ULTRA şirkəti fəaliyyətini
genişləndirir
Azərbaycanın ən böyük informasiya texnologiyaları şirkətinin 15 yaşı tamam oldu
Azərbaycanın informasiya texnologiyaları bazarında inkişaf dinamikasını daim
yeniliklərlə artıran, peşəkar işçi
heyəti və təcrübəli mütəxəssislərinin
birgə səyi ilə ərsəyə gətirdikləri kompleks həllər hesabına həyata keçirdiyi layihələrlə daim ilklərə imza atan, təhsil, səhiyyə və mədəniyyətimizə
verdiyi töhfələrlə
respublikamızın davamlı və dayanıqlı
inkişafının təmin edilməsində böyük
xidmətləri olan ULTRA şirkəti
artıq 15 ildir ki, fəaliyyətdədir.
Şirkət bu 15 il müddətində
bir sıra dövlət əhəmiyyətli
layihələrin həyata keçirilməsində yaxından
iştirak etmiş və
Azərbaycanda İKT-nin inkişafına böyük töhfələr vermişdir.
İnkişaf dinamikasını distribüsiya
sahəsində olduqca genişləndirmiş
və 2000-ci ildən tərəfdaşlıq etdiyi
İntel korporasiyası ilə birgə
2003-2005-ci illərdə MDB ölkələri içərisində
ilk dəfə olaraq
Azərbaycanda müasir texnologiyaların
premyeraları keçirilməsinə nail
olmuşdur. Şirkət 2003-cü ildə
Azərbaycanın fəxr edə biləcəyi bir brend
yaratmışdır. Qafqazda ilk noutbuk brendi olan NEXUS adı
altında daha sonra fərdi
kompyuterlər, LCD/LED tv-monitorlar, proyektorlar istehsal olunmağa başladı. Dünyada
nano-texnologiyaların inkişafı, bazar
iqtisadiyyatı və müasir
texnologiyaların rəqabət gücü
daha yeni
texnologiyaların inkişafına gətirib
çıxardı ki, bu
da öz növbəsində
kompyuter aləminə böyük təsir etdi. Azərbaycan brendi NEXUS 2008-ci ildən
noutbuk formasında tabletlərin, 2011-ci ildən
isə planşetlərin istehsalına başladı.
Hal-hazırda NEXUS brendi altında müasir, milli ornamentlərlə
qutulaşmış və ən son texnologiya standartlarına uyğun
formatda hazırlanır və
istehlakçılara təqdim edilir.
ULTRA
şirkəti 2003-2005-ci illərdə universitetlərdə
müxtəlif İKT layihələrinin həyata keçirilməsi,
tələbələr üçün
güzəştli kredit
kampaniyalarının tətbiq olunması, universitetlərdə
hotspot zonaların qurulması və s. kimi fəaliyyətləri
ilə təhsil sektorunun inkişafına
dəstək olunmuşdur. ULTRA-nın təhsil sahəsində fəaliyyəti
bununla məhdudlaşmamış, Azərbaycan
təhsilində müasir İKT nailiyyətlərinin
tətbiqinə zəmin yaradaraq şirkət
e-Məktəb layihəsini həyata keçirmişdr.
Təhsil müəssisəsinin vahid informasiya mühitini təşkil
edən kompleks informasiya
sistemi olan “Elektron məktəb” informasiya
texnologiyalarının tətbiq edilməsi müəllim, şagird və valideynləri təhsil prosesinə
daha fəal cəlb etməyə şərait
yaratmışdır. “Elektron
məktəb” tədris müəssisəsində təlim-tərbiyə
prosesinin mühüm
aspektləri barədə informasiyaları əhatə etməklə
məktəbin vahid məlumat
bazasının yaradılmasına, bu məlumat
bazasına pedaqoji heyət, kadrlar, şagird, müəllimlər
haqqında məlumat, tədris planı, siniflərin elektron jurnalı, dərs cədvəli və
müxtəlif hesabatlar daxil
edilməsinə imkan verir.
Eyni zamanda, məktəbin səmərəli idarə
edilməsi və tədris prosesinin
planlaşdırılması, video-müşahidə vasitəsilə
məktəbin işinə operativ nəzarət,
müəllimlərin tematik planları ilə
tanışlıq, məktəbin idarəetmə
orqanlarının, pedaqoji şuranın, valideyn komitəsinin və s.
orqanların qarşılıqlı fəaliyyətinin təşkili,
təhsil müəssisəsi haqqında ümumi
məlumatların, o cümlədən, maddi-texniki baza haqqında
məlumatların formalaşdırılması kimi məsələləri həll etməyə
imkan yaratmışdır.
