Milli poliqrafiyamıza
xidmətdə keçən
ömür
Azərbaycan Mətbuat Şurasında Ahıl Jurnalistlər Məclisinin təşəbbüsü ilə tanınmış naşir, respublikamızın ilk poliqrafçı alimi, ölkənin ən böyük çap müəssisəsi olan “Azərbaycan” nəşriyyatının sabiq direktoru Şəddat Cəfərovun anadan olmasının 75 illiyi münasibətilə yubiley mərasimi keçirildi.
Azərbaycan Mətbuat
Şurasının sədri Əflatun Amaşov
bildirdi ki, Şəddat
Cəfərov 75 illik ömrünün
55 ilini ölkəmizdə poliqrafiyanın
inkişafına həsr edib. Müharibədən sonrakı ağır illərdə
orta təhsilini yarımcıq qoyub mətbəədə işləməyə
məcbur olan yeniyetmə hər bir poliqrafçıya örnək həyat yolu keçmişdir. İstehsalatda çalışmaqla
yanaşı, həm də mükəmməl təhsil alan Şəddat Cəfərov bilik
və bacarığına görə daim
irəli çəkilib. O, “Yeni kitab” mətbəəsinin direktoru,
sonra isə “Azərbaycan” nəşriyyatının
baş direktor müavini olub. Sov. İKP MK-nın təyinatı
ilə soydaşımız “Ulyanovskaya Pravda” nəşriyyatına baş
direktor vəzifəsinə göndərilib.
20 Yanvar hadisəsindən sonra
Bakıya qayıdan həmyerlimiz Mətbuat və İnformasiya Nazirliyində çalışıb,
3 saylı Bakı Kitab Mətbəəsinin
və “Azərbaycan” nəşriyyatının direktoru
işləyib, Ensiklopediya Nəşriyyat-Poliqrafiya Birliyinin
baş direktor müavini, “Göytürk”
mətbəəsinin, Ofset Çap
Kombinatının,“Şans” nəşriyyat-poliqrafiya mərkəzinin
direktoru olub. Şəddat
Cəfərov Bakı mətbəəsi ASC-nin
və “Vətən” nəşriyyatının direktoru,
“Əkinçi” mətbuat cəmiyyətinin vitse-prezidentidir.
Azərbaycan
poliqrafçıları və naşirləri 75
yaşlı bu
insanı öz ustadları kimi dəyərləndirir, onun
xidmətlərini qədirbilənliklə yad
edirlər. Bu gün onu da qeyd
etməliyik ki, Azərbaycanda ofset üsulu ilə
kütləvi qəzet buraxılışının mənimsənilməsində
Şəddat Cəfərovun müstəsna zəhməti olub. Onun adı milli poliqrafiyamızın tarixinə bu sahənin ilk alimi kimi düşüb.
Lakin Şəddat müəllimi biz jurnalistlər üçün
doğmalaşdıran ən başlıca xüsusiyyət onun daim yazarların
yaxın çevrəsində olması, yaradıcı
mühitə qəlbən bağlılığıdır. Buna görə
də Şəddat Cəfərov kamil
poliqrafçı, sahənin bacarıqlı təşkilatçısı
olmaqla kifayətlənməyib,
yaradıcılıqla da məşğul
olmağa həvəslənmiş, həyat
müşahidələrindən qaynaqlanan
ədəbi- bədii nümunələr də
yaratmışdır. Həmyerlimiz ölkəmizdən kanarda da təcrübəli
poliqrafçı kimi tanınır.
MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədri,
respublikanın əməkdar jurnalisti Yusif Kərimov yubilyarın həmişə vətənpərvər
poliqrafçı kimi ölkədə kitab, qəzet- jurnal
buraxılışı üçün əlverişli
şərait yaradılmasına
çalışmasını, milli
jurnalistikamızın maddi- texniki bazasının müasirləşdirilməsinə sanballı töhfəsini
vurğuladı. O, bildirdi ki,
Şəddat müəllim keçmiş
SSRİ-nin ən tanınmış
poliqrafçılarından biri kimi Azərbaycana daim
başı ucalığı gətirirdi. Təsadüfi
deyil ki, ötən əsrin
90-cı illərində Ulyanovsk vilayətində
müasir poliqrafiya
kombinatı yaradılanda o vaxt
sovet dövlətinin rəhbərlərindən
biri olan ulu öndər Heydər Əliyevin tövsiyəsi
ilə bu böyük
müəssisəyə rəhbərlik etməyə Azərbaycandan
Şəddat müəllim aparılmışdı. O, Rusiyada böyük şan- şöhrətə
çatmışdı. Buna görə də
həmyerlimizin yubileyini bizdən əvvəl
Ulyanovskda təntənə ilə qeyd etdilər. Onun peşəkar
və insani xüsusiyyətləri
canlı məktəb kimi gənclərə
nümunədir.
MŞ İdarə Heyətinin
üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə
Şəddat Cəfərovun timsalında peşəyə sevgi və bağlılığın
insanı uca mərtəbəyə
qaldırdığını, belə adamların
daim yada
salınmasının, diqqətdə saxlanmasının gənc
nəslin mənəvi tərbiyəsində əhəmiyyətli
olduğunu vurğuladı. “Azərbaycan”
nəşriyyatının baş direktor müavini Allahverdi Məmmədov Şəddat Cəfərovun uzun illər bu müəssisədəki
səmərəli fəaliyyətindən məmnunluqla danışdı.
Yubilyarın
dostları və pərəstişkarlarından Xalq artisti Canəli Əkbərov,
jurnalist və naşirlər Şakir Yaqubov, İsaq Əmənullayev, Mehman
Fərzullayev, Bəbir Hüseynov, Cümşüd İsgəndərov, Sevda Əlibəyli, Oqtay
Əliyev, Namazəli Mustafayev, Yasəmən
Möhübbətqızı, Fatma Həsənqızı və
başqaları Şəddat Cəfərovu peşəkar
poliqrafçı, yurdsevər ziyalı, söz xiridarı, qayğıkeş insan, sədaqətli dost kimi səciyyələndirdilər, ona xoş arzularını
çatdırdılar.
Mərasimdə
yubilyarın zəngin və mənalı ömür
yolunu əks etdirən film
də göstərildi.
Şəddat Cəfərova
Azərbaycan Mətbuat Şurasının diplomu,
Ahıl Jurnalistlər Məclisinin, “Azərbaycan” nəşriyyatının
və dostlarının xatirə hədiyyələri təqdim
olundu.
Tahir
AYDINOĞLU,
Rafiq
SALMANOV (foto)
Xalq qəzeti.- 2014.- 2 noyabr.- S.7.