Prezident İlham Əliyev:
Bizim xarici siyasətimiz açıqdır,
prinsipialdır və beynəlxalq hüquqa, ədalətə
söykənir
Azərbaycanın
dövlət başçısının rəhbərliyi
altında həyata keçirilən, milli maraqlara söykənən,
tam müstəqil xarici siyasət ölkəmizin dünya
birliyindəki mövqelərini getdikcə möhkəmləndirir.
Məhz bunun nəticəsidir ki, hazırda bölgədə
gedən proseslərdə Azərbaycan dövlətinin
mövqeyi özünü açıq şəkildə
büruzə verir. Bir çox hallarda beynəlxalq layihələrin
təşəbbüskarının da məhz Azərbaycan dövlətinin
olması beynəlxalq aləmdə reytinqimizin yüksək səviyyəyə
qalxmasından xəbər verir.
Son illər dünyanın ən
nüfuzlu beynəlxalq qurumlarının öz tədbirlərini
rəsmi Bakıda keçirmələri həyata keçirilən
uğurlu diplomatiyanın nəticəsidir. Bütün bunlar ölkəmizə olan maraqları
daha da artırmış və respublikamızla
qarşılıqlı əməkdaşlıq etmək istəyən
dövlətlərin sayının getdikcə
çoxalmasına öz təsirini göstərmişdir.
Xarici siyasətimizin uğurlu olmasını və beynəlxalq
aləmdə ölkəmizə göstərilən etimadı
yüksək qiymətləndirən respublikamızın rəhbəri
İlham Əliyev demişdir: “BMT-də iki il bundan əvvəl
aparılmış seçkilər də təsdiqləyir. Azərbaycan dünya ictimaiyyətinin mütləq əksəriyyətinin,
155 ölkənin dəstəyi ilə dünyanın ən
mötəbər qurumu olan BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv olmuşdur. İki il ərzində bu təşkilatda ləyaqətlə
iştirak edirdi. Dediyim kimi, beynəlxalq
hüququ, ədaləti müdafiə edirdi”.
Xarici siyasətlə bağlı əsas problemimiz Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin hələ də
nizamlanmamasıdır. Artıq dünya birliyinə
də bəllidir ki, münaqişənin bu vaxta qədər
nizamlanmamasının əsas səbəblərindən biri rəsmi
Yerevanın qeyri-konstruktiv münasibəti və beynəlxalq
aləmdə ikili standartların mövcudluğudur. Uzun illərdir ki, Ermənistan tərəfi beynəlxalq
hüququ, ədaləti pozur və
işğalçılıq siyasətini davam etdirir. Artıq beynəlxalq ictimaiyyət də bəyan edir
ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir,
bizim tarixi, əzəli torpağımızdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda
yaşamışdır və yaratmışdır. Dağlıq Qarabağda bütün toponimlər Azərbaycan
xalqının mədəniyyətini, tarixini əks etdirir.
Tarixi faktlar da təsdiqləyir ki, təkcə Dağlıq Qarabağ yox,
indiki Ermənistanın böyük bir hissəsi də qədim
Azərbaycan torpaqlarıdır.
Dövlətimizin başçısı dəfələrlə
qeyd edib ki, bütün xarici səfərlərində,
iştirak etdiyi beynəlxalq tədbirlərdə bir daha Azərbaycana
verilən yüksək önəmin şahidi olub və ikitərəfli
formatda görüşlərin də səmərəli
keçdiyini vurğulayıb. Ölkə rəhbərimizin bu yaxınlarda Fransaya
işgüzar səfəri zamanı da bunun şahidi olduq.
Fransa və Azərbaycan prezidentlərinin
görüşündə status-kvonun dəyişdirillməsinin
və işğal olunmuş ərazilərin azad edilməsinin
zəruriliyi
xüsusi vurğulanıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin beynəlxalq hüququn norma və
prinsipləri, həmçinin dövlətlərin ərazi
bütövlüyü çərçivəsində
nizamlanması istiqamətində həyata keçirilən tədbirlər
və dövlət başçımızın qətiyyətli
mövqeyi artıq beynəlxalq ictimaiyyəti hərəkətə
gətirməkdədir. Münaqişənin
nizamlanmasında vasitəçilik missiyasını üzərinə
götürmüş ATƏT-in Minsk qrupunun həmsədr
dövlətlərinin fəaliyyətlərində də son
vaxtlarda nəzərəçarpacaq canlanma da əsasən bu
səbəbdəndir. Bu yaxınlarda Rusiya Federasiyasının
Prezidenti Vladimir Putinin təşəbbüsü ilə
Soçi şəhərində Azərbaycan və Ermənistan prezidentləri arasında
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində
danışıqların baş tutması da problemin aradan
qaldırılması istiqamətində həyata keçirilən
tədbirlərdəndir.
