Su həyatdır,
güclü iqtisadiyyatdır,
təknəmizin bol
çörəyidir
Quba rayonunun iqtisadiyyatının əsasını bağçılıq, əkinçilik, tərəvəzçilik və heyvandarlıq təşkil edir. Ötən il rayonun əməkçiləri 108 min ton meyvə, 49 min ton taxıl, 14 min ton tərəvəz, 10850 ton kartof və sair məhsullar istehsal etmişlər. Rayonumuzda yüksək iqtisadi inkişafa nail olunması və həm də bu sahələrin paralel inkişafını təmin etmək üçün meliorativ tədbirlərin düzgün və vaxtında həyata keçirilməsi çox vacibdir.
Bu sahədə Quba
Suvarma Sistemləri İdarəsinin kollektivinin üzərinə
xüsusilə böyük vəzifələr
düşür. İdarənin rəisi Nazir Dadaşov
görülən işlər və qarşıda duran vəzifələr
barədə bunları dedi:
– Azərbaycan dövlət
müstəqilliyi əldə etdikdən sonra ötən
müddətdə meliorasiya və su təsərrüfatı
sistemlərinin işini müasir tələblər səviyyəsində
qurmaq üçün bir sıra mühüm layihələr
həyata keçirilmişdir. Əvvəla, bu sahədə
qanunverici baza möhkəmləndirilmiş, “Meliorasiya və
irriqasiya haqqında” Qanun, “Sudan pullu istifadə haqqında” əsasnamə
qəbul edilmiş, bu sahədəki digər hüquqi aktlar təkmilləşdirilmişdir.
Sevindirici haldır ki,
ölkə Prezidenti cənab İlham Əliyev ölkəmizdə
suvarma-meliorasiya sistemlərinin işinin
yaxşılaşdırması, bu mühüm sahənin daha
da inkişaf etdirməsinə daimi diqqət və qayğı
göstərir. 2005-ci ildə meliorasiya işçilərinin
peşə bayramı gününün təsis edilməsi də
təsadüfi deyildir. Bu ilin may ayının 14-də dövlət
başçısının yeni sərəncamı ilə
2005-ci ildəki sərəncama dəyişiklik edilmiş və
iyunun 5-i Su Təsərrüfatı və Meliorasiya
İşçiləri Günü peşə təsis
edilmişdir. Bununla yanaşı, ilbəil yeni hidrotexniki
postların, qurğuların tikilməsi üçün
maddi-texniki baza möhkəmləndirilir, bu sahədə
dünya ölkələrinin təcrübəsi öyrənilir,
bir sıra layihələrin həyata keçirilməsinə
Dünya Bankı cəlb olunur.
Məlumdur ki, ötən
əsrin sonlarında respublikamızda, eləcə də
rayonumuzda torpaq islahatı həyata keçirilib. Sovxoz və
kolxozların bazasında kəndli–fermer təsərrüfatları
yaradılıb. Əgər əvvəllər biz 30 sovxoz və
kolxozla müqavilə bağlayıb onları suvarma suyu ilə
təmin edirdiksə, bu gün sudan istifadə edən təsərrüfatların
sayı 30 mindən çoxdur.
İdarəetmədə
yeni metodların tətbiqi artıq səmərəsini verib.
Rayonda, demək olar ki, bütün ərazilərdə
suvarmaya yararlı torpaq sahələrini birbaşa suvarma suyu ilə
təmin edən və onun müqabilində su pulunun
yığılmasını, təsərrüfatdaxili suvarma
sistemlərinin təmirini, onların qorunub
saxlanılmasını və suvarma suyunun özəl torpaq sahəsində
limit çərçivəsində düzgün
bölüşdürülməsini təmin edən 12 birlik fəaliyyət
göstərir. Bu Sudan İstifadə edənlər Birliyi
(SİB) üçün Dünya Bankının vəsaiti
hesabına SİB-nin inkişafına dəstək layihəsinə
əsasən ofislər tikilmiş və lazım avadanlıqla
təmin olunmuşdur. SİB-lərlə
bağladığımız müqavilələrə əsasən
26,033 hektar suvarılan torpaq sahəsini il ərzində 4-5 dəfə
suvarma suyu ilə təmin etməliyik. Sahələrin 13843
hektarını bağlar təşkil etsə də, qalan ərazilərdə
dənli, tərəvəz-bostan, yem bitkiləri əkilir.