2008-2012-ci il üzrə ULTRA şirkəti Azərbaycan
Respublikası Təhsil Nazirliyi, Siveco, Cisco, Microsoft, İntel və Mədəd
şirkətlərinin konsorsiumu ilə Azərbaycanda
Təhsil Sisteminin
İnformasiyalaşdırılması Dövlət
Proqramını həyata keçirdi. E-təhsil
layihəsi çərçivəsində ULTRA məktəblərdə
e-Gündəlik sistemi tətbiq etmişdir.
Hazırda Bakı
şəhəri və bir sıra rayon məktəblərində e-Gündəlik
sistemi aktivdir ki, bu da
öz növbəsində şagirdə nəzarət,
valideyni övladının dərsə
davamiyyəti və qiymətləri barədə məlumatlandırma
sistemidir. Sistem heç bir mobil tətbiq istifadə etmədən, valideynin razılığı ilə SMS vastəsilə
çatdırılır.
Müasir dövr öz xüsusiyyətilə sıravi insandan dövlətə qədər həyatımızın
bütün sferalarında öz
qanunlarını və tələblərini diqtə edir. 10 il əvvəl
istifadə olunan metod
və üsullar bugün
köhnəlmiş hesab olunur,
əvəzləmə və ya müasirləşdirmə tələb edir. Bu tendensiya
əlbəttə ki, təhsil sistemində
də öz əksini tapır. Məhz bu səbəbdən Ultra Smart Class layihəsini həyata
keçirir. Smart Class həlli təlim prosesində dərslərin
formalaşdırılmasına, onların tədris olunması
və nümayiş vasitələrinə,
informasiya göndərilməsinə və
şagirdlərlə ünsiyyətə olan
yeni yanaşmadır.
Son texnologiyaların tətbiqi ilə işləyən mərkəzləşmiş
vahid kitabxana sistemi qurmaq, müəllif
hüquqlarını qoruyub saxlamaqla və milli ədəbiyyat
nümunələrini elektron
daşıyıcılara köçürməklə e-Kitabxana (ALİSA) yaratmaq
ULTRA-nın mədəni irsimizin qorunub saxlanılması istiqamətində dəyərli
xidmətidir. Azərbaycanda
müxtəlif pərakəndə kitabxana
sistemləri fəaliyyət göstərir ki,
bu sistemlər arasında standart
yanaşma yoxdur. Mövcud yanaşmalarda isə gələcək perspektivin nəzərə alınmaması,
sistemlərin daxili və texnoloji
tələblərə cavab verməməsi
və ya xaricdən gətirildiyi üçün əlavə xərclərin, eyni zamanda, texniki
dəstək üçün vaxt itkisinin mövcudluğu və bir
sıra digər səbəblər ölkəmizdə vahid mərkəzləşdirilmiş sistemin yaradılmasını labüd
edirdi. Məhz bu səbəbdən kitabxana
proseslərini və oxucularla münasibətləri
avtomatlaşdıran və sadələşdirən, digər dünya kitabxana sistemləri
ilə inteqrasiyanı mümkün edən,
son texnologiyaların tətbiqi ilə qurulan mərkəzləşdirilmiş vahid kitabxana sistemi yaratmaq
qarşıya əsas məqsəd kimi
qoyulmuşdu. Bütün
sadalanan şərtləri
reallaşdırmaq üçün ALİSA-Vahid Mərkəzləşdirilmiş
Avtomatlaşdırılmış Kitabxana
sistemi işlənib
hazırlanmışdır. ALISA sistemi kompleks bir layihə kimi Azərbaycanın kitabxana
sistemini inkişaf
etdirmək üçün nazirlik nəzarət sistemini,
kitabxanadaxili prosesləri və kitabxana- oxucu münasibətlərini
tam avtomatlaşdırır və bu proses üçün
lazımi mühitin yaradılmasına təkan
verir. Beləliklə, oxucu kitabxanaya gəlmədən
istədiyi kitabxananı seçərək qeydiyyatdan
keçir, aldığı oxucu bileti - plastik kart ilə
respublikanın bütün
kitabxanalarından faydalana bilir,
onlayn sifariş verib istədiyi nəşri rezerv
edir, kitabxanaya gələrək
rezerv olunmuş nəşri
sifariş edir, sifariş statusunu elektron növbə monitorunda
izləyir, sifarişini götürür, geri
qaytararkən isə xüsusi
avadanlıqlar vasitəsilə kitabı kitabxanaya
qaytarır. Kitabxana rəhbərliyi kitabxanadaxili proseslərə dair
istənilən hesabatı görə bilir,
Mədəniyyət və Turizm Nazirliyi rəhbərliyi isə bütün
kitabxanalara nəzarət edir,
istənilən hesabatı görür.