Soçidə keçirilən görüşdə
Dağlıq Qarabağ münaqişəsinin həllinin
vaxtı çatdığı və bu məsələdə Rusiyanın köməyinin zəruriliyi
qeyd olunub. Üçtərəfli
görüşdə bəyanatla çıxış edən
Rusiya Prezidenti Vladimir Putin deyib ki, İrəvan və Bakıda
problemin həlli üçün sağlam iradə
mövcuddur. Azərbaycan Prezidenti İlham Əliyev isə
rusiyalı həmkarına müraciət edərək deyib ki,
bu məsələ həddən artıq uzanıb, Ermənistan
silahlı qüvvələri 20 ildən artıqdır ki, Azərbaycan
torpaqlarını işğal altında saxlayır. Dövlətimizin
başçısı bildirib ki, danışıqların
formatı və həlli üçün hüquqi baza
mövcuddur: “Düşünürəm ki, Rusiya bizim yaxın
dostumuz, qonşumuz və müttəfiqimiz olaraq bu prosesdə
xüsusi rol oynayır və yaxın vaxtlarda bu problemin
sülh yolu ilə həllinə nail olacağımıza
ümid edirəm. Həll variantı beynəlxalq
hüquq və ədalət prinsiplərinə uyğun şəkildə
olmalıdır”.
Ermənistan prezidenti Serj Sarkisyan bu dəfə
də beynəlxalq hüququ pozduqlarını ört-basdır
etmək istəyib.
O, buna nail ola bilməyib. Çünki faktlar
göz qabağındadır və
bunu ört-basdır etmək qeyri-mümkündür. Artıq
dünya birliyinə də məlumdur ki, Ermənistan
silahlı qüvvələri 20 ildən artıqdır ki, Azərbaycan
ərazilərinin 20 faizini işğal altında saxlayır və
bu işğal nəticəsində bir milyondan artıq
soydaşımız öz ata-baba ocaqlarından didərgin
salınaraq, qaçqın və məcburi köşkün həyatı
yaşayır. Beynəlxalq ictimaiyyətə də
bəllidir ki, bunun əsas baiskarı işğalçı
Ermənistan dövlətidir.
Ermənistan prezidenti münaqişənin
kompromis yolu ilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin
təklif etdiyi prinsiplər əsasında həll edilməli
olduğunu desə də, yenə də
riyakarlığını gizlədə bilməyib.
Rusiyanın dövlət
başçısı son olaraq münaqişənin həllində
beynəlxalq əməkdaşlığı
alqışladığını və məsələnin
sülh yolu ilə, tezliklə həlli üçün dəstək
verəcəyini əlavə edib. Bunun ardınca
ATƏT-in Minsk
qrupunun digər həmsədr dövlətlərindən biri
olan Fransa Respublikasının Prezidenti Fransua Ollandın təşəbbüsü
ilə oktyabrın 27-də Parisdə Azərbaycan və Ermənistan
prezidentlərinin görüşü keçirilib.
Milli Məclis tribunasından da səsləndirildiyi kimi,
ekspertlər təəssüf edirlər ki, ATƏT-in
ücüncü həmsədr dövləti olan ABŞ tərəfi
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin nizamlanmasında hələ də qətiyyətli
mövqe nümayiş etdirmir. İki yüz ilə yaxın
demokratik idarəetmə təcrübəsi olduğunu
sübut etməyə və digər dövlətlərə
demokratiya dərsi keçməyə cəhd edən ABŞ rəsmiləri,
nədənsə, hələ də
Ermənistanın nazı ilə oynayır, ikili
standartlardan əl çəkmir, bu ölkənin
işğalçılıq siyasətinə son qoymasında
qətiyyət nümayiş etdirmir və yurd-yuvalarından
didərgin salınmış bir milyondan artıq azərbaycanlının
doğma ocaqlarına qaytarılmasında ciddi addımlar
atmır. Bu da işğalçı Ermənistanı
daha da azğınlaşdırır.
