“Mingəçevirin nuru kimi,
şöhrəti də
aləmə yayılacaq”
Bu ifadəni “nur şəhəri”ndəki köhnə dostlarımın birindən – Sahib Əliyevdən eşitdim və ərkyana dərhal sözünü kəsdim ki, Mingəçevirin şöhrəti çoxdandır aləmə yayılır. Dedi: “Yox, müəllim, mən o mənada demirəm, gələn il ölkəmizdə keçiriləcək Birinci Avropa Oyunlarının paytaxtla yanaşı, həm də bizim şəhərimizdə keçiriləcəyini nəzərdə tuturam. Eşitmişəm ki, dünyanın yüzdən artıq ölkəsinin televiziyaları həmin yarışları canlı yayımlayacaq. İndi təsəvvür edin, Fransada, Almaniyada, Şotlandiyada, daha haralarda birbaşa Mingəçevirdən idman yarışları göstəriləcək. Sağ olsun dövlət başçımız ki, Azərbaycanı inkişaf etdirib dünyada bu qədər tanıtdı və indi Avropada bizim ölkəyə ən yüksək səviyyədə etimad göstərilir.
Sahib Əliyev qeyd etdi ki,
Prezident İlham
Əliyevin xüsusi qayğısı nəticəsində
Birinci Avropa
Oyunlarına hazırlıqla bağlı şəhərdə
genişmiqyaslı quruculuq - abadlıq işləri
aparılır. Hazırda ulu
öndərin adını daşıyan park
və Heydər Əliyev meydanı əsaslı şəkildə
yenidən qurulur, hündürmərtəbəli
20 yaşayış binasının fasadı müasir
materiallarla üzlənir, rənglənir
və işıqlandırma sistemi yenilənir.
Şəhidlər xiyabanında əsaslı yenidənqurma
işləri aparılır. Şəhərin
küçələrində ən
müasir - svetoforlar
quraşdırılır. Avtomobil
yolları genişləndirilir və küçələrə
yeni asfalt örtük çəkilir. Səkilərin, park və
xiyabanların hərəkət sahələrinə müasir örtük
döşənir. Bütün
işıqlandırma sistemləri əsaslı şəkildə
yenidən qurulur.
Bu
işlərin vaxtında və keyfiyyətlə başa çatdırılmasını daim diqqət mərkəzində saxlayan şəhər icra
hakimiyyətinin başçısı Niyazi
Bayramovu tez-tez
tikinti-abadlıq işləri gedən yerlərdə görən
sakinlər daha buna adi bir hadisə kimi baxırlar. Çünki
Niyazi müəllim, demək olar ki, günün
yarısını tikinti yerlərində,
iş üstündə olur.
Şəhərimiz avropalı qonaqları Azərbaycanın
adına və milli dəyərlərimizə layiq
qarşılamağa hazırlaşır. İşlərin sürəti və operativliyi
də göstərir ki, şəhərimiz
bu tədbiri də uğurla
başa çatdıracaq. Bir də ki. Avropa oyunları olmasa belə
Mingəçevir gündən-günə müasirləşir,
yeni görkəm
alır.
Həmsöhbətimin
bu fikirləri “nur
şəhəri”ndən hazırlamaq istədiyim
yazının əvvəli üçün
lap yerinə düşdü.
Ancaq məni daha çox Mingəçevirin sənaye, iqtisadiyyat şəhəri
kimi qazandığı nüfuzun
qorunub saxlanılması istiqamətində
həyata keçirilən tədbirlər
maraqlandırırdı. Şəhər İcra Hakimiyyətində
öyrəndim ki, Mingəçevirdə ümumi məhsul
buraxılışı əvvəlki illə müqayisədə
25,6 faiz artaraq 248 milyon manat, o
cümlədən sənaye məhsulu istehsalı 37,4 faiz yüksəlib, 160 milyon
manat təşkil edib.
Eyni zamanda, Mingəçevir
bu gün geniş tikinti-quruculuq
işlərinin getdiyi şəhərlərimizdəndir.
Öyrəndik ki, tikinti sektorunda
əsas kapitala yönələn investisiya 32,5 milyon manat olub, aparılan tikinti – quraşdırma işlərinə 29,3
milyon manat vəsait xərclənib.