Kollektivimiz
çalışır ki, bütün suvarma işləri
vaxtında həyata keçirilsin, bu sahədə ləngiməyə
yol verilməsin məhsuldarlıq artsın. Ötən
müddətdə təsərrüfat kanallarının
baş hissəsindən 40,8 milyon kubmetr plana qarşı, 42,6
milyon kubmetr su qoşulmuş, təsərrüfatlara 29,5 milyon
kubmetr əvəzinə 30,5 milyon kubmetr su
çatdırılmışdır. Otuz hidrotexniki qurğuda,
27 hidrotexniki postda cari təmir işləri
aparılmış, 19,2 kilometr uzunluğunda suvarma kanalı əl
ilə, 60,2 kilometrlik suvarma sistemləri isə mexanizmlər
vasitəsilə lildən təmizlənmişdir.
Rayonun ərazisindən
keçən çaylarda sahilbərkitmə işlərinin
aparılması da çox vacibdir. Bizim işimiz elədir ki,
bəzən günlərlə
gördüyümüz iş bir saatın içində
heç olur. Yəni, çaya sel gəlir, qurduğumuz bəndləri
yuyub aparır. Buna görə də sahilbərkitmə işlərinə
xüsusi diqqət yetirilir. Kəndlərin sudan mühafizəsi
məqsədilə daş-beton bəndlər qurulur.
“Şıxəhmədarx” və “Xanarx” kanallarının
magistral metal dəmir boru xətlərinin sel və
daşqınlardan mühafizə olunması məqsədilə
425 metr uzunluğunda daş-beton bəndlər inşa
olunmuşdur.
Rayonumuzun ərazisindən
keçən çayların sahillərində yerləşən
irriqasiya sistemlərinin, infrastruktur obyektlərin sel və
daşqınlardan qorunması üçün təhlükə
gözlənilən hissələrdə çay məcraları
363,3 min kubmetr həcmində təmizlənmiş və
sahilqoruyucu torpaq bəndlər qurulmuşdur. Bu işlər
müntəzəm olaraq davam etdirilir.
Hazırda Zərdabi qəsəbəsinin
qəbiristanlıq ərazisinin sel və daşqınlardan
qorunması məqsədilə 225 metr uzunluğunda
daş-beton bəndlərin qurulmasına başlanılıb.
“Şəfəq” Dövlət damazlıq kənd təsərrüfatı
istehsalı müəssisəsinin əkin sahələrinin
suvarma suyu ilə təmin edilməsi üçün 4 kilometr
uzunluğunda boru xətti çəkilməsi nəzərdə
tutulub. Artıq bu işə başlanılmış, 1
kilometrə yaxın boru xətti çəkilmişdir.
Azərbaycan
Respublikası Prezidentinin Azərbaycan
Respublikası regionlarının 2013-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramının
icrası ilə əlaqədar olaraq, Qusarçayın sağ
sahilində yerləşən Atuc bələdiyyəsinin
dövlət torpaq fondlarının ərazilərinin sel və
daşqınlardan mühafizə olunması məqsədi ilə dövlətin əsaslı kapital
qoyuluşu hesabına 153 metr uzunluğunda daş-beton bəndin
inşası həyata keçilmişdir.
Fürsətdən
istifadə edib bir məsələni də bildirmək istəyirəm.
Qarşıdan – 5 iyun Su Təsərrüfatı və
Meliorasiya İşçiləri Günü gəlir. Bu bayram
təkcə bizim deyil, ümumən bütün sudan istifadə
edənlərin, kənd təsərrüfatı ilə məşğul
olanların bayramıdır. Su həyatdır, güclü
iqtisadiyyatdır, təknəmizin bol çörəyidir.
Sudan qənaətlə istifadə edilməlidir. Hər kəs
bilməlidir ki, dövlət suyu onlara çox ucuz qiymətə
satır. Bu, o demək deyil ki, istifadə zamanı
israfçılığa yol verilsin. Peşə bayramı
münasibətilə melioratorlarımızı və sudan
istifadə edənləri təbrik edirəm. Onları əmin
edirəm ki, kollektivimiz öz üzərinə düşən
vəzifələri layiqincə yerinə yetirəcək,
suvarma suyuna olan tələbatı ödəmək
üçün bütün imkanlardan istifadə edəcək,
ərzaq təhlükəsizliyinin təmin olunmasında əlindən
gələni əsirgəməyəcəkdir.
Qəhrəman QASIMOV,
Qubada nəşr olunan “Şəfəq” qəzetinin redaktoru
Xalq
qəzeti.- 2014.- 1 iyun.- S.7.