Bu günlərdə Ukraynada keçirilmiş parlament
seçkilərinin, necə deyərlər, mürəkkəbi
qurumamış ABŞ rəsmiləri tərəfindən
demokratik seçki hesab edilməsi və Krımın Ukraynaya
qaytarılmasında öz köməyini əsirgəməyəcəyini
bildirməsi, Ermənistanın isə 20 ildən artıq davam
edən işğalçılıq siyasətinə göz
yumması ayrı-seçkilik və ya ikili standartlar deyilmi? Dağlıq
Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik
missiyasını üzərinə götürən bir
dövlətin ayrı-seçkilik etməsi və bundan sonra da digər
dövlətlərə demokratiya dərsi keçməsi nə
dərəcədə doğrudur? Budurmu
demokratiya dərsi? Axı, Ermənistan bütün dünyanın
gözü qarşısında beynəlxalq hüququn norma və
prinsiplərinə açıq şəkildə hörmətsizlik
və saymazlıq edir.
Azərbaycan Prezidenti İlham Əliyevin
Fransaya işguzar səfəri böyük maraqla izlənilmişdir. Bunun əsas səbəblərindən biri də son
illər ölkəmizin beynəlxalq aləmdə reytinqinin
getdikcə yüksəlməsidir. Azərbaycan
Ermənistan kimi sıradan bir dövlət deyil. Ölkəmiz
BMT Təhlükəsizlik Şurasının qeyri-daimi
üzvü olmuş və iki dəfə bu quruma sədlik
etmiş, beynəlxalq kosmik ailənin
üzvünə çevrilmiş, hazırda Avropa
Şurası Nazirlər Komitəsinə sədrlik edir. Üstəlik, respublikamız Aropanın enerji təminatında
xüsusi rolu olan dövlətdir. Son vaxtlar
dünyanın ən nüfuzlu beynəlxalq qurumları öz
tədbirlərini məhz Azərbaycanda keçirməyə
üstünlük verirlər. Bu da
respublikamıza, onun başçısına olan inam və
etimadın nəticəsidir. Bu baxımdan Azərbaycan
Prezidenti İlham Əliyevin Fransaya işgüzar səfəri
və Ermənistan prezidenti ilə görüşü beynəlxalq
ictimaiyyətdə böyük
maraq doğururdu.
Azərbaycan Prezidenti İlham Əliyevin Parisdə ilk
görüşü Fransa Respublikasının Prezidenti Fransua Ollandla olub. Görüşdə Azərbaycan ilə Fransa
arasında ikitərəfli münasibətlərin müxtəlif
sahələrdə yüksələn xətt üzrə
inkişaf etdiyi bildirilib. Bu da iki ölkə
arasında münasibətlərin getdikcə
yaxşılaşmasından xəbər verir. Enerji, aerokosmik sənaye, hərbi-texniki, təhsil,
metro inşaatı və digər sahələrdə əməkdaşlığın
daha da genişləndirilməsi üçün yaxşı
perspektivlərin olduğu qeyd edilib. Həmçinin, “Cənub” qaz dəhlizi
enerji layihəsinin reallaşdırılması ətrafında
fikir mübadiləsi aparılıb.
Dövlət
başçılarının görüşü zamanı
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli ilə bağlı
danışıqların vəziyyəti, münaqişənin
beynəlxalq hüquq normalarına əsasən, bununla
bağlı indiyədək qəbul edilmiş sənədlərə
uyğun ədalətli həlli ətrafında fikir mübadiləsi
aparılıb. Münaqişə ilə
bağlı status-kvonun dəyişdirilməsinin, işğal
olunmuş ərazilərin azad edilməsinin zəruriliyi
xüsusi qeyd edilib.
