Uşaqlar milli kimliyimizin daşıyıcılarıdır

 

Xətai

 

50 ildən artıq bir müddətdə bütün yer üzündə qeyd olunan 1 İyun - Uşaqları Beynəlxalq Müdafiə Günü Azərbaycan müstəqilliyinin Heydər Əliyev mərhələsindən başlayaraq ölkəmizdə də həmişə böyük təntənə ilə qeyd edilmişdir. Ənənələrə sadiq qalan Xətai Rayon İcra Hakimiyyəti  uşaqların builki bayram şənliyini Rahib Məmmədov küçəsindəki geniş və yaraşıqlı parkda təşkil etmişdi. Bayram şənliyində rayonun məktəbəqədər uşaq müəssisələrindən, uşaq evlərindən və orta ümumtəhsil məktəblərinin aşağı siniflərindən 300-ə yaxın uşaq iştirak edirdi.

 

İcra strukturları rəhbərlərinin və ictimaiyyətin də iştirak etdiyi tədbirin rəsmi hissəsini açan Xətai Rayon İcra Hakimiyyəti  başçısının müavini Jalə Abdiyeva bu günün əhəmiyyətini qeyd edərək bildirdi ki, 1 iyun bütün dünyada Uşaqları Beynəlxalq Müdafiə Günü kimi qeyd olunur. Bu, təsadüfi deyil, çünki müasir dövrdə uşaqların problemlərinin həlli, uşaq hüquqlarının qorunması ən aktual vəzifələrdən biridir. Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.

J.Abdiyeva son illər uşaqların təlim-tərbiyəsinin daha da təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini qeyd edərək bildirdi ki,  Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva uşaqların problemlərinə böyük diqqətlə yanaşırlar. Heydər Əliyev Fondu tərəfindən uşaqların hərtərəfli inkişafı, keyfiyyətli təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması istiqamətində önəmli layihələr həyata keçirilir.

Natiq həmçinin bildirdi ki, xalqımızın milli mənəvi dəyərlərinə əsaslanan dövlət uşaq siyasəti çərçivəsində, cəmiyyətimizin əsas özəyi olan ailələrin sosial müdafiəsinin gücləndirilməsi, təhsilin və səhiyyə xidmətinin səviyyəsinin qaldırılması, xüsusi qayğıya ehtiyacı olan uşaqların problemlərinin həlli, yetkinlik yaşına çatmayanların baxımsızlığının qarşısının alınması və bir çox digər dövlət proqramlarının qəbul edilməsi və reallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər bir daha onu göstərir ki, Azərbaycan dövləti və onun Prezidenti cənab İlham Əliyev milli genefondumuzun sağlam böyüyüb formalaşmasını öz fəaliyyətinin əsas prioritetlərindən hesab edir. Başqa cür ola bilməz, çünki uşaqlar milli kimliyimizin daşıyıcıları, xalqımızın gələcəyidirlər.

 Çıxışdan sonra rayonun kiçik sakinlərinin bir neçəsi öz musiqi istedadlarını nümayiş etdirdilər. Sonra söz musiqiyə və rəqslərə verildi. Təntənəli bayram şənliyi başa çatdıqdan sonra uşaqlar parkın yaxınlığındakı geniş və yaraşıqlı kafenin həyətində açılmış və müxtəlif şirniyyat, meyvə və şirələrlə bəzədilmiş bayram süfrəsinə dəvət olundular.

Bayram şənliyi axşam düşənə qədər davam etdi.

 

Nəsimi

 

1 İyun Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə Nəsimi rayonunda keçirilən silsilə tədbirlər çərçivəsində rayonun 1 saylı tam orta məktəbin akt zalında geniş tədbir təşkil edilmişdi. Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə  keçirilən tədbiri giriş sözü ilə açan RİH başçısının müavini Gülarə Verdiyeva Uşaqları Beynəlxalq Müdafiə Gününün tarixə düşdüyünü, dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da geniş miqyasda qeyd edildiyini bildirmişdir. Qeyd etmişdir ki, ölkəmizdə uşaqların yüksək qayğı ilə əhatə olunmaları, əlverişli mənəvi və sosial mühitdə böyümələri üçün zəruri şərait yaradılmışdır. Uşaqların hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasının əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti bu gün də uğurla həyata keçirilir. Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva uşaqların problemlərinə böyük diqqət və qayğı ilə  yanaşırlar.

Mərasimdə tamaşaçılara uşaqların ifasında mahnı, şeir və rəqs nömrələri təqdim olunmuşdur.

Tədbir Vaqif və Azadlıq prospektlərinin kəsişməsində yerləşən “Koala” parkında davam etdirilmişdir. Görüşdə  valideyn himayəsindən məhrum olmuş, o cümlədən əqli və fiziki cəhətdən qüsurlu 100-dən çox uşağa bayram süfrəsi açılmışdır.

Tədbirin sonunda uşaqlara Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr verilmiş, onların parkdakı attraksionlarda əylənmələrinə şərait yaradılmışdır.

 

İlqar RÜSTƏMOV,

 

Leyla QURBANOVA,

 

Rafiq SALMANOV (foto), “Xalq qəzeti”

 

Xalq qəzeti.- 2014.- 1 iyun.- S.5.