Kitabxana sistemlərinin tətbiqi üzrə
peşəkar üstünlüyə malik
olan ULTRA 2014-cü ildə daha
bir böyük layihəni
həyata keçirdi. Milli Elmlər
Akademiyasının Mərkəzi Kitabxanasının tam İT infrastrukturunun
qurulması və sistemləşdirilməsi prosesi
başa çatdı.
Respublikamızın milli və dünya əhəmiyyətli elmi
nəşrlərin zəngin fondlarına malik
olan ən iri, universal təmayüllü, aparıcı elmi kitabxanası sayılan Mərkəzi Kitabxana şirkətin bu sahədəki çoxillik
təcrübəsinə əsaslanan ALİSA sistemi
üzərində quruldu. Ölkəmizin
kitabxanaçılıq tarixində ən müasir
texnologiyalar və sistemlər məhz bu kitabxanada tətbiq olunmuşdur. Şirkət milli-mənəvi dəyərimiz
olan kitablarımızın qorunması məqsədi
ilə DLA (Digital Library
Assistant)
sistemini işləyib
hazırlamışdır.
Sistemin əsas işləmə prinsipi
kitab bazasında lazım olan
kitabın digər kitabları zədələmədən
tapılmasına yönəlmişdir. Bu
məqsədlə kitablar üzərində
onları elektron şəkildə oxuya biləcək xüsusi
ciplər quraşdırılmışdır ki,
DLA kitabxana köməkçisi bazada axtarılan kitaba
yaxınlaşdırılanda xüsusi səs
effekti verir. Bunun nəticəsində yalnız axtarılan
kitab bazadan götürülür və fondda
olan digər kitablara toxunulmur. Elektron- hökümət quruculuğunda
fəal iştirak edən ULTRA şirkəti
həyata keçirdiyi layihələrlə
istər dövlət, istərsə də özəl təşkilatların
fəaliyyət göstərdiyi qurumlarda,
ASAN XİDMƏT mərkəzlərində İT infrastrukturunun və təhlükəsizlik
sistemlərinin qurulmasında fəal iştirak
etmiş, lokal şəbəkələr
və data- mərkəzlər qurmuşdu. Məlumat Mərkəzləri
(Data Centre) - hesablama resursları (server
və saxlama sistemləri) ilə
yanaşı həmin resurslara uzaqdan girişi təmin edən
telekommunikasiya infrastrukturu,
həmçinin məlumat təhlükəsizliyi sistemi və müvafiq
mühəndis sistemləri (havalandırma,
yanğınsöndürmə, fasiləsiz elektrik
enerjisi və s.) ilə
təchiz olunmuş binadır. Server avadanlığını özündə
birləşdirən və Məlumat Mərkəzinin (Data Centre) əsas
funksiyaları olan, məlumatın
emalı və saxlanmasını təmin edən informasiya infrastrukturları, Məlumat Mərkəzi
( Data Centre
) elementlərinin qarşılıqlı əlaqələrini
təmin edən, həmçinin, məlumat mərkəzi ilə
istifadəçilər arasında verilənlər mübadiləsini
təmin edən telekommunikasiya
infrastrukturları, Məlumat Mərkəzinin (Data
Centre) əsas sistemlərinin normal fəaliyyətini təmin edən mühəndis
infrastrukturları burada qurulmuşdur.
Mühəndis infrastrukturu-
təyin olunmuş parametrlərdə temperatur və rütubətlilik dərəcəsini
saxlamaq üçün
havalandırma sistemi, elektrik
enerjisi mənbəyinin kəsilməsi
zamanı məlumat mərkəzinin avtonom
rejimdə çalışması üçün
fasiləsiz elektrik təchizatının təmin
edilməsi, keşikçi yanğın
siqnalizasiyası və qaz
yanğınsöndürmə sistemi, məsafədən
İP-nəzarət və digər bu kimi İT həlləri özündə cəmləşdirir.
Bu mərkəzlər
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi,
Naxçıvan Muxtar Respublikasının
İqtisadi İnkişaf
Nazirliyi, Azərbaycan Respublikasının
Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinin Məlumat-Hesablama
Mərkəzi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Əhalinin Dövlət Reyestri Xidməti, M.F.Axundov
adına Milli Kitabxana, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar
üzrə 1 saylı ASAN XİDMƏT Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar
üzrə 3 saylı ASAN
XİDMƏT Dövlət
Agentliyi və s. dövlət müəssisələrində
yaradılmışdır.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2014.- 31 may.- S.6.