Azərbaycan Prezidentinin Fransaya işgüzar səfərinin
əsas məqsədi Ermənistan
prezidenti ilə görüşmək və
münaqişənin nizamlanması istiqamətində
müzakirələr aparmaq idi. Əvvəlcə Azərbaycan və Ermənistan prezidentlərinin
ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə
görüşü olub, sonra hər iki dövlət
başçısının təkbətək
görüşünə şərait yaradılıb. Bundan sonra Azərbaycan və Ermənistan prezidentlərinin
ATƏT-in Minsk qrupunun həmsədrləri ilə yenidən
birgə görüşü olub. Daha sonra Fransa
Respublikasının Prezidenti Fransua Ollandın, Azərbaycan Prezidenti İlham Əliyevin və
Ermənistan prezidenti Serj Sarkisyanın ATƏT-in Minsk qrupunun həmsədrlərinin
iştirakı ilə birgə görüşü
keçirilib.
Göründüyü kimi, bir-birinin ardınca
görüşlər keçirilmiş və münaqişənin
beynəlxalq hüququn norma və prinsipləri
əsasında, dövlətlərin ərazi
bütövlüyü çərçivəsində həlli
yolları müzakirə olunub. Hər dəfə
də status-kvonun dəyişdirilməsinin, işğal
olunmuş ərazilərin qeyd-şərtsiz azad edilməsinin
zəruriliyi vurğulanıb. Artıq beynəlxalq
qurumlar da status-kvonun dəyişdirilməsinin vacibliyini
bildirirlər.
Azərbaycan və Ermənistan prezidentlərinin Fransa
görüşü ərəfəsində Avropa
İttifaqının Azərbaycandakı nümayəndəsi
Malena Mard bu görüşün Parisdə keçirilməsinin
vacibliyini vurğulayaraq
demişdir: “Hesab edirəm ki, Azərbaycan və Ermənistan
prezidentlərinin Parisdə gözlənilən
görüşü müsbət addımdır. Bu kimi yüksək səviyyəli görüşlərin
keçirilməsi son dərəcə vacibdir. Bizim gözləntilərimiz hazırkı status-kvonun
dəyişdirilməsi üçün irəliyə
doğru addımların atılmasıdır”.
Azərbaycan Prezidentinin Fransaya
işgüzar səfərinin nəticələri müsbət
dəyərləndirilir. Xarici İşlər naziri Elmar Məmmədyarov
da Parisdə keçirilən görüşlər barəsində
verdiyi açıqlamasında deyib: “Ümumiyyətlə,
prezidentlər səviyyəsində hər bir görüş
müsbətdir. Bu kimi görüşlər
münaqişənin həlli prosesini irəli aparmaq məqsədilə
qarşı tərəfin yanaşmasını başa
düşməyə yardım göstərir. Paris
görüşündə gün ərzində
danışıqlar bir neçə mərhələdə
keçirilərək hələlik inkişafa nail
olunmamış məsələlərə baxıldı. Prezident İlham Əliyev bir daha Azərbaycanın
prinsipial mövqeyini səsləndirərək qeyd etdi ki,
münaqişənin sülh yolu ilə həlli
üçün ilk növbədə, Ermənistan silahlı
qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən
çıxarılmasına nail olmaq lazımdır.
ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən
də aydın şəkildə dəstəklənən və
BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrində
təsbit olunmuş Azərbaycanın bu tələbinin yerinə
yetirilməsi ilə regionda təhlükəsizlik, sərhəd
və kommunikasiyaların açılması və etimad
quruculuğu tədbirləri üzrə məsələlərin
razılaşdırılması üçün geniş
imkanlar yaranacaq. Belə ki, Ermənistan
qoşunları Azərbaycan ərazilərində
olmadığı halda, snayperlərə ehtiyac qalmayacaq və
əsaslı şəkildə hərbi insidentlər azalacaq.
Biz sülhü bərqərar edəcəyik və
regionu inkişaf etdirəcəyik. Görüşün
əsas nəticələrindən biri kimi mən Fransa
Prezidenti Fransua Ollandın böyük sülh sazişinin layihəsi
üzərində işə başlamağın zəruriliyi
barədə münaqişə tərəfləri kimi Ermənistan
və Azərbaycana çağırışını qeyd
edərdim. Azərbaycan dəfələrlə
bəyan edib ki, bu işə hazırdır”.