Təbii ki, müasir
şəhərdə həyata keçirilən istənilən
layihənin bir tərəfi mütləq
nəqliyyata, daşıma məsələlərinə
bağlanır. Bu məsələ də
Mingəçevirdə ümumi
inkişafımızın tələbləri səviyyəsində
öz həllini tapır. Nəqliyyat daşımalarının həcmi
2,6 faiz artaraq, 2,8 milyon manat təşkil edib. Bu tendensiya
əhaliyə rabitə müəssisələrində
göstərilən xidmətlərdə də öz əksini tapır. Göstərilən rabitə xidmətlərinin
həcmi, 1,1 milyon manata
çatdırılıb.
Bir sözlə şəhərdə həyata keçirilən
məqsədyönlü tədbirlər nəticəsində iqtisadi və sosial sahələrdə
kifayət qədər irəliləyiş müşahidə olunur, aparılan tikinti-abadlıq və quruculuq işləri geniş
vüsət alır. Uzun illərdən
bəri əhaliyə xidmət edən 32 liftin
yeniləri ilə əvəzlənməsi bütün
sakinlərin ürəyincə olub, “Güllü bağ” İstirahət Mərkəzinin yenidən
qurulması sakinlərlə bərabər
şəhərin qonaqlarını da məmnun
edib, Qələbə meydanında
aparılan təmir işləri həmin ünvana
tez-tez üz tutan sakinləri həqiqətən sevindirib. Hazırda
şəhərin Gəncə şosesində 5 kilometrdə abadlıq işləri
aparılır, yolun kənarlarına 3500
maşından çox
torpaq daşınıb, su
çəkilib. İndi ağaclar əkilir
ərazilər tor çəpərlə qorunur. Son günlərədək
1500-dən artıq sərv və çinar
ağacları əkilib və bu işlər
davam etdirilir.
Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramovla Mingəçevirin
Şəhidlər xiyabanında görüşdük.
Niyazi müəllim dedi
ki, digər şəhər və
rayonlarımızda olduğu kimi, Mingəçevirdə də dövlət
proqramının bilavasitə bu şəhərə aid
bəndləri uğurla icra
olunmaqdadır. Belə ki,
yaşayış məntəqələrinin elektrik
enerjisi, qaz, su və kanalizasiya sistemlərinin
bərpası və yenidən qurulması istiqamətində
işlər davam etdirilir.
Səhiyyə, təhsil, mədəniyyət və digər sosial obyektlərin əsaslı təmiri, yenidən
qurulması, bərpası və texniki təchizat
məsələləri ardıcıllıqla yerinə yetirilir. Görülmüş
tədbirlərin nəticəsində təkcə bu il 888 yeni
iş yeri
yaradılıb.
Biz yuxarıda Mingəçevirin sənaye
şəhəri kimi qazandığı nüfuzu və sənaye müəssisələrinin qazandığı uğurları yada salmışdıq. Ancaq şəhər rəhbəri əlavə
etdi ki, istehsal olunmuş sənaye məhsulunun 88 faizi elektrik enerjisi istehsal edən Azərbaycan
İstilik Elektrik
Stansiyası və Su Elektrik
Stansiyası Silsiləsi MMC-lərin payına düşür. Təkcə bu il həmin
müəssisələrdə 5,8 milyard
kilovat-saat elektrik enerjisi istehsal olunub. Dövlət proqramına uyğun olaraq, Azərbaycan
İstilik Elektrik
Stansiyasının mövcud 8 enerji blokunun hər birində
yenidənqurma işləri aparılıb. Payız - qış
mövsümünə hazırlıqla bağlı
stansiyanın 6-cı enerji bloku
əsaslı, 7-ci bloku cari
təmir olunub.
