əgər ATƏT-in üzvləri öz
demokratik sistemlərini
yaxşılaşdırmaq üçün
ABŞ seçki hüququ
haqqında daha çox
öyrənmək istəyirlərsə, bu
halda Texas hakimiyyəti
ilə müzakirələr aparmalıdırlar. ABŞ-ın hüdudları kənarından gəlmiş
qrup və ya ayrı-ayrı
şəxslərin bizim seçki
prosesinə təsir etmək və ya ona müdaxilə etmək hüququ
yoxdur.” DTİHB-in seçki prosesində şəxsiyyət vəsiqələrindən
istifadənin vacibliyi ilə bağlı
iradına Texas
prokurorunun orijinal
cavabına diqqət yetirək: “ATƏT-in öz mövqeyi ola bilər, lakin bu mövqe ABŞ ərazisində
heç bir hüquqi qüvvəyə malik
deyildir.”
Nəhayət,
sonda cənab səfir Riçard
Morninqstara onu
xatırladaq ki, ABŞ-ın 237 illik demokratiya tarixi və ənənələrinə malik olması haqqında iddiaları da, görünür, əsl
reallığa tərs mütənasibdir. Öz
gözündə “tiri” görməyən
ABŞ başqalarının gözündə “tük”
axtarır və qısa zaman ərzində
“demokratiyanın triumfunu” tələb edir. Davranış və fəaliyyətində
amiranəliyə və “əzələ nümayişinə” üstünlük verən və elə bu səbəbdən də haqlı olaraq, dünya ictimaiyyətində
getdikcə daha çox
mənfi assosiasiya ilə qəbul edilən
ABŞ unutmamalıdır ki, təkcə
konstitusiyanı qəbul etmək üçün
ona 11 il (1787-ci il), ölkəni köləlikdən azad
etmək üçün 89 il (1865-ci il, konstitusiyaya 13-cü düzəliş),
qadınlara səs hüququ vermək üçün 144 il
(1920-ci il, konstitusiyaya
19-cu düzəliş) və bütün
vətəndaşları qanun
qarşısında bərabər etmək üçün
düz 188 illik (1964-cü il, konstitusiyaya
24-cü düzəliş) zaman kəsiyi
lazım olmuşdur. Təəssüf
ki, demokratik dövlət
quruculuğu yolunda
atdığı bütün bu geçikmiş
addımlar belə ABŞ-ı
demokratiyanın örnəyi ola biləcək
bir dövlətə çevirə bilməmişdir.
Elman
NƏSİROV,
Azərbaycan Respublikasının Prezidenti
yanında
Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun
direktoru,
YAP-ın beynəlxalq əlaqələr komissiyasının
katibi,
siyasi elmlər doktoru, professor
Xalq qəzeti.- 2014.- 30 may.- S.9.