Ümumiyyətlə, dövlətimizin
başçısı bu vaxta qədər
keçirdiyi bütün görüşlərdə-istər
beynəlxalq tədbirlərdə, istərsə də xarici
ölkələrə səfərləri zamanı dövlət
başçıları ilə keçirdiyi bütün təmaslarda
münaqişənin nizamlanmasında qəti mövqeyini
bildirmişdir: Ermənistan silahlı qüvvələrinin
işğal etdikləri Azərbaycan ərazilərini tərk
etmələri ilə əlaqədar beynəlxalq təşkilatların
qəbul etdikləri qətnamələr icra olunmalı, status-kvo dəyişdirliməli,
öz doğma yurdlarından didərgin salınmış
soydaşlarımız ata-baba ocaqlarına
qayıtmalıdırlar.
Azərbaycan Prezidenti Parisə işgüzar səfərindən
Vətənə qayıtdıqdan bir gün sonra-oktyabrın
29-da Bakıda Gənclər Siyasəti üzrə Birinci Qlobal
Forumun açılış mərasimindəki nitqində də
bu məsələni bir daha vurğulayaraq deyib: “... Azərbaycanın beynəlxalq səviyyədə
tanınmış ərazilərinin təqribən 20 faizi
iyirmi ildən çoxdur ki, Ermənistanın
işğalı altındadır. Bir milyon
insan həmin təcavüz nəticəsində
qaçqın və məcburi köçkün vəziyyətinə
düşüb. Azərbaycanlılara
qarşı etnik təmizləmə siyasəti
aparılıb. Ermənilər tərəfindən
Xocalı soyqırımı törədilib və 600-dən
çox günahsız insan - onlardan 100-dən artıq
qadın, 60-dan çox uşaq – yalnız azərbaycanlı
olduqlarına görə qətlə yetirilib.
Bu gün Ermənistandakı diktatorluq,
kriminal rejim beynəlxalq və regional təhlükəsizliyə
və sabitliyə ən böyük təhlükədir. Bütün beynəlxalq təşkilatlar
mövqeyimizi dəstəkləyir. BMT Təhlükəsizlik
Şurası erməni qoşunlarının Azərbaycan ərazilərindən
dərhal və qeyd-şərtsiz
çıxarılmasını tələb edən dörd qətnamə
qəbul edib. Bu qətnamələr
kağız üzərində qalır və iyirmi ildən
çoxdur ki, icra olunmur. ATƏT eyni qərarları
qəbul edib. Avropa Parlamenti, Avropa Şurasının
Parlament Assamblyeası, İslam Əməkdaşlıq Təşkilatı,
Qoşulmama Hərəkatı və digərləri belə qərarlar
qəbul ediblər. Onlar mövqeyimizi və Azərbaycanın
ərazi bütövlüyünü tam dəstəkləyir.
Dünyanın bütün ölkələri Azərbaycanın
ərazi bütövlüyünü dəstəkləyir.
Lakin münaqişə hələ ki, praktiki
baxımdan həll olunmayıb. Onun həlli
beynəlxalq təşkilatların, xüsusən də BMT Təhlükəsizlik
Şurasının qərar və qətnamələrinə əsaslanmalıdır.
Çünki BMT Təhlükəsizlik
Şurasının qətnamələri icra edilməlidir.
Görürük ki, bəzi hallarda onlar bir
neçə gün ərzində icra olunur. Bizə gəldikdə isə onlar iyirmi ildən
çoxdur kağız üzərində qalır”.
Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya
işgüzar səfəri zamanı keçirdiyi
görüşlər və bu görüşlər
zamanı səsləndirilən fikirlər münaqişənin
nizamlanmasında dövlət başçımızın qəti
mövqeyini bir daha ortaya qoyur: Beynəlxalq təşkilatların
Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar
qəbul etdikləri qətnamələrin yerinə yetirilməsi,
status-kvonun dəyişdirilməsi, Azərbaycanın ərazi
bütövlüyünün bərpa edilməsi və
münaqişənin ölkələrin ərazi
bütövlüyü, beynəlxalq hüququn norma və
prinsipləri çərçivəsində həll edilməsi problemin aradan
qaldırılmasında ən düzgün yoldur.
Əliqismət
BƏDƏLOV
Xalq qəzeti.- 2014.- 1 noyabr.- S.1.