Söhbət sənayedən
düşəndə qeyd etməliyik ki, şəhərin bu sahədəki
nüfuzunun qorunmasında “Mingəçevir-İzolit”,
“Azneftmaş”, “Akkord
Mingəçevir Maşınqayırma zavodu”
ASC-lər, “Kür Elektron
Avadanlıqları” və “İnterenerji”
MMC-lərin xüsusi xidmətləri olub. Çünki onlar həmişəki kimi,
bu il də sabit iş rejimində
işləyirlər. Şəhər elektrik
şəbəkəsi, Su-kanal idarəsi, Qaz istismar sahəsi,
Yaşıllaşdırma və sanitar təmizlik
idarəsi, Mənzil Kommunal Təsərrüfatı
İstehsalat Birliyi,
“İşıqlanma” idarəsi, mənzil təsərrüfatı
və abadlaşdırma idarəsi və ümumiyyətlə,
şəhərin bütün qurumları Mingəçevir sözünün hər zaman,
hər yerdə ehtiramla çəkilməsi
üçün mümkün
olan bütün tədbirləri
reallaşdırırlar. Sanki, hamı bu şəhərin Azərbaycanın sosial-iqtisadi xəritəsindəki
mövqeyinin gündən-günə
yaxşılaşdırılması uğrunda
yarışa girib.
Şəhərin təhsil
və səhiyyə
sektorları da daim
diqqət mərkəzindədir.
Niyazi müəllim bildirdi ki, bu il 10 saylı tam orta məktəbdə və 10 saylı “Qərənfil”
körpələr evi-uşaq
bağçasında əsaslı təmir işləri başa çatdırılıb, 4 saylı tam orta məktəb və
12 saylı körpələr evi-uşaq
bağçasında əsaslı təmir işləri davam etdirilir. Əlavə olaraq,
100 və 120 yerlik iki uşaq bağçasının tikintisi aparılır. Bundan başqa,
Şəhər Mərkəzi Xəstəxanasının 4
bölməsində 31 min manatlıq cari təmir, 52 min manatlıq əsaslı təmir işləri
görülüb. 178 min
manatlıq ərzaq alınıb, dərman və sarğı
materiallarına 475 min manat
vəsait xərclənib. Tibb müəssisələrinin
maddi – texniki
bazasının gücləndirilməsi məqsədilə 366 min manatlıq yumşaq və
bərk inventar, 458 min
manatlıq tibbi aparat,
avadanlıq və laboratoriya üçün ləvazimat alınıb.
Bu
ilin fevral ayında
ölkə Prezidentinin müvafiq tapşırığı ilə bütün şəhər və rayonlarda olduğu kimi, Mingəçevir
şəhərində də əhalinin tibbi
müayinədən keçirilməsi məqsədilə
şəhər icra hakimiyyəti
başçısının sərəncamı əsasında
xüsusi komissiya
yaradılmışdı. 3 tibbi məntəqə
ayrılmış, əhalinin tibbi müayinədən keçməsi üçün bütün
tibbi avadanlıqlarla təchiz olunmuşdu. May ayında yekunlaşan bu tədbirdə 40 min 807 nəfər iştirak edib.
... Mingəçevirdən
hazırladığım qəzet materiallarının birində
qeyd etmişdim ki, burada yaşayan
insanlar öz şəhərlərinin
sırf sənaye və energetika imici ilə kifayətlənmir, Mingəçevirin ölkənin təhsil, mədəniyyət,
idman və turizm mərkəzlərindən
birinə çevrilməsinə çalışırlar.
Şəhərin indiki rəhbərliyi də sakinlərin həmin
arzusunun reallaşdırılması
istiqamətində lazımi addımlar atır. Məsələn, şəhərin ali,
orta ixtisas və
peşə məktəblərində maddi-texniki
bazanın möhkəmləndirilməsi, təlim-tədris prosesinin keyfiyyətli təşkili sahəsində
bir sıra işlər görülür,
əlamətdar günlərə, bayramlara
həsr olunmuş müxtəlif tədbirlər
keçirilir. Bu şəhərdə təhsil
almağa maraq göstərənlərin
sayı da ildən-ilə artır. İndiki tədris
ilində Mingəçevir Politexnik İnstitutunda 1070 nəfər, Azərbaycan
Müəllimlər İnstitutu Mingəçevir
filialında 501 nəfər, Mingəçevir Turizm
Kollecində 2256 nəfər, Mingəçevir Tibb Kollecində 403 nəfər, peşə məktəbində 255 nəfər təhsil alır. Şəhər gənclər
və idman idarəsinin nəzdindəki uşaq və gənclər idman
məktəbinin yetirmələri
respublika miqyaslı yarışlarda
yüksək nəticələr
qazanırlar. Onlar respublika birinciliklərində 36 birinci, 24 ikinci, 11 üçüncü mükafata layiq
görülüblər.
Yuxarıda
adını çəkdiyim Sahib müəllimdən
soruşdum ki, Mingəçevirdə
qazanılan uğurların təməlində əsasən
hansı amillər dayanır? Maraqlı cavab
eşitdim: “Bütün
məsələlərin kollegial şəkildə
müzakirə olunub qərar qəbul edilməsi”.
Həmsöhbətim əlavə elədi ki, şəhərin indiki
rəhbəri istənilən məsələ ilə
bağlı qərar verməzdən əvvəl həmin təklif,
təşəbbüs və ya problemi şəhər icra
hakimiyyəti başçısı yanında şuranın
iclasına çıxarır. Orada
qəbul edilmiş qərarlar isə icra olunur və uğurlar ərsəyə gəlir.
Şəhər icra hakimiyyətində öyrəndim ki , bu il
şuranın 19 iclası keçirilib, 35 məsələyə
baxılıb. Bundan başqa
şəhər icra hakimiyyəti başçısı tərəfindən
keçirilmiş 37 rəsmi qəbulda 569
vətəndaş qəbul olunub. Şəhərin
müxtəlif məhəllələrində keçirilən
34 səyyar görüşdə 3380 sakin
iştirak edib, şəhər
rəhbərliyinə 288 müraciət olunub.
Müraciətlər əsasən dam
örtüklərinin yenilənməsi, su
və kanalizasiya sistemlərinin təmiri, istilik sisteminin bərpası,
məhəllədaxili ərazilərin
abadlaşdırılması və sair məsələlərlə
bağlı olub. Yəni aparılan geniş quruculuq işləri
ilə bərabər, şəhər əhalisini narahat edən bir sıra
problemlər də qalmaqdadır. Niyazi
müəllimin tapşırıqları əsasında həmin problemlər araşdırılır və həlli istiqamətində işlər
görülür. Məsələn,
uzun illər sakinləri ciddi şəkildə narahat
edən, şəhərkənarı magistral
yolun və ikinci
çimərlik yolunun əsaslı təmirinə
ölkə rəhbəri tərəfindən vəsait
ayrılıb və hazırda layihələndirmə və ekspertiza işləri aparılır.
Sakinlərin elektrik enerjisi,
qaz və su təminatlarının
əsasən fasiləsiz olmasına baxmayaraq,
qəzaların baş verməsi və
müəyyən hallarda gec
aradan qaldırılması da diqqət mərkəzinə
çıxarılan məsələlərdəndir.
... Kürün
sahili boyu bir-birinin əlindən tutmuş
uşaqlara bənzəyən
çinarların boyları kimi, “mövsüm paltarları” da
fərqli di. Birinin yarpaqlarına təzəcə xəzan
saraltısı düşür, digəri
isə artıq sapsarı bir alov kimi görünürdü.
Parkın içərilərinə doğru
gedəndə isə dekorativ
ağacların, az qala,
hərəsinin öz xəzan köynəyi
var idi. Bir sözlə, ağaclar,
kollar nə qədər gözəl, qürurlu, gözoxşayan
olsa da, insanlara nisbətən çox
zəifdi. Məsələn, sözü
bir yerə qoyub
payızı və ya qışı eyni formada qarşılaya
bilmirlər. İnsanlar isə öz doğma
yurdlarının ümumi inkişafı
naminə əl-ələ verib Mingəçevirdə
aparılan genişmiqyaslı
abadlıq, quruculuq və təmir-bərpa
işlərini uğurla başa
vurur, hansısa sakini narahat edən kommunal
və ya digər problemləri elliklə aradan qaldırırlar.
...Amma, deyəsən, ağaclar,
təbiət barədə bir az haqsızlıq etdik.
Əsrlərdən bəri Boz dağ adlandırılan ərazidə il boyu gözümüzü
oxşayan, isti yay günlərində öz
sərin kölgəsini heç kəsdən
əsirgəməyən çinarları sevərək vəsf etmək hamımızın borcudur. Elə çinarlı Mingəçevirin
qürurlu sakinlərini də...
İlqar HƏSƏNOV
Xalq qəzeti.- 2014.- 2 noyabr.- S.6.